Komitə sədri: "Prezidentin görüşdə verdiyi tapşırıqların icrasına başlamışıq"
"Prezident İlham Əliyevlə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq".
APA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
“Cənab Prezidentin söylədiyi kimi gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Bunun üçün dövlət başçısı tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib. Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetirilmiş olacaq", - deyə o əlavə edib.
Komitə sədri qeyd edib ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə tikilir: "Binəqədi rayonunun Xocasən qəsəbəsində 800 ailəlik yeni qəsəbə salınacaq. Sumqayıt şəhərində də köçkünlər üçün bir qəsəbə tikilir, digərinin tikintisinə isə gələn ilin əvvəlində başlanılacaq. Bu ilin sonuna qədər 6000-ə qədər ailə köçürüləcək. Hazırda Komitə tərəfindən Bakı və rayonlarda 3700-dən çox ailəlik qəsəbə tikilir. Özəl sektorun da buna çox böyük töhfəsi var".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət