Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (III hissə)

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (III hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (III hissə)


Pərzad xanım dedi:
– Əgər sən Koroğlusansa, bu veranxana düzdərdə nə gəzersən?
– Ay Pərzad xanım, dərdsiz aşıx ağladığını heç görüfsənmi, axı
mənim dərdim var, mən buraya onçun gəlmişəm.
– Düzünü de, görək sən niyə gəlifsən?
Burda götürüf görək Koroğlu nə dedi, siz sağ olsun:
Mən qoç Koroğluyam çıxdım qalannan,
Ərzəmi götürdüm divana gəldim.
Xotkarın oğlunnan peyman eylədim,
Fikrimi zay etdim, imana gəldim.
Pərzad xanım qulaxlarını şeşlətdi, dedi:
– Ayə, bu nə xotkar oğludu der, bu nə danışer?
Pərzad gözünü Koroğlunun üzünə zillədi. Əmbə Koroğlu gözünü
çöyürüf Eyvazınan Halaypozanın üzünə baxanda gördü vallah, bir qız
görəndə oynaxlıyan oğlannar, indi elə bilginən ki, don vuruf donuzdurufdu,
heç ürəkləri üstə gəlmer, matdarı-qutdarı quruyufdu. Bəlli
Əhmət də qılıncını yerə qoyuf, mat-mat boylanerdi.
Aldı Koroğlu:
Bu dağların zirvəsinə varanda,
Qılınc çəkif, düşmən bağrın yaranda,
Samur qırağında məclis quranda,
Mey içdim, məst oldum, məstana gəldim.
Pərzad dedi:
– Ay kişi, düz danış, düz de. Nəyə gəlifsən, məqsədin nədi? Məqsədini
düzən desən, inşallah mən də ona əlac eliyəm.
Aldı Koroğlu:
Koroğluyam öz canımnan küsərəm
Bir yel oluf, bu dağlarda əsərəm.
Getməsən də bil, başını kəsərəm,
Səni aparmağa mərdana gəldim.
Söz tamam oldu. Pərzad xanım dedi:
– O ku məni aparajasan, söylə görəm kimə aparajasan?
Koroğlu gördü kü, Pərzad xanımın əhvalı özündə döylü. Bayaxkı
cadı-pitidən də əsər-əlamət yoxdu, dedi:
– Qulax as gör kimə aparajam:
Ovçu olan ovun izlər,
Dur varax bizim ellərə.
Ağcaquzu yolun gözlər,
Dur varax bizim ellərə.
Pərzad xanım Ağcaquzu adını eşidif cin atına minmədimi.
Dedi:
– Əyə, zalım oğlu, məni aparersan bir iyidə apar, Ağcaquzu nə
iyitdi ki, sən onnan ötrü mənim dalımca gəlifsən.
Koroğlu dedi:
– Xanım, xatrına dəyməsin. Qulax as, qulax as, gör bir nə deyirəm:
Gözəl xanım, olma naşı,
Nə gəzersən dağı, daşı.
Ağcaquzu qoşun başı,
Dur varax bizim ellərə.
Pərzad xanım dedi:
– Hası qoşunun başıdı, o, bir cadıyı axıra kimi öyrənif başa çıxa
bilmədi.
Koroğlu o sahat işi başa tüşdü. Dedi, qulax as:
Sona tərk etməz gölünü,
Xoryada vermə telini.
Koroğlunun gözəl gəlni,
Dur varax Çənlibellərə.
Söz tamam olan kimi Koroğlu dedi:
– Qızım, dur gedək, biz sənsiz qayıdası döyülük.
Pərzad xanım dedi:
– Koroğlu, o ku sən məni özünə gəlin kimi aparersan, onda gederəm,
əmbə onu bil ki, Ağcaquzu sən deyən kimi iyid olmasa, onda
zəhər içif özümü tələf eliyəjəm, sən də günaha batajasan.
Koroğlu dedi:
– Pərzad xanım, mana qoç Koroğlu deyəllər, mən səni zornan da
aparardım. Əmbə özüm bilerəm ki, sən zor işdədiləsi qız döyülsən, hər
şey sənin ürəyinnən olajax. Bu günnən mən sənin qaynatanam.
Eyvaz atdan endi, Pərzad onun atına mindi. Üzü dağ aşağı yol başdadılar.
Eyvaz atın yüyəninnən yapışıf, özü payı-piyada gedəsi oldu.
Gəlhagəl, günə bir mənzil, teyimənazil, ustad dili yüyrəy olar,
gəlif Ağqayanın yanına çatanda Koroğlu dedi:
– A bala, Eyvaz, Bəlli Əhməd, siz Yağı qoruğunnan gedin, Pərzad
xanıma gül-çiçəkdən çələng düzəldin, atdarınızı da gözəl-göyçək
bəziyin. Mən burdan kesəsinə gedif, bu sahat dəlilərin hamısını görüşünüzə
göndərəjəm. Gərək Pərzad xanım elə qarşılansın ki, heç bavası
Cəfər paşanın imaratında da elə qarşılanmasın.
Dəlilər “baş üstə” deyif, Pərzad xanımı da götürüf, Yağı qoruğunnan
getməkdə olsun. Koroğlu Qıratı tərpədən vaxtı ağ cığırın ağzında
gördü kü, bir göy dəmir atdı, üstündə də bir enni kürəkli, alçax boylu,
qırmızı gözdü bir kişidi. Ağ qayıya doğru boylaner. Bunu görən kimi
Qırat tərpənməzcə dayandı. Koroğlu gördü kü, ayə, Qırat yerinnən tərpənmer.
Ata mahmız çəkdi, at gənə getmədi. Koroğlu dəli olmadımı:
– Ayə, vayıs oğlu vayıs, yolu niyə kəsifsən? – dedi – Görörsən at
getmer.
Atdı yuvaş-yuvaş başını Koroğluya hərriyif, zəhmnən tərs-tərs
ona baxdı, dedi:
– Məyər dədəyin yoludu? Anırdan getsən olmormu, baldırın qırılajaxmı?
Koroğluyu elə biliynən ildırım vurdu. Dəli oldu, götürüf burda nə
dedi, biz deyək, siz şad olun:
Tatsan, kürtsən, nə millətsən,
En atınnan, əcəm oğlu.
Gözdərinnən mazaratsan,
En atınnan, əcəm oğlu.
Atın üstündəki dedi:
– Əyə, ağlını başına yığ, atımnan niyə tüşərəm, var yolunnan çıx
get, nə qədər ki, əl-ayağım sana toxunmuyuf, əl çək mənnən.
Koroğluyu təzədən od götürdü. Aldı görək nə dedi:
Asdan kəsifdi qarşını,
Axıdajam göz yaşını,
İndi üzəjəm başını,
En atınnan, əcəm oğlu.
Atdı qımışdı. Bu qımışanda Koroğlu daha da cinnəndi.
Dedi:
– Əyə, deyəsən bu tufanı dağılmış məni tanımer, gəl adını buna
nişan ver, qoy canına vəlvələ tüşsün.
Götürdü görək nə deyir:
Qoç Koroğlu mənəm, mənəm,
Çətin dediyimnən dönəm.
Əlimnən şikar vermərəm,
En atınnan, əcəm oğlu.
– Ayə, qoç Koroğluymuşsan, bağışla tanımadım, elə bildim buranın
qoruxçusu zadısan, onçun sana ajıxlandım. Nə demək istiyirsən, ay
qoç Koroğlu?
Koroğlu dedi:
– Atdan tüş, get atın ciloyunu da mənim üzəngimə bağla, özünü də
qavağıma qatıf Çənlibelə aparajam. Bu gün mənim yaxşı günümdü,
Pərzad xanımın toyunda qulluq eliyərsən.
Atdı dedi:
– Yox, atdan düşməyim olmuyajax. Atdan o vaxt tüşərəm ki, sənin
atın mənim atımı ötə.
Koroğlu dedi:
– Baş üstə, sürək!
Atdı dedi:
– Kimin atı ötsə, geridə qalan ötənin qavağına tüşsün getsin.
Koroğlu bu şərtə irazılıx verdi. Axı indiyətən Qıratı ötən olmuyufdu!
Həmən atdı dedi:
– A Koroğlu, harıynan sürək, xətrin harıynan istiyir?
Koroğlu dedi:
– Bax bu qaratikənnığı, çınqıllığı görörsənmi, ordan qırdıramasına
öyannan belə hərrənək, belə gələk.
– Hardan dersən sürək!
Nolajax, Koroğlu Qırata bir qırmaş vurdu, iki qırmaş vurdu, at
yerinnən tərpənmədi.
Əmbə bu biri bir göz qırpımında həmən yerrərdən keçif, Ağqayanın
da o üzünnən hərrənif, ildırım kimi dala qayıtdı. At atın yanına
gələndə Qırat təzədən yerinə pərçim oldu, getmədi. Koroğlu mətəl
qaldı, dedi:
– Ay canım, bu atı mən əlimə keçirsəm, Türk nədi, İran nədi, Ərəb
nədi, pütün dünya mənim ayağımın altında qalmıyajaxmı? Odu ku,
gənə də qarşısındakına üz tutdu:
– Əyə, iyid, atdan en!
Dedi:
– Niyə, mənim atım sənin atını addadı axı. İndi sənin atın mənimdi.
Koroğlu hirsdəndi, atdan tüşüf kişinin üstünə gəldi, dedi:
– Tüş atdan güləşək, kim yıxsa at onundu.
Atdı dedi:
– Mənim başım üstə!
“Mənim başım üstə” – deyif anırdan bəri iyid də gəldi, Koroğlu da
gəldi. Koroğluda bir yaxşı xəsyət varıydı, həməşə güştü tutanda biləyini
çirmiyif “ya Əli, sənnən mədəd” – deyərdi. Burda da gənə dedi:
– ”Ya Əli sənnən mədəd”.
Koroğlu irəli cumana kimi, o birisi əl on arşın qavağa uzandı,
Koroğlunun qurşağından yapışıf elə tulavızdadı kı, Koroğlu gedif
Ağqayanın başına tüşdü. Koroğlu indi başa tüşdü kü, Niyar xanımın
qarğışına tuş oluf. Dodaxlar partdıyıf, irəngi-bənzi qaçıf, dünyəsi
dəyişif. Koroğlu bu qayadan sürünə-sürünə gəldi, baş əydi:
– ”Allahum məsəlla əla Mühəmmədən və ali Mühəmməd” –
deyif, Həzrət Əlinin üzünə baxdı. Bu vaxt Əlinin gözündə bir damla
yaş giləndi. O da salavat çöyürdü, dedi.
– Koroğlu, Qoşabulağın üstündə atanı dəfn eliyən vaxtı mənim adımı
çağırmışdın, sənin kürəyinə mən əl çəkmişdim. Demişdim, kürəyin yerə
gəlməz, qılıncın da qılıncıma dəymişdi. Bax get, bir kəsi incitmə, haqqın
yolunnan heç vaxt çıxma. Onu da bil ki, indi toyuna tələsdiyin Ağcaquzu
da Hasan paşanın yox, sənin doğma balandı, onu da sənin yanına mən
göndərmişəm, o həmən oğlandı kı, mağarada qoyuf qaçmışdın. Onun sağ
biləyində sənin bilərziyin də var, baxarsan tanıyarsan.
Bunu deyif Həzrət Əli Düldülə suvar oldu, bir göz qırpımında qeyb
oldu.
Koroğlu tutduğu işdən peşman oldu, bir tərəfdən də söyündü kü,
Həzrət Əliynən bu şəkildə də olsa, görüşdü, həm də Ağcaquzunun
onun oğlu olmasına çox söyündü. Koroğlu fikirri-fikirri Qıratın belində
havaxt gəlif Çənlibelə çatdığını bilmədi, onda baxdı, at dayandı.
Niyar xanım Koroğlunu belə, bu şəkildə, bu halda görüf ürəyi qubar
elədi. Götürüf görək nə dedi:
Niyə məlulu-müşkülsən,
Hanı Eyvaz, xan Koroğlu?
Göz yaşım ümmana döndü,
Bağrım oldu qan, Koroğlu.
Koroğlu baxdı kı, hələ Eyvazgil gəlif çıxmıyıf. Niyar xanım da
ahı-vayda, ahı-zardadı, anrı-bəri boylandı. Koroğlunun heç ağlı üstünə
gəlmerdi. Niyar xanım aldı görək:
İrəngin dönüf löyünnən,
Sinəm dağlıdı düyünnən,
Qurban kəsəllər qoyunnan,
Sana qurvan mən, Koroğlu.
Koroğlu yana baxanda gördü kü, budu Eyvazdı, Bəlli Əhmətdi,
Tanrıtanımazdı, bir də Pərzad xanımdı gəldilər, ənbə Koroğlu özündə-
sözündə döylü, gözünün ujunnan Niyar xanıma işara elədi ki, uşaxlar
gəler.
Aldı Niyar xanım:
Tərlansan kəklik ovunda,
Niyarın gözəl boyunda
Pərzad xanımın toyunda,
Sürək bir döyran, Koroğlu.
Söz tamama yetdi. Koroğlu gənə də özündə döylü. Dəlilər üç bir,
beş bir buların başına cəmləndilər. Bütün dəlilər üç dəliynən Pərzad
xanımı qarşılamağa getdi. Əmbə Koroğlunun belə pərt olmağı, dodaxlarının
partlaması heç kimi açmadı. Oyur-oyur oynuyan, barmaxlarının
üstündə süzən, Qıratın belində çapan Koroğludan əsər-əlamət qalmamışdı.
Məclis yığılıf, hamı sövüner, təkcə Koroğlunun irəngi yerinə
gəlmer. Eyvaz yaxına gəlif dedi:
– Baba, söylə görem niyə eliyersən, bəlkə dərdini mana deyəsən.
Burdan-bura sana nə üz verdi ki, biz bilmədik? Axı, beşimiz də Ağ
qayıya çatana kimi kefi kök, damağı çağ gəldik. Bizdən ayrılannan
sonra sana nə üz verdi ki, bu günə tüşüfsən?
Koroğlu Eyvaza heç fikir vermədi. Gözünün qulağınnan şərab
tuluğuna baxdı. Bir şərab tuluğu gətirdilər. Koroğlu tuluğu başına qaldırıf
bir xeyli içdi. Eyvaz gördü kün, tulux boşaler, dedi:
– Ay ağa, biz bilerik ki, sən kef əhlisən, hamısını içəjəsən, əmbə
bir de görəm başına nə iş gəlif?
Koroğlu dedi:
– Eyvaz, mənim sazımı gəti.
Koroğlunun dili indi-indi açılerdı. Gənə Ağ qayıya tərəf boylandı.
Dəlilər dedi:
– Ayə, bu Ağqayada bunun nəyi qalıf, indi kimi gözdüyür, görəsən?
Sazı gətirdilər, Koroğlu götürdü görək dərdinə müqabil nə dedi:
Niyar xanım, bir ərəbə tuş oldum,
Ağlımı əlimnən aldı da getdi.
Qurumuş dilimnən hədyan söylədim,
Məni Ağqayaya çaldı da getdi.
– Əyə, zalım oğlu, sən nə danışersən?
Eyvaz dəli oldu, gözü kəlləsinə çıxdı. Elə bir dəli nərə çəkdi ki,
dağ-daş titrədi.
– Ağa, kimdi o, elə bu sahat bu yeddi min yeddi yüz yetmiş yeddi
dəliyi onun üstünə tökəjəm.
Koroğlu dedi:
– Ay oğul, ay oğul, hələ dayan gör bir nə derəm:
Yüz min dəlinin də yetişməz gücü,
Məğrubdan-məşruqa vermer o bacı.
Mardan qamçısı var, zəhərdən acı
Oynatdı əlində güldü də getdi.
– A kişi, o kimdi de görüm o nə kərədi ki, Eyvazın qılıncının
altınnan qaçsın?
Koroğlu dedi, qulaq as:
Koroğluyam, budu sözümün sağı,
Onun hökmündəndi Köysər bulağı,
Adı Həzrət Əli – dinin dayağı,
Düldülünə suvar oldu da getdi.
Söz tamam oldu. Hamı üzünə salavat çöyürdü. Hamı: “Allah, sana
şükür”, – dedi. Qurvannar kəsildi, nəzirlər çıxdı. Koroğluynan Niyar
xanım Ağcaquzuynan Pərzad xanımı yannarına çağırıf xeyir-dua verdilər.
Qoç Koroğlu dedi:
– Camahat, bu cavannarın toy günündə istiyirəm, bir şey də hamınıza
əyan olsun, bilin və agah olun, Ağcaquzu mənim belimnən gələn
doğmaca balamdı, inanmersınız, onun qolunda mənim bazübəndim
olmalıdı, baxın.
Koroğlu əlini uzadıf Ağcaquzunun sağ biləyini çirmələdi, öz bilərziyini
tanıdı. Bu işdən Ağcaquzu özü də çaş-baş qaldı. Koroğlu əhvalatı
dəlilərə nağl elədi. Ağcaquzunun nejə itkin düşdüyünü söylədi. Bu
işdə Həzrət Əlinin köməyin də hamıya çatdırdı.
Niyar xanım yaxına gəlif, hər iki cavanı öpüf bağrına basdı. Dedi:
– Ay Koroğlu, indi belə çıxer ki, sən oğlunnan bajanaxsan, eləmi?
Pərzad mənim doğma bajım, Ağcaquzu sənin oğlun.
Koroğlu Ağcaquzuyu da, Pərzad xanımı da bağrına basdı. Öyəclər
kəsildi, şülənnər pişdi, bir toy elədilər ki, dünyanın gözü belə toy
görməmişdi. Bu günnən Çənlibeldə bir cavan ailə də artdı. Deyillər bu
iki cavan uzun ömür sürdü, xoşbəxt yaşadılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR