Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Zərnişan xanımın Çənlibelə gəlməyi (I hissə)

Koroğlu - Koroğlu dastanı/Zərnişan xanımın Çənlibelə gəlməyi (I hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Zərnişan xanımın Çənlibelə gəlməyi (I hissə)

Bəli, ustad dili mübarək olar. İndi sizə hardan xəbər verim, kimdən xəbər verim, Çardaxlı Çənlibeldə Qoç Koroğludan.
Koroğlunun kefi kök, damağı çağ idi. Oğulları Eyvazla Həsən sağsolunda qoluna qüvvət, dizinə taqət, gözünə işıq idi.
Həsən Dağıstandan gələndən sonra elə bil Çənlibelin ziynəti birə-beş artmışdı.
Həsən məşqləri ən çox Dəmirçioğlu ilə edirdi. Həsənin at minməsi, yəhərdə şahin kimi oturması, nizə oynatması, qalxan tutması, qılınc vurması, güşt tutması, toppuz endirməsi Koroğlunu qürrələndirirdi. Koroğlu Nigar xanımla məşqə baxırdı.

Məşqdən sonra Eyvazla Həsən Nigar xanımın yanına gəldilər. Əvvəl-əvvəl analarına baş əydilər, sonra atalarının qarşısında əmrə müntəzir dayandılar. Koroğlu arif adam idi. Dərhal işi başa düşdü, Nigar xanımın üzünə baxdı. Nigar xanım Koroğlunun qəm dəryasına qərq olduğunu görüb, gözünü ətrafına gəzdirdi. Cəmi Çənlibel dəliləri onları elə qomarlamışdı ki, elə bil hamı Nigar xanımdan bir “hə” cavabı gözləyirdi. Nigar xanım əlini-əlinə vurdu. Dəlilərin nərəsindən yer-göy lərzəyə düşdü. Çənlibeldə bir məclis quruldu ki, ruzigarın gözü hələ belə şadyanalıq görməmişdi. Piyalələr abı-kövsərlə doldu.
Eyvazla Həsən nuş etdilər. Dəli Mehtər Düratı, Ərəbatı meydana gətirdi. Eyvazla Həsən altdan geyinib üstdən, üstdən geyinib altdan qıfıllandılar. Eyvaz Dürün, Həsən Ərəbatın qantarğasını bərkitdi. Bir göz qırpımında ayaqlarını üzəngiyə qoyub, qırğı kimi yəhərə əyləşdilər. Məclisin dövrəsində gərdiş edib, Koroğlu ilə Nigar xanımdan halallıq dilədilər. Nigar xanım oğullarının səfərinə bir söz deməsə də, yaz buludu kimi dolmuşdu. İrəli yeridi, halallıq edib, izindi
– dedi. Düratla Ərəbat Nigar xanımın sözünə bənd imiş kimi şahə qalxdılar, Dağıstana yön aldılar.
Ustadlar dili yüyrək olar, demişlər. Səfərin üçüncü günü şənlik çıraqlarını öləzidən vaxtında cüt qardaşlar Ağqayanın qartalı kimi Dəmirqapı Dərbənddə Ərəb paşanın həyətində atdan endilər. Möminə xanımın oğlu Həsən gedəndən sonra gözlərinin qorasını o qədər sıxmışdı ki, canında can, dizində taqət qalmamışdı. Saralıb sapa, incəlib ipə dönmüşdü. İynənin gözündən saplanardı. Zil qaranlıqda oğlunun səsini tanısa da, həyətdə dayananlardan hansının oğlu olduğunu anşıra
bilmədi. Eyvazı bağrına basıb duz kimi yaladı. Dedi:
– Doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə əzab əziyyətini çəkdiyim, yüyürüyünün başını kəsdiyim dirəyim-diləyim oğul, adam da anasını gözü yaşlı qoyarmı? Sən gedəndən sonra ixtiyar
babanı atanın düşmənləri öldürdülər. Gözlərim səni axtardı, oğul-oğul deməkdən dilim düyün bağladı.
Eyvazla Həsən Möminə xanımın qoluna girib içəri keçdilər. Möminə xanım oğlunu çırağın işığında tanıdı. Ana-bala yaz sarmaşığı kimi bir müddət bir-birinə sarışdı. Göz gərək idi, bu səhnəni oxşayıb tamaşa edəydi.
Gecədən xeyli keçəndən sonra Eyvaz mətləbin üstünə gəldi. Dedi:
– Anacan, ata-anamız səni Çənlibeldə cəmi dəlilərin, xanımların
ağbirçəyi görmək istəyir. Özün üçün nə əzizdi xəzinədən götür, ixtiyarındadı.
Söhbət uzandı. Eyvaz durub Düratla Ərəbatı yemlədi. Dan yeri
söküləndə Eyvazla Həsən yataqlarına uzandılar. O yatan üç gün, üç
gecə yatdılar. Ayılanda gördülər ki, Möminə xanım elə dəyişib, göz
istəyir tamaşa etsin. Bu üç gündə elə bil Möminə xanımın bütün gəncliyini
özünə qaytarmışdılar. Rəngi yalaf-yalaf yanır, ay xəcalətindən
üzünü bürümüş, gün utandığından buludların arxasına keçmişdi. Zərbaftalı
qırçın don Möminə xanıma elə yaraşırdı ki, elə bil cəmi hurilər
onun qarşısında hesaba duracaqdı. Eyvazla Həsən toqqanın altını
bərkitdilər. Eyvaz dedi:
– Anacan, yolçu yolda gərəkdi. Vədə naxələflik igidə qəbahətdi.
Möminə xanım çəkidə yüngül, vəzndə ağır xəzinədə nə varsa
yükünü tutub, qəflə-qatıra yük vurdurdu.
Mal sağını vaxtı qəflə-qatır Ərəb paşanın mənzilindən qalxdı.
Həsən uşaqlıq dostu, Dəmirqapı Dərbənddə igidlikdə, səxavətdə ad
qazanan yəhər ustası Fətəlini çağırtdı. Dəmirqapı Dərbəndin xanlığını
ona həvalə edib, camaatın dolanışığını ona tapşırdı.
Qəflə-qatır Çənlibelə yön aldı. Az getdilər, alçaqlı, ucalı dağlar
aşdılar, bir neçə gündən sonra onlar Yağı qoruğuna çatanda gün bir
sicim boyu qalxmışdı. Dəlilər Möminə xanımın pişvazına Yağı
qoruğunda durdular. Çənlibelə çatanda Möminə xanım gözlərinə
inanmadı. Hər yerdə dəlilər, xanımlar qayır-qayır qaynaşırdı. Möminə
xanımı hərə bir cür təsəvvür edirdi.
Möminə xanım atdan enəndə qəddi-qaməti, sürahi boyu, məğrur
yerişi elə bil Çənlibelə yeni bir ziynət verdi. Çənlibel xanımları
Möminə xanımın gözəlliyindən xəcalət təri tökdülər. Cəmi dəlilərin
anası Nigar xanım belə Möminə xanımın gözəlliyindən pozuldu. Ala
gözləri ixtiyarsız piyalə kimi doldu. Nigar xanımın yaz buludu kimi
dolduğunu görən Koroğlu telli sazın bəmini bəm, zilini zil kökləyib
bağrına basıb aldı görək nə dedi:

Gəl sənə söyləyim, ay xotkar qızı,
Ağlama, Nigarım, o da yarımdı.
Dediyin sözlərin çıxdımı yaddan?
Ağlama, Nigarım, o da yarımdı.

İrəli gəl tut əlinlə əlini,
Bülbül olan axtarmazmı gülünü?
Məndən ötrü tərk eylədi elini,
Ağlama, Nigarım, o da yarımdı.

Yaxşı bax sən Koroğlunun zatına,
Qılınc qalxanına, polad qatına,
Bir Eyvaz eşqinə, Həsən xatrına,
Ağlama, Nigarım, o da yarımdı.

Söz tamama yetişdi, Nigar xanım irəli yeridi. Möminə xanıma xoş
gəldin deyib, məclisdə Koroğlunun sol tərəfində əyləşdirdi. Möminə
xanımın gəlişi şərəfinə Çənlibeldə bir kef məclisi düzəldi ki, indiyə
qədər düzələn məclislərin şahı sayıldı. Dəlilər gecədən xeyli
keçənədək yedilər, içdilər, keflər duruldu, damaqlar çağ oldu.
Deyirlər, belə şən-şux məclislərdən sonra Koroğlu heç kəsin cürət
edib qapısını açmadığı qırxıncı otağa gedərmiş. Bir saat orda tək-tənha
oturduqdan sonra çıxarmış. Bu dəfə də Koroğlu həmin otağa girdi. Bir
saatdan sonra otaqdan çıxanda Həsən gördü ki, Koroğlu elə haldadı,
elə haldadı bıçaq vursan qanı çıxmaz. Gözlər qan çanağı kimi qıpqırmızı.
Həsən çox götür-qoy etdi, heç nə başa düşmədi. O gündən
sonra Həsən atasını gözdən qoymadı. Gördü ki, atası son günlərdə
həmin otağa tez-tez gedir. Hər dəfə də pəjmürdə halda, gözləri nəmli
otaqdan çıxır. Koroğlu bir dəfə də otağa girəndə, Həsən də astaca
onun arxasınca içəri girdi. Həsən baxdı ki, atası balaca bir sandıqça
açdı, oradan bir qız əksi çıxartdı, bir saat üzünə tamaşa etdi, sonra əksi
yenidən yerinə qoymaq istədikdə, Həsən atasının biləyindən yapışdı.
Həsən atasının əlindəki qızın əksinə baxdı. Qız nə qız, ay parçası. Elə
bil ki, Allahtala xoş günündə, xoş saatında, xoş dəqiqəsində qələmini
bu qızın hüsnünə çəkib. Bir baxan deyir, qoy bir də baxım. Həsənin
köhnə yarası qövr elədi. Yadına Əhməd xanın qızı Mehri xanım düşdü.
Axı, Mehri də bir qız idi, gözəllikdə bütün hurilər onun sanında durardı.
Mehrinin qəddi-qaməti, sürahi boyu, durna kimi can alan ala gözləri,
alma kimi qırmızı yanaqları, yüz min işvə ilə yerişi, ceyran kimi məğrur
duruşu gözləri önündə canlandı. Mehri xanımın Həsənlə ayrılığından
sonra çox xiffət çəkməsi, Həsənin atasından icazə alıb, Əhməd
xanın yanına qayıdarkən, qapıdan qalxan cənazəni görməsi, Həsənin
yaxa yırtıb, üz cırması, ağ gününün göy əskiyə düyülməsi ürəyinin
başını yandırdı. Ürəyi kövrəldi. Gözləri yaz buludu kimi doldu. Atasının
halına acıdı.
Dedi:
– Atayi mehriban! Söylə, bu kimdi? Nə üçün hər dəfə bu otağa
girib o qızın əksinə baxdıqdan sonra ağlayırsan? Məgər mən ölmüşəm
ki, qoç Koroğlu xiffət çəksin? Ya bu sirri mənə açmalısan, ya da anamı
da götürüb bu saat Çənlibeli tərk edəcəyəm.
Koroğlu dedi:
– Oğul, gəl daşı ətəyindən tök. Bunu bilməsən yaxşıdı. Elə şeylər
var ki, adama dəm gətirər, elə şeylər də var ki, qəm. Bu əksin gətirdiyi
dəm deyil, qəmdi. Mən isə səni qəmli yox, dəmli görmək istəyirəm.
Həsən dedi:
– Babacan! Dəm də, qəm də ekizdi. Oğlun başı ya dəmdə, ya
qəmdə gərək. Sən onun yerini, yurdunu de, dalısınnan işin yoxdu.
Koroğlu çox dedi, Həsən az eşitdi. Qırsaqqız olub babasının yaxasından
yapışdı. Koroğlu gördü Həsən zəli kimi yapışdığından qopan
deyil, əl uzadıb divardan Bulğurlu sazını götürdü. Bəmini bəm, zilini
zil köklədi. Üzünü oğluna tutub götürdü görək nə dedi:

Başına döndüyüm, gül üzlü oğul,
Qan ağlar, qan ağlar didələrimiz.
Yeddi ildi həsrətini çəkirəm,
Qan ağlar, qan ağlar didələrimiz.

Sənə söylədiyim sözün düzüdü,
Sinəmdəki məhəbbətin közüdü,
Ağ şəhərdə Qara paşa qızıdı,
Qan ağlar, qan ağlar didələrimiz.

İgid odu öz dərdini bildirə,
Düşməni ağladıb, dostu güldürə,
Koroğluyam, bu dərd məni öldürə,
Qan ağlar, qan ağlar didələrimiz.

Söz tamama yetdi. Həsən ağaya qalxdı. Əl-əl üstə babasından söz
istəmək üçün xahişə müntəzir dayandı.
Koroğlu işi belə görüb dedi:
– İzindi.
Həsən dedi:
– Ateyi mehriban! Ağ şəhərə özüm gedəcəm. Ya o qızı sənə gətirəcəm,
ya da bu başdan keçəcəm.
Koroğlu dedi:
– Oğul, sən məni düz başa düşmədin. Mən əksə baxanda ondan
ötrü ağlamıram ki, Qara paşanın qızını sənə analıq gətirə bilmirəm.
Ona görə ağlayıram ki, o qızı Çənlibelə gəlin gətirməyin vaxtı çatıb.
Səni isə hələ ağır səfərlərdə bərkdən-boşdan çıxarmamışam. Anan
Nigarı gətirməyə gedəndə mən artıq Rövşən yox, Koroğlu idim. O
vaxt mən anan Nigar üçün İstanbula gedərkən cəmi dəlilər mənimlə
getmək istədilər. Mən razı olmadım. İndi, oğul, atdı, arvaddı, papaqdı,
kişi üçün qeyrətdi. Səfər ağır, sənsə təcrübəsiz. Onunçün ağlayıram.
Atasından bu sözləri eşidən Həsən dedi:
– Atacan, sinəmə bir xanə söz gəlib, gör nə deyirəm:

İgid gərək atlana,
Atın minə, atlana.
Mərd odu ki, döyüşdə,
Hər yaraya qatlana.

İndi, ateyi-mehriban! Sınaq səndə, qüvvət məndə. Mizan səndə, ağıl
məndə. Bu meydan, bu da mən. Necə istəyirsən, elə də imtahana çək.
Koroğlu gördü Həsəndən yaxa qurtara bilməyəcək. Dedi:
– Oğul, mənim də sinəmə bir neçə xana söz gəlib. Qoy onu da
deyim, bəlkə başa düşəsən.

Aldı Koroğlu:
Başına döndüyüm, mehriban oğul,
Getmə, oğul, getmə Ağ şəhərə sən.
Təzəcə tapmışam qəndinən-noğul,
Getmə, oğul, getmə Ağ şəhərə sən.

Aldı Həsən:
Başına döndüyüm mehriban ata,
Ata, getməliyəm Ağ şəhərə mən.
Çağırram mövlanı dadıma çata,
Ata, getməliyəm Ağ şəhərə mən.

Aldı Koroğlu:
Ağ şəhərin poladdandı yanısı,
Hərlənsən tapmazsan, birdi qapısı,
Qarauldu böyük-kiçik, hamısı,
Getmə, oğul, getmə Ağ şəhərə sən.

Aldı Həsən:
Gərək Ağ şəhəri oda yandıram,
Hasarlar dağıdıb, qapı sındıram,
Qoşun qırıb, paşasını öldürəm,
Ata, getməliyəm Ağ şəhərə mən.

Aldı Koroğlu:
Koroğluyam niyyətimi yetirdim,
Paşalardan baci-xərac götürdüm,
Yeddi ildə bir əksini gətirdim,
Getmə, oğul, getmə Ağ şəhərə sən.

Aldı Həsən:
Koroğlusan, sən alınmaz qalasan,
Qoymam səni qəmə, yasa dalasan,
Həsən bəyəm, indi məni sına sən,
Ata, getməliyəm Ağ şəhərə mən.

Ata-bala sözlərini tamam eylədi. Koroğlu gördü yox Həsəndən
yaxa qurtarmaq çətin işdi. Axır əlacsız qalıb Həsəni Ağ şəhərə yola
salmaq üçün ziyafət düzəltdi. Nigar Koroğlunun sağında, Möminə
xanım solunda əyləşdi. Koroğlu ayağa qalxdı, dedi:
– Dəlilərim, yeddi ildi Qara paşanın qızı Zərnişan xanımın əksini
Çənlibeldə ayrıca otaqda gəlinim deyə saxlayıram. Mən, əksi dostum
mehtərbaşı Abdurrahmanın vasitəsilə əldə edə bilmişdim. İndii isə
sizdən nə danım, könlümə oğul toyu düşüb. Məsləhət sizdən, rüsxət
məndən.

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR