Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (III hissə)

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (III hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (III hissə)

Əlqərəz, səhər xoruzun ilk banındaca Qara Pələng Sarı sərbanla
halal-hümmət edib, atının cilovunu boşladı Çənlibel səmtinə. Atalar
yaxşı deyib, kor kimdi nabələd. Qara Pələng dağ deməyib, dərə
deməyib başladı hər yerdə yolu qırdırmasına dəstələməyə. Qatdı gecələri
gündüzə. Tökdü atın nal-mıxını. Gördü iş fırıxdı, at taşaxorlayıb.
Şər qarışanda özünü yetirdi bir dağ kəndinə. Oldu bir qocanın qonağı.
Qoca dünyanı yorub boğazından keçirmiş adam idi. Baxdı ki,
qonağı sir-sifətdən uşaq olsa da, hələ Tanrı törpüsü dəyməyib. İştahası
da ac qurd kimi. Şam süfrəsindən sonra qoca soruşdu:
– Oğlum! Qonaq Allah qonağıdı. Hansı qohumlardansan? Gəlişin
hardan, gedişin hara? Bir az buralar məxşuşluqdu.
Qara Pələng dedi:
– Babacan! Mən Təbrizli Xoca Yaqubun oğluyam. İstanbuldan
gəlib, Çənlibelə gedirəm. Yolda atımın nal-mıxı tökülüb. Taşaxorlayıb.
İndi qalmışam xanaxan.
Qoca baxdı ki, qonağı hert-mert qanmır. Bir az açıq-saçıq danışır.
Dedi:
– Oğlum, at məndə. Atını qoyarsan burada. Minərsən mənim Alagöz
ürgəmi. Səni dar-damanda qoymaz. Amma oğlum, bil və agah ol!
Koroğludu, Giziroğludu, Çardaqlı Çənlibeldi onların adını çəkmə.
Dünən buralarda başlarında qotazlı fəs, əyinlərində qırmızı şalvardan
çox görüblər. Onlar da Çənlibelin səmt-suatını soruşurlarmış. Ehtiyat
igidin yaraşığıdı, bala.
Qara Pələng dedi:
– Babacan, sən dünyagörmüş adamsan. Adam bir dəfə dünyaya
gəlir, onu da gərək kişi kimi yaşaya! Çaqqaldan çaqqal, qurddan qurd
olar. Sən mənə Qoç Koroğlunun, Çənlibelin səmt-suatını salğa ver.
Mən sənin o genbalaqlı fəsi qotazlılarından nəsitmirəm.
Qoca dedi:
– Uğurun xeyir, bala! Sən Alagözün cilovunu boşla. O səni düz
Çardaqlı Çənlibelə aparar. Alagözün qardaşını keçən il Cinli Mehliyə
vermişəm, iyini duyar.
Qara Pələng dedi:
– Babacan! Cinli Mehli kimdi?
Qoca dedi:
– Oğlum! Cinli Mehlini Şərul, Dərələz, Çuxuroba basarağında
tanımayan küllü kavurdu. Onun min bir feli, bir o qədər də qeylü-qalı
var. Giziroğlu Mustafa bəyin sağ əlidi. Nə bilim, ay bala! İndi də
deyirlər ki, qoşulub Çənlibeldə Koroğluya. Onun oyunlarından Tanrıtaala
da baş açmaz. Amma, oğul, kişinin dini-məshəbi ayrı da olsa,
Allah adamıdı. Dinə gəlsin. Onun işi hampalarla, varlılarla, paşapuşalarladı.
Kasıb-kusub əli tutandı.
Oğlum! Sənə bir namə verəcəm. Çatdırarsan o Cinli Mehliyə. Elə
orada da yaxından dostlaşarsınız – deyib, qoca qələm-kağız götürüb yazdı:
“Mehdi ağa! Bil və agah ol, bu tərəflərdə havalar məxşuşdu. Qırmızı
tuman, gen balaqlılar yerə-göyə zəncir salıb sizi axtarır. Quşdan
ayıq, qurddan sayıq olun. Alosman qoşunları Ağrı keçidinə tərəf
daşdanır. Dostun Hinir Vəli”.
Qoca məktubu qatlayıb verdi Qara Pələngə. Dilcavabında dedi ki,
namə əmanəti. Ələ keçsə hər ikimizin qulaqları gərinəcək, ağzımızın
qıyası soyulacaq. Dərimizə saman təpinib camaata görk ediləcək.
Əlqərəz, obaşdan Qara Pələng boşladı Alagözün cilovunu. Sannasunna
yollarla qırdı yolun damarını. Ertəsi gün yaxar-yatmaz çatdı bir
qoruğa. Özünü verdi sərin bir bulağın başına. Su içib, əl-üzünü yudu.
Alagözü yançidar edib, bulağın başındakı ağacın kölgəsində dirsəkləndi.
Getdi qara div yuxusuna.
Bəli, nə qədər yatmışdı, onu Qara Pələngin özü bilərdi. Ayılanda
gördü ki, möhkəm-möhkəm kəl zəncirilə sarınıb ağaca. Qəhr boğdu.
Atasının, Sarı sərbanın, qocanın, Koroğlunun dara düşəndə çəkdiyi
nərə düşdü yadına. O idi ki, qovşuruldu, güc verdi, elə bir nərə çəkdi
ki, yeddi böyük kəl zənciri pul-pul olub səpələndi dörd bir yana.
Koroğlu, Şir Vəli, Sanlı Səməd, Bəbir Alı, Şərxata Mədəd, Yağıqıran
aralıqdan baxıb tamaşa edirdilər.
Koroğlu irəli gəlib dedi:
– Əhsən səni doğan ananın südünə!
Qara Pələng qeyzlənib dedi:
– Atam yerində kişisən! Ağır deyərdim. Mənlə zarafatın var, kişi
kimi gir meydana. Bir qəbiristanlıq boynu yoğunla bir uşağın üstünə
düşüb yuxuda əl-ayağını ağaca sarımaq namərdlikdi. Kişisən işi mərdimərdanə
gör.
Koroğlu baxdı ki, yox, bu qanıb-qandırmır. Ortalığa meydan söhbəti
salır. Öz-özünə dedi:
– Gəl bunu sına. Uşaq olasan, pəsinməyib diri-diri danışasan.
Dedi:
– Ayə Bəbir! Gör bu ağzı qatıqlı nə deyir.
Bəli, Bəbir Alı girdi meydana. Qara Pələng bir göz qırpımında
Bəbir Alını basmarlayıb saldı dizinin altına.
Əlqərəz, Şərxata Mədədi, Yağıqıranı, Şir Vəlini, Sanlı Səmədi
qalaqladı yan-yana. Koroğlu baxdı ki, iş şuluqdu, özünü sındırmadı,
dedi:
– Oğlum! Sinəmə bir-iki yarpaq söz gəldi. Deyim bəlkə karına
gəldi.
Aldı Koroğlu:
Sədd afərin, oğul, sənə,
Bu boyda zor olmaz-olmaz.
Verrəm müjdə dəlilərə,
Bu boyda zor olmaz-olmaz.
Aldı Qara Pələng:
Rişxənd eyləmə babacan,
İgiddə zor olar-olar.
Vermə müjdə dəlilərə,
İgiddə zor olar-olar.
Aldı Koroğlu:
Poladdan möhkəmdi canın,
Bilinməyir adın-sanın,
Züryətisən hansı xanın,
Bu boyda zor olmaz-olmaz.
Aldı Qara Pələng:
Mərdlərə qurbandı canım,
Bəl-bəllidi adım-sanım,
Düşməniyəm hər bir xanın
İgiddə zor olar-olar.
Aldı Koroğlu:
Gəl girmə nərilə cəngə,
Çəkərəm səni məhəngə,
Güc çatmaz qoca nəhəngə,
Bu boyda zor olmaz-olmaz.
Aldı Qara Pələng:
Qara Pələng girər cəngə,
Çəkər sən nəri məhəngə.
Bir sırtdır qoca nəhəngə,
İgiddə zor olar-olar.
Söz tamama yetişdi. Koroğlu gördü ki, bu uşağın boynu qoltuq
görməyib. İnsafı, kişinin oğlundan yaxşı dəli olar. Uşağı sındırmamaq
üçün əl verdi.
Qara Pələng elə bildi ki, rəqibi onunla sınanmaq istəyir. Bayaqdı
yapışdı Koroğlunun əlindən, elə sıxdı ki, barmaqlar girdi bir-birinin
içinə. Koroğlu gördü bu xına o xınadan deyil. Uşağın əlləri dəmirçi
məngənəsi kimidi. Bayaqdı bir dəli nərə çəkdi. Qara Pələngin
qulaqları güyüldədi. Qolları boşaldı, düşdü üzü üstə yerə. Bu ilmi
ölübsən, bildirmi. Dəlilər qamarladılar Qara Pələngi. Üzünə su səpən
kim, sinəsini, kürəyini ovan kim.
Əlqərəz, nə handan, nə hana Qara Pələng gəldi özünə. Qara
Pələng indi anladı ki, bu, Koroğlunun dəli nərəsidi. Dedi:
– Baba Koroğlu! Bağışla günahımı, səni anşırammamışam.
Sonra da papağının astarında gizlətdiyi Hinir Vəlinin naməsini
verdi Koroğluya.
Bəli, Koroğlu namənin məzmunu ilə tanış olub dedi:
– Oğlum, bəs sən kimsən?
Qara Pələng dedi:
– Baba Koroğlu! Əsil adım Pənahdı. Tay-tuşlarım adımı zarafatla
Qara Pələng çağırırlar. Təbrizli Xoca Yaqubun oğluyam.
Koroğlu Xoca Yaqubun adını eşidər-eşitməz basdı Qara Pələngi
bağrına, dedi:
– Halal olsun qardaşım Xocanın çörəyi sənə! Oğul, bəs belə
haradan gəlib, hara gedirsən?
Qara Pələng başına gələnləri Koroğluya nağıl etdi. Koroğlu mindi
cin atına dedi:
– Ayə Dəli Mehdər! Çək Ayqırı meydana.
Əlqərəz, Şir Vəli, Bəbir Alı, Şərxata Mədəd, Yağıqıran, Sanlı
Səməd, Qara Pələng də Koroğlu kimi oldular atlarına suvar. Üz qoydular
Dardaş səmtindən Ağrı keçidinə. İki ötər, üçüncü gün özlərini
yetirdilər Ağrı kəndinə. Gördülər ki, leş bir tərəfdə, baş bir tərəfdə.
Əsil ərəsət meydanıdı. Alosman qoşunlarının sağ cinahında Dəmirçioğlu
əl eyləyib yeddi boyun kəl zəncirinə. Hər hərləyəndə on-on
beşini lehrə vurur. Şamlı bəy, Eyvaz xan özünü vurub qoşunun ortasına,
göz istəyir tamaşasına. Həsən bəylə, Cinli Mehdi dəstələyib qoşunun
sol cinahını. Şir Vəli, Sanlı Səməd özlərini yetirdi Dəmirçioğluna.
Bəbir Alı, Yağıqıran, Dəli Mehdər özlərini yetirdilər Şamlı bəylə,
Eyvaz xana, Şərxata Mədədlə Qara Pələng də vurdular özlərini sol
cinaha. Başladılar Aolsman qoşunlarını pencər kimi biçməyə.
Koroğlu baxdı ki, gün yaxır, amma Osmanlı qoşunu bir ucadan hey
sel kimi axır. Özünü saxlaya bilmədi. Bayaqdı bir dəli nərə çəkdi. Vurdu
özünü qoşuna. Koroğlunun dəli nərəsindən Ağrı dağında Nuh əyyamından
qalmış qar uçqunu yeridi üzü aşağı. Bir tərəfdən qar uçqununun
uğultusu, bir tərəfdən qoç Koroğlunun nərəsinin küyültüsü Alosman
qoşununu saldı pərən-pərən. Əldən çıxan yer axtardı başını daldalamağa.
Əlqərəz, Koroğlu dəliləri ilə Ağrı keçidində Alosman qoşunlarını
pərən-pərən salıb qovmaqda olsunlar. İndi də alın xəbəri Ayqır
keçidində Dəli Həsən, Sırt Yusif, İsabalı, Dəli Çovdardan.
Dəli Həsən dürbünü götürüb süzdü dağları, dərələri, keçidləri.
Gördü ki, Alosman qoşunları Ayqır keçidinə sel kimi axışır. Ürəyi
qubar elədi, hərlədi sazı sineyi-sandığa:
Çox gəzmişəm oylaqların,
Var ol səni, Maymaq dağı.
Vüqarımı sən veribsən,
Var ol səni, Maymaq dağı.
Qoyun-quzu mələr səndə,
Çox gəzmişəm çiskin, çəndə,
Evladınam sənə mən də,
Var ol səni, Maymaq dağı.
Qoşun gəlib bağrın əzir,
Oğul-qızın necə dözür,
Düşmən baxıb ağzın büzür,
Var ol səni, Maymaq dağı.
Çox qalmışam səndə qonaq,
Gəl eyləmə məni qınaq,
Ağır dedim sənə bayaq –
Var ol səni, Maymaq dağı.
Dağlar mənim damanımdı,
Hər gədiyin amanımdı.
İndi savaş zamanımdı,
Var ol səni, Maymaq dağı.
Dəli Çovdar, İsabalı,
Sırt Yusifin qeylü-qalı.
Çəkib başın çox zavalı,
Var ol səni, Maymaq dağı.
Dəli Həsən nərə çəkər,
Düşmən indi zəhər içər,
Çoxları başından keçər,
Var ol səni, Maymaq dağı.
Bəli, söz tamama yetişdi, Dəli Həsən bayaqdı bir nərə çəkdi. Əkssədası
dağlardan gəldi. Sırt Yusif kəsdi qoşunun sol cinahını. Dəli
Çovdar, Dəli Həsən dəlilərilə dayandılar. Alosman qoşunları ilə üzüzə,
İsabalı dəliləriylə tutdu sol cinahı Ərəsət meydanı başladı, nə
başladı. Yağı görsə, yazığı gələrdi. Çox belə döyüşlərdə İsabalı fənd
işlətmişdi. Bu dəfə də fürsəti fövtə vermədi. Dəlilərin bir qismini
qoydu sağ cinahda. Bir qismini götürüb keçdi düşmənin arxasına. Obaoymağın
əli yaba, dəhrə, balta tutanı qoşuldu İsabalıya. Dəli Həsən,
Dəli Çovdar, Sırt Yusif qoşunun önündən, İsabalı camaatla qoşunun
arxasından düşdülər qoşunun canına. Dar ilkindidə Dəli Həsənin
qılıncı dayandı İsabalının qılıncına. Alosman qoşununun öləni öldü,
qalanı keçdi Dəli Həsənin qılıncının altından. Baxdı ki, Bolu bəy
çömələn dəymiş toyuq kimi bürüşüb, Sırt Yusif dedi:
– Can Dəli Həsən! Bu namərdi tapşır mənə. O, mənim atama nə
dağı çəkibsə, mən də ona o dağı çəkəcəm.
– Dəli Həsən dedi:
– İzindədi.
Bayaqdı Sırt Yusif hərlədi sazını, basdı bağrına. Götürdü görək nə
dedi. Tərəfindən ərz eləyək qulluğunuza:
Unutmadım dəvə kimi,
Bolu, mən sənin, mən sənin.
Alaram o şirin canın,
Bolu, mən sənin, mən sənin.
Gizri qılıncım çəkərəm,
Bağrın başını sökərəm,
Tutub qulağın kəsərəm,
Bolu, mən sənin, mən sənin.
Neçələrin atdım oda,

 

 

(IV hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR