Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Durna teli (I hissə)

Koroğlu - Koroğlu dastanı/Durna teli (I hissə)
Sakura

Koroğlu - Koroğlu dastanı/Durna teli (I hissə)

Eyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi.

Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq biridi ki, o da Nigardaydı. 

Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: “Görəsən bütün arvadların arasında heç mənim kimi xoşbaxtı varmı?”.

Koroğlunun damağı ondan da çağ idi. O, həm özünə oğul gətirmişdi, həm də arxa, kömək gətirmişdi. 

Eyvaz çox çəkmədi ki, canlara dəyən iyid bir oğlan oldu. 

Dəlilərin hamısı bu iyidliyə görə ona hörmət eləyirdilər. Hamının gözündə əvvəl Koroğlu idi, sonra Nigar, sonra da Eyvaz.

Deyirlər ki, Koroğlu boş vaxtları həmişə dəlilərlə məşq eləyib
təlim keçərdi. At minmək, nizə atmaq, qılınc vurmaq, qalxan tutmaq,
ox atmaq onların peşəsi idi. Heç elə gün olmazdı ki, dəlilər içində təzətəzə
adamlar onlara qoşulmasın. Onlar da bu təlimdən öyrənirdilər.
Ustad belə deyir ki, yenə bir gün dəlilər Çənlibeldə bölük-bölük
olub məşq eləyirdilər. Eyvaz da yaraqlı-yasaqlı bir dəstə ilə atlanıb
dava məşqinə çıxmışdı. Dəlilər məşq eləyə-eləyə Koroğluya sarı at
çapırdılar. Eyvaz Ərəbatın üstündə dəlilərin qabağınca gəlirdi. Koroğlunun
onun başına taxdığı durna teli də papağında idi. Koroğlu Eyvazı
belə görəndə ürəyi telləndi, qolları açıldı, üzünü Nigar xanıma tutub,
aldı görək nə dedi:
Nigar xanım, sənə deyim,
Bu gələn Eyvaz, bu gələn.
Dili dodağıyı yeyim,
Bu gələn Eyvaz, bu gələn.
Eyvazım on beş yaşında,
Qüdrət qələmi qaşında,
Durna teli var başında,
Bu gələn Eyvaz, bu gələn.
Meydanda iyidlər mərdi,
Qabaqda ər oğlu ərdi,
Dava günü qızmış nərdi,
Bu gələn Eyvaz, bu gələn.
Misri qılınc dəstindədi,
Ərəbatın üstündədi,
Şirin canın qəsdindədi,
Bu gələn Eyvaz, bu gələn.
Cəmi dəlilərin xası,
Meydanda var mərd davası,
Koroğlunun tək balası,
Bu gələn Eyvaz, bu gələn.
Nigar xanım dedi:
– Koroğlu, doğrudan da durna teli Eyvazı yaxşı tutur. Durna teli
dəliləri belə tutanda gör bizi necə tutar. Göndər dəliləri getsinlər bizə
də durna teli gətirsinlər.
Koroğlu hələ Nigar xanıma cavab verməmişdi ki, Eyvaz dəlilərlə
gəlib yetişdi. Nigarın Koroğluya dediyi sözləri eşidib, dedi:
– Durna teli nədi ki, ondan ötəri anamın qəlbini sındırırsan? İzn ver
gedib Bağdatdan ona durna teli gətirim.
Koroğlu dinməmiş Dəmirçioğlu yerindən dedi:
– Ay Koroğlu, Eyvaz tək getməsin, izn ver mən də onunla gedim.
Bəlli Əhməd dedi izn ver, mən də gedim.
Çoxdan idi ki, dəlilər səfərə çıxmamışdılar. Bu burdan dedi, mən
də getmək istəyirəm, o ordan dedi, izn ver mən də gedim. Koroğlu
bilmədi ki, hansına cavab versin, hansını durna telinə göndərsin. Hələ
Koroğlu özü də durna telinə getmək istəyirdi. Nigar xanım Koroğlunun
dəliləri başsız qoyub getməyinə razı olmayıb dedi:
– Yox, özün qal, gözün dəlilərin üstündə olsun. Qoy durna telinə
Eyvazgil getsinlər.
Koroğlu Eyvaza izn verdi. Yol uzaq olduğundan tapşırdı ki, Qıratı
minsin. Eyvaz Misri qılınc bağladı, qalxan taxdı. Qıratı çəkib yəhərlədi,
tərlan kimi qalxıb atın üstünə əyləşdi. Dəmirçioğlu ilə Bəlli Əhməd
də dava libası geyindilər, atlandılar, üçü də birlikdə yola düşdülər.
Koroğlu dəlilərə uzaq səfərə gedəndə özləri ilə içgi götürməyə izn
verməzdi. Amma Dəmirçioğlu ondan xəlvət tuluqları şərabla doldurub
götürmüşdü. Dəlilər atlarını sürüb yola düşdülər. De günə bir mənzil,
teyyi-mənazil at sürdülər, yol yordular, dərə keçdilər, düz getdilər,
dağ aşdılar, mənzil keçdilər axırda gəlib Bağdad elinə çatdılar. Atları
bağlara otlamağa ötürüb özləri calandılar durnaların canına. Durnaları
qırdılar, tellərini bir yerə üst-üstə yığdılar, ətlərini də ocaq qalayıb
kabab çəkdilər. Ola durna ətinin kababı, qara üzümün şərabı, özü də
harda-harda Bağdadın gül-gülü çağıran sərin bağlarında. Çeşmələr elə
axırdı ki, elə bil göz yaşıdır.
Belə səfalı bir yerdə üç nəfər Çənlibel dəlisi, durna kababı, şərab
da ki, elə bil ceyran qanıdı...
Qərəz yedilər, içdilər, gözləri dumanlandı, yavaş-yavaş məst olub
üçü də başlarını yerə qoydular, yat ki, yatasan.
Bunlar burada məst-bihuş yatmaqda olsunlar, sənə kimdən deyim,
Bağdad paşası Aslan paşadan.
Bu tərəfdən Bağdad paşası Aslan paşaya xəbər verdilər ki, üç
nəfər atlı gəlib atlarını bağa buraxıb, özləri də bütün durnaları qırıb
çatıblar. Aslan paşa hökm elədi ki, bu saat özlərini də, atlarını da tutub
mənim yanıma gətirin.
Qoşuna əmr olundu, bağın dörd tərəfini gəzdilər. Qırat düşmənin
yaxınlaşdığını görüb bərk kişnədi. Dəmirçioğlu ilə Bəlli Əhməd
Qıratın səsinə yuxudan ayıldılar. Gördülər ki, bağda otun, ağacın sanı
var, qoşunun sanı yoxdu. Dəmirçioğlu istədi ki, dava başlasın, Bəlli
Əhməd razı olmadı ki, Eyvaz özündə deyil, biz dava başlasaq burdan
uzaqlaşarıq, Eyvaz ələ keçər. Dəmirçioğlu gördü qoşun yaxınlaşır,
amma Eyvaz yuxudan oyanmır ki, oyanmır. Axırda aldı, görək nə dedi:
Qoşun gəlib dört yanımızı aldılar,
Belə nə yatmısan, ayıl, Eyvaz xan!..
Hər tərəfdən mansıraya saldılar,
Axırda olarıq zayıl, Eyvaz xan!..
Qəbul qılma müxənnətin sözünü,
Sənə ərz eləyəm sözün düzünü,
Dur, göstər yağıya dönməz üzünü,
Gün kimi aləmə yayıl, Eyvaz xan!..
İnsafdırmı Bəlli Əhməd tutula,
Qulac qolu dal gərdəndə çatıla,
Dəmirçioğlu qul adına satıla,
Koroğlu dəlisi sayıl, Eyvaz xan!..
Sazın səsinə, Dəmirçioğlunun səsinə Eyvaz yuxudan ayıldı.
Yüyürdülər ki, özlərini atlara yetirsinlər. Baxdılar ki, atlar tutulub. Halı
belə görəndə hər üçü qızmış nər kimi nərə çəkib özlərini vurdular
dəryayi-ləşkərə, sağa vurdular, sola vurdular, nə qədər qırdılarsa nə
qoşunun dalı kəsilirdi, nə də ki, bir yol tapıb bir tərəfə çıxa bilmirdilər.
Axırda qoşun onları bir-birlərindən ayrı salıb, təklədi. Aralığa salıb
üçünü də tutdular, qollarını bağlayıb, atları ilə birlikdə Aslan paşanın
yanına gətirdilər. Aslan paşa hökm elədi ki, özlərini zindana salıb,
atlarını da bazara çəkib satsınlar. Sonralar kimin hayfı varsa gəlsin, alsın.
Aslan paşanın adamları dəliləri zindana salıb atlarını da bazara
apardılar. Bunlar burada qalsınlar, sənə Koroğlunun dostu bəzirgandan
xəbər verim.
Koroğlunun bir bəzirgan dostu var idi. Neçə illər Koroğlu ilə dostluq
işlətmişdi. İndi mallarını satmaq üçün Bağdada gəlmişdi. Bir də eşitdi
ki, car çəkirlər ki, Koroğlunu tutublar. Tez bir təhər özünü zindana
saldı, gördü yox, tutulanlar Koroğlunun dəliləridi. Eyvaz bəzirganı
görcək tanıdı, bir təhər onu başa saldı ki, bəs Qıratı bazara çəkib satacaqlar,
get çalış, satın al. Koroğluya xəbər ver!
Bəzirgan oradan çıxıb birbaş bazara gəldi. Gördü budu atları satırlar.
Bəzirgan Qıratı satan dəllala yanaşıb dedi:
– Əyə, bu şılxoruna neçə verim?
Dəllal dedi:
– Gözlərini sil bir yaxşı-yaxşı bax. Şılxor nədi? Buna Koroğlunun
Qıratı deyərlər.
Bəzirgan dedi:
– Əyə, başına at təpməyib ki, Qırat nədi? Bu yabı niyə Qırat olur?
Dəllal hirslənib “yabı nədi, ədə, tərlandı! Tərlan gör nə çəkir?!.”
– deyib atı hərəkətə gətirdi ki, camaat baxsın.
Gözünə dönüm Qırat gözünün birini yumdu, quyruğunu qısdı,
özünü vurdu şılxorluğa.
Bəzirgan dedi:
– Ha gördün. Yaman çəkir, ədə, ay yelbeyin.
Qoç Koroğlunun Qıratını paşalar minə bilmirdi. Qorxudan bir pəhlivan
onun yanına gedə bilməzdi. İndi Qırat elə ölü olmuşdu ki, gəl
görəsən...
Bazar adamları tökülüb ata baxdılar. Gördülər bir gözü kor, qısıq,
yeriyəndə də azca topallayan bir atdı.
Hamısı bəzirganın sözünü təsdiqlədi. Qərəz, bəzirgan dəllalı aldadıb
Qıratı ucuz qiymətə alıb mənzilinə gətirdi. Atı bir yana bağlayıb
qabağına yem-zad tökdü. Şəyirdini göndərib bazardan bir batman qır,
bir top da bez aldırdı. Elə ki, qır da, bez də hazır oldu bəzirgan qabaqca
o ki, var bezi qırladı. Sonra bu qırla bezi Qırata möhkəm-möhkəm
sarıyıb özü də mindi. Qır bəzirganı elə tutdu ki, kəndir-qayış kimi. Elə
ki, bəzirgan arxayınlaşdı ki, tay atdan yıxılmayacaq, yüyənini buraxdı.
Qırat götürüldü, nə götürüldü. Elə bil ki, Çənlibeldə bala qoyub
gəlmişdi. Vallah bir gedirdi, bir gedirdi ki, ildırım deyim sənə yalandı.
Amma kimdən deyim sənə bəzirgandan. Yazıq bəzirganda bəzirganlıq
qalmamışdı. Köhnə bəzirganda elə bircə quru nəfəs qalmışdı. Bayax ha
özündən getmişdi. Qırat nə qədər yol getdi bəzirgan bilmədi. Bir vaxt
bir də at bərkdən kişnədi. Bəzirgan gözlərini açıb gördü Çənlibeldədi.
Dəlilər Qıratın səsini eşidib tökülüb gəldilər. Baxdılar vallah Qırat
budu ilan vurmuş kimi elə gəlir ki, az qalır dırnaqları çatlaya. Amma
ki, təkdi. Eyvaz da üstündə yoxdu. At bir az da yaxınlaşanda diqqət
verib gördülər at sahibsizdi. Amma deyəsən üstündə nədirsə bir yaman
şey qaralır. Hamı fikir dəryasına cumdu ki, görəsən bu nə sirdi.
Bunlar elə bu fikirdə Qırat gəlib düz Koroğlunun qabağında dayandı,
üzünü gəldiyi tərəfə tutub elə bir nərə çəkib kişnədi ki, dağ-daş
lərzəyə gəldi. Sonra dönüb Koroğluya baxdı, ayaqlarını yerə döyməyə
başladı. Koroğlu vəfalı atının boynunu qucaqlayıb üzündən, gözündən
öpdü. Baxıb gördülər ki, Qıratın üçtündə bir adam var. Amma özündən
gedib. Bunu açıb atdan düşürdülər. Başına su-zad töküb özünə gətirdilər.
Baxdılar ki, bəzirgandı. Koroğlu onu görcək tanıdı, soruşdu ki:
– Bəzirgan, Eyvaz hanı, yoldaşları harada qalıb ki, sən Qıratı götürüb
gəlibsən?
Bəzirgan dedi: – Koroğlu! Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi
Aslan paşa tutub zindana salıb. Bu günlərdə dara çəkdirəcək. Durma,
tez özünü onlara yetir.
Koroğlu bəzirgandan bu sözü eşidib üzünü dəlilərə tutdu, aldı,
görək nə dedi:
Xəbər verin dəlilərim oyansın,
Tutulubdu bir Eyvazım əldədi!
Misri qılınc qızıl qana boyansın,
Tutulubdu bir Eyvazım, əldədi!
Yatmışdım aşkara gördüm duşumu,
Əzəlindən mən bilirdim işimi,
Çəkin, yəhərləyin çərləmişimi,
Tutulubdu bir Eyvazım, əldədi!
Düşmənlərim tamaşaya durarlar,
Şad oluban keyf məclisi qurarlar,
Koroğlu getməsə yəqin qırarlar
Tutulubdu bir sərdarım, əldədi!
Dəlilər tələsik yaraqlandılar, atlarını yəhərlədilər. Koroğlu Misri
qılıncı belinə bağladı. Qalxan asdı, əmud götürdü, üstündən də bir saz
keçirib Qırata mindi. Dəlilər də başında Bağdada tərəf yola düşdü. Hər
yerdən keçib gəldilər Bağdadın kənarına yetişdilər. Şəhərə girməyə az
qalmışdı ki, bir qoca biçinçiyə rast gəldilər. Gördülər qoca taxıl biçir.
Amma gözündən dolu kimi yaş tökür. Koroğlu yaxınlaşıb soruşdu:
– Ay qoca niyə ağlayırsan?
Qoca dedi:
– Neyləyirsən, səndən ki mənim dərdimə dərman olmayacaq, çıx
yolunla get.
Qoca sözünü nə qədər yayındırdısa Koroğlu əl çəkmədi. Axırda
qoca soruşdu:
– İndi ki, əl çəkmirsən, qabaqca de görüm Koroğluynan dostsan,
düşmən?
Koroğlu dedi: – Dost olarıq. Nə var ki, onu niyə xəbər aldın?
Qoca dedi:
– Koroğlunun üç dəlisi gəlib buraya çıxıbdı. Bu gün Bağdadda
onları dar ağacından asacaqlar. Üç cavan iyid oğlanlardı. Elədilər ki,
şəkil kimi, elə doğrusu onların halına ağlayıram.
Koroğlu qocanı belə mərd, namuslu görüb dəlilərə hökm elədi ki,
qılıncları çəkib qocanın taxılını biçsinlər. Dəlilər qılıncları çəkib taxıla
doluşanda qocanın gözləri alacalandı. İki əlini dizinə vurub öz-özünə
dedi:
– Vay evi yıxılan canım! Yəqin bu kələ-kötür oğlu kələ-kötür
paşanın adamlarından imiş. Bu saat taxılı vel-veran eləyib, məni də
öldürəcəklər.
Amma diqqət eləyib baxdı ki, balam bunlar taxılı biçirlər. Qoca
qaldı mat-məhəttəl ki, görəsən bunlar kimdilər. Bu belə fikirlərdə
olsun, dəlilər taxılı biçib dərz-dərz bağlayıb bir tərəfə yığdılar. Elə ki,
hazır oldu Koroğlu üzünü qoca biçinçiyə tutub dedi:
– Qoç Koroğlu elə mənəm ki, varam. İndi Aslan paşanın başına
göydən od tökəcəyəm. Xəzinəsini dağıdıb paylayacağam. Bir xurcun
götürüb xəzinənin qapısında olarsan.
Qoca sevindiyindən bilmirdi ki, nə eləsin. Axırda bir təhər ki,
özünü cəmləyib dedi:
– Bala, şəhərə belə girmə. Aslan paşa xəbər tutar, siz yetişənə
qədər dəliləri azdırar, qoy başındakı dəlilər dört bir dört bir olub
adamlara qarışsınlar, şəhərə elə girsinlər.
Biçinçi qocanın sözü Koroğlunun xoşuna gəldi. Ancaq hələ şəhərə
çox qalırdı. Bir az da getmişdilər bir də gördülər ki, budu qabaqdan bir
atlı tələsik atını sürüb çölə tərəf gedir. Dəli Həsən ata bir məhməz
vurub özünü çatdırdı atlıya. Baxdı ki, bu atlı əynində çuxa, ayağında
başmaq, qanovuz arxalığın üstündən də belində tirmə şal olan
enlikürək, qarnı yoğun bir kişidi. Atın tərkində bir xurcun, xurcunun
bir gözündə çörək, bir gözündə bir sərnic qatıq var idi. Özü də deyəsən
kişi çox tələsirdi.

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR