Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Koroğlunun Bayazid səfəri (II hissə)

Koroğlu - Koroğlu dastanı/Koroğlunun Bayazid səfəri (II hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Koroğlunun Bayazid səfəri (II hissə)

Xəlil paşa, vəzir, vəkilin tədbirinə razı olub hökm elədi, dəliləri
zindana salsınlar. Eyvazın da, yoldaşlarının da ayaqlarına kündə, boyunlarına
zəncir vurub zindana saldılar. Ağzına qıfıl vurdular, yüz yaraqlı
adam da onlara keşikçi qoydular. Bunlar burada qalsın, görək Koroğlu
nə elədi.
Eyvazın verdiyi vədədən çox keçmişdi. Onların Bayazitdə tutulması
barədə Çənlibeldə söz gəzirdi. Dəlilər, xanımlar, bir-birlərinə
dəymişdilər. Nigar xanım Koroğlunu od qoyub odlayırdı. Koroğlunun
dərisinə isti keçmirdi. Nigar xanımı sakit eləyib, deyirdi:
– Ay Nigar xanım, uzaq səfərin işini bilmək olmaz. Bir az da gözləyək,
gəlib çıxarlar. Amma Nigarı sakit eləmək mümkün olmurdu.
Səsi balasını itirmiş maral kimi Çənlibeli başına götürmüşdü.
Deyirlər ki, yenə də bir gecə Nigar xanım Eyvazın fikrilə yatmışdı.
Yuxuda gördü ki, Eyvaz qan dəryasında üzür. Dik qalxdı. Ox dəymiş
ceyran kimi yatağından sıçrayıb özünü Koroğlunun üstünə saldı, sazı
döşünə basıb, dedi:
Verdiyin vədədən keçdi,
Gəlmədi Eyvaz, gəlmədi!
Yağılar qanını içdi,
Gəlmədi Eyvaz, gəlmədi!
Çənlibelin obasında,
Könlüm xan Eyvaz yasında,
Çalxanır qan dəryasında,
Gəlmədi Eyvaz, gəlmədi!
Düşmüşdün boğaz loyuna,
Yollandın ceyran oyuna,
Qurbanam Eyvaz boyuna,
Gəlmədi Eyvaz, gəlmədi!
Sərdar ölsə, ələm yatar,
Muxənnət məqsədə çatar,
Çənlibelim yasa batar,
Gəlmədi Eyvaz, gəlmədi!
Eyvazı yolladın Şama,
Qılıncınnan qanlar dama,
Vədə vermişdi axşama,
Gəlmədi Eyvaz, gəlmədi!
Bayazid qırağı sazdı,
Çöllərində ördək, qazdı,
Düşman çoxdu, onlar azdı,
Gəlmədi Eyvaz, gəlmədi!
Eyvaza bəslədim güllər,
Ötüşməz şeyda bülbüllər,
Ay Nigar, başına küllər,
Gəlmədi Eyvaz, gəlmədi!
Nigarın ala gözlərindən axan yaş Koroğlunu coşdurdu. Sazı götürüb
görək onun cavabında nə dedi:
Ürəyimi eləyib qan
Ağlama, Nigar, ağlama!
Olum gözlərinə qurban,
Ağlama, Nigar, ağlama!
İyid olan cəfa çəkər,
Dost yolunda qanın tökər,
Ağlamağın bağrım sökər,
Ağlama, Nigar, ağlama!
Qəmli könül dəmə gəlməz,
Dərdi olan ağlar, gülməz,
Qorxaqlar ər qədrin bilməz,
Ağlama, Nigar, ağlama!
Dəlilərim gələr coşa,
Muxənnət eylər tamaşa,
Qan qusacaq Xəlil paşa,
Ağlama, Nigar, ağlama!
Meydanda nərə çəkərəm,
Göydən od-alov tökərəm,
Evlər dağıdar, sökərəm,
Ağlama, Nigar, ağlama!
Qızıb coşmamışam hələ,
Cidaynan qumaş ölçülə,
Əsir gələr Çənlibelə,
Ağlama, Nigar, ağlama!
Koroğluyam, əl götürrəm,
Mən Bayazidə yetirrəm,
Eyvazı alar, gətirrəm,
Ağlama, Nigar, ağlama!
Koroğlu hökm elədi yeddi min yeddi yüz yetmiş yeddi dəli atlandı.
Özü də Qıratın belinə qalxdı. Çənlibelə göz gəzdirdi. Mehtərləri qəmgin
gördü. Nigarı boynu çiynində, gözü yaşlı duran gördü.
Əhməd tacirbaşını, yoldaşı tacirləri elədiklərindən peşiman gördü.
Koroğlu özü də çox məyus oldu. Buna baxıb dəlilər də bikef oldular.
Nigar xanım ömründə birinci dəfə idi ki, Koroğlunu, səfərə çıxanda
belə qəmgin görürdü.
Koroğlunun yanına gəldi, onu sakit elədi, dəlilərə ürək verdi. Özü
Koroğluya, dəlilərə şərab payladı. Hamı içdi, keflər duruldu.
Koroğlu durub lazımınca geyindi, üstdən aşıq paltarı geyib, çiyninə
də saz keçirtdi. Elə ki, hamı hazır oldu, Koroğlu üzün dəlilərə
tutub dedi:
– Mən qabaqca gedim, siz dalca gəlin. Şəhərdə sizi gözləyəcəyəm.
Şəhərə çatanda atları bir qıraxda saxlayın, piyada şəhərə dolun,
özünüzü tanıtmayın, özü də mən xəbər eləməmiş dava başlamayın.
Dəlilər Koroğlunu elə bircə bunu deyən gördülər. Koroğlu Qıratın
üstündə bir boğanaq oldu, gözdən itdi. Bilmədilər hayana getdi.
Dəlilər onun dalınca atlarını sürüb yola düşdülər. Koroğlu hər yerdən
keçib bir sabah ertəsi özünü Bayazidə yetirdi. Qıratı bir yanda bağlayıb
özü aşıq libasında şəhərə getdi.
Bu tərəfdən dəlilər də gəlib çatdılar, atlarını bir yanda qoyub,
şəhərə doldular.
Koroğlu gəzə-gəzə gəlib bir yerə çıxdı. Gördü yüzə qədər yaraqlı
adam bir damın qapısında keşik çəkir. Keşikçilər onu görcək aşıq bilib
soruşdular.
– A kişi, aşıqsanmı?
Koroğlu dedi:
– Aşığam, bir məclis axtarıram ki, bir az oxuyam, xərclik yığam.
Keşikçilərdən biri dedi:
– Yaxşı gəlibsən. Bu gün Xəlil paşanın bacısı Nərgiz xanımın
toyudu, get oxu, yaxşı xeyrin olar.
Koroğlu dedi:
– Bəs siz burada nə eliyirsiniz?
Keşikçi dedi:
– Koroğlunun üç dəlisi burda dustaqdı, onlara keşik çəkirik.
Koroğlu bir istədi əl qılınca atıb keşikçiləri qırsın, dəliləri azad
eləsin, sonra bu fikrindən daşındı. Keçib Xəlil paşanın bacısının toyuna
gəldi.
Xəlil paşa Koroğlunu görüb dedi:
– Ay aşıq, dəli Koroğludan nə bilirsən bir az oxu qulaq asaq.
Paşanın cavabında aldı Koroğlu, görək nə dedi:
– Eyvaz deyib Çənlibeldən gəlmişəm,
İndi burda məhşər quraram, paşa!
Dəlilərim tutduğunu bilmişəm,
Gedər zindanını qıraram, paşa!
Coşub oxuyaram dövran içində,
Görərsən özünü al-qan içində,
Şir kimi qızaram meydan içində,
Hayqırıb bağrını yararam, paşa!
İndi mən eylərəm yaman halını,
Yıxaram qalanı, cah-calalını,
Soyaram, aparram dövlət, malını,
Taxtına od-alov vuraram, paşa!
Bir nərə çəkərəm dəlilər yerir,
Günün qabağında cəsədin çürür,
Duman tək yurdunu, yuvanı vurur,
Tamam dağı, daşı sararam, paşa!
Koroğlu qayıtmaz, xərac almağa,
Cida işlətməsə, qılınc çalmasa,
Bu gün Eyvaz xanı ələ salmasa,
Dişlərini bir-bir qıraram, paşa!
Xəlil paşa dedi:
– Bu necə aşıqdı? Ağzından qan iyi gəlir. Ölləm-öldürrəm deyir.
Vəzirə əmr elədi ki:
– Qovun bunu getsin!
Vəzir dedi:
– Paşa sağ olsun, aşığı qovmaq olmaz, gedər bizi özgə yerlərdə
pisləyər, biyabır eləyər. Sən dedin Koroğludan oxu, o da Koroğludan
oxudu. Koroğlunun sözləri asmaqdan, kəsməkdəndi də!
Xəlil paşa dedi:
– Yaxşı, oxusun.
Koroğlunun dalınca dəlilər də məclisdə adamların arasına doluşdular.
Koroğlu qızmışdı, gözü ayağının altını görmürdü. Bir də göz
gəzdirdi, dəliləri məclisdə gördü. Aldı görək nə dedi:
Xəbər olsun Bayazidin elinə,
Aparram Eyvazı, qala qoymaram!
Deyin sultanlara köç eləməsin,
Bu qisası Rüstəm Zala qoymaram!
Bilmirəm baharam, yoxsa ki, qışam,
Qorx o zamandan ki, qaynayam, coşam,
Qırılmaz qayayam, tərpənməz daşam,
Fərhad külüyünü çala qoymaram!
Aladı gözləri, qaşları yağı,
Nigar olub xan Eyvazın dustağı,
Çənlibeldi Koroğlunun oylağı,
Şah da gələ Çənlibelə qoymaram!
Dəlilər Koroğlunun nərəsini eşidib, qılınclarını çəkdilər, paşaya,
vəzirə, vəkilə, qoşun böyüklərinə hücum elədilər. Qoşun xəbər tutub
yeridi. Koroğlu halı belə görüb aşıq paltarını atdı, Misri qılıncı çəkib
özünü Xəlil paşaya yetirdi. Xəlil paşa əl qılıncda, Koroğluya hücum
elədi. Koroğlu bir həmlədə Xəlil paşanın qılıncını əlindən alıb, kənara
atdı. Boğazından tutub ayağının altına saldı. Başını kəsmək istəyəndə
Xəlil paşanın bacısı Nərgiz xanım özünü yetirdi, yalvarıb dedi:
– Koroğlu, qardaşımı mənə bağışla!
Koroğlu Xəlil paşanı bacısına bağışladı. Xəlil paşa qoşunu ilə
Koroğluya təslim oldu. Koroğlu davadan əl çəkib, özünü zindana yetirdi.
Bir güc verib zindanın qapısını qırdı. İçəri girib dəliləri zəncirlərdən
azad elədi. Xəlil paşa qorxudan Koroğluya yeddi ilin bac-xəracını
verdi.
Koroğlu əlavə Xəlil paşadan üç yəhərli, yüyənli at alıb Eyvaza,
Halaypozana, Toxmaqvurana verdi. Hökm elədi dəlilər atlandılar. Çardaqlı
Çənlibelə yola düşdülər. Hər yerdən keçdilər, gəldilər sağ-salamat
Çənlibelə çatdılar. Atlardan düşdülər. Yenə keyf məclisi qurdular.
Qoyun kəsib kabab çəkdilər. Yedilər, içdilər, damağları duruldu, keyflər
çağaldı. Koroğlu sazı sinəsinə basıb aldı görək nə dedi:
Məclis qurduram həmişə,
İşrətim, damağım ola,
Əmliklər çəkdirəm şişə,
Bir ağır yığnağım ola.
Çənlibeldə köçüm, qonum,
Atlasdan biçdirəm donum,
Ortadan qalxmaya xonum,
Gündə yüz qonağım ola.
Vuram xotkar, tutam paşa,
Xanlar məndən çəkə haşa,
Bu dövranım vara başa,
Sönməyən sırağım ola.
Eyvaz imdadıma çata,
Dəli Həsən şeşpər ata,
Sıçrayam, minəm Qırata,
Bəlli Əhməd dayağım ola.
Şir qanı ola qanımda,
Qorxu olmaya canımda,
Dəlilər ola yanımda,
Qırram yüz min yağım ola.
Düşmən qanın içəm doyam,
Müxənnət gözlərin oyam,
Çəkəm bəzirganlar soyam,
Tacirlər dustağım ola.
Koroğluyam, savaşımda,
Qılınc yarası başımda,
Nigar əyləşə qarşımda,
Keçən cavan çağım ola.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR