Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Mərcan xanımın Çənlibelə gəlməyi (III hissə)

Koroğlu - Koroğlu dastanı/Mərcan xanımın Çənlibelə gəlməyi (III hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Mərcan xanımın Çənlibelə gəlməyi (III hissə)

Bəli, mənim əzizdərim! Gəlin heç Əmir xanı bu şirin xəyallarınan
ayırıb günah eləmiyək. Qoy o olsun öz yolunda, biz bir Çənlibelə
qayıdaq, görək neyliyillər Çənlibeldəkilər.
Eyvazın vədə günü keçdi. O biri günü də gözlədilər. Eyvaz gəlib
çıxmadı. Hamı başladı narahat olmağa, gözünü yola tikməyə. Elə ki,
axşam düşdü araya, Nigar xanımın əlləri qaldı qoynunda, Hürü xanımın
gözləri döndü bahar buluduna. Çənlibel dəydi bir-birinə. Gecə
yarıdan keçdi, Eyvaz gəlib çıxmadı ki, çıxmadı! Kimin gözünə yuxu
gedərdi ki? Hər ayaq səsi, hər at kişnəməsi Nigar xanımı diksindirirdi,
Koroğlunun səbrini qılınclayırdı...
Səhər açılmağa az qalmışdı. Nigar xanımı oturduğu yerdə çimir
apardı. Elə gözünə təzəcə yuxu getmişdi, yuxuda gördü Eyvaz bir
ceyran qovur. Baxdı ceyran qaçıb özünü verdi bir uçuruma dərənin
dibinə, Eyvaz ceyranın dalınca dərənin dibinə yenəndə birdən-birə
ceyran dönüb oldu bir əjdaha. Qayıtdı Eyvazın üstünə. Elə əjdaha
Eyvazı kamına çəkər-çəkməz, Nigar xanım “qoymayın!” – deyib qışqırdı.
Diksinib öz səsinə oyandı. Başladı titrəməyə, ağlamağa. Koroğlu
işi belə görəndə, yaxına gəlib Nigar xanımın qara tellərinə sığal çəkdi,
dərdini soruşdu. Nigar xanım daha da kövrəlib ağlaya-ağlaya dedi:
Sənə deyim, qoç Koroğlu,
Yaman bədhalam, ağlaram!
Huy deyərəm, gedər ərşə,
Çatar ah-nalam, ağlaram!
Əldən uçurdum quşumu,
Şad görmədim tay-tuşumu,
Yatdım, bəd gördüm tuşumu,
Dardadı balam, ağlaram!
Mən Nigaram, zara gəlləm,
Eyvaz deyib dağı dəlləm.
Çox çəkməz, qüssədən ölləm,
İnanma qalam, ağlaram!
Koroğlunun da ürəyi bərk darıxdı, amma özünü toxdadıb Nigar
xanıma təsəlli verdi:
Qəm eyləmə, alagöz yar,
Səhər gətirrəm Eyvazı!
Qov, könlünə qoyma qübar,
Sənə yetirrəm Eyvazı!
Eyvazsız alışar sinə,
Könül istəməz ki, dinə,
Çəkərəm Qırat tərkinə,
Sənə yetirrəm Eyvazı!
Xətər dəysə bir telinə,
Talan sallam Rum elinə.
Oturub Qırat belinə,
Səhər gətirrəm Eyvazı!
Qızaram, açaram meydan,
Yağılara uddurram qan,
Bu səhər ağaranda dan,
Gedib gətirrəm Eyvazı!
İnan Koroğlu sözünə,
Həsrətəm Eyvaz üzünə.
Qurban o ala gözünə,
Sənə yetirrəm Eyvazı!
Amma Nigar xanım özünü toxdada bilmədi, ağlıya-ağlıya gördüyü
yuxunu Koroğluya danışdı. Elə bil, Koroğlunu ildırım vurdu. Bir dəli
nərə çəkdi, bir su içimi saatda yer-göy dilə gəldi, bütün dəlilər, xanımlar,
mehtərlər – Çənlibeldə kim vardısa oldu yanında hazır. Koroğlu
gözünü dolandırıb hamını yanında görəndə, Dəli Həsəni səslədi:
Dəli Həsən, qalx ayağa dur indi,
Nigar deyir, xan Eyvazım qaldadı.
Çəkin mənim Qıratımı gətirin,
Kömək deyib baxır, gözü yoldadı!
Dəmirçioğlu, sən çəkginən qılıncı,
Qoymayın dağıla əsgərin ucu.
Aslan paşa çox hiyləgər, bilici –
Tutulubdu bir sultanım əldədi.
Hay eləyin, Halaypozan oyansın,
Qılıncın qəbzəsi qana boyansın.
Xan Eyvazım hələ zərbə dayansın,
Kamalı sərdədi, zoru qoldadı!
Talan düşsün Rum elinə bu başdan,
Nişana qalmasın daş üstə daşdan.
Əli çıxıb qoç atadan, qardaşdan,
Xan Eyvazım təkdi, qürbət eldədi!
Namərddə qaydadı, mərdə tor qurar,
Zalımın sənəti qurdurmaqdı dar.
İndi xan Eyvazım sizi arzular –
Haray! Haray! – deyər, ünü dildədi!
Hoydu, dəlilərim, eyləyin savaş,
Hürünün gözündə görürəm qan yaş.
Koroğlu oğul der, Kürdoğlu qardaş,
Nigar bala deyin yaman haldadı!
Koroğlu söznən dediyi kimi, dilnən də əhvalatı danışıb Eyvazın
başında bir iş olduğunu bildirdi. Dəli Mehtərə hay vurdu ki, yəhərrə
mənim atımı. Dəli Mehtər atı yəhərrəməyə cumdu.
Kürdoğlu işi belə görəndə irəli yeridi, Koroğludan iltimas elədi:
Xan qardaşımın dalınca,
Ata, mən gedim, mən gedim,
Bir damcı qanım qalınca
Ata, mən gedim, mən gedim!
Qardaş qayıtmadı barı,
Canda qaldı intizarı.
Olum Eyvaz havadarı,
Ata, mən gedim, mən gedim.
Qalxan tutum, şeşpər atım,
Düratın yalına yatım,
Qardaşın dadına çatım,
Ata, mən gedim, mən gedim.
Əl atım paşa varına,
Talan salım diyarına,
Çəkim həbəş bazarına,
Ata, mən gedim, mən gedim.
Kürdoğlu qılıncı teylər,
Ağır bəzirgannar əylər.
Qoç oğlun iltimas eylər,
Ata, mən gedim, mən gedim.
Koroğlu baxdı Kürdoğlu yaman haldadı, sözünü döndərə bilmədi,
Dəli Həsəni bir də səslədi:
– Atını yəhərrə! Götür Kürdoğlunu! Bu gecə Eyvazı burda istiyirəm!
Gecəyarıdan o yana keçsə özüm gəlirəm!
Dəli Həsən vaxt itirmədi. Görməlisini gördü, götürməlisini götürdü,
düşdü Kürdoğluynan yola.
Bunlar getməkdə olsun, görək Leyli xanım neylədi. Elə ki, qasid
qayıtdı, Asdan paşa Eyvazın səhər gələcəyini bildi, arxayın iş görməyə
başladı. O, bir ev hazırlatdı, qapı-bacasını möhkəmlətdirdi, işi tapşırdı
Leyli xanıma ki, al eləyib Eyvazı salsın bu evə, od vurub yandırsın.
Amma iş burasında düzəlmişdi ki, Leyli xanım qasidi xəlvətdə
danışdırıb onun Çənlibeldə gördüklərini, eşitdiklərini biləndən sonra
tutduğuna peşman olmuşdu. Ona təskinlik verən oydu ki, əmisi ona
inanıb işi tapşırmışdı özünə. Bu dəfə qız onu götür-qoy eləyirdi ki,
Eyvazı necə xilas eləsin, onnan bərabər qaçsın Çənlibelə.
Bəli, Dəli Həsəngil elə gəldilər ki, malın axşam suyunun vaxtında
özdərini yetirdilər Ruma. Elə şəhərə girər-girməz, birisi yaxınlaşdı
Dəli Həsənə:
– Ağa, Leyli xanım sizi gözdüyür!
Dəli Həsənə bu lazım döyüldümü? Saldı bu adamı qabağına ki,
görsət onun yerini! Adam qabağa düşdü, xeyli gedəndən sonra bir evi
görsətdi ki, bax, ordadı Leyli xanım.
Dəli Həsəngil özdərini yeritdilər, atdan düşüb girdilər içəri. Elə
onların içəri girməyinən qapının şaraqq örtülüb bağlanmağı bir oldu.
Baxdılar ki, düşdülər tora. Dəli Həsən səbrli tərpənib işin dalını gözləyirdi,
Kürdoğlu dözə bilməyib əl atdı ki, qapını qopartsın, Dəli Həsən
qoymadı. Kürdoğlu ondan soruşdu:
– Dəli Həsən, niyə gözə görünmür,
De görüm ha yanda qardaşım mənim?
Eyvazsız bir gün də ömr etmərəm,
Sel olar tökülər göz yaşım mənim!
Hanı ala gözlər qıyıla, süzə,
Şirin kəlmələri yan-yana düzə.
De görüm hardadı, görünmür gözə,
Dar gündə köməyim, sirdaşım mənim?
Kürdoğluyam, göz açmadım qovğadan,
Şeşpərimdə kəllə, qılıncımda qan.
Heç zaman dönmərəm Eyvaz yolundan,
Bədənnən ayrılsa öz başım mənim!
Demədikmi Leyli xanım tutduğuna peşman olmuşdu. İndi qapının
dalında durub öyrənmək istəyirdi ki, görsün bunun biri Eyvazdı, bəs
biri kimdi. Amma içəridəki danışıqdan anladı ki, heç biri Eyvaz döyül,
onu axtarırlar. Odu ki, qapını açıb girdi içəri, durdu maddım-maddım
onların üzünə baxmağa.
Dəli Həsən hirsli-hikkəli dedi:
– Xanım qız, bu nə gizdənpaçdı biznən oynyursan? De görüm,
Eyvaz hanı?
Leyli xanım işi bayaqdan anlamışdı, Eyvazın naməsini çıxarıb verdi
Dəli Həsənə. Dəli Həsən naməni oxuyub gördü Eyvaz bura gəlməyib,
harasa başqa səmtə gedib. Leyli xanım qasidin gördüklərini danışıb
onu da uydurdu ki, qasid qayıdanda əmimin əlinə keçib, əmim əhvalatı
biləndə, mən yaxşı tərpəndim, dedim işi tapşır özümə, onu bu evə
salıb od vurum. İndi gərək sizi bir təhər eləyəm, səhəri gözləyək,
görək nə olur. Qız bunları deyib qapını bağladı, getdi. O, təzəcə qapıdan
aralanmışdı ki, qapının dalında ayaq səsi eşidildi. Asdan paşa
qapının dalından qürrəli-qürrəli, tənəli-tənəli dedi:
– Ayə, Eyvaz! Bala, axı mən o Koroğlunu mərd-comərd eşitmişdim,
deyəsən axı deyiləncən yoxuymuş. Bəyəm heç utanıb qızarmadı
ki, bir paşa qızının əvəzinə iki gədə oğlunu göndərdi mənim cəngimə?
Özü də gədə oğludu da! Bəyəm, nanəcib fikirləşdi ki, səni kimi yüz
qarğanın başını bir yalağa kəssəm, mənim ürəyim soyumaz?! Gərək
özü gələydi o qorxaq!
Sözdər Kürdoğlunu çəkdi ərşi-fələyə. Genə qapıya əl atmaq
istədi, Dəli Həsən aman vermədi, paşaya cavab qaytardı:
– Paşa sağ olsun, ürəyini niyə sıxırsan? Belə tez tov olma. Bil ki,
Koroğlu sən deyənnən deyil, nanəcib, qədrnaşünas deyil. O, Məhbub
xanımın qədr-qiymətini sənnən yaxşı bilir. Ona görə də özü səhər yeddi
min yeddi yüz yetmiş yeddi dəliynən sənin qulluğuna təşrif buyuracaq,
qonağın olacaq. Bizi xəbərə göndərib ki, hazırlıq görəsən!..
– Noolu! Nə deyirəm! Qoy gəlsin. İndi ki, siz belə üzüyola, buyruq
bitirənsiniz, mən də əziyyət verim, göndərim o dünyaya-cəhənnəmə.
Ora da xəbər verin, hazırlıq görsünlər, səhər Koroğlunu da ora göndərəcəyəm...
Paşanın tapdığı bu sözlər ürəyinnən olsa da, ürəyi üstündə durmur,
dizləri əsirdi. Odu ki, tələsik əkilib əmr elədi ki, qız evə od vursun.
Aralığa təzəcə sükut çökmüşdü ki, Leyli xanım girdi içəri. Dəli
Həsən dinmək istədi, aman vermədi. Onları aparıb gizlətdi, evə od vurdu.
Ev yandı.
Asdan paşa bir yandan rahat oldu, sevindi ki, bunun əvəzində xotkardan
ənam alacaq, adı dillərdə gəzəcək. O biri tərəfdən də canına
düşən üşütmə, ürəyinə də titrətmə salmışdı. Qorxurdu ki, Koroğlu
səhər doğrudan da gələr. Odu ki, qoşununu ikiyə böldü, bir hissəsini
şəhərdən kənarda pusquda qoydu, bir hissəsini də şəhərdə saxladı ki,
Koroğlu gəlsə, iki tərəfdən həmlə eləyib bir iş görsün.
Leyli xanım arxayınlayandan sonra gəldi Dəli Həsəngilin yanına.
Fikirləşib səhəri gözdəməli oldular. Xəlvəti yollarda adam qoydular
ki, Eyvaz gəlsə, xəbər versin.
Çənlibeldə gecə yarıdan keçəndə Koroğlu duruş gətirə bilməyib
hay vurdu, dəlilərin üç mini at belinə qalxdı. Halaypozanı Çənlibeldə
qoyub düşdü yola. Gün çeşt yerinə çatmamışdı ki, yetişdi Ruma.
Şəhərə yaxınlaşanda fikirləşdi ki, belə getsə, paşa uşaqları qırar. Odu
ki, hay vurdu, hamı atdan endi. O istəyirdi ki, dəlilərdən bir neçəsini
şəhərə göndərsin, qəfildən, paşanın şəhərdən kənarda pusquda
qoyduğu qoşun hücuma keçdi. Hücum elə qəfil oldu ki, az qaldı dəlilər
özlərini şaşırsın. Koroğlu işi belə görəndə bir dəli nərə çəkdi:
Düşmən qəfil hücum çəksə,
İgid gözün silsin gərək!
Başı bədəndən getməmiş
Ata minə bilsin gərək!
Dəmirçioğlu keçsin yana,
Əgər canı batsa qana,
Qoymasın qan laxtalana,
Dodağıynan silsin gərək!
Koroğlu sel tək çağlasın,
Kimlərə umud bağlasın,
Ya budu ki, qan ağlasın,
Ya düşmənlər gülsün gərək!
Dəlilər qızıl quş kimi atların belinə qonanda söz hələ tamamlanmamışdı.
Onlar özlərini vurdular qoşuna. Amma genə gözlənilmədən
şəhər yannan qoşunun həmləsi başdadı. Koroğlu baxdı ki, budu Asdan
paşa qoşunun qabağında gəlir. Mühasirəni yadınnan çıxardıb paşaya üz
tutdu:
Asdan paşa, tez xəbər ver,
Paşa, xan Eyvazım hanı?
Hayqırram şəhrin talanar,
Paşa, xan Eyvazım hanı?
Dörd gündü gəlib Eyvazım,
Zimistana dönüb yazım.
Mənim tərlanım, şahbazım,
Paşa, xan Eyvazım hanı?
Gəlmir Kürdoğlunun səsi,
Keçib Həsənin vədəsi.
Təzə açan gül dəstəsi,
Paşa, xan Eyvazım hanı?
Paşa gərdənini çəkib dinmək istədi, Koroğlu aman vermədi:
Göydən ildırım tökdürrəm,
Daşın-torpağın çəkdirrəm,
Yurdunda soğan əkdirrəm,
Paşa, xan Eyvazım hanı?
Peymanam dolhadoldadı,
Dəlilər sağı-soldadı,
Nigarın gözü yoldadı,
Paşa, xan Eyvazım hanı?
Eyvaz Çənlibelin gözü,
Sinənə qoyaram közü.
Budu Koroğlunun sözü
Paşa, xan Eyvazım hanı?

 

(IV hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR