Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (I hissə)

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (I hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Koroğluynan Ərəb Reyhan (I hissə)

Koroğlunun Ərzincandan sağ-salamat qayıdıb gəlməyi Çənlibeldə toy-bayram oldu. 

Elə bil ki, dəlilərin ürəkləri yerinə gəldi. Əhvalatı, necə ki, Aşıq Cünun gəlib xəbər gətirmişdi, Koroğluya danışdılar.

Koroğlu soruşdu:

– Bəs Aşıq Cünun hanı? Heç gözümə dəymir.

Nigar dedi:

– Aşıq Cünunu yenə də Toqata göndərmişik ki, Hasan paşanın
işlərindən bizi xəbərdar eləsin.

Koroğlu getdi fikrə. Dedi:

– Gərək onu Qarsa göndərəydiniz. Mən Hasan paşanın qeyrətinə bələdəm. O da zərbi-dəstimi görüb. 

O bizim üstümüzə gələ bilməz.

Amma Reyhan igid adamdı. Özünün də məndə hayfı var.
Koroğlu Ərzincandan gəlib Çənlibelə çatanda qaranlıq qovuşurdu.
İndi də oturub o qədər söhbət elədilər ki, lap gecə gecədən keçdi.
Axırda Dəli Həsən məclisi dağıtdı ki:
– Day bəsdi. Durun hərə öz yerinə! Koroğlu yorğundu, dincini
alsın.
Dəlilər durub dağıldılar. Koroğlu da başının altını dik eləyib yatdı.
Elə ki, səhər açıldı, hələ heç gün çırtlamamışdan Koroğlu yerindən
durdu. Uşaqları yanına alıb Çənlibelin bütün bəndərgahlarını gözdən
keçirtdi. Baxdı ki, vallah, dəlilər bəndərgahları elə tutublar, elə pusqular
düzəldiblər, elə səngərlər basıblar ki, Hasan paşa nədi, lap xotkar
özü də bütün dünyanı yığıb Çənlibelə töksə, yenə də bir adam bu
yerlərdən keçə bilməz. Elə ki, Koroğlu bəndərgahların hamısını gəzib
qurtardı, deməlisini dedi, tapşırılmasını tapşırdı, ondan Dəli Mehtəri
çağırıb dedi:
– Mənim aşıq paltarımı gətir!
Dəlilər soruşdular:
– Neynirsən aşıq paltarını?
Koroğlu dedi:
– Qarsa gedəcəyəm. Gərək gedib Ərəb Reyhandan xəbər biləm.
Dəlilər nə qədər elədilər ki, sən getmə, həm səfərdən təzə gəlibsən,
həm də bu saat Çənlibeli başsız qoymaq olmaz. Olmadı ki, olmadı. Aşıq
paltarını geyindi, bir də bir at minib Qarsa tərəf yola düşdü. Az getmişdi
bilmirəm, çox getmişdi bimirəm, elə təzəcə Alacalar dağının ətəklərinə
çatırdı ki, bir də gördü, budu, Qars tərəfdən bir atlı gəlir. Diqqət
eləyib baxdı ki, bu bir cavan oğlandı, necə deyərlər, hələ bığ yeri
təzəcə tərləyir. Ürəyində öz-özünə fikirləşib dedi: “Lap yaxşı oldu.
Bunu dayandırım, bir əhval-pürsən olum, görüm Qarsda nə var, nə
yox”. Çağırdı ki:
– Ayə, bir dayan görüm, hardan gəlirsən?
Oğlan atın başını çəkdi ki:
– Qarsdan gəlirəm.
Koroğlu soruşdu:
– Səfərin haradı?
Oğlan dedi:
– Çənlibelə gedirəm.
Koroğlu dedi:
– Çənlibeldə nə işin var?
Oğlan duruxdu. Bir az fikirləşib sonra dedi:
– Elə-belə gedirəm. Koroğlu ilə bir az işim var.
Koroğlu gördü ki, oğlan sözlü adama oxşayır. Dedi:
– Yaxşı, sənin Koroğlu ilə nə salam-sabahın? Bəyəm tanıyırsan?
Oğlan lovğalana-lovğalana dedi:
– Tanıyırsan nədi? Kişi ilə haqq-salamımız var. Mən elə həftədə,
on beş də bir gedərəm onun yanına.
Koroğlu baxdı ki, gədə bir az özündən deyəndi, amma ki, deyəsən
pis oğlan deyil. Özü də hökmən sözlü adamdı. “Hərçi bada-bad”
deyib, birdən qayıtdı ki:
– Koroğlu mənəm. De görüm nə sözün var?
Koroğlu baxdı ki, oğlan onun sözünə inanmır. Aşıq paltarının
yaxasını balaca açdı. Elə ki, altdan yaraq-yasaq göründü, oğlan dedi:
– Can Koroğlu, məni bağışla! Yalandan dedim ki, səninlə dostam.
Ancaq qəsdən elə deyirdim.
Koroğlu dedi:
– Eybi yoxdu. De görüm, mənə nə sözün var idi?
Oğlan dedi:
– Can Koroğlu, məni Qars paşasının qızı Hürü xanım sənin yanına
göndərib. Bil və agah ol! Budu, neçə müddətdi türkmanlı Ərəb Reyhan
gəlib əyləşib Qarsda. Qoşun irahlayıb ki, Çənlibelin üstünə gələ. Qars
paşası da ona söz verib ki, əgər Çənlibeli ala bilsə, qızı Hürü xanımı
ona verəcək. İndi Hürü xanım məni göndərib sənin yanına ki, əhvalatdan
səni xəbərdar eləyəm.
Koroğlu başladı əhval tutmağa. Ordan soruşdu, burdan soruşdu,
baxdı ki, oğlan heç bir şey bilmir. Eşitdiyi o imiş ki, onu da deyib.
Koroğlu getdi fikrə ki, nə eləsin. Geri qayıtsın, ya irəli getsin. Fikrində
çox götür-qoy eləyəndən sonra oğlandan soruşdu:
– Yaxşı, bir mənə de görüm, Qarsda sənin evin-zadın varmı?
Oğlan dedi:
– Var, neynirsən?
Koroğlu dedi:
– İşdi, indi birdən mən Qarsa getməli olsam, məni bir-iki gecə
evində saxlaya bilərsənmi?
Oğlan dedi:
– Koroğlu, o nə sözdü deyirsən? Niyə, mən qaraçı deyiləm ki,
evim olmasın. Dövlətindən evim də var, qabağında qulluq eləməyə bir
qoca, günü keçmiş anam da var. Hamısı, elə mən özüm də üstəlik qurbandı
sənə.
Koroğlu dedi:
– Onda sür atını, gedək!
Oğlan sevindiyindən bilmədi ki, nə eləsin. Bayaq ha atı vurub düşdü
qabağa. Oğlan qabaqda, Koroğlu dalda at sürüb axşama bir az qalmış
özlərini yetirdilər Qarsa. Oğlan məscidin yanında atını saxladı ki:
– Düş! Evim burdadı.
Koroğlu dedi:
– Yox, sən hələ qabaqca məni apar Hürü xanımın yanına. Gərək
əvvəl-əvvəl öyrənəm görəm nə var, nə yox. Bəlkə iş elə oldu ki, heç
qala bilmədim.
Oğlan dedi:
– Yaxşı, nə deyirəm. İxtiyar sahibisən. Onda sən, bax, elə bu küçə
ilə yeri, mən atları bağlayım tövləyə gəlim.
Koroğlu atdan düşdü. Atı oğlana verib küçə ilə getməyə başladı.
İndi Koroğlu getməkdə olsun, oğlan atları çəkdi tövləyə, bağladı,
yemlədi, ondan çıxdı anasının yanına ki:
– Tez ol, tədarük gör, qonağım var. Mən də gedirəm bazara şeymey
almağa.
Anası soruşdu:
– Bala, qonağın kimdi?
Oğlan dedi:
– Day heç kimə deyib eləməyəsən hə, Koroğludu, tez ol.
Bunu deyib oğlan düzəldi Koroğlunun dalıncan. İndi o getməkdə
olsun, biz görək Koroğlu nə elədi.
Koroğlu küçə ilə gələ-gələ gəlib çıxdı bir imarətin qabağına.
Baxdı ki, pəncərədə bir qız durub, bir qız durub ki, o necə deyərlər,
yemə, içmə xətti-xalına, gül cəmalına tamaşa elə. Özün öldürsə olar
on dörd, on beş yaşı. Amma elə boylu-buxunlu, şəstli-bəstli bir qızdı
ki, elə bil sərv ağacıdı, qalxıb. Qaşlar qara, gözlər qara, tellər qara,
xallar qara, o necə deyərlər, aya deyir sən çıxma, mən çıxacağam,
günə deyir sən çıxma, mən çıxacağam. Ola belə bir gözəl, ola Koroğlu.
Ürək coşdu, könül həvalandı, sazı göşünə basıb dedi:
Başına döndüyüm gül üzlü xanım,
Xanım, hansı bəxtəvərin yarısan?!
Görcək səni yara oldu ciyarım,
Bir de, hansı bəxtəvərin yarısan?!
Siyah saçlar dal gərdənə düzülü,
Qara gözlər xumarlanıb süzülü,
Elə baxma, indi canım üzülü,
Xanım, hansı bəxtəvərin yarısan?!
Koroğlu haq deyib, haqdan dərs alıb,
Tər məmənə külək dəyib hovlanıb,
Qara gözlər şux yanaqdan can alıb,
Yoxsa ay qız, bala qonmuş arısan?!
Koroğlu oxumağında olsun, sənə kimdən deyim, haman bu qızdan.
Bu qız kim ola, Qars paşasının qızı Hürü xanım.
Hürü xanım Koroğlunu aşıq bildi. Bir tərəfdən də ki, Koroğlu
başladı qaşdan, gözdən deməyə, Hürü xanım rübəndi saldı üzünə.
Qara elə bil laləli, nərgizli dağ başına qara duman çökdü. Koroğlu
ürəyi ipək rübənd qırmızı yanaqları elə qucaqladı, elə qucaqladı ki,
belə şeyə tab eləyə bilər? Odu ha sazı basdı döşünə. Dedi:
Oğrun-oğrun tül altından baxan yar,
Qaldır rübəndini, görüm gül üzün!..
Aşıqları eşq oduna yaxan yar,
Qaldır rübəndini, görüm gül üzün!..
Vurulmuşam sarmaşıqlı bağına,
Bostanına, şamamalı tağına,
Apar məni yar deyib otağına,
Qaldır rübəndini, görüm gül üzün!..
Koroğluyam, mən sözümdən dönmərəm,
Səməndərəm, alışmışam, sönmərəm,
Səndən qeyri huri görsəm sevmərəm,
Qaldır rübəndini, görüm gül üzün!..
Elə bu dəmdə oğlan gəlib yetişdi. Baxdı ki, bəli, Koroğlu ilə Hürü
xanım tapışıblar. Ürəyində çox sevindi ki, elə yaxşı oldu. Day mən
dayanmayıb gedərəm bazara. Yoxsa axşamdı. Bazar bağlanar. Bir şey
tapa bilmərəm, Koroğlunun yanında xəcalət olaram. Day nə bilsin ki,
bunlar heç bir-birisini tanımırlar. Nə Hürü xanım Koroğlunu tanıyır,
nə də Koroğlu Hürünü. Elə ki, oğlan gəlib çatdı, əvvəl-əvvəl əlin
döşünə qoyub kamal-ədəblə Hürü xanıma salam verdi. Ondan güləgülə
Koroğluya işarə elədi. Yanı ki, necə gördün bu qoç oğlanı? Gedib
lap özünü gətirdim. Koroğlu soruşdu:
– Ayə, bu qız kim ola?
Oğlan dedi:
– Hürü xanımdı da... Paşanın qızı. Bəs siz hələ bir-birinizi tanımırsız?
Bu sözdə Hürü xanım da tələsik pəncərədən çəkilib çıxdı eyvana.
Elə ağzını açıb danışmaq isətyirdi ki, bir də gördülər, budu, Ərəb
Reyhanla paşa atlı bu tərəfə gəlirlər. Qız elə bircə bunu deyə bildi ki:
– Atamgil gəlirlər, tez çəkilin!
Hürü xanım sözünü deyib evə girdi, oğlan da Koroğlunu götürüb
tez aradan çıxdı. Elə ki, gəlib yetişdilər məscidin qabağına, oğlan dedi:
– Can Koroğlu, indi paşagil şəhərdədirlər. Day sənə çöldə qalmaq
olmaz. Sən zəhmət çək gir evdə otur. Mən də bazara dəyib qayıdaram,
gecəni yatarıq, səhər görək nə eləyirik.
Koroğlu razı oldu. Oğlan Koroğlunu gətirdi evə. Oğlanın anası
qabağa çıxdı. Xoşgəldin elədi. Yer düzəltdi. Elə ki, Koroğlu əyləşdi,
oğlan dedi:
– İndi mənə rüsxət ver, bir bazara dəyim, gəlim.
Bunu, deyib, oğlan evdən çıxdı. İndi Koroğlu evdə rahatlanmaqda
olsun, sənə kimdən deyim, oğlandan.
Oğlan bazara çatanda dükanlar bağlanmaq üzrə idi. O, qabaqcan
özünü verdi bir baqqal dükanına ki:
– Əmi, başına dönüm, tez ol, mənə iki batman düyü ver! Qonağım var.
Düyünü baqqaldan alıb, tökdü torbaya. Dalına alıb özünü yetirdi
qəssaba. Gördü yaxşı ət var, amma yaman da basabasdı. Başladı adamları
o yan-bu yana itələyib özünə yol açmağa. Ona bir yumruq, buna
bir dürtmə, axırda adamlardan biri hirsləndi ki:
– Nə olub. Qaçaqaç deyil ki? Dayan da!..
Oğlan dedi:
– Dayana bilmirəm. Alınası şeylərim var. Dükan-bazar bağlanır.
Qonağım var.
Dedilər:
– Nə olsun? Sənin qonağın göydən-zaddan gəlməyib ki...
Adamlar çox dedilər, oğlan az eşitdi, elə deyişə-deyişə özünü saldı
dükana. Camaat gördü yox, bu, həyasızlığa salıb almaq istəyir. Qəssaba
dedilər ki, ona ət verməsin. Qəssabın da tərs damarı tutdu. Oğlan
nə qədər elədisə, dedi:
– Olmaz ki, olmaz. Gərək bu adamın hamısı qurtara, sonra sənə ət
verəm.
Oğlanın əlacı kəsilib axırda qəssabın qulağına dedi:
– Evin yıxılsın, bilsən ki, mənim qonağım kimdi, heç belə eləməzsən.
Qəssab da bir dübbənin, adam ələ salanın biri idi. Soruşdu ki:
– Kimdi qonağın? De bu saat səni yola salım. Yoxsa Ərəb Reyhandı?
Ya paşadı?
Oğlan dedi:
– Yox, onlar deyil. Day heç kəs bilməsin, qonağım qoç Koroğludu.
Qəssab şaqqıldadı. Dedi:
– Camaat, bunun qonağı Koroğlu imiş.
Hamı gülüşdü. Qəssab gülə-gülə dedi:
– Bu saat səni yola salacağam. De görüm, nə qədər istəyirsən? Bir
girvənkə, ya altı misqal?
Oğlan dedi:
– Bir girvənkə nədi? Sənə ağzımda söz deyirəm. Bir batman ət çək!
Gördülər yox, oğlan deyəsən zarafat eləmir. Dalında da düyü-zad
var. Qərəz, qəssab oğlanın ətini verib, yola saldı.
Camaat arasına söz düşdü ki, bəs Koroğlu gəlib Qarsa. Özü də filankəsin
evində qonaqdı. De inanan, inanmayan başladı danışmağa. Atalar
deyiblər, bir sirr ki, otuz iki dişin arasından çıxdı, day onu saxlamaq
olmaz. Bir anda bütün ətrafa səs yayıldı. Xəbərdən-xəbərə, xəbərdənxəbərə,
söz axırda gəlib çatdı Ərəb Reyhanla paşanın qulağına.
Paşa xəbəri eşitcək durdu ayağa ki:
– Qoşun götürüb, gedək Koroğlunu tutaq!
Ərəb Reyhan dedi:
– Yox. Buna Koroğlu deyərlər. Elə belə onu tutmaq çətin işdi. Bütün
qoşunu qırıb tələf eləyər, özü də aradan çıxar.
Paşa dedi:
– Bəs nə eləyək?
Ərəb Reyhan dedi:
– Sən heç özünü onda qoyma. Elə bil ki, biz heç bu sözü eşitməmişik.
Qoy qaranlıq düşsün. Elə ki, hamı yatdı. Gecənin bir yarısı qoşun
götürüb, elə yorğan-döşəyinin içində tutarıq. Ayrı heç bir əlacı yoxdu.
Ondan Ərəb Reyhan əmr elədi şəhərin ətrafını citəmə qoşun tutdu.
Özlərinə də tapşırdı ki, səhərə qədər nə kənardan şəhərə adam qoysunlar,
nə də şəhərdən kənara. Elə ki, tədbirlərini görüb qurtardılar,
ondan oturub başladılar gözləmyə. O qədər gözlədilər ki, oldu gecənin
yarısı. Ondan durub qoşun götürüb töküldülər evin üstünə. Koroğlu, heç
bir şeydən xəbəri yox, şirin yuxuda, bir də beş-altı adam töküldü üstünə.
Sərasimə yerindən qalxıb onu o yana, bunu bu yana, baxdı ki, ev doludu
adamla. Hamısı da yaraqlı-yasaqlı. Ətrafına baxıb, gördü nə qılıncı yerində
deyil, nə oxu. De güç verdi yumruğa, birini, ikisini, beşini onunu;
gördü yox, olmayacaq. Dartıb birinin əlindən qılıncını alıb döşəndi
otaqdakıların canına. Axırda ki bir təhər özünə yol açıb evdən çıxdı.
Baxdı ki, həyət doludu. Yolu hər tərəfdən tutublar. Qaranlıq, özü
də ki, nabələd. Ağzı düşdü bir tərəfə. Nə qədər getdi, necə getdi bilmədi,
bir də onu gördü ki, qabağına balaca bir qapı gəldi. Qoşun da
daldan gəlir. Day əlacı kəsildi, açıb qapını girdi içəriyə. Sən demə,
bura minarəyə çıxmaq üçün yol imiş. Day haraya çatacaq? Qoşun da elə
bil ki, bilirmiş. O saat kəsdilər qapının ağzını. Koroğlu elə onu bildi ki,
qapını çəkdi. Tez əl atıb minarənin pilləkənlərindən bir-iki böyük sal
qoparıb saldı qapının dalına. Ondan day orada dayanmayıb, birbaşa
qalxdı minarənin təpəsinə ki, görsün nə var, nə yox? Xəbər çatdı Ərəb
Reyhana ki, bəs Koroğlu çıxdı minarəyə. Ərəb Reyhan o saat əmr
eylədi. Minarənin dörd ətrafını qoşun bürüdü. Koroğlu minarədə, qoşun
yerdə başladılar səhəri gözləməyə.

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR