Slimfit
  1. TEXNOLOGİYA

Kompüter şəbəkəsi

Kompüter şəbəkəsi
Sakura

Kompüter şəbəkəsi — rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və…

Kompüter şəbəkəsi — rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.

Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır:

  • kompüterlər;
  • kommunikasiya avadanlıqları;
  • şəbəkə əməliyyat sistemləri;
  • şəbəkə tətbiqləri (network applications);
  • əlaqə kanalları.

 

Kompüter şəbəkəsi: əsas anlayışları

Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır:

  • Server- şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir.
  • Kliyent kompüteri - (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir.
  • Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır.
  • Proqram-kliyent - uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer).
  • Konsentrator - bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
  • Təkrarlayıcı - siqnalın verilmiş ötürücü fiziki mühitində nəzərdə tutulmuş məsafədən böyük məsafəyə ötürüldüyü zaman, onun formasının və amplitudasının saxlanmasını təmin edən qurğudur.
  • Hab (hub) - kompüterləri şəbəkəyə birləşdirməyə imkan verən qurğudur.
  • Modem - rəqəmsal siqnallarının telefon xətləri vasitəsilə ötürülməsi üçün onları analoq formasına və əksinə çevirən qurğudur. Bu zaman modemdə informasiya siqnallarının modulyasiyası və demodulyasiyası həyata keçirilir.
  • Verilənlərin ümumi istifadəsi - müxtəlif iş yerlərindən digər kompüterlərdə olan fayllara girişə imkan verir.
  • Proqram vasitələrinin ümumi istifadəsi - istifadəçilərə digər kompüterlərdə qurulmuş proqramları istifadə etməyə imkan verir.
  • Paket - kompüter şəbəkələrində informasiyanın əsas vahididir. Verilənlərin paketlərə bölünməsi zamanı şəbəkədəki hər bir kompüter praktiki olaraq verilənlərin digər kompüterlərlə eyni zamanda qəbulu və ötürülməsi imkanını əldə edir.
  • Protokol – kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşmalar toplusudur.
  • Şəbəkə protokolları – şəbəkədə məlumatların təqdimat formalarını və ötürülmə üsullarını, müxtəlif avadanlıqların birgə işləmə qaydalarını müəyyən edən standarlardır.

 

Şəbəkələrin arxitekturaları və təsnifatı

Kompüter şəbəkələri aşağıdakı təsnifat əlamətlərinə malikdirlər:

  • Topologiya;
  • Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkili;
  • Ötürmə mühiti;
  • İnformasiyanın ötürülmə sürəti;
  • Ölçüsü.

Şəbəkənin topologiyaya görə təsnifatı

Kompüter şəbəkələri

Şəbəkənin topologiyasıkompüterlərin əlaqə kanalları vasitəsi ilə birləşdirilməsinin məntiqi sxemidir.

Tam əlaqəli və qeyri-tam əlaqəlitopologiyalar mövcuddur.

Ən çox yayılmış şəbəkə topologiyaları:

Tam əlaqəli topologiya. Şəbəkənin hər bir kompüteri qalan digər kompüterlərlə bilavasitə birləşir. Sadəliyinə baxmayaraq, bu topologiya böyük və qeyri-effektivdir. Çünki hər bir kompüter şəbəkənin qalan digər kompüterləri ilə birləşmək üçün çoxlu sayda kommunukasiya portuna malik olmalıdır.

Halqavari topologiya. Bütün kompüterlər ardıcıl bir halqada birləşirlər və serverin funksiyaları şəbəkənin bütün kompüterləri arasında paylanır. Bilavasitə informasiya mübadiləsi ancaq iki qonşu kompüter arasında baş verir.

Halqavari topologiyanın üstülükləri aşağıdakılardır:

  1. Məlumatın ötürülməsi çox effektivdir, çünki bir birinin ardınca bir neçə məlumat göndərmək olar. Yəni kompüter birinci məlumatı göndərdikdən sonra onun ünvana çatmasını gözləmədən növbəti məlumatı göndərə bilər.
  2. Şəbəkənin ölçüsü böyük ola bilər, yəni siqnalın gücləndirilməsi üçün xüsusi qurğu istifadə etmədən kompüterlər bir-birilə böyük məsafədə qoşula bilərlər.

Bu topologiyanın çatışmazlıqları:

  1. Şəbəkənin aşağı etibarlı olması, çünki hər hansı bir kompüterin dayanması bütün şəbəkənin dayanmasına gətirib çıxarır
  2. Yeni kliyentin (kompüterin) qoşulması üçün şəbəkənin işini dayandırmaq lazımdır.
  3. Kliyentlərin (kompüterlərin) sayı artdıqca şəbəkənin sürəti aşağı düşür, çünki bütün informasiya hər bir kompüterdən keçir və onların imkanları məhduddur.
  4. Şəbəkənin ümumi məhsuldarlığı ən yavaş işləyən kompüterin məhsuldarlığı ilə müəyyən edilir.

Ulduzvari topologiya hər bir kompüterin ayrı xətlə bilavasitə ümumi mərkəzi qovşağın (konsentratorun, təkrarlayıcının və ya habın) ayrı-ayrı portuna qoşulan zaman yaranır. Bu qovşağın funksiyasına hər hansı bir kompüter tərəfindən göndərilən informasiyanın bir və ya digər bütün kompüterlərə ötürülməsi daxildir. Həmçinin mərkəzi qovşaq qismində mərkəzi kompüter (server) istifadə oluna bilər. Server məlumatların ötürülmə marşrutunu təmin edir, periferiya qurğularını qoşur və bütün şəbəkə üçün verilənlərin mərkəzləşdirilmiş saxlancı rolunu oynayır. Bu topologiyanın üstünlükləri:

  1. Şəbəkə yüsəksürətlidir, çünki şəbəkənin ümumi məhsuldarlığı ancaq mərkəzi qovşağın məhsuldarlığından asılıdır
  2. Şəbəkədə ötürülən verilənlər “toqquşmur”, çünki verilənlər kompüterlər və server arasında ayrı-ayrı kanallar vasitəsi ötürülür.

Çatışmazlıqları:

  1. Aşağı etibarlılıq, çünki bütün şəbəkənin etibarlılığı mərkəzi qovşağın etibarlılığı ilə müəyyən edilir. Əgər mərkəzi kompüter sıradan çıxarsa, onda bütün şəbəkənin işi dayanar.
  2. Kompüterlərin şəbəkəyə qoşulması baha başa gəlir, çünki mərkəzi qovşaqdan kompüterə ayrı xətt çəkmək lazımdır.

Ağacvari topologiya. Şəbəkədə bir neçə konsentrator istifadə olunur və kompüterlər bir biri ilə iyerarxiya üzrə ulduzvari şəkildə birləşir (şək. 6). Bu şəbəkəyə qoşulmiş istənilən kompüter server ola bilər. Hal-hazırda həm lokal, həm də qlobal şəbəkələrdə ən geniş yayılmış şəbəkə topologiyasıdır.

Ümumi şin topologiyası. Mərkəzi element qismində passiv koaksial kabel iştrak edir və kompüterlər bu kabelə qoşulur (şək. 7). Onun sonlarında terminator qoşulmalıdır. Ötürülən informasiya kabel vasitəsilə yayılır və bu kabelə qoşulmuş bütün kompüterlər üçün əlçatandır. Ümumi şin topologiyalı şəbəkənin ən geniş yayılmış növü Ethernetşəbəkəsidir (informasiyanı ötürmə sürəti 10-100 Mbit/san). Ümumi şin topologiyasının üstünlükləri:

  1. İşçi stansiyalarını bir-birindən asılı olmayaraq qoşmaq olar, yəni, yeni kompüterin qoşulması zamanı informasiyanın ötürülməsini dayandırmağa ehtiyac yoxdur.
  2. Belə topologiyalı şəbəkələrin qurulması ucuz başa gəlir, çünki yeni kompüterlərin qoşulması zamanı yeni xətlərin çəkilməsinə ehtiyac yoxdur.
  3. Şəbəkə yüksək etibarlılığa malikdir, çünki şəbəkənin iş qabiliyyəti ayrı-ayrı kompüterlərin iş qabiliyyətindən asılı deyil.

Ümumi şin topologiyasının çatışmazlıqları:

  1. Verilənlərin ötürülməsi sürətinin aşağı olması, çünki bütün informasiya bir kanal (şin) vasitəsilə ötürülür.
  2. Şəbəkəninsürəti qoşulmuş kompüterlərin sayından asılıdır, Şəbəkəyə qoşulmuş kompüterlərin sayı nə qədər çox olarsa, informasiyanın bir kompüterdən digər kompüterə ötürülməsi aşağı sürətlə baş verir.
  3. Təhlükəsizliyi aşağıdır, çünki hər bir kompüterdəki informasiya istənilən digər kompüterdən əlyetən ola bilər.

Kompüterlərin qarşılıqlı əlaqəsinin təşkilinə görə şəbəkələr bölünür:

  • Eyniranqlı şəbəkələrə;
  • Ayrılmış serverli şəbəkələrə.

Eyniranqlı şəbəkələrdə bütün kompüterlər eyni prioritetə malikdirlər. Hər bir kompüterdə Microsoft Windows əməliyyat sisteminin istənilən versiyası qurulur. Hər bir istifadəçi öz kompüterinin resurslarına digər istifadəçilərin girişinə icazənin verilməsi qərarını özü qəbul edir. Bu şəbəkənin ən sadə variantıdır. Eyniranqlı şəbəkənin qurulması üçün kompüterlərin kabel vasitəsilə birləşdirilməsi və əməliyyat sisteminin (məsələn, Windows XP Professional) qurulması kifayətdir.

Ayrılmış serverli şəbəkələrə

Ayrılmış serverli şəbəkədə serverin və işçi stansiyaların resursları serverdən mərkəzləşdirilmiş şəkildə idarə olunur. Belə şəbəkələrin yaradılması üçün hər hansı bir kompüterdə server əməliyyat sistemi, məsələn, Windows Server 2003 qurulmalı və tənzimlənməlidir. Bu serverdə istifadəçilərin qeydiyyatı üçün baza yaradılır və resursların və istifadəçilərin kateqoriyaları müəyyən edilir. Kliyent kompüterində əməliyyat sistemi (məsələn, Windows XP Professional) qurulur. Şəbəkəyə qoşulan zaman hər bir istifadəşi serverdə qeydiyyatdan keçir və bundan sonra ümumi şəbəkə resursuna giriş əldə edir. Çox zaman ayrılmış server yalnız müəyyən bir funksiyanı (rolu) yerinə yetirir, məsələn: Fayl-serveri faylların saxlanmasına xidmət edir;

  • Çap serveri printerləri ümumi istifadəyə təqdim edir;
  • Tətbiqlər serveri istifadəçilərin şəbəkə tətbiqlərilə işini təmin edir;
  • Web-server verilənlərə ümumi girişi təmin edir;
  • Elektron poçtserveri istifadəçilərin poçt qutusunu saxlayır və şəbəkədə poçtun çatdırılmasını təmin edir və s.

Ötürmə mühitinə görə şəbəkələr naqilli və naqilsiz şəbəkələrə bölünürlər.

Naqilsiz şəbəkələr-kabel sisteminin çəkilməsi məqsədəuyğun olmayan, çətin və ya mümkün olmayan yerlərdə istifadə olunur. Bu zaman şəbəkə informasiyanın ötürülməsi qismində radio-dalğaları istifadə edən adapterlərin köməyi ilə reallaşdırılır.

İnformasiyanın ötürülmə sürətinə görə şəbəkələr aşağısürətli (10 Mbit/san qədər), ortasürətli (100 Mbit/san qədər) və yüksəksürətli (100 Mbit/san çox) şəbəkələrə bölünür.

Ölçüsünə görə şəbəkələr qlobal, lokal, və şəhər (regional) şəbəkələrə bölünür:

  1. Qlobal şəbəkələr( Wide Area Network, WAN)
  2. Lokal şəbəkələr( Local Area Network, LAN)
  3. Şəhər (regional) şəbəkələr( Metropolitan Area Network, MAN)

Qlobal kompüter şəbəkələri Qlobal kompüter şəbəkələri — bir-birlərindən çoğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peykrabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.

Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir.

Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.

Lokal kompüter şəbəkələri

Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur. Lokal şəbəkələr ən geniş yayılmış şəbəkə növüdür.

Korporativ şəbəkə

Korporativ şəbəkə - lokal şəbəkəyə aid olub, hər hansı təşkilat daxilindəki kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.

Şəhər (regional) şəbəkəsi Şəhər (regional) şəbəkəsi (MAN - Metropolitan Area Network) - böyük şəhərin informasiya tələbatını təmin edən şəbəkədir. Şəhər şəbəkəsi rəqəmsal verilənlərin, səsin ötürülməsini dəstəkləyə və kabel televiziyasına malik ola bilər.

Xüsusiyyətlər

Kompüter şəbəkəsi elektrik mühəndisliyi, elektronika mühəndisliyi, telekommunikasiya, kompüter elmləri, informasiya texnologiyaları və ya kompüter mühəndisliyi şöbəsi hesab edilə bilər, çünki müvafiq fənlərin nəzəri və praktiki tətbiqinə əsaslanır.

Kompüter şəbəkəsi istifadəçilərə müxtəlif vasitələrlə effektiv və asanlıqla ünsiyyət qurmağa imkan verən kişilərarası ünsiyyəti asanlaşdırır: e-poçt, anlık mesajlaşma, onlayn chat, telefon, video telefon zəngləri və video konferans. Şəbəkə şəbəkə və hesablama resurslarının paylaşılmasına imkan verir. İstifadəçilər paylaşılan şəbəkə printerində sənəd yazmağı və paylaşılan saxlama cihazının istifadəsi kimi ağda olan qurğularla təmin olunan resurslardan istifadə edə və istifadə edə bilərlər. Şəbəkə, səlahiyyətli istifadəçilərə ağdakı digər kompüterlərdə saxlanılan məlumatlara giriş imkanı verən faylları, məlumatları və digər məlumat növlərinin paylaşılmasına imkan verir. Distributed computing vəzifələri yerinə yetirmək üçün ağda hesablama resurslarından istifadə edir.

Şəbəkə ilə əlaqəli qurğularda kompüter virusları və ya kompüter qurdları yerləşdirmək və ya bu qurğular şəbəkəyə daxil olmağın qarşısını almaq üçün təhlükəsizlik hackerları tərəfindən kompüter şəbəkəsi istifadə edilə bilər.

 

Kommutasiya üsulları

Kommutasiya dedikdə, bir neçə alternativ marşrutlara malik olan şəbəkələrdə, iki qovşaq arasında informasiya mübadiləsinin həyata keçirilməsi üçün verilənlərin ötürülməsi istiqamətinin seçilməsi və təşkili texnologiyası başa düşülür. Kommutasiyanın üç müxtəlif sxemi mövcuddur:

  • kanalların kommutasiyası (circuit switching);
  • paketlərin kommutasiyası (packet switching);
  • məlumatların kommutasiyası (message switching).

Kanalların kommutasiyası verilənlərin iki qovşaq arasında birbaşa ötürülməsi üçün ayrı-ayrı kanal hissələrinin ardıcıl birləşdirilməsi nəticəsində fiziki kanalın yaradılmasını nəzərdə tutur. Müxtəlif kanallar öz aralarında xüsusi aparatların - kommutatorların vasitəsi ilə birləşirlər.

Paketlərin kommutasiyası zamanı şəbəkə istifadəçilərinin göndərdiyi bütün məlumatlar ilkin qovşaqda nisbətən kiçik hissələrə paketlərə bölünür. Adətən paketlər dəyişən uzunluğa (46 – 1500 bayt) malik ola bilər. Şəbəkədə paketlər müstəqil informasiya blokları kimi ötürülür. Şəbəkə kommutatorları sonuncu qovşaqlardan paketləri qəbul edir və ünvan məlumatlarının əsasında lazımi ünvana göndərir.

Məlumatların kommutasiyası dedikdə vahid verilənlər blokunun kompüter şəbəkəsində hər bir tranzit kompüterin diskində müvəqqəti buferləşdirilməsi ilə ötürülməsi kimi başa düşülur. Paketdən fərqli olaraq məlumat ixtiyari uzunluğa malik olur və onun ölçüsü texnoloji nöqteyi-nəzərdən deyil, məhz məlumatı təşkil edən informasiyanın məzmunu ilə (mətn sənədi, fayl, elektron məktub) müəyyən olunur. Tranzit kompüterlər öz aralarında həm paket kommutasiyalı, həm də kanal kommutasiyalı şəbəkələrin köməyi ilə birləşə bilərlər.

 

Şəbəkə protokolları

Protokol — Şəbəkə vasitəsi ilə ötürülən informasiyanın standartlaşdırılması üçün şəbəkə protokolları işlənmişdir. Protokol kompüter şəbəkəsində verilənlərin ötürülməsi üçün qaydalar və razılaşma toplusudur. Müəyyən protokol əsasında yaradılmış paket müəyyən formata malikdir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:

  • İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi.
  • İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməam təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü və s.

Kompüter şəbəkələrində aşağıdakı protokollardan istifadə edilir:

  • ARCNET
  • DECnet
  • Ethernet
  • IP
  • TCP protokolu
  • UDP
  • AppleTalk
  • Token Ring
  • IPX
  • SPX
  • FDDI
  • HIPPI
  • Myrinet
  • QsNet
  • ATM
  • RS-232
  • IEEE-488
  • USB
  • IEEE 1394(Firewire, iLink)
  • 25
  • Frame relay
  • Bluetooth
  • IEEE 802.11
  • Systems Network Architecture
  • RapidIO
  • DHCP

 

OSI modeli

1983-cü ildə Beynalxalq Standartlaşma Təşkilatı (ISO) tərəfindən açıq sistemlərin qarşılıqlı əlaqəsinin modeli yaradılmışdır. Bu model OSI(Open System Interconnection - Açıq sistemləin qarşılıqlı əlaqəsi) adlandırılmışdır və müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. OSI modelində aşağıdakı səviyyələr vardır:

  • Fiziki səviyyə (Physical layer) – 1-ci və ən aşağı səviyyədir. Bu səviyyə fiziki əlaqə kanallarında informasiyanın (bitlərin) elektrik, optik və ya radiosiqnal şəkilində ötürülməsini təmin edir. Bu səviyyədə siqnalların səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.
  • Kanal səviyyəsi (Data Link layer) – 2-ci səviyyədir və şəbəkələrin fiziki səviyyədə qarşılıqlı əlaqəsinin təmin edilməsinə xidmət edir və baş verə biləcək səhvlərə nəzarət edir. Fiziki səviyyədən alınmış verilənlər kadrlarda (frame) yerləşdirilir, bütövlüyü və səhvləri yoxlanılır və şəbəkə səviyyəsinə göndərilir.
  • Şəbəkə səviyyəsi (Network layer) – 3-cü səviyyədir və verilənlərin ötürülməsi yollarının (marşrutlarının) müəyyən edilməsi üçün təyin edilmişdir. Məntiqi ünvanların və adların fiziki ünvanlara çevrilməsinə, qısa marşrutların müəyyən edilməsinə, şəbəkədəki nasazlıqların və tıxacların izlənilməsinə cavabdehdir.
  • Nəqliyyat səviyyəsi (Transport layer) – 4-cü səviyyədir və verilənlərin səhvsiz, itkisiz, təkrar edilmədən və göndərilmiş ardıcıllıqla ünvana çatdırılması üçün təyin edilmişdir. Bu zaman ötürülən verilənlərin tipi əhəmiyyət kəsb etmir, sadəcə bu səviyyə ötürmə mexanizmi təqdim edir.
  • Seans səviyyəsi (Session layer) - 5-cı səviyyədir və əlaqə seansının təmin edilməsinə cavabdehdir və tətbiqlərin uzun müddət öz aralarında qarşılıqlı əlaqədə olamalarına imkan verir. Bu səviyyə seansın yaradılmasını və sona çatdırılmasını, informasiya mübadiləsini, sinxronlaşdırmanı, verilənlərin ötürülməsi hüququnun müəyyən edilməsini və tətbiqlərin aktiv olmadıqları müddətdə seansın saxlanmasını idarə edir.
  • Təqdimetmə səviyyəsi (Presentation layer) - 6-cı səviyyədir və informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə informasiya bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə aydın şəkildə təqdim edilir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmə, sıxılma) üsullarını müəyyən edir.
  • Tətbiqi səviyyə (Application layer) – 7-cı ən yüksək səviyyədir, şəbəkə və istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Bu səviyyə istifadəçi tətbiqlərinin (user applications) şəbəkə xidmətlərinə girişinə icazə verir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR