Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Koroğlunun qocalığı (II hissə)

Koroğlu - Koroğlu dastanı/Koroğlunun qocalığı (II hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Koroğlunun qocalığı (II hissə)

Aşıq Cünun saznan dediyi kimi, söznən də əhvalatı Dəmirçioğluna
danışıb ordan çıxıb Çənlibelə getdi. Dəmirçioğlu gecə-gündüz çöldə
olduğundan üzünü, başını tük basmışdı. Bir dəlləyin yanına gəlib dedi:
– Usta, mənim saqqalımı qırx.
Dəllək dedi:
– Mollalar saqqal qırxmağı qadağan eləyib. Qırxa bilmərəm.
Dəlləyin cavabında aldı Dəmirçioğlu görək nə dedi:
Sənə deyim, usta başı,
Qazı dibindən, dibindən!
Olmagilən işdə naşı,
Qazı dibindən, dibindən!
Deyərəm sənin şəstinə,
Paşalar girib qəsdinə,
Gəlir Koroğlu üstünə
Qazı dibindən, dibindən!
Sənnən hesabı çəkərəm,
Gözündən qan yaş tökərəm,
Əlif qəddini bükərəm,
Qazı dibindən, dibindən!
Dəmirçioğlu bilici,
Olarsan ellər gülücü,
Sənə yendirrəm qılıcı,
Qazı dibindən, dibindən!
Dəllək gördü bu o deyənlərdən deyil. Heç deyəsən istiot-zad dadmayıb.
Bir az da oyan-bu yan eyləsə, elə doğrudan qılıncı yendirəcək.
Canının qorxusundan onun üzünü, başını qırxıb təmizlədi. Dəmirçioğlu
dəlləyin haqqını verib ordan yola düşdü. Dağları aşdı, dərələri keçdi.
Bir qayanın ətəyində Dəli Həsənə rast gəldi. Aldı görək nə dedi:
Xotkarlar üstünə atlı gedəndə
Düşmən görən açıq gözün necoldu?
Oğraş paşalarla dava edəndə,
Nərə çəkən uca səsin necoldu?
Çənlibeldə ağır məclislər quran,
Ərəbat üstündə mərdanə duran,
Misri qılınc çəkib, boyunlar vuran,
Axtar görək xan Eyvazın necoldu?
Dəmirçioğlu bu sirləri biləndə,
Düşmanları ağlayanda, güləndə,
Hərdən qəzəblənib qeyzə gələndə,
Qabaqda boz duran üzün necoldu?
Dəli Həsən çox qocalmışdı. Dəmirçioğlu elə bilirdi ki, tay bu
qədər ki, Dəli Həsən qocalıb, əvvəlki kimi Ərəbat üstündə yalın qılınc
düşmən üstünə gedə bilməz, dəstələr dağıdıb, alaylar poza bilməz.
Dəli Həsən Dəmirçioğlunun bu sözlərindən tutuldu. Aldı görək nə
dedi:
Yağı düşmənlərlə qovqa açmağa,
Hələ var qolumda qüvvətim mənim.
Qoşun gəlib Çənlibelə keçməyə,
Qəbul etməz namus, qeyrətim mənim.
Gürzüm işləyəndə dağları qırar,
Qorxusundan tapmaz düşmənlər qərar,
Paşanın, xotkarın bağrını yarar,
Ac aslan yerişim, heybətim mənim.
Mən Dəli Həsənəm, ər havadarı
Taparam Eyvazı, o namudarı,
Vuruşma vaxtında, dava bazarı,
Olmaz heç insafım, mürvətim mənim.
Söz tamam oldu. Dəli Həsən ilə Dəmirçioğlu atlanıb ordan yola
düşdülər. Dağlara, daşlara çıxıb Eyvazı axtarmağa başladılar. Çölləri,
yamacları bir-birinə vurdular. Gəzdilər, dolandılar. Axırda Eyvazı
tapdılar. Eyvaz Dəmirçioğlu ilə, Dəli Həsənlə görüşüb öpüşdü.
Götürdü görək Koroğlunu onlardan necə xəbər aldı:
Dağlar başı Çənlibeldən
Deyin görüm, nə xəbər var?
Başı qarlı bizim eldən,
Deyin görüm nə xəbər var?
Qırat, Ərəbat dururmu?
Koroğlu dövran qururmu?
Paşalar boynu vururmu?
Deyin görüm, nə xəbər var?
Eyvaz qolun gərmək istər,
Tər savaşa girmək istər,
Koroğlunu görmək istər,
Deyin görüm, nə xəbər var?
Eyvaz sözünü tamam elədi, ondan sonra Dəmirçioğlu götürdü ona
belə cavab verdi:
Çənlidən xəbər gətirdim,
Qardaş, dur gedək, dur gedək!
Müşkül mətləbi bitirdin,
Qardaş, dur görək, dur gedək!
Koroğlu oxuyub-yazır,
Yalnız qalıb candan bezir,
Haray salıb səni gəzir,
Qardaş, dur gedək, dur gedək!
Dəmirçioğlu qədrin bilir,
Səni görüb üzü gülür,
Paşalar üstünə gəlir,
Qardaş, dur gedək, dur gedək.
Elə ki, söz tamam oldu Eyvaz, Dəmirçioğlu, bir də Dəli Həsən
atlandılar. Dağlara, daşlara ün saldılar. Bir neçə günün içində bütün
dəliləri yığıb Çənlibelə Koroğlunun yanına yola düşdülər.
Bunlar getməkdə oslunlar, sənə kimdən xəbər verim, Koroğlu ilə
Nigardan. Koroğlu gözlədi-gözlədi gördü deyəsən gələn olmadı. Cünunu
göndərdi şəhərə ki, getsin paşalardan bir xəbər öyrənsin. Görsün nə
vaxt gəlirlər, necə gəlirlər. Özü yenə də alagöz Nigarla tək qaldı.
Nigar baxdı Koroğlu çox qəmgindi. Gəlib onun yanında oturub
dərdi-dilinə yetişmək istədi. Koroğlu simləri qaralmış üç telli sazı
sinəsinə basıb görək Nigara öz dərdi-dilini necə dedi:
Qarı düşmən güc gətirdi,
Qocaldım, Nigar, qocaldım.
Mənzilim başa yetirdi,
Qocaldım, Nigar, qocaldım.
Müxənnətin olmaz zatı,
Mərdin polad olar qatı,
İtirdim Qırat, Düratı,
Qocaldım Nigar, qocaldım.
Koroğlu qorxmaz yağıdan,
Badə içibdi sağıdan,
Hanı Eyvaz, Tüpdağıdan?
Qocaldım, Nigar, qocaldım.
Koroğlu elə təzəcə sözü deyib qurtarmışdı bir də gördü budu dəlilər
gəlirlər. Koroğlunun könlü açıldı, ömrü təzələndi. Elə bil anadan təzə
oldu. Aldı görək, dəlilərə necə xoş gəldin elədi.
Yenə ömür təzələndi,
Xoş gəldiniz dəlilərim!..
Qurtardım hicrandan, qəmdən,
Xoş gəldiniz, dəlilərim!..
Düşün, burda mehman qalaq,
Xotkarlara talan salaq,
Paşalardan qisas alaq,
Xoş gəldiniz, dəlilərim!..
Bir şur salın bu cahana,
Meydan boyansın al qana,
Səfər eyləyək hər yana,
Xoş gəldiniz, dəlilərim!
Aslan tək bərədə yataq,
Düşmənlərə şeşpər ataq,
Paşaları diri tutaq,
Xoş gəldiniz, dəlilərim!
Zimistanım döndü yaza,
Qulaq verin sözə, saza,
Koroğlu yetdi muraza,
Xoş gəldiniz, dəlilərim!
O tərəfdən Alı paşa, Mehdi paşanı da çağırıb əhvalatı ona danışdı.
Axırda sözü bir yerə qoydular ki, bəs Koroğlu qocalıb, dəliləri başından
dağılıb. Gedək ondan qisasımızı alaq. Paşalar başlarına qoşun cəm
eləyib Çənlibelə yola düşdülər. Onlar gəlməkdə olsun, sənə Çənlibeldə
Koroğludan xəbər verim. Koroğlu paşaların gəlmək xəbərini eşidib
üzünü dəlilərə tutub, aldı görək nə dedi:
Yaraxlanın, dəlilərim,
Paşalar meydana gəlir.
Müxənnətlər qoşun çəkib
Üz tutub bu yana gəlir.
Sözlərimdə yoxdu yalan,
Düşmənlərə salaq talan,
Misri qılınc qılsın cövlan,
Boyanmağa qana gəlir.
Olun səf-səf, dəstə-dəstə,
Yeriyək paşalar üstə,
Yağı düşmən durub qəsdə,
Tülkülər aslana gəlir.
İgit əldən çıxmaz xata,
Qoç gərək pusquda yata,
Xan Eyvaz, min Ərəbata,
Bəlli Əhməd fərmana gəlir.
Pələng tək ovdan küsməyə,
Düşmənlər üstə əsməyə,
Paşalar başı kəsməyə,
Koroğlu mərdana gəlir.
Koroğlu o vaxtı ki, davadan əl çəkməyi əhd eyləmişdi, dəliləri
başından dağıtmışdı. Qıratın da nallarını söküb çölə buraxmışdı. Amma
gəl ki, vəfalı Qırat Çənlibeldən ayrılıb getməmişdi. İndi ki, iş belə
oldu, bir tərəfdən də Aşıq Cünun gəlib xəbər verdi bəs paşalar dəmhadəmdi
ki gəlib Çənlibelə çatsınlar.
Koroğlu Eyvazı çağırıb göndərdi gedib Qıratı tapıb gətirsin. Eyvaz
gedib Qıratı tapıb gətirdi. Koroğlu Qıratın gəldiyini görəndə ayağa
qalxdı, sazı sinəsinə basıb dedi:
Budu, gəldi havadarım,
Dur, başına dolan, könül!..
Zimistanda dövr eylədin,
Yaz-bahara boyan könül!..
Qıratıma nal düzdürrəm,
Paşalar bağrın əzdirrəm,
Meylər, saqilər gəzdirrəm,
Başlar təzə dövran könül!..
Koroğluyam, mərd mərdana,
Çağırram, girrəm meydana,
Qılınc vuraram düşmana,
Xotkar taxtdan salan könül!..
Koroğlu yenə də Misri qılınc bağladı, qalxan taxdı, Qırata mindi.
Dəlilər də yaraqlandılar. Düşmən qabağında hazır oldular. O tərəfdən
paşalar başlarında qoşun gəlib Çənlibelə çatdılar. Koroğlu, yanında
dəlilər özünü paşaların qoşununa vurdu. Qoca Koroğlunun nərəsindən,
Qıratın kişnəməsindən, dəlilərin hayqırmasından paşaların qoşunu özünü
itirdi. Koroğlu başında dəlilər hər tərəfdən hücuma keçdi. Qoşun davam
gətirə bilməyib qaçmağa üz qoydu.
Koroğlu düşmanı qaçan görüb qanadlandı, qoca könlü coşdu, aldı
görək nə dedi:
Qoşun çəkib gəldi paşa,
Düşmənləri seç, Eyvazım!..
Yağı gərək çəksin haşa
Tez hücuma keç, Eyvazım!..
Dəli könül almaz öyüt,
Qoca bədən, olma meyit!..
Misri qılınc, kəmtər iyit,
Al düşmanı biç, Eyvazım!..
Qıratın nalı sökülməz,
Koroğlu beli bükülməz,
İyid ölümdən çəkilməz,
Yağı qanı iç, Eyvazım!..
Qoca Koroğlu bir dəli nərə çəkib Qıratı ildırım kimi sürüb özünü
paşalara yetirdi. Qaçaraqda hərəsinə bir qılınc vurdu. Başları bostan
kəliyi kimi dığırlanıb yerə düşdü. Qoca Koroğlu başında dəliləri at
sürüb özlərini paşaların torpağına yetirdilər. Qiymətdən ağır, çəkidən
yüngül bütün şeyləri atlara çatıb geri qayıtdılar. Çənlibelə az qalmış
Aşıq Cünun Koroğlunu dayandırıb soruşdu:
– Qoç Koroğlu, ində nə deyirsən? Dəliləri buraxırsan, ya yenə də
öz yanında saxlayırsan?
Koroğlu dedi:
– Yox, Aşıq Cünun! Mən daha koroğluluqdan əl çəkmişdim. Amma
baxıram ki, bu olmayacaq. Nə qədər ki xotkarlar, paşalar, bəylər,
xanlar var, mən koroğluluğumu yerə qoya bilməyəcəyəm.
Bu sözü eşidəndə bütün dəlilər nərə çəkdilər. Atlar kişnədi,
bədöylər oynadı. Qırat qızmış pələng kimi iki dal ayaqları üstündə
qalxıb elə bir şeyhə çəkdi ki, dağ-daş titrədi. Hamısı bir yerdə təzədən
Çənlibelə çəkildilər...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR