Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Qulun qaçması (I hissə)

Koroğlu - Koroğlu dastanı/Qulun qaçması (I hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Qulun qaçması (I hissə)

Eşit quldan!

Elə ki, qul Koroğlunun qorxusundan yolu dəyişdirdi, dayanmayıb, birbaş atı sürdü Ələmqulu xanın yanına.

Ələmqulu xan varlı-karlı, dövlətli xan idi. Kəndləri, bağları, sürüləri, ilxıları, naxırları, o necə deyərlər, bircə donuzu əskik idi. 

Dövləti yer batırırdı. Deyərlər ki, hərə bir şeyin bazı olar. Bu Ələmqulu xanın da bir xasiyyətini sənə deyim ki, yaman atbaz idi. 

Bunun bir ilxısı vardı ki, dünyada olan atların hər rəngindən, hər yaşarından bu ilxıda
bir cüt var idi: bir erkək, bir dişi. 

Elə ki, qul gəlib çıxdı bura, Ələmqulu xana xəbər verdilər ki, bəs bir qara qul gəlib, amma altında bir at var, bir at var ki, ruzikarın gözü belə at görməyib. Özü də səni görmək istəyir.
Xan hökm elədi. Qulu atı ilə bərabər çəkdilər onun hüzuruna.

Ələmqulu xan baxdı ki, doğrudan da at, nə at?.. At deyil, bir bəzəkli
gəlindi. Özü də yerlə, göylə oynayır. Ələmqulu xanın gözü düşdü
Ərəbata. Üzünü qula tutub soruşdu:

– De görüm, kimsən? Nə karasan? Hardan gəlib, hara gedirsən?
Qul dedi:
– Xan sağ olsun, mən Əhməd tacirbaşının quluyam. Qafın anrı üzünə
xırıda getmişdik. Qayıdan baş quldurlar düşdülər üstümüzə. Maldövləti
aldılar. Karvan əhlinin də hamısını əsir eləyib apardılar. Bircə
bu atın sayəsində mən canımı qurtarıb qaçdım. İndi mən gərək bu
xəbəri Toqatda Hasan paşaya çatdıram. Ancaq qorxudan gedə bilmirəm.
Quldurlar mənim qaçmağımı görüb dalımcan at saldılar. İndi,
yəqin ki, bütün bəndləri, yolları kəsiblər.
Ələmqulu xan getdi fikrə. Dedi:
– Yaxşı, əgər mən bu xəbəri Hasan paşaya çatdırsam, mənə nə
verərsən?
Qul dedi:
– Xan sağ olsun, mən bir qul adamam. Mənim nəyim var ki, sənə
də nə verim? Dari-dünyada bir bu canımdı ki, o da öz ixtiyarımda
deyil. Amma ki, sən bu xəbəri Hasan paşaya çatdırıb, Əhməd tacirbaşını
ölümdən qurtarsan, o, səni dünya malından qəni elər. Hasan paşanın
da yanında hörmət sahibi olarsan.
Ələmqulu xan dedi:
– Mənə dünya malı lazım deyil. Mən bu xəbəri Hasan paşaya çatdırram.
Amma bir şərtlə.
Qul dedi:
– Bu canım qurban olsun sənə, xan, o şərt nə şərtdi?
Ələmqulu xan dedi:
– Şərt budu ki, gərək bu atı satasan mənə. Özün də ta ağan qurtarıncan
mənə qonaqsan. Gedəndə də sənə ilxıdan ürəyin istəyən bir at
verərəm.
Qul dedi:
– At da sənə qurbandı, mənim canım da. Ancaq adam göndəriləndə
mənim də o adama tapşırılası sözüm var.
Ələmqulu xan dedi:
– Yaxşı.
O saat əmr olundu, qasid hazırlandı. Namə yazıb verdilər qasidə.
Üstəlik bir namə də qul yazdırıb verdi ona ki, bəs: “Hasan xan, Əhməd
tacirbaşı Koroğlunun üç dəlisini ceyran əti adı ilə aldadıb göndərib
Bayazid yazısına. Tez qoşun yeridib onları tutasan”.
Bəli, elə ki, namələr hazır oldu, qasid bir yüyrək at minib düşdü yola.
İndi qasid şəhərdən çıxmaqda olsun, qul da Ələmqulu xanın yanında
qalmaqda, sənə deyim Dəmirçioğlugildən.
Dəmirçioğlu, Gürcüoğlu Məmməd, bir də Tanrıtanımaz səhər
təzəcə açılanda çatdılar haman yol ayrıcına. Xoşbaxtlıqdan o gecə də
yaman şeh düşmüşdü. Baxdılar ki, at ləpirləri ayrıldı. Ləpirin biri gedir
Bayazidə tərəf. Amma o biri ayrılıb düşüb ikinci yola. Dəlilər bildilər
ki, Bayazidə tərəf gedən ləpir Qıratındı, ikinci yola gedən Ərəbatın.
Onlar da atların başını döndərib düşdülər haman yola. Gəlhagəl, gəlhagəl,
gəlib çatdılar Ələmqulu xanın kövşəninə. Elə şəhərə tərəf gedirdilər,
bir də baxdılar ki, budu, bir atlı çaparaq gəlir. Dəmirçioğlu dedi:
– Dayanın, bu atlı şəhərdən gəlir. Qoy gəlsin, bəlkə bundan bir şey
öyrəndik.
Dayanıb başladılar gözləməyə. Atlı gəlib çatdı. Sən demə, bu, Hasan
paşanın yanına gedən qasiddi. Tanrıtanımaz ata bir qırmanc göstərib,
aldı qasidin başının üstünü. Dedi:
– Ayə, dayan görüm kimsən? Haradan gəlib, haraya gedirsən?
Qasid dedi:
– Ələmqulu xanın qasidiyəm, Toqata gedirəm. Hasan paşaya namə
aparıram.
Tanrıtanımaz soruşdu:
– Nə namə?
Qasid dedi:
– Əhməd tacirbaşını quldurlar soyublar. Mallarını alıb, özünü də
əsir eləyiblər. İndi onun xəbərini aparıram Hasan paşaya.
Elə bu sözdə Dəmirçioğlu çatdı. Dedi:
– Ələmqulu xan bu işi haradan bilib?
Qasid dedi:
– Əhməd tacirbaşının qulu xəbər gətirib. Altında da bir yaxşı at var
idi, bağışladı Ələmqulu xana. O da əvəzində ona söz verdi ki, xəbəri
Hasan paşaya çatdırsın.
Tanrıtanımaz dedi:
– Naməni bəri ver görüm!
Qasid dedi:
– Niyə verim?
Qasid elə bunu deməyini gördü. Bayaq Tanrıtanımaz tutdu qasidin
xirtdəyindən ki:
– Ayə, necə yanı niyə verim?
Qasidin gözləri çıxdı kəlləsinə. Dəmirçioğlu bir təhər ki, qasidi
onun əlindən alıb buraxdı. Elə ki, qasidin ağlı başına gəldi, Dəmirçioğlu
ona dedi:
– Əhməd tacirbaşını quldurlar tutmayıb. Əhməd tacirbaşını tutan
Koroğludu. O qul hər nə deyibsə, hamısını yalan deyib, o at da ki, o,
xana bağışlayıb, o da Koroğlunun atıdı. İndi buradan birbaş qayıdarsan
Ələmqulu xanın yanına. Ona deyərsən ki, Koroğlunun üç dəlisi gəlib,
qulu da, atı da istəyirlər.
Qasid birbaş qayıtdı Ələmqulu xanın yanına. Ələmqulu xan əhvalatdan
xəbərdar olcaq, hökm elədi qoşun yeridi. Dəmirçioğlu baxdı ki,
qulun əvəzinə, budu qoşun gəlir...
Başa düşdü ki, Ələmqulu xanın fikri özgədi. Üzün yoldaşlarına
tutub dedi:
Dağlara düşüb alaça,
Payızdımı, yazdımı ola?
Deyəsən qurd-quş hərlənir,
Qarğadımı, qazdımı ola?
Üstümüzə gəlir qənim,
Gəldiyini sizə deyim.
Yarı sizin, yarı mənim,
Söhbətdimi, sazdımı ola?
Dəlilər baxdılar ki, qoşun gəlir. Sən demə Dəmirçioğlu qoşunu
qarğaya, qaza oxşadırmış. Gürcüoğlu Məmməd dedi:
– Dəmirçioğlu, orasını çox düz deyirsən ki, “söhbətdimi, sazdımı
ola”. Çoxdandı ki, dava eləməmişik. Bu dava bizim üçün elə söhbətsaz
kimi bir şey olacaq. Amma yarı özünə götürüb, yarı bizə verməkdə
yaxşı eləmirsən. Bu, yoldaşlıq olmadı. Sən bizim ikimizi bir adam,
özünü də bir adam hesab eləyirsən. İndi ki, belə oldu, mən gedirəm.
Dəmirçioğlu gördü ki, söz Gürcüoğlu Məmmədə dəyib.
Aldı, sözün üçüncü xanəsini dedi:
Qarşımızda şikar gördüm,
Gizlin deyil, aşkar gördüm.
Hər nə ki var, sənə verdim,
Yoxsa payın azdımı ola?
Elə bu sözdə qoşun gəlib çatdı. Tanrıtanımazla Gürcüoğlu Məmməd
qılıncları çəkdilər ki, dava başlasınlar. Dəmirçioğlu qoymadı, dedi:
– Dayanın! Qoy görək hələ bunun fikri nədi? Biz ondan öz atımızı
istəyirik. O bizdən nə istəyir ki, belə qoşun gətirib.
Atını sürüb gəldi qoşunun qabağına. Aldı, görək Ələmqulu xana nə
dedi:
Gəl sənə söyləyim, Ələmqulu xan!
And verirəm, bu gün döyüş olmasın!
Kükrəyib aslan tək axıdaram qan,
And verirəm, bu gün döyüş olmasın!
Çəkərik qılıncı, kəsərik yolu,
Bizik dəlilərdə üç dəli-dolu,
Hələ gəlməyibdi o qoç Koroğlu
And verirəm, bu gün döyüş olmasın!
Mərd igidlər müxənnətdən sapılsın,
Qarı düşmən dərələrə təpilsin,
Gərək Koroğlunun atı tapılsın,
And verirəm, bu gün döyüş olmasın.
Ələmqulu xan elə bildi ki, Dəmirçioğlu belə deməkdə qoşundan
qorxur. Hay vurdu ki:
– Tutun, qollarını bağlayın! Atlarını da əllərindən alın!
Qoşun yeridi dəlilərin üstünə. Misri qılınclar çəkildi. Dəmirçioğlu
üzünü yoldaşlarına tutub dedi:
Misri qılınc alın ələ,
Siz o yandan, mən bu yandan!..
Al qanı döndərək selə
Siz o yandan, mən bu yandan!..
Düşmanın qəddini bükək,
Başlar kəsib, yerə tökək,
Xan qoruğunda turp əkək
Siz o yandan, mən bu yandan!..
Haydı düşmanın tuşuna,
Qan udduraq bu qoşuna,
Gələk Koroğlu xoşuna,
Siz o yandan, mən bu yandan!..
Söz tamam oldu. Dəlilər ac qurd kimi özlərini vurdular Ələmqulu
xanın qoşununa. Axşam qaş qaralanacan bu qoşuna bir vay verdilər ki,
dünyanı Ələmqulu xanın başına dar elədilər. Xan dava başlamağına
peşiman oldu. Ancaq day iş o yerdən keçmişdi. Axşam üstü xan hökm
elədi. Qoşun qayıdıb şəhərə doldu. Qapıları da bərk-bərk bağladılar.
Onlar oturub səhəri gözləməkdə olsunlar, eşit dəlilərdən!
Dəlilər dedilər: “Beləliklə biz nə atı, nə də qulu ala bilməyəcəyik.
İndi şəhərə də girsək onları tapmaq olmayacaq. Bəs biz nə eləyək ki,
bu özü atı da versin, qulu da versin”.
Tanrıtanımaz dedi:
– O məndə.
Soruşdular:
– Necə?
Dedi:
– Biz səhər gələndə Ələmqulu xanın ilxısı, bax, o dərənin içində
idi. Gəlin gedək ilxıçıları tutaq. Əl-ayaqlarını bağlayaq. Özünə də
sifariş göndərək ki, ya atı, qulu ver, ya da ki ilxını aparırıq. Onda canının
dərdindən gətirib verər.
Tanrıtanımazın tədbiri dəlilərin beyninə batdı. Durub atları minib,
özlərini verdilər haman dərəyə. Baxdılar ki, ilxı doğrudan da dərədədi.
Hay demədən düşdülər ilxıçıların üstünə. İlxıçılar qısqını bərk görüb
təslim oldular. Dəmirçioğlu onlara dedi:
– Bu saat gedərsiz xanınızın yanına. Deyərsiniz ki, ya qulu da, atı
da versin, ya budu ki, bütün ilxını haylayıb aparacağıq.
İlxıçılar özlərini yetirdilər Ələmqulu xanın yanına ki:
– Taxtın tarac olsun, yəhərin qanla dolsun, nə oturmusan? Bəs halhekayət
belə. Koroğlunun dəliləri bu saat əyləşiblər dərənin gədiyində,
özləri də belə deyirlər:
Ələmqulu xan soruşdu:
– Ədə, bir əməlli-başlı danışın görüm, hansı dərədə?
İlxıçıbaşı dedi:
– Belə daşlı dərədə ey... daşlı dərədə. Başının çarəsini tap!
Ələmqulu xan getdi fikrə. Handan-gecdən dedi:
– Bəli, onlar ki girdilər daşlı dərəyə, bir il də orada qalsalar nə biz
onlara bata bilərik, nə də ilxını onlardan ala bilərik.
İndi sənə deyim daşlı dərədən, gör necə dərə idi.
Daşlı dərənin girəcəyi dar bir gədik idi. İki adam güclə girə
bilərdi. Çıxacağı da beləcə dar idi. Özü də çıxacağına iri bir daş düşüb
yolu elə kəsmişdi ki, kim dərəyə girsəydi, gərək yenə də qayıdıb
girəcəkdən geri çıxaydı. Odu ki, adına Daşlı dərə deyirdilər. İndi ilxı
dərənin içində idi. Dəlilər də kəsmişdilər haman o dar gədiyi. Odu ki,
Ələmqulu xan bu sözü ilxıçılardan eşitcək əl-ayağı yerdən-göydən
üzüldü. Döndü qoşun böyüklərinə ki:
– Tədbir! Deyin görək nə təhər eləyək?
Heç kəs bir məsləhət verə bilmədi. İş belə olanda Ələmqulu xan
hökm elədi ki:
– Qızım Ruqiyə xanıma deyin, gəlsin mənim hüzuruma!
Xəbər getdi Ruqiyə xanıma. Ruqiyə xanım durub gəldi Ələmqulu
xanın məclisinə.
Ruqiyə xanım ki, var idi, Ələmqulu xanın bircə qızı idi. Daridünyada
bu qızdan başqa zürriyyəti olmamışdı. Odu ki, Ələmqulu xan
əlindən gələni Ruqiyə xanım üçün eləmişdi. Day elm qalmamışdı,
kitab qalmamışdı ki, onu oxutmamış olsun. Qız özü də çox fəhmlifərasətli
idi. Bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə.
Ələmqulu xan həmişə çətin işə düşəndə Ruqiyə xanımı məsləhətə
çağırardı. İndi də ona görə çağırmışdı.
Qərəz, Ruqiyə xanım gəldi atasının yanına. Ələmqulu xan əhvalatı
necə ki, olmuşdu ona danışıb məsləhət istədi. Ruqiyə xanım bir az
fikrində götür-qoy eləyib dedi:
– Ata! Bu gələn hələ Koroğlunun üç dəlisidi. Sabah, birisi gün
Koroğlu görsə ki, dəlilər gəlmədi, durub özü də gələcək. Sən bir fikir
elə gör, onda nə olacaq.
Ələmqulu xan dedi:
– Yaxşı, bəs necə eləyək?
Ruqiyə xanım dedi:
– Necə eləyəcəksən? Gərək qulu da, atı da verəsən. Onlar ki, sənə
bir pislik eləmirdilər. Elə genə də eləmirlər. Öz atlarını, bir də düşmənlərini
istəyirlər.
Ələmqulu xan dedi:
– Qızım, iş o yerdən keçib. Əgər dünən elə qasidi göndərəndə
versəydim, sən deyən düz idi. Ancaq indi versəm, bütün xanların,
paşaların içində bihörmət olub gedərik. Hər yerdə deyərlər ki,
Ələmqulu xan üç adamın əlində aciz qalıb təslim olub.
Ruqiyə xanım dedi:
– Sən niyə elə eləyirsən ki? Götür onlara bir namə yaz! Yaz ki, bəs
mən bilməmişəm ki, siz Koroğlunun dəlilərisiniz. Mən çoxdan
Koroğlu ilə dost olmağa fürsət axtarırdım. Naməni lap elə mən özüm
götürüb vəzir-vəkil ilə gedim onların yanına. Gətirim onları evə. Bir
neçə gün qonaq saxla. Hörmət elə. Atı da, qulu da ver, getsinlər.
Eşidənlər də desinlər ki, Ələmqulu xan Koroğlunun dostudu. Ondan
sonra qorxudan bir xan, bir paşa sənin həndəvərindən keçə bilməz.
Məclisdəkilərin hamısı Ruqiyə xanımın məsləhətinə afərin dedi.
Tez namə yazıldı. Ruqiyə xanım vəzir-vəkil, ağsaqqal-qarasaqqalları
da yanına alıb, Daşlı dərəyə tərəf yol başladı. Dəlilər bir də baxdılar
ki, budu bir dəstə adam gəlir, qabaqlarında da bir qız. Heç birinin də
yaraq-yasağı yoxdu. Dəmirçioğlu dedi:
– Afərin sənə, Tanrıtanımaz! Tədbirin yaman baş tutdu. Ələmqulu
xan barışığa gəlir.
O qədər gözlədilər ki, dəstə gəlib yaxınlaşdı. Baxdılar ki, vallah,
bu qız elə bir qızdı ki, şam kimi şölə verir, çıraq kimi işıq salır. Elə bil
ki, zalımın qızı büllurdan yaranıb. Gürcüoğlu Məmməd dedi:
– Dəmirçioğlu, Koroğluya məndən salam yetirərsən. Deyərsən ki,
Gürcüoğlu Məmməd oldu eşq dəlisi! Day ondan Koroğlu dəlisi çıxmaz.
Məndən ümidini üzsün. Mən dönüb oluram Məcnun. Boynuma
bir zəncir bağlayacağam, ucunu da verəcəyəm bu qızın əlinə. Hara
çəkir, özü bilər.
Dəmirçioğlu macal tapmadı ki, Gürcüoğlu Məmmədin cavabını
versin. Ələmqulu xanın adamları gəlib çatdılar. Ruqiyə xanım salam
verdi. Dəmirçioğlu ədəblə onun salamını alıb, əleyk dedi. Ruqiyə
xanım Ələmqulu xanın naməsini verdi. Dəlilər oxuyub namədən hali
olcaq Gürcüoğlu Məmməd dedi:
– Gedək!
Dəmirçioğlu dedi:
– Sən dayan!
Sonra üzünü Ruqiyə xanıma tutub dedi:
– Biz xanın məclisinə gedirik. Ancaq şərtimiz var.
Ruqiyə xanım soruşdu:
– Şərtiniz nədi?
Dəmirçioğlu dedi:
– Şərtimiz budu ki, qulu da, atı da gətirib buradaca verəsiniz bizə.
Bizlərdən birimiz onları gərək tez aparıb Koroğluya çatdıra. İkimiz
gələrik xanın hüzuruna.
Ruqiyə xanım dedi:
– Baş üstə! Siz gözləyin! Biz yarım saata gələrik.
Bunu deyib, Ruqiyə xanım adamları da götürüb geri qayıtdı. Elə ki,
onlar gedib gözdən itdilər, dəlilər başladılar məşvərətə.

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR