Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Hasan paşanın Çənlibelə gəlməyi (II hissə)

Koroğlu - Koroğlu dastanı/Hasan paşanın Çənlibelə gəlməyi (II hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Hasan paşanın Çənlibelə gəlməyi (II hissə)

– Koroğlu, məni xotkar sənin yanına göndərib. Bəsdi bu qədər
xotkara düşmən oldun. İstəyirəm xotkarla səni barışdıram. Xotkar deyir,
o mənim böyük oğlum, Bürcü Sultan kiçik oğlum. İstəyir, köçüb yanıma
gəlsin, istəyir elə Çənlibeldə otursun. İstəyir bütün qoşun sərkərdəliyini
ona tapşırım. Sən də day uşaq deyilsən. Bilirsən ki, bu işin
axırı yoxdu. Cavanlıq idi, elədin. O necə deyərlər, day həvəsdi, bəsdi.
Gəl bu daşı ətəyindən tök. Elə buradan birbaşa mənimlə gedək
İstanbula, qurtarsın getsin.
Koroğlu dedi:
– Hasan paşa, adam var, o necə deyərlər, dil işlədər, adam var əl
işlədər. Mən indiyə kimi əl işlətmişəm. Odu ki, dildə sənin kimi
yağlı-yağlı kəsib doğraya bilməyəcəyəm. Mən sözü bir dəfə deyərəm.
Onu da dəyişmərəm. Nə qədər ki, bu dünyada mən varam, xotkar var,
mən ona düşmənəm. Siz elə bilməyin ki, mən sizin işlərinizi bilmirəm.
Xotkar səni buraya niyə göndərib, sən buraya necə gəlmisən,
hamısı mənə bəllidi. Mən Koroğluyam. Məni aldatmaq, tora salmaq
olmaz. Əlim, ayağım dəyməmiş qoşununu da götür, çıx burdan get!
Mən xotkara da düşmənəm, sənə də.
Bunu deyib, Koroğlu durdu ayağa, Hasan paşa da durdu. Amma
Koroğlunun gözü ətrafda idi. Hasan paşa nə elədi, nə cürə xəbər verdisə,
Koroğlu bir də baxdı ki, dörd bir ətrafdan qoşun qalxdı ayağa.
Yavaş-yavaş başladılar yeriməyə. Koroğlu gördü ki, hə, necə fikirləşmişdisə
eləcədi. Hasan paşa onu salıb qoşunun düz ortasına. Özü də
qoşun nə qədərdi? Adam elə bil göbələkdi yerdən çıxır. Bir su içim
saatda dörd bir tərəf oldu adam.
Koroğlu bir belə baxdı, dedi:
– Hasan paşa, sən deyirdin ki, mən xotkarın böyük oğluyam. Yaxşı,
bəs oğulu atanın yanına aparmaq üçün bu qoşun, bu sursat, bu cəbbəxana
nəyə lazımdı?
Hasan paşa dedi:
– Koroğlu, sən indi mənim əlimdə əsirsən. Burada on beş min
qoşun var. Min canın olsa, biri mənim əlimdən qurtarmayacaq. Gəl
nahaq qana bais olma! Öz xoşunla təslim ol!
Koroğlu ətrafına nəzər salıb gördü qoşun getdikcə irəliləyir. Lap
üzük qaşı kimi qalıblar arada. Dedi:
– Hasan paşa, özün bilirsən ki, necə dəfələrlə mənim əlimə fürsət
düşüb, amma səni öldürməmişəm. Sən elə bilmə ki, mən səndən
qorxmuşam, ya öldürə bilməmişəm. Yox, mən səni, bax, bu gün üçün
saxlayırdım. İndi ya sənə verən Allah, ya mənə.
Koroğlu bunu deyib istədi ata tərəf getsin. Hasan paşa hökm elədi,
başındakı adamlar birdən siyirtməqılınc töküldülər onun üstünə. Dəli
Mehtər istədi dəlilərə hay vursun, Koroğlu əl elədi ki:
– Dayan!
Ondan döndü, paşaya dedi:
– Hasan paşa, gəl bu qoşunu qırdırma! Sən də atını min, mən də.
Bu meydanda vuruşaq. Ya sən məni öldür, ya mən səni. Bununla da
davamız qurtarsın.
Hasan paşa dedi:
– Bunlar hamısı qorxaqlıqdandı. Mən sənin fikrini başa düşürəm.
Sən bizi yubatmaq istəyirsən. Ancaq keçmiş ola. Xotkarın fərmanı
budu ki, sənin ya başını aparam, ya özünü.
Hasan paşa bunu deyib birdən başının adamlarına hay vurdu ki:
– Tutun, bağlayın qollarını!
Adamlar töküldülər. Koroğlu əlindəki şeşpəri tovlayıb bir sağa
hərlədi, bir sola hərlədi, özünə yol açıb çıxdı. Dəli Mehtər Qıratı buraxdı.
At bir dəfə fınxırıb dördəmə özünü yetirdi Koroğluya. Koroğlu qızılquş
kimi sıçrayıb atın belinə düşdü. Ondan üzün Hasan paşaya tutub
dedi:
Mən dəliyə hədyan söyləmə paşa,
Hünərlisən, gəl meydana, əfəndim!
Dağıdar ölkəni, çevirrəm taxtın,
Bularam cəmdəyin qana, əfəndim!
Mən bələdəm sənin cəngi-şəstinə,
Qılınc çəkib girrəm bu gün qəsdinə,
Hayqırıb meydanda gəlsəm üstünə,
Yetirərəm səni cana, əfəndim!
Baş əymərəm xotkar yazan fərmana,
Gələrsən əlimdən axır amana,
Koroğluyam, nərəm çıxar asmana,
Qoşun qaçar dörd bir yana, əfəndim!
Söz tamama yetişdi. Koroğlu bir dəli nərə çəkib özün vurdu qoşuna.
Hasan paşa da hay vurdu, qoşun dörd tərəfdən töküldü. Koroğlu üzün
Yağı qoruğuna tərəf tutub dedi:
Mərd igidlər dava günü gəlibdi,
At sürüb meydana çıxan gündü bu.
Müxənnətlər tər savaşa varıbdı,
Vuruban atından yıxan gündü bu.
Comərd igid heç qaçarmı meydandan?
Qılınc çəkib hayıf alaq düşmandan,
Qorxaq kəslər boyun əyib pünhandan
Sinilib xəlvətdən baxan gündü bu.
Qoç Koroğlu, qılınc götür dəstinə.
Müxənnət paşalar dolub qəsdinə,
Qarı düşman hücum edib üstünə,
Nizəni gözünə soxan gündü bu.
Dəmirçioğluya elə bir işarə bəs idi. Hay vurdu, dəlilər siyirməqılınc
töküldü qoşunun üstünə. Hasan paşa işi belə görəndə hay vurdu
ki, qoşun o tərəfə yerisin.
Koroğlu dedi:
– Hasan paşa, görürsən ki? Bax, indi sən mənim əlimdəsən. Bir
həmlədə səni yerlə yeksan elərəm. Amma ki, dəymirəm. Qoşununa
sərkərdəlik elə.
Dava qızışdı. Koroğlu dəliləri davada görəndə ürəyi telləndi. Dedi:
Dolun at belinə, qoç dəlilərim,
Xotkarı taxtından endirək, hoydu!
Talayaq mülkünü, alaq canını,
Evini başına endirək, hoydu!
Şığıyıb üstünə qəddini bükək,
Gərək Çənlibelə min əsir çəkək!
Paşanın başında gəlin turp əkək!
Şahın çırağını söndürək, hoydu!
Bir hayqırsam, polad qollar boşalar,
Düşmanlar əlimdən çəkər haşalar,
Öldürək xotkarlar, qıraq paşalar,
Meydanı məhşərə döndərək, hoydu.
Qeysəri öldürək, sərdarı tutaq.
Böyüyün, kiçiyin qol-qola çataq,
Ərəb at döşünə cümləsin qataq,
Çənlibelə əsir göndərək hoydu.
Gələr Koroğlunun damaqlı çağı,
Dəlilər məclisdə, xan Eyvaz sağı.
Aladı gözləri, qaşları yağı,
Bulğarlı xanımı dindirək hoydu!
Söz elə təzəcə tamam olmuşdu ki, qoşunun dal tərəfindən nərə
səsi gəldi. Koroğlu da, Hasan paşa da hər ikisi geri döndülər. Koroğlu
baxdı ki, Dəli Həsən üç min dəli ilə daldan özünü vurdu Hasan paşanın
qoşununa. Koroğlu qaldı məəttəl ki, bu necə olan işdi. O əvvəl-əvvəl
elə bildi ki, Dəli Həsən Hasan paşanın köməyinə gəlir. Baxdı ki,
kömək nədi? Dəli Həsən bir su içim saatda Hasan paşanın qoşununu
qatım-qatım qatlayıb, ağnatdı bu tərəfə. Dava qızışdı, nə qızışdı. Dəli
Həsən qızğın davada qışqırıb dedi:
– Ayə, Dəmiçrioğlu, vur!.. Qabaq sənin, dal mənim. Görək kim tez
qurtaracaq?
Dəmirçioğlu sözü eşitcək, qılıncı atdı yerə. Əl eləyib belindən kotan
zəncirini açdı. Dedi:
– Dəli Həsən, mənim dəstəm xırdadı. Görürəm ki, zənciri tovlamasam
səndən geri qalacağam. Ya mədəd!
Zənciri başladı hərləməyə. Qabaq kəsildi, dal kəsildi. Ortada da
Koroğlu özü. Qoşun başladı sağa, sola yayılmağa.
Eyvaz Hasan paşanın qoşununu belə görəndə qalxdı ayağa. Atı
minib bəndərgahlardakı dəlilərə hay vurdu. İki min dəli də Eyvazla sol
tərəfdən təpildi qoşuna. Koroğlu işi belə görəndə Qıratı cövlana
gətirdi, dedi:
Qıratım kişnəyib girər,
Atılar meydan başına.
Qılınc çəkib dəlilərim,
Od ələr düşman başına.
Yaxşı ər yaxşı at minər,
Ortada göstərər hünər,
Atılanda nizə, şeşpər,
Qaldırar qalxan başına.
Gər girişsəm çalhaçala,
Quş gərəkdi, qanad sala,
Çəkib uçurdaram qala,
Bəy, paşa, sultan başına.
Dava günündə Eyvaz xan
Yüz yağıya verməz aman,
Dolanıb olasan qurban,
Bir elə oğlan başına.
İgiddə olar namus, ar,
Dar gündə görər gücü kar.
Koroğlu, dəlilər, Nigar,
Yığılar dövran başına.
Hasan paşa gördü iş şuluqdu. Belə getsə buradan bir nəfər adam
qurtara bilməyəcək. Odu ki, hərci badabad deyib atın başını döndərdi,
bir dəstə qoşunla Koroğluya hücum elədi. Koroğlu Misri qılıncı çəkib
onları qabaqladı. De bir sağa vurdu, bir sola vurdu, qoşunun ağzını
sındırıb qaçağa saldı. Üzün dəlilərə tutub dedi:
Xotkar üstümüzə qoşun göndərdi,
Qırın, dəlilərim, eyləyək cəngi.
Çıxın qarınca tək dolun hər yandan,
Bilin ölkələrin mənəm firəngi.
Əlli nədi, altmış nədi, yüz nədi?
Daldalarda tənə-tənə söz nədi?
Dərə nədi, təpə nədi, düz nədi?
Mənəm gürbələrin şiri, pələngi!
Yaranandan bu meydanda tək mənəm,
Hər ləkə paşaya boyun əymənəm,
Qəsəm olsun, tər savaşdan dönmənəm,
Axır suda sınar suyun səhəngi!
Koroğlu fərmanı mərdi-mərdana,
Can-dil ilə qılınc vurram düşmana.
Baş əymirəm nə sultana, nə xana,
Mənəm igidlərin yeki-irəngi!
Axır ki, qoşun davam gətirə bilməyib təslim oldu. Koroğlu hay
vurub davanı dayandırdı. Hasan paşanın özünü də əsirlərin qabağına
salıb Çənlibelə gətirdi. Ondan üzün dəlilərə tutub dedi:
– Hanı Dəli Həsən?
Dəli Həsən dəlilərin içindən çıxıb Koroğlunun qabağına gəldi.
Yetişəndə qılıncın çıxardı, iki əllərinin üstündə tutub Koroğlunun
qabağında diz çökdü. Dedi:
– Qoç Koroğlu, hər şeydən qabaq mənim böyük bir taqsırım var.
Gərək ondan keçəsən. Mən sənə xəbər verməmiş bəndərgahları boşaldıb,
dəliləri götürüb getmişdim. Amma onu deyim ki, mən qəsdən
belə eləmişdim. Hasan paşanın qoşun ilə gəlməyini keşikçilər axşamdan
mənə dedilər. Onun qoşunu necə yerbəyer eləməyini, necə pusqu
düzəltdiyini mən görmüşdüm. Qorxdum ki, işi sənə xəbər versəm,
Çənlibelə səs düşə, düşmən işi bilə, fikrini dəyişə. Odu ki, səssizsəmirsiz
dəstəni götürüb gecə ilə onların dalında pusquya girdim.
Koroğlu dedi:
– Afərin. Mən elə belə də fikirləşirdim. Mən indi sənin bu günkü
işinin əvəzini vermək istəyirəm.
Ondan üzün tutdu Hasan paşaya. Dedi:
– Hasan paşa, sən mənim yolumda Mahmud paşanın qızı Dona
xatunu keçəl Həmzəyə verdirdin. Camal paşanın qızı Dünya xanımı da
Bolu bəyə vermək istəyirdin, ancaq ona qismət olmadı. Eşitdiyimə
görə sənin Bulqar xanım adında bir qızın var. Onu gərək Dəli Həsənə
verəsən. Götür bu saat bir namə yaz, göndər, Bulqar xanım gəlsin buraya.
Qorxma, bizdə bir qayda var, hərə öz istədiyinə gedir. Bəyənər
gedər, bəyənməz genə də sənin qızındı. Səninlə birinci şərtim budu.
Hasan paşa dedi:
– De görüm, ikinci şərtin nədi?
Koroğlu dedi:
– Hələ sən naməni yaz, ver, sonra da ikinci şərtimi deyəcəyəm.
Hasan paşa gördü ayrı əlac yoxdu. Kağız götürüb Koroğlunun
dediyi kimi yazdı. Koroğlu naməni alıb qoydu cibinə.
Ondan dedi:
– Hasan paşa, indi qulaq as, ikinci şərtimi deyim. Ancaq əslində
şərt deyil, mənim əhdimdi. İndi yerinə gəlib.
Koroğlu bunu deyib üzünü tutdu Dəli Mehtərə, dedi:
– Ayə, Dəli Mehtər, Qıratla Düratı buraya çək!
Dəli Mehtər o saat Qıratla Düratı çəkdi ortalığa.
Koroğlu dedi:
– Hasan paşa, mənim atam Alı kişi səni kişi bilib, bu iki atı sənə
bağışlamaq istədi. Bu yaxşılığın əvəzində sən bu atların üstündə onun
iki gözlərini çıxartdırdın. Odu ki, bu Çənlibelə gələndən mən əhd
eləmişəm. İndi əhdim yerinə gəlib. Nə qədər ki, ömrün var, Çənlibeldə
qalıb bu iki ata mehtər olacaqsan.
Ustad deyir bir neçə gündən sonra Bulqar xanım Çənlibelə gəldi.
Koroğlu onu Dəli Həsənə verib toyunu elədi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR