Kişi 30 il beyində qurd gəzdirib
Çinin Szyansi əyalətində həkimlər pasiyentin beynindən 10 santimetrlik qurd çıxarıblar.
Bu barədə "AsiaOne" informasiya portalı məlumat yayıb.
59 yaşlı kişi 30 il güclü baş ağrılarından əziyyət çəkib və sağlamlıqla bağlı problemlərinin səbəbini tapmaq cəhdləri uğursuz olub.
Xəstənin sözlərinə görə, 1989-cu ildə kart oynayarkən qəfildən halı pisləşib, əl-ayağı əsməyə başlayıb, ağzından köpük gəlib. Ailəsi onu xəstəxanaya apardıqda, yerli həkimlər xəstəyə epilepsiya diaqnozu qoyaraq müalicə yazıblar.
Dərman qəbul etməsinə baxmayaraq, adam yenə də tutmalardan və mütəmadi baş ağrılarından şikayətlənib, lakin zamanla keçəcəyinə ümid edib.
2015-ci ildə onun yaşadığı kənddə yanğın baş verib. Yanğını söndürməyə çalışarkən çinlinin növbəti tutması tutub.
Dəfələrlə həkimə müraciət etsə də, eyni diaqnoz qoyulub. Yalnız 2019-cu ilin iyulunda həkimlər onu MRT müayinəsindən keçirib və qan analizi götürüblər. Nəticədə, xəstənin beynində parazit aşkar olunub. Cərrahlar xəstəni əməliyyat edərək qurdu çıxara biliblər.
Həkimlərin ehtimalına görə, parazit pasiyentin orqanizminə təbii mənbədən çiy su içərkən düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət