Slimfit
  1. PSİXOLOGİYA

Kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər?

Kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər?
Sakura

Kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər?

Bu sözlərimiz evlənmək istəyən gənc oğlan və qızlara ünvanlanıb. Hər şeydən öncə, həyat yoldaşınızda axtardığınız xüsusiyyətlərlə bağlı konkret bir qərara gəlin. Çünki evlilik geriyə dönüşü olmayan bir mərhələdir. Təbii ki, bu hökm ailə məsələsinə baxış tərzindən, insanların dünyagörüşündən, dini — əxlaqi prinsiplərə, adət — ənənələrə əməl etmə səviyyəsindən asılıdır. Mən hadisəyə öz prizmamdan baxdığıma görə belə dedim. Təbii ki, uşaqlarını düşünmədən, onları yetim və başsız qoymaq bahasına həyat yoldaşını dəyişdirən insanlar da var aramızda, elə bil köynək dəyişirlər belə insanlar.

Evlənmək istəyənlərin müəyyən bir fikir və qənaətə gəlməsi ilə bağlı bir neçə metod tövsiyə etmək istəyirəm. Ümumiyyətlə, kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər, onlarda hansı xüsusiyyətləri axtarırlar? Bir-bir sadalayaq:

1. Gözəllik, yaraşıqlılıq. Sual: Zahiri gözəllik, yoxsa daxili gözəllik? İkisi də. Amma mütləq ikisindən biri varsa. Hansı? Elə məsələnin düyün nöqtəsi məhz buradır. Məncə…

2. Alicənablıq. Alicənablıq ya nəsildən — nəslə keçir, ya da tərbiyə vasitəsilə qazanılır. Sual: Namizəd əsilli — nəcabətli ailədən olub — olmamasından asılı olmayaraq müasir mədəniyyət və ” tərbiyə ” nin təsiri ilə milli — mənəvi dəyərlərə yad bir insandır. Bu vəziyyətdə nə edəcəyik? Məncə…

3. Var — dövlət. ” Var — dövlətini halal yolla qazandı və ya haram yolla, mənim üçün fərqi yoxdur, heç olmasa, bundan sonra qayınatanın pulu ilə bir az rahat yaşayarıq! ” Bu şəkildə düşünənlər ola bilər. Qəbul edirəm. Sual: Qız və ya oğlan varlı bir ailəyə mənsubdur, bu var — dövlət də ona ərköyünlük və başqa neqativ xüsusiyyətlər qazandırıb. Qarşı tərəf isə milli — mənəvi dəyərlərimizlə yetişib, yaxşı tərbiyə alıb, kasıb bir insandır və qəribədir ki, başqa namizəd də yoxdur. İki yol var: ya tərbiyəli, ancaq kasıb, ya da varlı, amma ərköyün. Hansı? Məncə…

4. Dindar. Sual: İki cür insan. Biri dindardır, dinin bütün əmrlərinə riayət edir, o birisi isə Allah və Peyğəmbərə ( s.ə.v. ) inandığını desə də, nə geyim — gecimində, nə tərbiyəsində, nə də əməllərində dindən əsər — əlamət var. Hansı? Məncə…

5. Təhsil. ” Ali təhsilliyəm. Həyat yoldaşımın da ali təhsilli olmasını istəyirəm “. Yaxşı bir istəkdir. Amma sual: Ali təhsilli olsa da, əxlaqdan, mədəniyyətdən məhrum, doğrunu yanlışdan ayıra bilməyən bir qız və ya oğlandır. Hansını seçmək lazımdır? Bu cür əxlaqa sahib olanları, yoxsa ali təhsili olmasa da, nümunəvi əxlaqa, mədəniyyətə, tərbiyəyə, həyat təcrübəsinə malik qız və ya oğlanı? Məncə…

6. Evdar qadın və ya iş qadını. Bu məsələ, əsasən, oğlanlara aiddir və müasir problemlərdən biridir. Bəzi kişilər maddi çətinliklərə görə deyil, başqa məqsədlə: ” Sığortalı işləyən bir həyat yoldaşı istəyirəm, qardaş, hansı dövrdə yaşayırıq! ” — deyib ailə həyatı qurmaq istəyirlər. Sual: Səhər saat səkkizdən axşam beşə qədər işləyən qadının iş yeri, işi, iş şəraiti nəzərə alınırmı? Bəs bütün gününü evinə, ailəsinə, uşaqlarına ayıran evdar qadın necə? Maddi və mənəvi bütün təfərrüatlar yüzlərlə — minlərlə örnək əsasında araşdırıldımı?

7. Həyat yoldaşı kimi seçəcəyimiz insanın xarakteri xoşbəxtlik üçün ən vacib xüsusiyyətlərdən biridir. Pessimist, yoxsa optimist? Səbirli, yoxsa səbirsiz? Şükr edən, yoxsa naşükür? Qısqanc, yoxsa qısqanc olmayan? Eqoist, yoxsa altruist? Fanatik, yoxsa qeyri — fanatik? Kobud, yoxsa xoşxasiyyətli? Həssas, yoxsa laqeyd? Xəyalpərəst, yoxsa realist? Tənbəl, yoxsa çalışqan? Kinli, yoxsa bağışlayan? Boşboğaz, yoxsa sözlərinin yerini bilən? Bunların sayını artıra da bilərik, ancaq hesab edirəm ki, məqsəd aydındır. İndi sual belədir: Bunlardan hansıları? Məncə…

Satıcı olduqca şux geyinmiş müştərini qapıda qarşılayır. Görkəmindən varlı olduğu görünür. Müştəri: ” Maşın alacağam, ” — deyir. Mağaza sahibi soruşur: ” İşlənmiş istəyirsiniz, yoxsa işlənməmiş? Əgər təzəsini istəyirsinizsə, hansı marka, hansı model, rəng, motor gücü və s. İşlənmiş istəyirsinizsə, əlavə soruşum, neçə kilometr yol getmiş olsun?” Maşın almağa gələn insan bunların heç birini düşünməmişdir. Sual: Bu vəziyyətdə maşın alacaqmı?

Son olaraq, məncə, hər sualın sonunda ” məncə ” nin cavabını evlilik ” səfərinə ” çıxmağa hazırlaşan bəy və gəlin namizədlər doldursunlar. Çünki nə axtardığımız, harada axtardığımız, necə axtarmalı olduğumuz həmişə bu suallara veriləcək düzgün cavablarla aydın olacaq.

Sizcə elə deyilmi?

 

Ahmet Kurucan

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR