Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (IV hissə)

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (IV hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (IV hissə)



Neçələri getdi goda.
Tökərəm qanın burada,
Bolu, mən sənin, mən sənin.
Ərəsət meydanı quraram,
Bürc-barını uçuraram.
Dana tək boynun buraram,
Bolu, mən sənin, mən sənin.
Ağlar qoydun cavan çağı,
İçirtdin Yusifə ağı,
Çəkərəm sinənə dağı,
Bolu, mən sənin, mən sənin.
Bəli, söz tamam oldu. Sırt Yusif sazla dediyini sözlə də dedi.
Bəli, Sırt Yusif kəsdi Bolu bəyin bir qulağını, soydu ağzının qiyasını,
dedi:
– Bolu bəy! Ağa kərəmsiz, qul xətasız olmaz. Tökdüyündü çıxdı
qarşına.
Əlqərəz, Dəli Həsən dəlilərlə soluğunu dərməkdə olsun, indi alın
xəbəri Giziroğlu Mustafa bəydən. Ustadlar buyurur ki, Giziroğlu qəni-
minin üstünə gedəndə min bir feli-fəndi varmış. Giziroğlu Mustafa bəy,
Bəlli Əhməd bir neçə at mənzili qalmış özlərini verdilər çoban yataqlarına.
Üç-dörd sürünü alıb qatdılar qabaqlarına. Dəlilər dəyişdi libaslarını,
oldular əsl çodar. Bir qədər məsləhət məşvərətdən sonra əl-ayaq
yığışırılanda dəstə-dəstə doluşdular İstanbul bazarlarına. Verdilər
özlərini karvansaralara. Gözlədilər Giziroğlunun haça şeşbərinin işığını.
Əlqərəz, Giziroğlu dəlilərilə İstanbul bazarlarında ramazanlıq
qurbanlığı satmaqda olsunlar, alın xəbəri xotkar Muradın bacısı Mahru
xanımdan. Giziroğlu Mustafa bəylə Mahru xanımın əhd-peyman günü
başa çatmaq üzrə idi. Mahru xanımın gözləri yollarda, qulağı səsdə idi.
Bəli, Mələk dayə də ətəyini çırmayıb düşmüşdü İstanbul bazarlarının
canına. Çarvadar bazarına çatanda gördü ki, qəssab dükanının
qənşərində bir oğlan durub, vallahi elə bil Allah taala xoş saatda çəkib
qələmini onun boy-buxununa, hüsnü camalına. Yemə, içmə tamaşa et
xətti-xalına. Qarı baxdı ki, qəssablar, çodarlar elə hey ondan məsləhət
alır. Mələk qarı fürsəti fövtə vermədi. Yaxınlaşdı cavana, dedi:
– Oğlum! Qurbanlığınız bazarlı olsun.
Giziroğlu dedi:
– İman yiyəsi ol, ana!
Giziroğlu arif adam idi. Baxdı ki, qarı sözlü-sovlu adama oxşayır.
Dedi:
– Keçək karvansarada mənim küməmə. Uşaqlar indi sənə
ramazanlıq üçün ətin yaxşı yerindən gətirərlər.
Əlqərəz, Mələk dayə ilə Giziroğlu getdilər karvansaraya. Oradan,
buradan keçdilər çənə söhbətinə.
Mələk dayə dedi:
– Pay-puşnuz çox olsun, ay oğul! Bayramınız üzünüzə xoşbəxtlik
gətirsin. Muraz mətləbinizə çatasınız. Amma oğlum, incimə! Boy
buxununuzdan, əliaçıqlığınızdan heç İstanbul əhlinə oxşamırsınız?
Giziroğlu dedi:
– Elədi, ana! Biz Qaf adamlarıyıq. Çarvadar babayıq, indi ramazanlıqdır.
Bazarımız da pis deyil.
Mələk dayə baxdı ki, söz mətləb üstə gəldi.
Dedi:
– Can bala! Allah taalanın sizə rəhmi gəlsin. Sizə nə var. Bu gün
burada, sabah Qafdasınız. Yazıq bizim balaların halına. Alosmanda başı
papaqlı qalmayıb. Xotkar hamısını göndərib bacısı Mahru xanımın
ucbatından Qaf ölkəsində Koroğlu ilə Giziroğlunun qırğınına. Yazıq
bacımı da salıb dörd divar arasına. Xotkar Murad fərman verib ki,
Koroğlunun başını gətirən Alosmanın, Giziroğlunun başını gətirən isə
Mahru xanımın sahibidi. Ay oğul, bə deyirlər, onların minbir hoqqası
var. Amma oğul, bu gün Giziroğlunun Mahru xanıma verdiyi vaxt, vədə
tamam olur. Yazıq qız dörd divar arasında hörümçəkdən can diləyir.
Xotkar qızın ağ gününü büküb göy əskiyə. Nə gələn var, nə də gedən.
Giziroğlu baxdı ki, qarı onu yamanca qaralayıb. Qarını sınamaq
üçün dedi:
– İmanına qurban! Xotkar bacısını quş sənməz qala divarı arasında
saxlayır. Buna Giziroğlunun hoqqası neyləsin? O biri tərəfdən də
xotkarın qoşunları kəsib bəndi-bərələri.
Mələk dayə gözünü qıyıb təfərrinclə müsahibinə baxdı, dedi:
– Heyif zəndimə, oğul! O quş sənməz sarayı üç cüt bir tək qocaqoltaq
gözətçi, bir də Qara Pəhləvan gözləyir. Vallahi, yaşımın bu
ixtiyar vaxtında mən gecənin oğlan çağında keşikçiləri yuxuya verib,
xotkar qızını basardım atın tərkinə. Üz qoyardım dağların pənahına.
Nə çoxdu Tanrının sığınacağı. Sonrası Allah kərimdi.
Giziroğlu baxdı ki, daha mıs-mısdan keçib. Dedi:
– İmanına qurban, nənəcan! Zəndin səni aldatmayıb. Uzun söhbət
dananı qurda yedirər. Sənə bir namə yazacam, verərsən Mahru xanıma.
Özün də onunla gözləyərsən gecənin oğlan çağını. Giziroğlu qələmkağız
götürdü. Görək Mahru xanıma nə yazdı, tərəfindən ərz eyləyək
qulluğunuza:
Qibləgahım Mahru xanım,
Şükür gəldim, ha gəldim.
Verdiyim ilqar-imana,
Şükür gəldim, ha gəldim.
Qaynayıb, coşub peymanım,
Qurban sənə şirin-canım,
Sən mənim şöhrətim-şanım,
Şükür, gəldim, ha gəldim.
Giziroğlu, yandı, yandı,
İlqar verib nə zamandı,
Vədəmiz bu gün tamamdı,
Şükür, gəldim, ha gəldim.
Bəli, Giziroğlu Mustafa bəy naməni müşəmbələyib verdi Mələk
dayəyə. Deyəcəyini, tapşıracağını da dilcavabı dedi:
– İmanına qurban, nənə! Mahru xanıma deyərsən, gecədən xeyli
keçmiş gözləsin mənim şeşbərimin işığını. Mələk dayə naməni alıb
öpdü, qoydu gözü üstə, dedi:
– Oğul, xeyir-duanız məndən, uğurunuz Tanrı-taaladan.
Əlqərəz, Giziroğlu, Bəlli Əhməd, Adıbəlli, Halaypozan hücumdan
qabaq planını bir də götür-qoy etdilər. Hər kəs dəliləriylə nə iş görəcəyinin
tapşırığını alıb, gözlədilər Giziroğlunun haça şeşbərinin işığını.
Bəli, gecənin oğlan çağında Giziroğlunun işarəsini görən dəlilər ac
qurd kimi bayaqdı Xotkarın keşikçilərini etdilər cəhənnəmə vasil.
Aldılar xotkarla Qara Pəhləvanın başının üstünü. Alt paltarında hər
ikisini çəkdilər Giziroğlunun qabağına. Söz Giziroğlunun sinəsində
tüğyan etdi. Götürdü görək Giziroğlu Mustafa bəy xotkara nə dedi.
Tərəfimizdən ərz eləyək qulluğunuza:
Fərman verib hay salıbsan.
Xotkar Murad, xotkar Murad!
Çox evlərə vay salıbsan,
Xotkar Murad, xotkar Murad!
Hayqırıb qılınc çəkərəm,
Burcu-barını sökərəm,
Yurdunda bostan əkərəm,
Xotkar Murad, xotkar Murad!
Sallam Alosmana talan,
Dilimə gətirməm yalan,
Ağlar qalar elin-oban,
Xotkar Murad, xotkar Murad!
Döyüşümüz ağır olar,
Qoyub qaçan fağır olar,
Boynun buran sağır olar,
Xotkar Murad, xotkar Murad!
Soyuma sən gəda dedin,
Atıb böhtan əda dedin,
Çənlibelə səda dedin,
Xotkar Murad, xotkar Murad!
Məmləkətin qana dönər,
Taxtı-tacın yana dönər,
Keçən günün sana dönər,
Xotkar Murad, xotkar Murad!
Dəlilərə hay vuraram,
Vərəsini tay vuraram,
İndi sənə toy quraram,
Xotkar Murad, xotkar Murad!
Mərd ərənlər eli güdər,
Arsız namərd əli güdər,
Paşaların səndən betər,
Xotkar Murad, xotkar Murad!
Qurdoğluyam, bilir hamı,
Əsil soymu sən də tanı.
Allam səndən şirin canı,
Xotkar Murad, xotkar Murad!
Giziroğlu, gəzər yorğun,
El-obana salar qırğın.
Sönüb sənin şam-çırağın,
Xotkar Murad, xotkar Murad!
Söz tamam oldu. Mahru xanım baxdı ki, Giziroğlunun gözləri
dönüb qan çanağına, dəlilər də çeynəyir bığının ucunu. Mətləbi anladı.
İşi görən Mələk dayə açdı örpəyini, atdı Giziroğlunun ayaqlarına.
Adıbəlli arif adam idi. Örpəyi yerdən götürüb verdi Mələk dayəyə,
dedi:
– Can Giziroğlu! Bu tülküləri bağışla Mələk nənənin ağ birçəyinə,
at zindana.
Bəli, Halaypozan himə bənd imiş kimi qandalladı xotkarla Qara
Pəhləvanın əl-ayağını. Açdılar zindanı. Zindandakıları etdilər azad.
Qapadılar zindanı xotkarla Qara Pəhləvanın üzünə. Dəlilər bayaqdı
Bəlli Əhmədin işarəsilə yüklədilər xəzinəni qəflə-qatıra.
Əlqərəz, Giziroğlu Mahru xanımı, Mələk dayəni, qəflə-qatırı
tapşırdı Halaypozanla Adıbəlliyə, saldı yola Çənlibelə.
Giziroğlu, Bəlli Əhməd dəlilərlə qaldılar səhərə. Xotkarın xəzinəsinin
olub-qalanını payladılar əlsiz-ayaqsızlara. Giziroğlu Mustafa
bəy bir namə də yazıb qoydu xəzinəyə:
– Xotkar Murad! Özü yıxılan ağlamaz. Sən fərman vermişdin ki,
kim mənim qanlı başımı sənə gətirsə, bacın Mahru xanım onundu.
Mən fərmanına əməl etdim. Mahru xanım üçün öz ayağım, öz başımla
hüzuruna gəldim. Fərmanına görə indi bacın mənim halalımdı. Fərmanına
görə kim başımı gətirsə, xəzinənin yarısı onun ənamında idi.
İndi mən xəzinədən payıma düşən ənamı halallıqla götürdüm. Fərmanına
görə başım üçün ramazanlıqda əlsiz-ayaqsızlara əl tutmağı vəd
vermişdin. İndi mən fərmanına əməl edib xəzinənin olan-qalanını
xeyrətlik üçün payladım əlsiz-ayaqsızlara. Səni, Qara Pəhləvanı cəhənnəmə
vasil eləmədim, bağışladım Mələk dayənin, Mahru xanımın,
Çənlibel dəlilərinin hörmətinə. Əgər azıb, bir də yolumun üstünə
çıxsan kəsəcəm qulaqlarını, soyacam ağzının qıyını.
Əlqərəz, Giziroğlu məktubu yazıb qoydu xəzinəyə, Bəlli Əhməd
dəlilərlə üz qoydu Çardaqlı Çənlibelə.
Bəli, nağılçılar dili mübarək, köhlən mənzildə yüyürək olar.
Ustadlar deyir ki, qəflə-qatır Çardaqlı Çənlibelə çatanda Koroğlu qan
qardaşının gəlişi münasibətilə yeddi min yeddi yüz yetmiş yeddi tuncunu,
əbrişim öyəci, erkəci kəsdi Giziroğlu Mustafa bəylə Mahru
xanımın mübarək qədəmlərinə, Nigar xanım əlindəki şərbəti verdi
təzə bəylə gəlinə. Dilədi onlara xeyir-dua. Cəmi Çənlibel xanımları
da durdular əllərində şirin-şərbət dəlilərin pişvazında.
Ustadların söz-sovuna görə, Koroğlu Çənlibeldə Giziroğlu Mustafa
bəylə Mahru xanıma qırx gün, qırx gecə bir toy elədi ki, hələ ruzgarın
gözü cümlə-cahanda belə toy görməmişdi.
Aşıq Cünunla Aşıq Kəngər sazlarını zil-bəm elədilər. Götürdülər
görək Koroğlu ilə Nigar xanımın dilindən duvaqqapma üzərində
Giziroğlu Mustafa bəylə Mahru xanımın şəninə nə dedilər. Tərəflərindən
ərz eyləyək qulluğunuza, sizə könül şadlığı.
Aldı Aşıq Cünun:
Giziroğlu, Mahru xanım,
Nigar verdi xeyir-dua.
Çənlinin şöhrəti-şanı,
Nigar verdi xeyir-dua.
Aldı Aşıq Kəngər:
Dəlilərin qan-qardaşı,
İgidlərin yar-yoldaşı,
Çənlibelin o sirdaşı,
Koroğludan xeyir-dua.
Aşıq Cünun:
Cümlə dəlilər anası,
Uğurludu iltiması,
Siz Nigarın cüt balası,
Nigar verdi xeyir-dua.
Aşıq Kəngər:
Hər birimiz oğulluyuq,
Şirin-şəkər noğulluyuq.
Xeyir-şərdə biz quluyuq,
Koroğludan xeyir-dua.
Aşıq Cünun:
Cünun deyər coşa-coşa,
Boy buxununuz bir tamaşa,
Qarıyasız sizi qoşa,
Nigar verdi xeyir-dua.
Aşıq Kəngər:
Aşıq Kəngər məhəbbətlə,
İlqar dilər sədaqətlə,
Ömür sürün təravətlə,
Koroğludan xeyir-dua.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR