Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu dastanı/Dəmirçioğlunun Çənlibelə gəlməyi

Koroğlu - Koroğlu dastanı/Dəmirçioğlunun Çənlibelə gəlməyi
Sakura

Koroğlu - Koroğlu dastanı/Dəmirçioğlunun Çənlibelə gəlməyi

Koroğlu dastanı ("Dəmirçioğlunun Çənlibelə gəlməyi" qolu) - 6

Koroğlu bir gün Qıratı nallatmağa aparmışdı. Gəzib-gəzib axırda bazarın lap qurtaracağında kamil bir nalbənd tapdı.

Atdan düşdü, nalbəndə salam verib Qıratı on un qabağına çəkdi.

Nalbənd tez ayağa durub nalları Koroğlunun qabağına tökdü ki, hansını bəyənirsən özün seç.

Koroğlu nalbəndi yaxşı kişi görüb onunla zarafat eləmək istədi.

Nalları bir-bir götürüb əlində bircə dəfə sıxmaqla əzişdirib nalbəndə qaytarırdı ki:

– Canım, bunlar ki, dəmir parçasıdı, nal gəti.

Nalbənd heç bir söz deməyib təzədən Qıratın ayağını ölçüb dörd dənə yaxşı ifçin nal kəsib Qıratı nallamağa başladı. Nalbəndin Qırata gücü çatmırdı. Koroğlu özü qollarını yuxarı çırmadı. Qıratın sağ əlini yerdən götürdü. Belə-belə atın əllərini nalladılar. Nalbənd dal ayaqlarına gələndə Qırat yenidən bədnallıq elədi. Koroğlu nə qədər elədi Qıratın ayağını saxlaya bilmədi ki, bilmədi.

Bunlar burada əlləşməkdə olsunlar, sənə kimdən xəbər verim, nalbəndin oğlundan. Nalbəndin bir yeniyetmə növrəstə cavan oğlu var idi. Adına xırdalığında uşaqlar Dəmirçioğlu demişdilər deyin elə böyümüşdü də hamı Dəmirçi deyib çağırırdı. Dəmirçioğlu iyirmi-iyirmi iki yaşlarında idi, amma sən gəl ki, zalım oğlu illə, ayla yox, günlə, saatla böyümüşdü. Elə iyid, ağıllı, kamallı oğlan idi ki, gəl görəsən. İgidlikdə, gücdə Rüstəm Zala bac verməzdi. Bir baxan istəyirdi, bir də baxsın.

Koroğlu Qıratı nalbəndin qabağına çəkəndə Dəmirçioğlu dükanın içində idi. O, Koroğlunu tanımadı. Amma müştərini güclü, qüvvətli görüb axırını gözləyirdi ki, görsün o nə eləyəcək. Koroğlu nalları əzib yerə atanda istədi ki, çıxıb onun həddini göstərsin, sonra lənət şeytana deyib gözlədi ki, görək axırı nə eliyəcək.

Elə ki, Dəmirçioğlu gördü ki, Koroğlu atın qıçını saxlaya bilmir, yavaşca damdan çıxdı, kirimiş gəlib Qıratın dal ayaqlarının ikisini də yerdən götürdü. At ha çapaladı, dal ayaqlarını Dəmirçioğlunun əlindən qurtara bilmədi. Axırda yorulub durdu. Dəmirçioğlu bir altdan yuxarı Koroğluya baxıb dedi:

– İki-iki adam bir atın əlində aciz qalıblar. Ata, gəl nalla.

Koroğlu bir oğlana baxdı, bir Qırata baxdı. Heç bir söz demədi. Amma lap mat-məhəttəl qalmışdı. Qərəz, nalbənd Qıratın dal ayaqlarını da nallayıb qurtardı. Koroğlu əlini cibinə salıb pul çıxartdı. Dəmirçioğlu pulları alıb mum kimi əzib Koroğlunun özünə qaytardı ki:

– Verirsən əməlli pul ver, bu qırıq əzik-üzükləri niyə mənə verirsən.

Koroğlu alıb pula baxdı, gördü doğrudan da elədi. Cibindən bir qədər də pul çıxardı ona verdi. Dəmirçioğlu bu dəfə pulları iki baş barmağı arasında sürtüb sikkələrini pozdu. Koroğlunun üstünə tullayıb dedi:

– Mənə qəlp pul lazım deyil. Al saxla özünə.

Koroğlu məsələni anladı. Bildi ki, hərif meydan oxuyur. Heç bir söz deməyib bu dəfə pulu nalbəndin özünə verdi.

Koroğlu Qıratı minib getdi. Amma fikir onu götürmüşdü. Bilmirdi necə eləsin ki, Dəmirçioğlunu Çənlibelə gətirib dəlilərin içinə qatsın. Elə bu fikir-xiyal ilə gəlib Çənlibelə çatdı. Dəlilər onun qabağına çıxdılar. Amma baxdılar ki, Koroğlunun kefi üstündə deyil. Elə bil ki, dünyanın bütün dərdi-qəmi ona qalıb. Nə qədər soruşdular, Koroğlu heç bir söz demədi. Bu burada qalsın, sənə deyim Dəmirçioğlundan.

Koroğlu atını sürüb gedəndən sonra nalbənd oğluna dedi:

– Ay oğul, sən neylədin? Dinc oturduğumuz yerdə başımıza iş açdın.

Dəmirçioğlu:

– Ay ata, mən neylədim? Başına iş açdım. O sənin nallarını qırdı, mən də onun pullarını. Rahat oturaydı da. Bu adam uşaq-zad deyil ki, gəlib özünü göstərir.

Nalbənd dedi:

– Ay bala, heç bilirsən o kimdi? O paşalara, bəylərə qan udduran Çənlibelli qoç Koroğludu!

Dəmirçioğlu dedi:

– Ay ata, bunu niyə mənə əzəldən demədin ki, onu qatlayıb dizimin altına alaydım. Ax, onun Koroğluluğunu necə ona bildirərdim.

Nalbənd oğlunu ha danladı ki, bala belə fikirlərdən daşın. O, qoç Koroğludu. Sən onunla bacara bilməzsən. Başa gəlmədi. Axırda atasından oğurlanıb bir kotan zəncirini də götürüb bel bağı əvəzinə belinə bağlayıb Çənlibelə yola düşdü. Özünə söz vermişdi ki, gərək lap onun Qıratını götürüb gələm. Qoy bundan sonra beş özündən deyəndə bir də məndən desin. Koroğlu, Koroğlu, mən də deyirəm ki, görəsən necə şeydi. Ona elə bir düdəmeyi-hindi gəlim ki, əlləzinəni əzbərdən oxusun. Qərəz, bu fikir-xiyal ilə Dəmirçioğlu gecələrin birisində gəlib Çənlibelə çatdı. Bu tərəfdən də Koroğlu yemir, içmir, dinmir, danışmırdı.

Elə Çənlibelin yenəcəyində yolun ağzında oturub gözlərini zilləyirdi yola. Onun ürəyinə dammışdı ki, Dəmirçioğlu gələcək. Deyirdi əyər o doğrudan da iyid olsa gərək gələ.

Elə ki, Dəmirçioğlu gəlib çatdı, Qırat olan töyləni axtarırdı ki, birdən Koroğluya rast gəldi. Gecə çox qaranlıq idi deyin Dəmirçioğlu onu tanımadı. Qabaqca heç Koroğlu da onu tanıya bilmədi. Tez durub qabağını kəsdi ki:

– Kimsən, gecə vaxtı burada nə gəzirsən?

Dəmirçioğlu dedi: – Bəs sən kimsən?

Koroğlu səsindən onu tanıdı, ancaq özünü tanıtmamaq üçün səsini qısıb dedi:

– Mən oğruyam.

Dəmirçioğlu dedi:

– Elə mən də oğruyam. Gəlmişəm Koroğlunun Qıratını aparam.

Bir neçə gün bundan əvvəl Koroğlu atını nallatmağa gəlmişdi. Yaxşı əlimə keçmişdi hayıf ki, tanımamışam. Əlimdən can qurtarıb gedib. Sonra bilmişəm ki, Koroğlu imiş. Ancaq bu dəfə əlimdən salamat qurtara bilməyəcək.

Koroğlu Dəmirçioğlunun gücünü, iyidliyini sınamaq üçün onu töylənin qapısına apardı. Dəmirçioğlu töylənin qapısını qıfıllı görüb damın üstünə çıxdı. Dəmirçioğlu bir su içim saatda, Koroğlu da onun dalınca töylənin belini dəlib yekə bir yer açdılar. Sonra Dəmirçioğlu belindəki zənciri Koroğluya verib dedi:

– Gəl içəri gir, bu zənciri Qıratın döşünün altından salıb bağla, bir ucunu da mənə ver.

Koroğlu töyləyə düşdü. Zənciri Qıratın döşünün altından keçirib bağladı. Koroğlu gördü Qırat elə ayağı buxovlu-buxovlu qalxır göyə.

Koroğlu qışqırdı ki:

– Əyə, dayan, a zalım oğlu, hələ bağlayıb qurtarmamışam. Koroğlu qəsdən zəncirin ucunu Dürata da bağladı. Dəmirçioğlu güc vercək Dürat Qıratla qarışıq qalxdı. Koroğlu gördü yox, bu kərgadan kimi bir şeydi. Zənciri daşa bağlasa, lap Çənlibeli göyə çəkər.

Qışqırdı ki:

– Ayə dayan!

Qərəz, Koroğlu zənciri bağladı Qırata, özü də yapışdı atın ayağından. Bir vaxt gözünü açıb gördü damdadı. Atın ayağından buxovu qırıb atdı, sonra Koroğluya dedi:

– İndi gəl min tərkimə gedək.

Bəli, onlar Qırata minib düşdülər yola. Koroğlu yol uzunu öz-özünə fikir eləyirdi ki, əyər mən birdən qucaqlayıb bunu tutsam, qollarını bağlamağa gücüm çatmayacaq. Qılıncla da ki, vursam öləcək. Qalmışdı məhəttəl ki, necə eləsin. Çox götür-qoydan sonra axırda bu qərara gəldi ki, Dəmirçioğluna bir əmud vursun, yıxılanda tutub qollarını bağlasın. Bu xiyal ilə onun təpəsindən bir əmud yendirdi. Dəmirçioğlu geri dönüb dedi:

– Bura bax, bir də belə erkək zarafat eləmə.

Koroğlu heç bir söz demədi. Bir qədər də getmişdilər. Bir də Koroğlu dedi:

– Aşna, bura bax, şər deməsən, xeyir gəlməz, indi işdi birdən Koroğlu Qıratın aparıldığını bilib dalımızca gəldi, onda nə eliyərik?

Dəmirçioğlu dedi:

– Nə olar gələndə? Dünənnən gəlsin, bu gün də iki gün olsun.

Koroğlu dedi:

– Bəs sən ondan heç qorxmayırsan?

Dəmirçioğlu dedi:

– Mən onun nə qılıncından, nə qalxanından, nə əmudundan qorxmuram. Amma deyirlər dava eliyəndə onun bir nərə çəkməyi var. Onu da eşitmişəm, amma deyirlər çox dəli nərədi. Qorxsam, qorxsam bəlkə bircə o nərəsindən qorxam.

Bir az gedəndən sonra Koroğlu ağızını onun qulağına yapışdırıb bir bərk nərə çəkdi. Dəmirçioğlu o saat özündən gedib düz Qıratın ayağı altına düşdü. Koroğlu fürsəti əldən verməyib tez atdan düşdü, onun qollarını öz zənciri ilə daldan möhkəm-möhkəm bağladı. Dəmirçioğlu özünə gələndə qollarını bağlı görüb dedi:

– Əyə, olmaya elə sən Koroğlusan?

Koroğlu dedi:

– Bəli özüyəm ki, var.

Dəmirçioğlu dedi:

– Doğrudan da Koroğlusan. Əhsən sənin nərənə. O ad sənə halaldı. Qollarımı aç gedək. Bu gündən sonra səninlə dost oldum.

Koroğlu dedi:

– Yox, aşna, keçəl suya getməz. Üz vurma, qollarını aça bilməyəcəyəm. Dur, elə belə gedək.

Dəmirçioğlu bir də dedi:

– Əyə, kişisən, aç qollarımı, deyirəm səninlə dostam.

Koroğlu qulaq asmadı. Dəmirçioğlu işi belə görəndə dedi:

– Əyə, mən kişiyəm. Söz verdim elədi. Sən deyirsən ki, bəs sən açmayanda mən özüm aça bilməyəcəyəm. Aha...

Dəmirçioğlu bircə dəfə güc verən kimi zəncir parça-parça oldu. Bir ucu dəydi Koroğlunun başına. Bayax ha yıxılıb özündən getdi. Dəmirçioğlu su-zad səpib onu özünə gətirdi. Sonra dedi:

– Koroğlu, mənə etibar eləyib qollarımı açmadın. Amma mənim sözüm sözdü. Səndən ayrılmaram. Haraya gedirsən gedək.

Koroğlu ilə Dəmirçioğlu təzədən Qırata tərkləşib Çənlibelə gəldilər. Dəlilər, xanımlar yığıldılar. İndi bildilər ki, Koroğlu bu günlərdə niyə burnu aşağı imiş. Məclis quruldu. Nigar xanım Dəmirçioğlunu beli, başı açıq görüb soruşdu:

– Yaxşı, bəs belin niyə belə açıqdı?

Dəmirçioğlu dedi:

– Bircə toqqam var idi. Koroğlu qollarımı bağlamışdı. Hirslənib dartdım qırıldı.

Koroğlu zəncir əhvalatını danışdı. Hamı onun gücünə və qüvvəsinə əhsən dedi. Nigar xanım ona sataşmaq məqsədi ilə bir dəvə gönü göstərib dedi:

– Götür, bir zolaq kəs, bağla belinə.

Dəlilərdən birisi zarafat üçün bir enli zolaq dəvə gönü kəsib ona verdi. Dəmirçioğlu bağladı belinə. Yerə oturanda gön düz ortadan qırıldı. Koroğlunun kefi elə idi ki, az qalırdı aya dırmaşsın. Belə bir iyidin Çənlibelə gəlib dəlilərə qoşulması onu çox sevindirirdi. Dəmirçioğlu da sözünün üstündə durdu. Dəlilərlə dostlaşıb Koroğlunun arxası oldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR