Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (I hissə)

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (I hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Pərizad xanımın Çənlibelə gəlməyi (I hissə)

Bəli, əzizlərim, sizə hardan xavar verəjəm, Ağcaquzudan. 

O vaxt kı Əsmər qarı Ağcaquzuyu Hasan paşıya təhvil verdi, həmən günnən körpöyü dayalara tafşırdılar. 

Dayalar ədəf-ərkannan buna qulluq eliyir, təmizdiyinə, yiməyinə, içməyinə fikir verer, nejə lazımdı. 

Bir söznən, xidmətində durordular. Vaxt gəldi, vədə yetişdi, camahatın uşağı aynan, ilnən böyüyəndə Ağcaquzu sahatnan, günnən,həfteynən böyüyürdü.

Uşax gəlif yeddi yaşına çatmışdı, əmbə on beş, on altı yaşdılardan
seçilmerdi. Hasan paşa uşağın belə böyüməsinnən çox xoşhal olmuşdu.
Gejə-gündüz gözünü onun üstünnən çəkmerdi. Neçə müəllim
tutmuşdu, onun savadını artırerdı, neçə müəllimi Ağcaquzuya qılınc
oynatmax, at çapbax, güləş tutmax, suda üzmək, oddan tullanmax
dərsdəri vererdilər. Bu elə bir uşağıydı ki, zehni Aflatun kimi kəserdi,
ağlı-kamalı, qəddi-qaməti bir özgə alamiydi. At çapanda atın belində
min bir fənd iştədər, qılınc oynadanda qılıncınnan qığılcım çaxar,
küşdü tutanda pəhlivanlarnan dizini yerə gətirər, kotan əkdirərdi
onnara. Belə bir oğlanıydı Ağcaquzu.
Ağcaquzu gəlif on beş yaşına yetişmişdi. Səsinin dəyişən, üzünün
bozaran vaxtıydı. Bir gün mədrəsədən dərsdən gələn vaxt, qızdar
mədrəsəsinin qavağınnan keçəndə gözü ala gözlü, qələm qaşdı, uzun
saşdı bir qıza sataşdı. Bir neçə gün bu qızın dərdinnən divanə kimi
gəzdi. Nəsə hərriyif-fırrıyıf bir xəlvət yerdə qızın qarşısını kəsdi.
Ürəyinin döyüntüsünü ona bildirdi.
Qız dedi:
– Ağcaquzu, mən sənin əmin Cəfər paşanın qızı Pərzad xanımam.
Sən heç qəm eləmə, əmi qızıynan, əmoğlunun kəbini göydə kəsilif.
Arxayın ola bilərsən ki, mən səninəm. Əmbə bir məsləhət eləmək
istiyirəm sana. Eşitmişəm sən hər bir elmnən savadın, bacarığın var,
igidliyini, pəhlivanlığını da hamı söylüyür. Bircə çatışmayan cəhətin
odu ku, çadukarrığı bilmersən. Adam gərək hər şeydən xavardar olsun,
bir də gördün o da lazım oldu, nə bilmək olar?!
Ağcaquzu dedi:
– Əmi qızı, cadukarrıx nə olan şeydi ki, onu belə tərifliyirsən?
Pərzad dedi:
– Əmoğlu, mənim elmim ondadı ki, mən cadının gücüynən çöpü
qələmə, siçanı toyuğa, adamı tülküyə, qızı göyərçinə çöyürə bilerəm.
İstiyirəm, sən də belə şeyləri öyrənəsən.
Qızın dedikləri Ağcaquzuya çox xoş gəldi, dedi:
– Əmi qızı, bə mənə buları kim öyrədə bilər?
Pərzad dedi:
– Mənim mollam belə şeylərdə çox mahirdi, əmimə de, səni ona
tafşırsın, dalısınnan işin yoxdu.
Ağcaquzu Hasan paşanın hüzuruna gəldi, ədəfnan salam verdi.
Dedi:
– Bava, sənnən bir tavaqqım var, mümkünsə, məni də Pərzad
xanım oxuyan məktəbə göndər.
Bavası dedi:
– Əziz balam, mən səni elm örgənməyə, sərkərdə olmağa layıx
məktəbə qoymuşam, bu gün-sabah mən dünyadan köçənnən sonra
yerimdə sən qalajaxsan, bu boyda müəllimlər ki, sana dərs dedilər,
fənd öyrətdilər, olar sana bəs eləmədimi, gedif də cadugünnük örgənmək
istiyirsən?
Ağcaquzu dedi:
– Bava, Pərzad deyir ki, adam gərək hər şeydən agah olsun. Mən
də istiyirəm, hər şeyi bilim.
Hasan paşa irazılıx verdi, dedi:
– Məsləhət sənindi, mənim balam. Günü savaxdan gedərsən həmən
məktəbə.
Bəli, savax açıldı, üstünüzə xeyirri savaxlar açılsın, əzizdərim, Ağcaquzu
söyünə-söyünə gəlif Pərzadı tafdı, bavasının irazılığını bildirdi.
Pərzad da bu işə çox söyündü, həmən günnən Ağcaquzu cadukərrik
dərsi keçməyə başdadı.
Pərzad dərsdə Ağcaquzuya fikir vererdi, baxıf gördü kün, bu heç
cadukərriyə mayna qoymor (fikir vermer), fikri-zikri at çapbaxda,
qılınc oynatmaxdadı.
Bir gün Pərzad Ağcaquzuya üz tutdu, dedi:
– Ağcaquzu, mən səni özümnən çox istiyirəm, həyatda sənnən
yaxınım yoxdu. Görerəm ki, sən bu cadukarrığa heç ürəknən girişmersən.
Ağcaquzu dedi:
– Yox, Pərzad, əmi qızı, səhvin var.
Pərzad dedi:
– Onda gəl öyrəndiklərimizi sınaxdan çıxartmaqdan ötəri atdarımızı
minək, şəhərdən çıxaq.
Ağcaquzu dedi:
– Çıxax, sən deyən olsun!
Atdandılar, şəhərdən çıxıf bir meşənin ortasına çatdılar, göyənək,
mənzərəli bir guşədə atdan tüşdülər. Bu arada Pərzad bir dua oxuyuf,
alaqanat bir quşa döndü, uçdu getdi, qondu bir ağacın başına.
Həmən sehirdən birini də Ağcaquzu oxudu, bu da uçuf qondu onun
yanına. Qız ağacdan enif, bu dəfə bir ayrı livasa tüşdü.
Ağcaquzu da eynən həmən livasa tüşdü. Pərzad bu dəfə doyşan
livasına tüşdü. Ağcaquzu bir qurd oluf doyşanın qavağını kəsdi. Pərzad
bir sehr oxudu, pələng livasına girdi. Bu yerdə Ağcaquzu əciz qaldı.
Pərzad baxdı, gördü kü, Ağcaquzu onnan bajarmadı, dedi:
– Əmoğlu, mənim cadukarrığım sənnən üstün oldu. Bu günnən
sora sənnən mənimki tutmaz. Mən bu günnən uluyuf vəhşilərə qoşuloram.
Əgər məni öz sehrinnən əvvəlki halıma gətirə bilsən, səninəm,
yox, bajarmasan məni də görmüyəjəssən.
Pərzad bunu deyif, uluya-uluya heyvannara qoşuluf gözdən itdi.
Ağcaquzu kor-peşman şəhərə qayıtdı. Öz saraylarına çatar-çatmaz
əmisi Cəfər paşa onnan Pərzad xanımı xavar aldı.
Ağcaquzu başına gələn əhvalatı nejə kin biz demişdik, eləjə də
əmisinə nağıl elədi.
Cəfər paşa iki əlli başına döydü kün, “qız əlimnən getdi”.
Cəfər paşa çox götür-qoy elədi ki, bu qızı kim qaytarsın, kim adam
livasına salsın. Bu yannan da xavar çıxdı kı, bəs deməzsənmi, uşaxlara
cadıkün dərsi öyrədən molla da dünyəsini dəyişif. Başqa yerlərdə də
belə caduynan məşğul olan yoxuydu.
Ağcaquzu bu işdən çox məyus oldu, başını götürüf eyvanın xəlvət
bir guşəsində yuxuya getdi. Yuxuda baxıf gördü kü, kimsə bunu
oyadır. Gözünü açanda gördü alçax boylu, enni kürəhli, nurani bir
adamdı kı, vallahi gözünnən, üzünnən nur qalxır. Ağcaquzu başını
yuxarı qaldırdı, bu nurru sifətə baxdı. Kişi dedi:
– Salamməleyküm, oğul! Oğul, sən nə fikirnən yatmışdın?
Ağcaquzu dedi:
– Bava, Pərzad xanımın fikrinnən yatmışdım ki, bizi niyə bu günə
qoydu?!
– Oğul, onu bil, yazıya pozu yoxdu, ilahi nə yazıf, onu görməliyik.
Ona görə də, al bu piyaləni nuş elə.
Ağcaquzu piyaleyi aldı, nuş elədi.
– Oğul, mən bu sağ əlimi sənin kürəyinə çəkif, qırx günnüyünə öz
qüvvəmi sana vererəm. Qırx gün sənin güjünə Allahdan başqa heç kəs
üstün gəlif, səni yenə bilməz. Bu qırx gün ərzində gedif qoç Koroğluyu
taparsan, o Koroğludan başqa sənin Pərzad xanımını sana çatdıran
olmuyajax. İnşallah, murazına çatarsan, – deyif, həmən adam gözdən
itdi.
Ağcaquzu atasının hüzuruna gəldi, dedi:
– Mehriban ata, mana ixtiyar ver, gedem Pərzad xanımı axtarıf,
tapem.
Hasan paşa dedi:
– Oğul, sən onu tapıf gətirə bilməzsən, çünkü o tilsimdədi, sənin
də o tilsimə güjün çatmaz.
Ağcaquzu dedi:
– O kun icaza vermersən, onda mənnən sana oğul oldu yoxdu. Mən
bu günnən getdim Pərzad xanımı axtarmağa.
Ata dedi:
– Oğul, bil kin, mən sana ixtiyar vermerəm.
Ağcaquzu dedi:
– Mehriban ata, sənin sərvətinnən mənim payıma nə tüşərsə
verginən, özümnən aparıf gedem, pulnan da, qızılnan da olsa, mən onu
alıf-tapıf gətirəjəm.
Atası dedi:
– Yox!
Ağcaquzu gənə də sözünnən dönmədi.
Axırda Hasan paşa baxdı gördü, bu, inadınnan dönəsi şey döylü –
irazılıx verdi. Xəznədarı yanına çağırdı. Yeddi dəvə yükü var-dövlət,
qızıl, gümüş dolduruf, Ağcaquzuyu yola saldılar.
Ağcaquzu İstanbuldan üz tutdu Koroğlu deyən soraxlaşmağa. Orda
Koroğlu, burda Koroğlu, bunu salpadılar Çənlibelə. Ağcaquzu üz
qoydu Çənlibelə.
Ağcaquzu yol gəlməkdə olsun, sizə deyem qoç Koroğludan. Koroğlunun
haylı-haraylı vaxtıydı. Dəliləri hamısı başında cəmiydi. Ağalardan,
paşalardan, bəzirganlardan, dəfələrnən Hasan paşanın, Cəfər
paşanın özünnən baci-xarac almışdı, Çənlibelə çəkilmişdi.
Günnərin bir günü Qoç Koroğlu Cəfər paşanın sərraf Zərgülaf
adında bir tacirini talan eliyif, onu qan içində Çənlibelə gətirif çıxartmışdı.
Niyar xanım atası Cəfər paşanın tacirini bu kökdə görüf, ürəyi
çox qubarrandı.
Dedi:
– A Koroğlu, bu mənim bavamın ən yaxşı taciridi. Sənin insafın
yoxuydumu, bunu bu günə salıfsan?! Varını-dövlətini alıfsan, özünü
niyə bu hala salıfsan?
Koroğlu dedi:
– Nejə yanı, mən iyidəm, qavağımnan iki dillənəni mən üç dəfə
yumruxnan vuraram.
Niyar dedi:
– Ay Koroğlu, özü türk olan, türkə bu divanı tutmaz, sən nə qansız
adamıymışsan?
Koroğlu dedi:
– Onun paşası mənim atamın gözdərini oyduruf, mən nə təhəri
onun tacirinnən hayıfımı almıyım?
Niyar xanım dedi:
– Atayın gözdərini Cəfər paşa çıxartdırıf, get hesavını da onnan
çək, güjün yazıx-yuzuxlara nə yaxşı çater? Allah hası Allahdı, bu
tacirin hayfını səndə qoysun. Səni ağam Əliyə tafşıreram, qoy sənin
hesavını o özü çəksin.
Koroğlu qımışdı, dedi:
– Bu güjü-qüvvəti mana Əli özü verif, özü də bilər, sən onun işinə
qarışma.
Niyar xanım dedi:
– Nə olar, bu mənim arzumdu, səni ona irast gələsən, sənin bir
dərsini versin.
Koroğlu Niyarnan bu söhbətdən sonra Ağqayıya səmt gəldi kin,
görsün yolda-izdə gəlif gedən varmı? Ağqayıya yaxınnaşanda gördü
kün, yolnan bir karvan gəler. Xeyli gözdədi, karvan laf yaxınnaşdı.
Koroğlu dedi:
– Bir gedem görəm bu, nə karvandı?
Qıratın ciloyunu yığışdırıf, alıcı quş kimi yəhərin üstünə sıçradı, ayaq
üzəngiyə, diz qavırğaya üz qoydu karvana tərəf. Gördü, karvanın qavağında
bir cavan oğlandı, enni kürəhli, uca boylu, gözəl-göyçək, elə
bilginən ağalığın hələ kalıdı, bığlarını həjəmət kürəsi kimi arxaya ötürüf.
Koroğlu dedi:
– Ay oğul, sən kimsən, hardan gəlersən?
– Əfəndim, mən çox uzaxdan gəlerəm. İstanbuldan gəlerəm.
– O kün, İstanbuldan gəlersən, zəhmət çək atdan en, kəcaveyi
yavaş-yavaş o gördüyün Çənlibelə qaldırginən.
– A kişi, nəyə görə kəcaveyi ora qaldırem, dədənə borcummu var?
Koroğlu bir dəli nərə çəkdi.
Ağcaquzu dedi:
– Əyə, uşax-zad ha qorxutmursan, nəyə bağırersan, bura bağırmax
yeridimi?
Koroğlu baxdı ki, oğlan çox çətin qayadı, dedi:
– Gəl əvvəl bunu bir saznan qandır.
Götürdü görək nə dedi:
İstanbuldan şikar düşdü əlimə,
Ver malını, qurtar canın, çəkil get!
Bulayaram səni qızıl qanına
Ver malını, qurtar canın çəkil get!
– Ay qardaş, sən buranın qoruxçususan, qoçususan, yoxsa nəyisən,
mən malımı sana niyə verif gederam? O ku söz dedin, sözünə cavaf
aleynan, gör mən nə derəm:
İki iyid bir-birinnən üzdəşir,
Baş getməmiş malım sana vermərəm!
Qılınc vurram, yaraların sızlaşır,
Baş getməmiş malım sana vermərəm!
Bu cavanın belə cavaf verməsi, Koroğlunun başınnan elə bil bir
qazan qaynar su tökdü. Öz-özünə dedi:
– Bu kimə cavaf qaytarer, bu kimnən danışer, bu, nə danışer, bu,
nə danışer?
Koroğlu hirsdəndi, bir oyan, bir bu yana baxdı, beyqafil zəhmnən
Ağcaquzunun başına bir topbuz endirdi. Ağcaquzu topbuzun qavağına
qalxan tutdu. Topbuz qalxana dəyən kimi toz duman dörd tərəfi
bürüdü. Toz yeri-göyü bürüyən kimi, Koroğlu dedi:
– Vay, bu cavanı nahax badbaxt elədim.
Toz aralanan kimi Koroğlu baxdı ki, oğlan dimdik qavağında
duruf. Koroğlu baxdı gördü bunun heç rəngi də qaçmıyıf, gözdər od
tutuf yaner, Koroğluyu heç adam yerinə də saymer. Oğlanın belə
təpəri Koroğluyu qorxuya saldı, dedi:
– Gəl buna çatdır ki, ay zalım oğlu, qavağındakı tək döylü, onun
dalında yeddi min yeddi yüz yetmiş yeddi dəli var. Odu ku, götürdü
sazını, görək nə dedi:
İndi dəlilərim gələr qurd kimi,
İki gözün birdən olar dörd kimi,
Başın gedər, leşin qalar yurd kimi,
Ver malını, qurtar canın, çəkil get!
Ağcaquzu gözdərinin altınnan baxıf gördü kü, qoruxcuyu yaman
qeyzə gətirif. Aldı dedi:
– A kişi, qulax as:
İgid gərək qürbət eldə atdana,
Qılınc vurram bu yer dönər bostana,
Yüz tülkü neyləyər bir ac asdana,
Baş getməmiş malım sənə vermərəm!
Koroğlu qeyzə gəldi, dedi:
– Əyə, bu nə daneşer, gəl buna qandır deynən, əyə, zalım oğlu,
mən Koroğluyam axı! Aldı görək Koroğlu nə dedi:
Koroğluyam, bu yerlərdə gəzərəm,
Uzaxdan, uzağa şikar süzərəm,
Dardıf bədəninnən başın üzərəm,
Ver malını, qurtar canın, çəkil get!
Ağcaquzu dedi:
– Əyə, bu səyaxlıyır deyəsən, Koroğlunun adından məni tora
salmaxdı fikri. Bunun qavağınnan qorxmaq kişilikdən döylü.
Aldı Ağcaquzu:
Ağcaquzuyam, hər yetənə enmərəm,
Müxənnətnən danışmaram, dinmərəm,
Mən heç səni ayax tozu sanmaram,
Baş getməmiş malım sana vermərəm,
Ağcaquzu elə ki dedi: “Mən heç səni ayax tozu sanmaram”, – bu
söz Koroğluya yaman əsər elədi, istədi qılınca, əmuda əl atsın. Sonra
əl saxladı, dedi, Allahın işini bilmək olmaz, deyəsən, burda nəsə var.
Əl saxladı. Dedi, qoy bunu bir yaxşı sınayım.
Dedi:
– Oğul, sən Koroğlu adı eşidifsənmi?
Ağcaquzu dedi:
– Eşitmişəm! Koroğlunun adını eşidəndə göydə mələklər səyrişir.
Koroğlu dedi:
– Oğul, o ku Koroğlu adı eşidifsən, bə niyə belə cavaf verersən?
Axı qarşında dayanan həmən Koroğlu mənəm.
Ağcaquzu dedi:
– Mən inanmeram sənin Koroğlu olmağına. Sən Koroğlu olmağını
nəynən sübut eliyə bilərsən?
Koroğlu dedi:
– O ki inanmersan, qulaq as, gör Koroğlu bavan sana nə der:
İki ləkə bir məclisə gələndə,
O məclisin halı pərişan olar.
İki iyid bir məclisə girəndə
Bəzənər otaxlar alışan olar.
... Odasına
Odun gəti odasına
Namərdin başı batsın,
Özü nədi, odası nə?!

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR