Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kişiləri qadınlardan tez öldürən səbəblər

Kişiləri qadınlardan tez öldürən səbəblər
Sakura

Kişiləri qadınlardan tez öldürən səbəblər

Demoqrafik göstəricilərə görə, 2017-ci ildə dünya əhalisinin orta illik sayı 7536 milyon nəfər olub. Dünya əhalisinin doğulanda gözlənilən ömür uzunluğu yaş sayı kişilərdə 70, qadınlarda isə 74-dür. Dünyanın ən uzunömürlü insanları San-Marinoda yaşayır. Burada doğulanda gözlənilən ömür uzunluğu yaş sayı kişilərdə 85, qadınlarda 89-dur. Ən aşağı göstərici Qərbi Afrikadadır. Syerra Leonda doğulanda gözlənilən ömür uzunluğu yaş sayı kişilərdə 51, qadınlarda isə 52-dir.

Ümumilikdə, Avropa ölkələrinə uzunömürlülərin vətəni də demək olar. Burada ən aşağı göstərici Moldovadadır (kişilər 68, qadınlar 76).

Azərbaycanın statistikasına baxsaq, 2018-ci ilin əvvəlinə Azərbaycan əhalisinin sayı 9 milyon 898 min nəfər olub. Əhalinin 4 milyon 938 min nəfəri kişilərdən, 4 milyon 960 min nəfəri isə qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1005 nəfər qadın düşür. Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,4 yaş, o cümlədən oğlanlar üçün – 73,1 yaş, qızlar üçün isə – 77,8 yaş olub.

Yuxarıda yazılan bütün statistikadan da göründüyü kimi qadınlar kişilərə nisbətən daha çox yaşayır.  Kişilərin qadınlara nisbətən daha az yaşamasının səbəbi nədir?

Mövzuya münasibət bildirən tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl kişilərin qadınlara nisbətən daha az yaşamasının elmi izahını verir. Bildirir ki, rüşeym ana bətninə düşdüyü andan kişi cinsindəndirsə, onun doğulma ehtimalı qadına görə daha azdır: “Baxmayaraq ki, kişilər qadınlara nisbətən daha çox doğulur, amma qız uşaqlarının yaşamaq ehtimalı daha çoxdur. Bundan əlavə, insanı qocaldan hadisələr var. Bunlarında başında hormonal status dayanır. Kişilərin hormonal statusu daha yüksək testosteron səviyyələri ilə gedir. Qadınlarda isə hormonal status 28 gündən bir menstruasiya ilə birlikdə dəyişir. Və 40 yaşından sonra qadında menopoz başlayır. Kişilərdə isə andropoz heç vaxt baş vermir. Andropoz çox şərti termindir, praktik olaraq biz bunun olmadığını düşünürük. Yəni kişilər uzun müddət testosteron və fəal hormonal statusda qaldıqları üçün onlarda qocalma prosesi daha sürətlə gedir. Düzdür, qadınlarda yorulma, taqətdən düşmə daha çox olur, amma kişilər da tez sınır. Kişilərdə maddələr mübadiləsi daha sürətlə gedir. Bir orqan, bir vasitəni, bir şeyi çox istifadə edəndə bir o qədər də tez xarab olur. Müəyyən mənada kişilər də belədir. Kişilər qadınlara nisbətən daha çox stress yaşayır. Sözsüz ki, bunun da təsiri var. Bu da kişinin hormonal statusu ilə bağlıdır. Kişilərdə testosteron hormonu yuxarı olur. Amma bu qadında dəyişir. Düzdür, bu dəyişikliyin özü də o qədər də yaxşı bir şey deyil, o da başqa problemlər yaradır. Amma ümumi götürəndə müəyyən müddətdən sonra hormonal statusun aşağı düşməyi daha çox xeyir edir insana, nəinki həmişə yuxarı səviyyədə qalsın. Stress də onun hormonal fonundan əmələ gəlir. Kişinin xayasını çıxartdığımız zaman o insan özünə gəlir, özünü daha gümrah hiss edir, stress və aqressiya azalır. Testosteron hormonu insana aqressivlik verir”.

Qadınların daha uzunömürlü olmasının psixoloji tərəfləri də var. Psixoloq Alidə Əhmədova bunu kişilərin qadınlara nisbətən problemlərini daha çox gizlətməsi ilə əlaqələndirir: “Kişilər problemlərini bölüşmədikləri üçün psixoloji olaraq yüklənirlər. Onlar qadınlara nisbətən ailəsini daha çox düşünür, hesab edirlər ki, ailəni  qorumaq kişilərə aiddir. Hətta kişilər ağlamaq istəsələr belə ağlamaqdan çəkinir, ”mən kişiyəm, kişilər ağlamaz”,-düşüncəsi ilə güclü görünməyə çalışırlar. Daim bir qorxu ilə yaşayırlar. Həm də qadınlar kişilərə görə bioloji üstünlüklərə də malikdirlər. Qadınlardakı estrogen hormonu infarkt olma riskini azaldir”.

Alimlərin araşdırmasına görə, evli kişilər subaylara nisbətən daha uzunömürlü olurlar. 19-44 yaşlarında kişilər arasında subayların 50 yaşına çatmadan ölmək ehtimalı evlilərlə müqayisədə düz 58% artıqdır.

ABŞ-da 67 min kişi və qadın üzərində araşdırma aparılıb. Məlum olub ki, vaxtilə evli olmuş və sonradan boşanmış kişilərin vaxtından əvvəl ölmək riski də evlilərlə müqayisədə 27% artıqdır.

Əzələlərinin qadınlara nisbətən daha güclü olması ilə öyünən kişilər  zərif cinsin nümayəndələri ilə müqayisədə daha tez xəstələnir, daha gec sağalır və daha tez ölürlər. Kişi vücudu infarkt və iflic kimi xəstəliklərə qarşı daha həssasdır.

Bütün bunlarla yanaşı, kişilərin qadınlara nisbətən daha aqressiv olmaları, şiddət və qorxunu, riski sevmələri, siqaret və alkoqol istifadə etmələri, maşın idarə edərkən təhlükəsizlik kəmərini taxmamaları da onların ölüm sayını artırır.

Harvard Tibb Məktəbinin dosenti Harvey Simon kişilərdə ölüm riskini azaltmaq üçün kişilərə aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

– Tütün və alkoqollu məhsullardan istifadə etməmək

– Davamlı idman etmək

– Düzgün qidalanmaq

– Stresdən uzaq olmaq

–  Maşın idarə edərkən təhlükəsizlik kəmərini taxmaq

– Cinsi yolla yoluxan xəstəliklərdən qorunmaq

– Ən əsası mütəmadi həkim müayinəsindən keçmək.

Əziz kişilər, yuxarıda sadalanan bəndlərə əməl edin və uzun yaşayın!

 

 

Ləman MUSTAFAQIZI

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR