Slimfit
  1. AVTO VƏ MOTO

Köhnə avtomobillər dövriyyədən hansı mexanizmlə necə çıxarılacaq?

Köhnə avtomobillər dövriyyədən hansı mexanizmlə necə çıxarılacaq?
Sakura

Köhnə avtomobillər dövriyyədən hansı mexanizmlə necə çıxarılacaq?

Köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır. Bu barədə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd edilib.

Dövlət Proqramında təhlükəsiz nəqliyyat vasitələrinin təmir edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır.

Həmçinin yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və yol şəbəkəsinin qorunmasının təmin edilməsi məqsədilə avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə, yolların istismarına nəzarət və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi, yol hərəkətinin təşkili işinin, sərnişindaşıma və yükdaşıma fəaliyyətinin təkmilləşdirilməsi, piyadaların, velosipedçilərin və yol hərəkətinin digər müdafiəsiz iştirakçılarının hərəkət təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Təkliflər vardı ki, birinci növbədə 1990-cı ilə qədər istehsal olunmuş avtomobillər dövlət tərəfindən kompensasiya ödənərək alına bilər. Qeyd edilirdi ki, daha sonra isə 1995-ci ilə kimi istehsal olunmuş nəqliyyat vasitələrinin dövlət tərəfindən alınaraq dövriyyədən çıxmasına nail olmaq mümkündür.

Statistikaya görə, ölkədə yol nəqliyyat qəzalarının 70-75 faizi məhz ili köhnə avtomobillərin payına düşür:  Bu avtomobillərin  yarıdan çoxu paytaxtın payına düşür. Bu da öz növbəsində tıxacların yaranmasına və ekoloji cəhətdən problemlərin yaranmasına gətirib çıxarır. Statistikaya görə ölkədəki avtomobillərin təqribən 20 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi avro 1 standartına, 30 faizi isə avro-2 və avro-3 standartlarının payına düşür.

Bəs köhnə avtomobillər dövriyyədən hansı qayda ilə çıxarılacaq?

Avtosfer.az xəbər verir ki, bu barədə "Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, avtomobillərin  dövriyyədən çıxarılması utilizasiya proqramlarının tətbiqi ilə mümkündür: "Hazırda bizim dövlət proqramında konkret olaraq məsələ ilə bağlı xüsusi bənd nəzərdə tutulub. Həmin  utilizasiya proqramının işə salınması, köhnə avtomobillərin dövriyyədən kənarlaşdırılması və bütövlükdə avtomobil parkını yenilənməsinə səbəb ola bilər. Müxtəlif mənbələrdən aldığımız mənbələrə görə, bizim avtomobil parkının təqribən 60-70 faizi istehsal ili köhnə olan avtomobillərdən ibarətdir. Bu baxımdan da təbii ki, həmin utilizasiya proqramları qeyd etdiyimiz avtomobillərin sıradan çıxarılmasında rol oynayacaq. Nəticədə isə avtomobil parkları yenilənəcək. Burada əsas məsələ həmin proqramların hansı şərtlər əsasında tətbiq edilməsidir. Məsələ budur ki, burada yerli sənayeçilərə, xüsusilə də maşınqayırma sahəsində olan qurumlara dəstəyin göstərilməsi nəzərdə tutulub. Köhnə avtomobillər sıradan çıxdıqda, müəyyən güzəştli qiymətlər əsasında ölkədə istehsal edilən avtomobillərin satışı təşkil oluna bilər. Bu da təbii ki, köhnə avtomobil sahiblərinin, öz maşınlarını təhvil verməsini stimullaşdıran məsələdir. Ona görə də düşünürəm ki, bütün tərəflərin maraqlarını təmin edəcək bir strategiya işlənib hazırlanmalıdır. Dövlət  proqramında da konkret olaraq bu məsələ xüsusilə qeyd edilir. Ən azından düşünürəm ki, növbəti illərdə köhnə avtomobillərin dövriyyədən çıxarılması prosesinə yanaşmanın formalaşdırılması üçün müvafiq icra mexanizmi hazırlanacaq. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi və maksimal dərəcədə avtomobil parkının yenilənməsi nəzərdə tutulur”.

Ekspert bildirib ki, proses eyni zamanda sürücü, sərnişin təhlükəsizliyi baxımından da önəmlidir: "Söhbət müasir tələblərə cavab verən və xüsusilə də təhlükəsizlik imkanları yüksək olan avtomobillərin ölkədə yayılmasının təşkili məsələsindən gedir. Köhnə avtomobillərin böyük əksəriyyəti vaxtilə sovetlər dönəmində, sonradan isə Rusiyada istehsal edilmiş avtomobillərdir. Bunların da təhlükəsizlik imkanları o qədər də yüksək deyil və mövcud tələblərə cavab vermir. Müasir tipli avtomobillərin utilizasiya proqramı ilə tətbiqi, yolda təhlükəsiz hərəkət imkanlarını bir qədər də genişləndirmiş olacaq”.

Mənbə: Avtosfer.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR