Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (II hissə)

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (II hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (II hissə)

Ağcaquzu dedi:
– Bəyim, bəyim, ləkə özünü bilirsən, iyit məni?! Çünkü sən yetirən
kimi, mənnən topbuz davasına gəldin, zorrux işlətdin. Sən özün
Koroğlu olduğunu deseydin, mən də sənin qarşında layaxsız sözdər
işdətməzdim.
Koroğlu dedi:
– Oğul, gör hələ bir nələr eşidəjəksən.
Aldı görək Koroğlu nə dedi:
Mərd iyidlər dolu badələr içər,
Dost yolunda şirin canından keçər,
Müxənnətlər dava günündə qaçar,
Kolların dalında pəhlivan olar.
... Təmiz ada
Dərya saxlar təmiz ada,
Yüz yerdən ləkə yaxsan,
Yaxılmaz təmiz ada.
Ağcaquzu dedi:
– Eyvallah, eyvallah, indi bildim, sən Koroğlusan. Deməli, sən
mərtikinnən bu karvanı mənim əlimnən alıf aparmax istiyirdin, başıma
da topbuz vurordun. Demerdinmi, bu, uşaxdı qorxar, büdüryər.
Koroğlu dedi:
– Qulax as, gör nə deyirəm.
Aldı Koroğlu:
Koroğluyam haşa çəkmərəm mərddən,
Müxənnət iş əysiy olmaz nəmərddən.
Bir keçi canını qurtarsa qurddan,
Baxar buynuzuna kərkadan olar.
... Arxa sarı
Bel götür arxa sarı
Mərd igiddən dost tut,
Özünə arxa sarı.
Söz tamama yetdi. Koroğlu dedi:
– Oğul, olma sən canını mənnən qurtarmış sayersan. Doğrudan,
mən Koroğluyam.
Ağcaquzu dedi:
– Sən Koroğlusansa, onda məni mənzilinə apar, əyər Koroğlu
olmağını tasdıq eləməsən, mən dəvənin üstünnən tüşən döyləm. Özü
də sənin kimi yüzü gələ, mana güj gələ bilməz, mənnən badi-xərac
ala bilməz.
Koroğlu dedi:
– Oğlu, görerəm, kiməsə sən arxeyinsan, onu hələ başa tüşə bilmerəm.
Sür karvanını arxamca gedək.
Ağcaquzu Koroğlunun arxasıncan Çənlibelə sarı qalxdılar. Çənlibelə
çatan kimi Niyar xanım həmeşəki kimi Koroğlunun qarşısına
çıxdı. Baxdı gördü, Koroğlu özünnən bir oğlan gətirer, ilahi, bu
cüssədə, bu gözəllikdə iyid bəlkə də heç Çənlibeldə də yoxdu. Elə bil
qüdrət qələminnən yaranıf zalım oğlu. Dəvənin üstündə ağayana
əyləşif, gözdər qayır-qayır qaynayır.
Niyar xanım Koroğluya baxıf dedi:
– Koroğlu, bu kimdi?
Koroğlu dedi:
– Sənin əmin oğludu, Hasan paşanın oğludu.
Niyar xanım dedi:
– Elə şey olmaz.
Koroğlu dedi:
– Özüdü ki, var. İndi tafşır tamam otaxlar bəzənsin, dəlilər hamısı
cəm olsun. Dəlilər tamam cəm oldular, yığıldılar.
Ağcaquzu gördü kü, bu doğrudan da Koroğludu. Dəvədən endi,
dedi:
– Ağa Koroğlu, bu yeddi dəvə yükü var-dövlət sənin, dəvələr
sənin, ancax mən vacif bir iş üçün sənin əyağına gəlmişəm.
Ağcaquzu Pərzad xanım haqqında olan söhbəti Koroğluya nəql
elədi. Koroğlu dedi:
– Oğul, qoy bu sirr qarnında qalsın, Niyar bilməsin, heç kəsə heç
şey demə. Mən indi dəlilərdən bir neçəsini çağırajam. Görək kim
mənnən gedər. Üç günün içərisində sənin Pərzadını gətirdim gətirdim,
gətirmədim mən Koroğluluğumu üstümnən götürəjəm.
Koroğlu götürdü görək dəliləri nejə çağırdı:
De, atdansın qoçaxlarım,
Başı cannan keçən gəlsin.
Eyvaz xana canım qurvan,
Mərd əlinnən içən gəlsin.
Eyvaz xan badeyi başına çəkif Koroğlunun arxasına addadı, dedi:
– Ağa Koroğlu, noluf, mən həmeşə sənnən var deyləmmi, elə söz
danışersan? Dəlilərin hamısının gözdəri açılıf, qulaxları şeşlədi; ayə,
görən burda nə var?
Onatan Koroğlu aldı görək nə dedi:
Livasın polad geyənnər,
Donnuğun mənnən yeyənnər,
Adına dəli deyənlər,
Şirin cana qıyan gəlsin
– deyəndə, Bəlli Əhmədnən, Halaypozan da Koroğluya tərəf addadı.
Götürdü Koroğlu görək nə dedi:
Gəzək dağları-daşdarı,
Sovluyax sər qılışdarı,
Koroğlunun qardaşdarı,
Yağı bağrı piçən gəlsin.
Xan Eyvaz, Bəlli Əhməd, Halaypozan – üçü də Koroğlunun arxasında
dayandılar. Dedilər:
– Koroğlu, nə olar-olsun, hara desən getməyə haxırıx.
Koroğlu dedi:
– Əziz dəlilərim, mən istəsəm əmr verrəm, bütün dəlilər arxamca
gələr. Əmbə bu əmr döylü, bu bir tilsim qırmaxdı. Ona da dörd nəfər
kifayət eliyər.
Koroğlu Niyara sarı dönüf dedi:
– Niyar xanım, mən gələnəcən Dəmirçioğlu, Dəli Həsən burda
başçı olar, bu mənnən gələn bu iyid də sərkərdə olar. O nə əmr versə,
onun əmrinə əməl eləyərsiniz.
Koroğlu bunnarı deyif, atdara suvar oldular. Dörd nəfər dəli yola
düşüf Ağqayıya çatanda, Eyvaz xan dedi:
– Ağa Koroğlu, başına qurvan olam, bir onca dayğalığına anam
Niyar xanıma sözüm var.
Koroğlu dedi:
– Oğul, buyur.
Eyvaz xan alıcı quş kimi atını çapıf gəldi dayandı Niyar xanımın
hüzurunda, dedi:
– Aneyi-mehriban, sən Koroğlunun ürəyinin təmizdiyinə baxma.
Nə qədər olmasa, Ağcaquzu düşman oğludu, onu gözdən qoyma, bizi
aldada bilər.
Niyar xanım dedi:
– Bala, bala, bu dərsi bavan Koroğlu mana gecə keçif. Arxeyınca
çıxın gedin, heç şeyin fikrini çəkmiyin.
Eyvaz xan Niyar xanımın bu sözünnən sonra bir qədər arxeyınnıx
tafdı. Çaparax gəlif Ağqayada yoldaşlarına çatdı. “Ya Allah” – deyif
yola düzəldilər. Az getdilər, çox getdilər, o dağa çatdılar kı, Ağcaquzu
o dağı salıx vermişdi. Pərzad xanım hası dağa çıxmışdı, asdannara
qarışıf hası səmtə getmişdi, gəlif həmən yerə çıxdılar. Dağın ətəyinnən
atdarı başdadılar dağ yuxarı sürməyə.
Sizə kimnən xəvər verem, Pərzad xanımnan. Pərzad xanım gördü
kü, dörd atdı gəler. Əmbə burya heç bəni insan əyağı dəymeyif. Dedi,
gəl bunnarı yoxlamaxdan ötrü, bəni-insan oluf-olmadıxlarını bilməkdən
ötrü bir iş aç. Oydu ku, bir sehr elədi. Dağın döşündə bir bağ-bostan
əmələ gəldi, gəl görəsən. Qarpız, yemiş, gül-çiçək gəl ki görəsən!
Koroğlu baxdı gördü kü, aya, bayax sıldırım olan qayaların yerində
qarpız-yemiş pitif, qımışdı, güldü, dedi:
– Bizə atılan oxa bax.
Bu vaxtı Eyvaz, Bəlli Əhməd atdan sıçraşdılar, cumdular bostana.
Hası qarpızı kəsdilər dümappağ, hası yemişi kəsdilər zəhrimar, zəkkum,
ağıza vurulası döylü.
Koroğlu dedi:
– Oğul, oğul, atdanın, siz bilin ki, biz buraya caduya tüşməyə
gəlməmişik, cadu pozmağa gəlmişik. Mənnən ayrı tüşmüyün, mənnən
ayrı tüşsəniz, özünüzü güdaza verərsiniz.
Bostanı yarıf keçən vaxtı Pərzad xanım başa tüşdü kü, bunnar insandılar,
bunun dalınnan gəlellər. Pərzad bir heyvətdi şir donuna girif,
qayanın üstündə oturdu. Koroğlu başa tüştü kü, həmən şir donunda
qayanın başında oturan Pərzad xanımdı. Çünkü heyvan olan yaraxlıyasaxlı
adamları görüf belə hərəkət eləməzdi. Belə məqamda vəhşi
heyvan ya gərək adama hüjum çəksin, ya da qorxuf qaçsın. Əmbə bu,
şəstnən sinəsini də bunlara tutuf tamaşa eliyirdi. Koroğlu gördü, heç
bir əlac yoxdu, nə oxnan atılasıdı, nə də tora salınasıdı. Qayanın başına
da kim çıxa bilər, özü də tilsimli qayadı, odu ku, götürdü gücü sazsözə
çatdı, görək nə dedi:
Uca dağların başında,
Mən bir asdana uğradım.
Yedim içdim, dövran sürdüm,
Bağa-bostana uğradım.
Pərzad xanım tez silkindi. Aslan livasınnan çıxdı. Elə bil Məleykə
kimi anırdan bəri boylandı. Bəri boylananda dağlar-daşdar bu
gözəlliyə afərin dedi. Bu vaxt Pərzad xanımın yaxasını yel qaldırdı,
nar məmələr göründü. Məmələr görünəndə Koroğlu dedi:
– Əyə, bu zalım qızı nə qayırdığıdı.
Götürdü görək nə dedi:
Bəridən gəl, gözəl, bəridən,
Ürəyimin yağın əridən,
Silkindi, çıxdı dəridən
Məməli məstana uğradım.
Bu söz Pərzad xanımın xoşuna gəlmədi. Dedi:
– Əyə, ağlına gələni söyləmə.
Koroğlu dedi:
– Mənim ağlım başımdadı, sən ağlını başına yığ, üst-başına fikir ver.
Pərzad xanım əyilif yaxasına baxanda gördü, düz deyir, əynindəki
paltarın yaxası təmiz açıxdı. Tez səhvini başa tüştü, xəjələtinnən ayrı
livaya keçdi. Koroğlu götürdü sözün davamını, görək nə dedi:
Koroğlunun vardı adı,
Hey gəlir dadı-fəryadı,
Görməmişəm böylə cadı,
Firəngistana uğradım.
Koroğlu gördü kü, Pərzad xanım livasını dəyişdi, ancax anırdan
bəri bunnara yaxın gəldi.
Qız dedi:
– Qəhrəman oğlan, sənin fikrin dağlara, daşlara.
Koroğlu dedi:
– Xeyir, igid gözəl gördü coşmalıdı, coşmasa, o, heç iyit döylü.
Götürdü görək daha nə dedi:
Uca dağların başında,
Ləbli-ləbli qar görünər.
Mənim bu xəcil könlümə,
Ala gözlü yar görünər.
Pərzad xanım dedi:
– Oğlan, bəyax mən sana dedim dilini çıldırratma, sözüyün əvvəliniaxırını
bil. Bu dağın kəlləsində sənin könlün nə yar istiyir? Okun yar
xiyalına tüşüfsən, onda gərək sən bu yerdən salamat qayıtmayasan.
Ağlını başına topla, gör bir mən nə deyirəm, sən nə eşidirsən.
Aldı Pərzad xanım:
Bağlar içində pencərəm,
Bu otağımda bar görünər.
İndi səni mən sancaram,
Ətrafın şahmar görünər.
– deyif, elə bir sehir oxudu ku, bütün dört yanı ilan bürüdü. Hər tərəfdən
ilannar üstərinə hücum çəkdi. Dəlilər bir-birinə qısılıf, əlləri qılıncın
qəbzəsində titim-titim titrədilər. Koroğlu özünü itirmədi, dedi:
– Xanım, xanım, qulaq as:
Bilmədim yarın fəndini,
Əmeydim ləbin qəndini.
Açeydım göysün bəndini,
Ağ sinəndə nar görünər.
Qız dəli olmadımı, ildıza çıxdı. Bir sehir oxudu, yer yarıldı, dəlilər
də, Koroğlu da yerin arasında sıxılan vaxtı, Pərzad xanım dedi:
– Əyə, zalım oğlu zalım, qulax as, mənim qoynumda sənin nə işin
var.
Zəmbur çəkər bal olanda,
Halın yaman hal olanda,
Dayan, dilin lal olanda,
Gözdərində tor görünər.
Koroğluyu dəlilərnən baravar torpax sıxmağa başladı. Hər tərəfdən
də bir neçə şahmar başı çıxıf, onnara tərəf uzanmışdı. Koroğlu
mətəl qaldı, dedi:
– Ayə, bu zalım qızının cadısı nə təhər cadıdı? Gəl buna deynən
ki, yekə kişi qızısan, belə işdərinnən əl çək, adam ol, adamlara qarış.
Məcbur eləmə ki, əlimi qılınca aparem, səni parça-parça eliyim. Mənim
qılıncım elə-belə qılışdardan döylü, mənim qılıncıma Həzrət Əlinin
əli dəyif. Bu qılıncın qavağında cadu nədi, piti nədi, şahmar nədi, sən
nəsən. Gəl məni məcbur eləmə.
Aldı Koroğlu:
Qələm alıb yazammaram,
Bu qəbrə mən dözəmmərəm,
Gen dünyada gəzəmmərəm,
Dünya mana dar görünər.
Pərzad xanım dedi:
– Əyər gənə ağlına yar-mar sözü salsan, vallah, səni onnan da pis
günə salajam.
Aldı Pərzad xanım:
Pərzad deyir, tanı məni,
Tərk etmişəm xanımanı,
Şahmar ollam, çallam səni,
Dünya sana mar görünər.
Koroğlu gördü kü, qız dediyinnən dönmüyəjək, dedi:
– Ay qız, adam balasısan, məni höysələdən çıxartma, and olsun
Allaha, əlimi Misri qılınca atsam, səni iki yerə parçalıyajam, tez ol, bu
torpağı arala, uşaxları sıxıf-üzmə.
Pərzad xanım baxıf gördü kü, daha sınax bəs eliyər, bir sehir oxudu,
dəlilər torpax məngənəsinnən azad oldular. Əmbə yazıxlar qorxudan
uçum-uçum uçunordular. Bir-birinin üzünə baxanda gördülər ki,
vallah, tufar gəji kimi dümağ ağarıflar. Koroğlu dəliləri bu halda görüf
əl atdı Misri qılıncın dəstəyinə, nə fikirrəşdisə fikrinnən daşındı, dedi:
– Pərzad xanım, sən yerin yeddi qatına da girsən, quş oluf göyə də
uçsan, əlimnən yaxa qurtara bilməzsən, yaxşısı budu, gəl meydana,
qoşul bizə, çıxax gedək.
Pərzad gənə də bir sehir oxudu, ceyran livasına girif dedi:
– Çox atım-atım dersən, indi mən qaçem, sənin atın mənim
dalımca çatsın, görem nejə çater.
Koroğlu dedi:
– Sən hələ Qırata bələd döyülsən, səni Qıratın dırnaxlarında tafdıyaram,
qaç.
Koroğlu bir qədər ceyrana mənzil verdi, sonra da öz-özünü
məzəmmətdədi ki, əyə, mən indi bunun dalınnan at salsam, ona qılınc
çalsam, hamı məni qınıyajax, deyəjəklər ki, Koroğlu bir qıza baş qoşdu,
onu qanına qaltan elədi. Bu fikirnən arxa səmtə baxdı, baxanda gördü
Çənlibel güzgü kimi görüner, konlu qubarrandı, götürdü görək nə dedi:
Yönü bəri duran dağlar,
Ellər səni bəzər bir gün.
Güllü, bənəfşəli bağlar,
Yarım səndə gəzər bir gün.
Geri baxanda gördü, bəyax ceyran livasında qaçan Pərzad xanım,
indi insan livasında yaxınnaşıf ona qulax aser. Koroğlunun gözdəri
yaşardı. Dedi, əyə, hancara olmasa, insan öyladıdı, onun da ürəyi, diləyi
var, biznən tərs gətirməyinə baxma. Koroğlu götürdü sözünün o biri
xanasını:
Hər iyiddə olmaz hünər,
Od olmasa, ojax sönər.
Dövlətdidən dövlət dönər,
Ağlı başdan təzər bir gün.
Baxıf gördü kü, bayax qaçan bu dəfə laf yaxın gəldi. Özü də insan
livasındadı. Gözdəri də yaşarıf, Koroğluya boylaner.
Aldı Koroğlu:
Koroğlu Çənlibellərdə,
Qalmışam fitnə-fellərdə,
Mən ölsəm qürbət ellərdə,
Kim qəbrimi qazar bir gün.
Pərzad xanım yaxınnaşıf dedi:
– Doğrusunu de, görəm sən kimsən?
Koroğlu dedi:
– Xanım, mən Koroğluyam.

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR