Slimfit
  1. AVTO VƏ MOTO

Köhnə avtomobillərə əlvida: Kasıb təbəqə daha maşın sürməyəcək?

Köhnə avtomobillərə əlvida: Kasıb təbəqə daha maşın sürməyəcək?
Sakura

Köhnə avtomobillərə əlvida: Kasıb təbəqə daha maşın sürməyəcək?

Artıq sahibsiz hesab edilən avtomobillər utilizasiyaya veriləcək. “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində də Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqının alınması nəzərdə tutulur. Yəni gömrük rəsmiləşdirilməsi zamanı istehsalından dörd ildən artıq zaman keçən avtomobillərə görə, qanuna uyğun olaraq, utilizasiya haqqı alınacaq.

Bəs proses necə olacaq? Qiymət fərqi necə tənzimlənəcək? Çünki vətəndaşlar avtomobil bazarında qiymətlərin kəskin artacağını və kasıb təbəqənin ümumiyyətlə avtomobillə vidalaşacağını düşünürlər.

Vətəndaşlar şayiələrə inanmamalıdırlar

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Oxu.Az-a bildirib ki, utilizasiya proqramı könüllü həyata keçiriləcək. Vətəndaşlar ajiotaja qapılmamalı, şayiələrə inanmamalıdırlar:

“Utilizasiya proqramına bu gün, həqiqətən də, ehtiyac var. Lakin nəzərə almaq lazımdır ki, bu proqram böyük iqtisadi, sosial layihədir. Bir günə tətbiq etmək mümkün deyil. Bunun üçün ilk növbədə utilizasiya sənayemiz olmalı, qanunvericilik bazamız təkmilləşdirilməlidir. Sahibsiz avtomobillərlə bağlı qanunda edilən dəyişikliklər böyük utilizasiya proqramına hazırlıqdır”.

Əvvəl 19 min manata olan indi 34 min manatadır

Mütəxəssis deyir ki, ölkənin avtomobil parkı 2016-cı ildən bu günə qədər çox sürətlə köhnəlib. Bu parkın yenilənməsi mütləqdir:

“2015-16-cı illərdə manatın devalvasiyası oldu. Həmin vaxt 19 min manata satılan yeni avtomobilin qiyməti hazırda 34 min manatdır. İndi 19 min manata ancaq köhnə avtomobil almaq mümkündür. Bu səbəbdən avtomobil parkı sürətlə köhnəldi. Nazirlər Kabinetinin yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana idxalına qadağa qoyulması ilə bağlı qərarı da avtomobil parkının yenilənməsi üçün atılan addımlardandır. Növbəti addım isə ölkəyə idxal olunan avtomobillərin “Avro 5” standartlarına cavab verməsi olacaq. Daha sonra utilizasiya proqramı haqqında düşünmək mümkündür”.

Avtomobil qəbiristanlığı tarix olur?

Sahibsiz avtomobillərin utilizasiyası avtomobil qəbiristanlığında olan ehtiyat hissələrinin də taleyini sual altına qoyur. Məlumdur ki, ikinci əl avtomobil sahibləri ehtiyat hissələrini məhz “ölüxana”lardan ucuz qiymətə alırdılar. Utilizasiya həyata keçirilərkən avtomobil qəbiristanlığı da tarixə qovuşacaqmı?

E.Cəfərov deyir ki, bu proses artıq onlara tələbatı azaldacaq və qiymətlər kəskin şəkildə enəcək:

“Köhnə avtomobillərin ölkəyə gətirilməsi məhdudiyyəti ilə bağlı qərardan sonra qiymətlərdə artım müşahidə edilir. İkinci əl avtomobil bazarında qiymətlər təxminən beş faiz yüksəlib. Utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ölkədə ikinci əl avtomobillər üçün satılan ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Yay mövsümündən sonra bunu müşahidə edəcəyik. Çünki park yenilənirsə, təbii ki, ikinci əl ehtiyat hissələrinə artıq ehtiyac qalmayacaq. Ölkədə avtomobil qəbiristanlıqlarının sayı və köhnə ehtiyat hissələrinin idxalı azalacaq”.

 

Mühərrik həcmi kiçik olan nəqliyyat vasitələri ucuzlaşacaq?

Mütəxəssis düşünür ki, növbəti addım mühərrik həcmi kiçik olan yeni nəqliyyat vasitələrinə güzəştlər tətbiq edilməsidir:

“Daha sonra ölkədə artıq mövcud olan avtomobil sənayesinin təkmilləşdirilməsi prosesi həyata keçiriləcək. Bu gün ölkəmizdə cəmi iki minə qədər minik avtomobili istehsal olunur. Amma perspektivdə bu say 10 minə qədər qalxa bilər. Çünki yeni minik avtomobili istehsal edən zavodlarımızın da artıq təməli qoyulub. Bu da ikinci əl avtomobilləri və ehtiyat hissələrinin qiymətlərini kəskin azaldacaq”.

Proqramın icrasında problemlər var

Nəqliyyat eksperti Rauf Ağamirzəyev deyir ki, utilizasiya proqramı ideya olaraq yaxşıdır, lakin icrasında problemlər var:

“Proqramın ilk hədəflərindən biri avtomobil parkının yenilənməsi, yerli istehsalın stimullaşdırılmasıdır. Son illər Avropada ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin təşviqi trendi var. Azərbaycan da buna qoşulub. Bizdə elektromobillər üç illik, Azərbaycanda istehsal olunan avtomobillər 10 illik ƏDV-dən azad edilib. Bu addım stimullaşdırıcı sayıla bilər. Sadəcə, “bu istehsal yerli bazardakı tələbatı qarşılaya biləcəkmi?” kimi sualların cavabı məlum deyil”.

Ən böyük yük ictimai nəqliyyatın üzərinə düşməlidir
Mütəxəssis vurğulayır ki, köhnə avtomobillərin tullantı baxımından həm ekologiyaya ziyanı var, həm də gündəlik həyatımıza mənfi təsir edir. Onun sözlərinə görə, ekologiyanın avtomobil bazarı ilə bağlı zərərli tullantılardan təmizlənməsi işində ən böyük yük ictimai nəqliyyatın üzərinə düşməlidir:

“Ümumiyyətlə, avtomobilləşmənin fəsadları çoxdur. Köhnə avtomobildən axan yağlar baha başa gələn yol infrastrukturunun vaxtından tez sıradan çıxmasına səbəb olur. Müxtəlif çeşidli ictimai nəqliyyat növlərinin ölkəyə gətirilməsinə ehtiyac var. 2015-ci ildən etibarən Azərbaycana sıxılmış qazla işləyən avtobuslar, elektrobuslar gətirilir. Dəmir yoluna yatırılan investisiya ilə ekoloji cəhətdən təmiz qatarlar gətirilib. Keyfiyyətli ictimai nəqliyyata çıxış avtomobildən asılılığı azalda bilər. Həmçinin, mikromobillik vasitələri, 1-3 km-lik hərəkət üçün velosiped zolaqlarının təşkili, velosipedlərin və skuterlərlə hərəkətin təmini də ekoloji cəhətdən təmiz mobillik növlərindən biridir”.

Vətəndaşların elektromobilləri almaq imkanları məhduddur

Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin baş müəllimi Bulud Bağırov isə deyir ki, kasıb və orta təbəqənin hazırda gələn elektromobilləri almaq imkanları yoxdur. Onun sözlərinə görə, indiki sistem, əksinə, şəhərdə avtomobil sayını artırır:

“Yeni avtomobillərin ölkəyə idxalından öncə utilizasiya məsələsinə baxılmalıdır. Azərbaycanda bu proses çoxdan başlamalı idi. Bu məsələ elə bir formada tənzimlənməlidir ki, vətəndaşlar da narazı qalmasın. Naxçıvanda utilizasiya edilən köhnə avtomobillərin əvəzinə vətəndaşlara 100-150 dollar verilirdi. Hamı narazı idi. Avtomobillər vətəndaşın şəxsi mülküdür. Qarşılıqlı anlaşma əsasında utilizasiya həyata keçirilməlidir. Çox yaxşı proqramdır. Yeni avtomobillərin gəlməsinə, tıxacların azalmasına səbəb olacaq. Ancaq kasıb təbəqə ziyana düşməməlidir”.

Mütəxəssisin sözlərinə görə, heç kim düşünməsin ki, yararsız maşını utilizasiya ediləndə ona yeni avtomobilin dəyəri miqdarında ödəniş ediləcək. Bu, normal deyil, dövlət bunu etməməlidir:

“Maşını utilizasiyaya gedən vətəndaş zərər edəcək, amma bu zərər çox olmamalıdır. Yəni vətəndaş 10 min manat yox, 5 min manat ziyana getməlidir. İlk olaraq, havanı zəhərləyən və ili köhnə avtomobillərdən başlayacaqlar. Maksimum az ziyanla ekologiya da qazana bilər, insanlar da”.

Səkilərdə maşın əlindən gəzmək mümkün olmayacaq

Mütəxəssis təklif edir ki, avtomobil istehsal edən şirkətlərlə müqavilələr bağlayıb, hansı maşınların strukturu imkan verir, onun mühərrik sistemini yeniləmək olar:

“Bu mexanizmi xaricdə hazırlatdırıb, buradakı avtomobilə quraşdırmaq olar. Bu ən ucuz variantdır. Mexanizm dəyişiləndə avtomobil hibrid, yaxud elektromobil ola bilər. Tıxacların sayı artır. Bir azdan səkilərdə maşın əlindən gəzmək mümkün olmayacaq. Prosesə tezliklə tam başlamaq lazımdır”.

Bəs xarici təcrübə necədir?

İstifadəyə yararsız nəqliyyat vasitələrinin xaricdə emalı üçün bir neçə istiqamət var. Ən uğurlu modellərdən biri ABŞ modeli hesab olunur. Belə ki, orada belə avtomobillərin sahibləri nəqliyyat vasitələrini qanuni olaraq hərraca çıxara bilərlər. Adətən, alıcılar metal qırıntıları, təkərlər və digər avtomobil tullantıları ilə maraqlanan təşkilatlardır. Avtomobilləri əldə etdikdən sonra şirkətlər özləri qərar verirlər ki, onu tamamilə ləğv etsinlər, yoxsa yeni həyat versinlər.

Lakin ABŞ-də də “qara bazar” öz işini görüb. Hətta işlənmiş avtomobillərin yenidən satışı üçün “qara bazar”ın həm ölkə iqtisadiyyatını, həm də ətraf mühiti təhdid etməyə başlaması ilə əlaqədar hakimiyyət həyəcan təbili çalıb və təkrar emal üçün hərraclar keçirib. 2000-ci ildən isə hər il təxminən 3 000 000 avtomobil üçüncü dünya ölkələrinə satışa göndərilir.

Almaniyada təkrar emal proqramı 2009-cu ildə başlayıb. Sürücüyə 2 500 avro ödəniş edilir. Proqramda ili 1999-cu ildən gec olmayan avtomobillər qəbul edilir. Müraciət edən şəxs (hətta elektron poçtla da) köhnə avtomobilin atılması faktını təsdiq edən sənədi müvafiq xidmətə göndərməlidir. Bundan sonra ona altı ay ərzində yeni avtomobil almaq üçün endirim (qeyd olunan 2,5 min avro) əldə edə biləcəyi kupon verilir.

Ümumiyyətlə, Aİ ölkələrində istismar müddətini başa vurmuş avtomobillərin təkrar emalı proseduru standartdır: avtomobillər toplanılır, onların keçmiş sahiblərinə müvafiq sertifikat verilir. Eyni zamanda, bəzi komponentlər də satıla bilər.

İspaniyada 2009-cu ilin may ayının əvvəlindən köhnə avtomobillərini təkrar emala göndərənlərə 2 000 avro bonus ödənilir.

Yaponiyada köhnə avtomobili təhvil verib yeni, aşağı emissiyalı avtomobil alanda 3 000 dollara qədər bonus əldə edə bilərsiniz.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR