Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (II hissə)

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (II hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Mahru xanımın Çənlibelə gəlməyi (II hissə)

Qırdılar yolun damarını. Xoca Yaqub ramazana qədər istəyirdi ki,
özünü yetirsin Təbrizə.
Əlqərəz, Xoca Yaqub çatdı İstanbula, çarvadar bazarında karvanı
karvansarada rahladı. Öyrəndi bazarın məzəndəsini. Başladı matahını
xırıda. Hərdəm bir də deyərdi:
– Ayə, Qara Pələng! Mollanınkı azardı, tacirinki bazar.
Bazarın şirin yerində Mələk dayə kəsdi Xoca Yaqubun yanını.
Dedi:
– Xoca dədə! Mal-mətahın bazarlı olsun.
Xoca Yaqub dedi:
– İman yiyəsi olasan, a Mələk qarı. Yaxşı Təbriz xalı-xalçam var.
Şal, alqumaşım var.
– Xoca lələ! Mənə nə xalın, nə şalın lazımdı. Bəri dur, bir qulaq
as, sözüm var.
Əlqərəz, dayə Xoca Yaquba nə dedi, nə demədi onu özü bilər.
Amma, Mahru xanımın müşəmbəli məktubunu verdi ona, ovcuna da əl
xərcliyi basıb dedi:
– Xoca lələ! Göydə ulu Tanrı, yerdə sən. Bu əl xərcliyinə bir at al,
sal özünü Çənlibelə.
Xoca baxdı ki, pis yerdə axşamladı. Bazarda mətahı çox, Qara
Pələngin də belə işlərdə səriştəsi yox. Öz-özünə dedi:
– Allahdan xeyirmiş. Nə olar-olar. Qoy bazarlığım qurban olsun
Koroğlunun ad-sanına:
Əlqərəz, oğlunu çağırıb dedi:
– Oğlum! Mal-mətah amanatı. Dəyər-dəyməzinə necə gəldi xırıd
elə. Mənim dəyəsi yerim var. Oğlum, səni Sarı sərbanla Dardaşda
gözdəyəcəyəm.
Xoca Yaqub Sarı sərbana tapşıracagını da tapşırdı. Verdi özünü baş
meydanda at bazarına. Bir at alıb, ya mədəd səndən deyib, üz qoydu
Çardaqlı Çənlibelə. Dağlar aşdı, dərələr keçdi. Kəsdi qırdırmasına
yolun hənrini. Günə bir mənzil, teyi-mənzil təngnəfəs özünü yetirdi
Sınaq keçidinə. Dəli Həsən baxdı ki, bu dəfə Xoca Yaqub xeyir-
xəbərlə gəlməyib. Tutdu atın cilovunu, Xoca Yaqub nə handan-nə
hana özünü toxdadıb dedi:
– Ayə, ömrü budanmış! Yetir məni Qoç Koroğluya.
Əlqərəz, Dəli Həsən, Xoca Yaqub başı lovlu üz qoydular Çardaxlı
Çənlibelə. Kəsdilər yolun əhədini. Malsağını özlərini yetirdilər Yağı
qoruğuna. Bu o vaxt idi ki, Koroğlu Giziroğlu ilə Ağqayadan durbinlə
karvan yollarına baxırdılar. Giziroğlu dedi:
– Can Koroğlu! Bax, iki atlı ley kimi Yağı qoruğunu haqlayır.
Koroğlu təfərinclə baxanda nə görsə yaxşıdı, gördü ki, gələnlər
Xoca Yaqubla Dəli Həsəndi. Dedi:
Can sirdaşım Gizir oğlu,
Bu gələn Xoca Yaqubdu.
Dəlilərə dostdu sadiq,
Bu gələn Xoca Yaqubdu.
Özü tacir, can qardaşım,
İlqarı düz, sirr yoldaşım,
Qurbandı dostuma başım,
Bu gələn Xoca Yaqubdu.
Xoca gəlməz boş-boşuna,
Soğan doğranıb aşına.
Kim toxunub qardaşıma?
Bu gələn Xoca Yaqubdu.
Mərddi, basmaz duz-çörəyi,
Var arada dost diləyi,
Təmizdi, safdı ürəyi,
Bu gələn Xoca Qaqubdu.
Xoca Əziz, xoca başı,
Dəlilərin sirr qardaşı.
Tüccarlıqda deyil naşı,
Bu gələn Xoca Yaqubdu.
Tacirlikdə adı vardı,
Dostluğunun dadı vardı.
Kişilikdə zatı vardı,
Bu gələn Xoca Yaqubdu.
Koroğlunun vardı sözü,
Dostluğunda ağdı üzü.
Yada salıb yenə bizi,
Bu gələn Xoca Yaqubdu.
Söz tamama yetişdi. Koroğlu dedi:
– Can Giziroğlu! Nəsə Alosmandan bəd xəbər var. Xoca alışverişini
buraxıb, başı lovlu gəlməz. Koroğlu bayaqdı Ağqayada bir
dəli nərə çəkdi. Çənlibel dəliləri bənd-bərələrdən axışıb gəldilər.
Durdular əmrə müntəzir. Dəli Mehdər tutdu Xoca Yaqubun atının
cilovunu. Nigar xanım cəmi xanımlarla irəli yeriyib Xoca Yaquba xoş
gəldin dedi. Koroğlu baxdı ki, Xoca Yaqubda hey qalmayıb, dedi:
– Canım Xoca, gözüm Xoca! Ölüsən o dünyadan, dirisən bu dünyadan
mənə bir xəbər.
Xoca Yaqub dedi:
– Can Koroğlu! Məndə hey qalmayıb, xotkar Muradın bacısı
Mahru xanımın naməsi patavamdadır.
Əlqərəz, Aşıq Cünun açdı patavanın sarığını, çıxardı müşəmbəli
naməni verdi qoç Koroğluya.
Koroğlu müşəmbəni açdı, gördü namə Giziroğlu Mustafa bəyədi.
Dedi:
– Can Giziroğlu! Bu dəfə namə sənədi. Deyəsən Mahru xiffət çəkir.
Giziroğlu naməni oxudu. Gözləri döndü qan çanağına. Koroğlu
dözməyib dedi:
– Ayə, Giziroğlu! Rəngin niyə avazıdı. Oxu görək xotkar qızı nə
yazıb?
Giziroğlu dedi:
– Can Koroğlu! Naməni oxumazdan əvvəl sinəmə bir neçə xana
söz gəlib. İcazə ver onu sazla deyim.
Koroğlu dedi:
– Ayə, Giziroğlu! Sən elə həmişə izindəsən.
Sözə bənd imiş kimi, Giziroğlu Mustafa bəy Aşıq Kəngərdən sazı
alıb bəmini bəm, zilini zil etdi. Aldı görək halına binən nə dedi, tərəfindən
biz deyək, siz şad olun:
Məndən xəbər soran qardaş,
Namə xotkar qızındandı.
Xotkar qurub bizə kələk,
Namə xotkar qızındandı.
Namə verib dolaylara,
Əmir edib alaylara,
Kilid vurub saraylara,
Namə xotkar qızındandı.
Giziroğlu ölər, dönməz,
Atəşlərə yanar, sönməz,
Xotkar, paşa nədi, bilməz,
Namə xotkar qızındandı.
Bəli, söz tamama yetişdi. Giziroğlu sazla dediyini, sözlə də dedi.
Dübarə sazı basdı sineyi-sandığa. Götürdü görək Mahru xanım Giziroğluna
nə yazıb. Tərəfindən ərz eləyək qulluğunuza. Sizə könül şadlığı.
Şan-şərəfim əcəm oğlu,
Xotkar bu gün fərman verdi.
Sənə yesir şirin canım,
Xotkar bu gün fərman verdi.
Yığıb dəli halayları
Çoxdu nizam alayları.
İşə salıb qolayları
Xotkar bu gün fərman verdi.
Susayıbdı qanınıza,
Yaxıb ləkə sanımıza,
Qoşun gəlir yanınıza
Xotkar bu gün fərman verdi.
Ramazana vaxt eləyib,
Paşalara saxt eləyib,
Hücumçün vaxt girələyib,
Xotkar bu gün fərman verdi.
Qiymət qoyub başınıza,
Höküm verib hamınıza.
Ölüm yazıb canınıza,
Xotkar bu gün fərman verdi.
Mahru da sənə sadağa,
Kimə gedim dərdə dada,
Sənsiz ömrüm gedər bada,
Xotkar bu gün fərman verdi.
Söz tamama yetişdi. Giziroğlu Mustafa bəy məktubun dil-cavabını
da oxudu, bə bilməyəsənmi, xotkar Murad Ramazan bayramına qədər
saysız-hesabsız qoşunla üstümüzə gəlir.
Bəli, dəlilər başladılar zəncir gəmirməyə. Koroğlu baxdı ki, dəlilərin
halı özündə deyil. Bıçaq vursan qan çıxmaz. Bir himə bənddilər.
Bu tərəfdən də elə bil Giziroğlunun sir-sifətini boran vurmuşdu. Hirsindən,
hikkəsindən üst dodağı göy, alt dodağı yer süpürürdü. Koroğlu
dedi:
– Qoç dəlilərim! Sinəmə bir neçə xanə söz gəlib. Onu da deyim.
Sonra başlarıq məsləhət-məşvərətə.
Götürdü görək Qoç Koroğlu nə dedi. Ərz eləyək tərəfindən qulluğunuza:
Hərzə-hədyan nədi, qoç dəlilərim,
İndi ağıllı bir məsləhət gərək.
Kəsək gədikləri, bənd-bərələri,
İndi ağıllı bir məsləhət gərək.
Tutaq keçidləri, suvadaqları,
Dolay aşrımları, ovalıqları,
Düşmən hiyləsini, hər soraqları –
İndi ağıllı bir məsləhət gərək.
Koroğlu heç vaxt olmayıb naşı,
Döyüşdə unutmaz yarı-yoldaşı,
Tutmağa düşmənlə cəngi-savaşı,
İndi ağıllı bir məsləhət gərək.
Söz tamama yetişdi.
Giziroğlu Mustafa bəy dedi:
– Can Koroğlu! Belə görürəm hamı dəlilər zəncir gəmirir. Xotkar
Murad bicdi. Hücuma keçməmişdən əvvəl planını yüz ölçüb, bir biçir.
Düşmənini gözləmədiyi yerdən yaxalayır. Köhnə hiyləgərdi. Bilir ki,
Qars, Ağrı, Çuxuroba yolu kəsə, ağıla gəlməzdi. Qoşunun gərdiş etməsi
üçün şərait əlverişlidi. Əsas qüvvəni bu səmtə yönəldəcək. Bizi
çəkiyə çəkmək üçün qoşununun az qismini Yasdıqar səmitdən Ayqır
keçidinə yönəldəcək. Alosman şəhərlərində az qüvvə saxlayacaq. Biz
əsas qüvvəmizi Ağrı keçidinə toplamalı, bir qismini isə Ayqır keçidində
pusquda qoymalıyıq. Say-sambal dəlilərdən yeddi yüz yetmiş
yeddisini Sınaq keçidindən Alosmana yeritməliyik. Düşməni yaxalayıb
yurdunda turp əkməli, xəzinəsini qənimət gətirməliyik.
Koroğlu dedi:
– Giziroğlunun döyüş nəqşi qəbul edilsin. Dəmirçioğlu, Eyvaz
xan, Şamlı bəy, Cinli Mehdi, Həsən bəy dəlilərilə Ağrı keçidinə, Dəli
Həsən, Sırt Yusif, İsabalı, Dəli Əhməd, Adıbəlli, Halaypozan
dəlilərilə Sınaq keçidindən İstanbula hərəkət etməli, qalan dəlilər
mənimlə Çənlibelin müdafiəsində qalır.
Söz Koroğlunun ağzından çıxar-çıxmaz Çənli xanımları doldurdu
piyalələri. Dəlilər piyalələri nuş etdilər. Bayaqdı qızıl quş kimi Giziroğlu
Alapaçanın, Bəlli Əhməd Sürdatın, Adıbəlli Qaragözün, Halaypozan
Sarınərin, Dəmirçioğlu Ərəbatın, Eyvaz xan Düratın, Şamlı bəy
Bozqarın, Cinli Mehdi Qarasənilin, Həsən bəy Aşqardorun, Dəli
Həsən Haçadilin, Sırt Yusif Köhlənşirin, İsabalı Qəmərdayın, Dəli
Çovdar Əltərpənməzin bir göz qırpımında qondular yəhərin qaşına.
Məşq meydanında bir dəfə gərdiş edib, ya mədəd səndən deyib, elə bir
dəli nərə çəkdilər ki, Çənlibeldə ənşər-mənşər ərəsəti qopdu.
Əlqərəz, hərə üz qoydu öz yolu ilə bəlli-başlı bəndi bərəsinə.
Bəli, dəlilər yolunu dəstələməkdə olsun, indi alın xəbəri İstanbulda
Qara Pələngdən. Qara Pələng alış-verişdən yorğun-arğın karvansaraya
qayıtdı. Tacir tüccarlardan eşitdiyi söz-sov başladı qəlbini ac qurd
kimi gəmirməyə. Ha çalışdı ki, gözünün acısını alsın, bacarmadı.
Dözməyib sərbanbaşı Sarıdan soruşdu:
– Ağeyi Sarı! Sən dünyagörmüş, çox ölkələr dolaşmış adamsan.
Ağlın nə kəsir, Koroğlu bu qədər Alosman qoşununa dov gələ bilərmi?
Sarı sərban dedi:
– Oğlum! Hərçəndi bu işlər bir qədər müşküldü. Amma, oğul!
Koroğlu da bir Koroğludu. İmanım Allaha, deyirlər Köroğlunun özü
də, dəliləri də qurd südü əmib. Elə ki, Koroğlu nərə çəkir, dəliləri olur
qızmış şiripələng. Düşürlər ac qurd kimi qənimlərinin canına. Biçirlər
yağıların başını ura yerinin kəliyi kimi. Ay oğul! Bir qoşunun ki, ola
başçısı Sırt, Qurd, Dəli, Dəmirçi, Şir, Şərxata, Yağıqıran, Qorxuqammaz,
Geridönməz, Tüpdağıdan, Halaypozan, daha nə bilim ay bala,
saymaqla tükənəndilərmi. Hərə bir söz deyir. Qanmırlar, qandırmırlar.
Kimi istəyirlər qaldırırlar, kimi istəsələr cızdağını çıxarıb yandırırlar.
Bazar bilmirlər, sövda görməyiblər. Amma, oğul, paylarını qazancın
duruca yerindən bölüb götürürlər. Görənlər deyir, sifətlərindən zəhrimar
yağır. Hər biri yeddi boyun kəlin zəncirini qırır. Boy-buxunları da
dama dirəndi. Kimə təpinirlər, gözlərini ağardırlar, kişilikdən kəsilir.
Amma, oğul, adam gərək insafını da yandırmasın. Kişilər kasıb-kusub
adamlarıdı. Onlarınkı şahlar, xotkarlar, xan-xəvanlar, paşalar, sultanlar,
malını yeməz tacir-tüccarlarladı. Dağıdırlar var-hallarını, paylayırlar
əlsiz-ayaqsızlara.
Söhbət bura çatanda Qara Pələng dedi:
– Ağeyi Sarı, and verirəm imanına, atamla kəsdiyin duz-çörəyə.
Mətahın olub qalanını sat dəyər-dəyməzinə, qafla qatırı apar atam deyən
yerə. Mən getdim. Məndən tacir olmaz. Sənin dediyin o Koroğlu elə
deyəsən mənim adamımdı.

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR