Slimfit
  1. CƏMİYYƏT

Kiçik məktəblilərin psixologiyası

Kiçik məktəblilərin psixologiyası
Sakura

Kiçik məktəblilərin psixologiyası

  1. Məktəbdə uşağın həyatında baş verən ilkin dəyişikliklər
  2. Kiçik məktəblilərin fiziki və psixi inkişafı
  3. Kiçik məktəblilərin təlim fəaliyyəti
  4. Kiçik məktəblilərdə oyun fəaliyyəti
  5. Kiçik məktəblilərdə əmək fəaliyyəti
  6. Kiçik məktəblilərdə idrak proseslərinin inkişafı
  7. Kiçik məktəblilərdə hislərin inkişafı
  8. Kiçik məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri

Sual 1. Uşağın məktəbə getməsi ilə onun həyatında yeni dövr başlanır. Bu dövr 6-10 yaşları (I-IV sinif ) əhatə edir.Bu vaxtdan etibarən oyun fəaliyyəti uşağın aparıcı fəaliyyəti olmur və öz yerini təlim fəaliyyətinə verir. Lakin oyun da onun həyatında mühüm yer tutur. Uşaq məktəbdə artıq yeni şəraitə düşür: şagirdlər üçün olan qaydalara əməl etmək, dərsin başlanğıcından sonuna kimi sakit eyni parta arxasında oturmaq, müəllimin bütün göstəriş və tapşırıqlarına əməl etmək, ev tapşırıqlarını yerinə yetirmək və s.
Bağça tərbiyəsi görən uşaqlar üçün bu məsələlər o qədər də çətinlik törətmir. Çünki orada uşaqlara sinifdə özünü necə aparmaq qaydaları öyrədilir. Uşağın məktəbə daxil olması onun həyat və fəaliyyətində ciddi dəyişikliklər əmələ gətirir. Bu dövrün nəzərə çarpan ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, uşağın məktəbdəki təlim fəaliyyəti ictimai məna kəsb edən fəaliyyət növünə çevrilir. Şagird təlim fəaliyyəti üçün müəllim, məktəb və valideyn qarşısında məsuliyyət daşımalı olur. 
Müəllimlə uşaq arasında tamamilə yeni tipli qarşılıqlı münasibət formaları özünü büruzə verir. Belə ki, müəllim, sadəcə olaraq, uşağın ona rəğbət bəslədiyi və ya nifrət etdiyi yaşlı olmayıb, həm də uşağa bir sıra ictimai tələblər verən konkret, canlı şəxsiyyət kimi çıxış edir. Bu günkü şagirdin məktəbdə qazandığı biliklər məzmunca elmi xarakter daşıyır. Əgər əvvəllər ibtidai təlim bilikləri, elmlərin əsaslarına yiyələnmək üçün hazırlıq mərhələsi rolunu oynayırdısa, indi  şagird elmlərin əsaslarını elə birinci sinifdən mənimsəməyə başlayır.
Uşağın məktəbə daxil olması ilə əlaqədar valideynlər qarşısında da bir sıra məsul vəzifələr durur. Hər şeydən əvvəl, valideynlər çalışmalıdır ki, bu yaş dövründə uşağın ən səmimi, sədaqətli və etibarlı dostu olsunlar: uşaq onlara inanıb heç bir səhv hərəkətini onlardan gizlətməsin. Bəzən valideynlər uşaq ev tapşırığının öhtəsindən gələ bilməyəndə, yaxud onu səhv icra edəndə uşağın üstünə qışqırır, onu danlayır, bəzən də fiziki cəzaya əl atırlar. Belə valideynlər dərk etməlidirlər ki, bununla da, onlar bir tərəfdən uşaq qarşısında öz acizliklərini nümayiş etdirir, digər tərəfdən isə bu cür hərəkətlərlə uşağın sinir sisteminin normal fəaliyyətinin pozulmasına səbəb olurlar. I sinfə gedən uşağa öz qüvvəsinə inam hissi yaratmaq, həmişə ona səbrlə, diqqət və qayğı ilə, eyni zamanda tələbkarlıqla yanaşmaq lazımdır.
Məktəbə daxil olması uşağın ictimai həyatdakı vəziyyətini dəyişməklə bərabər, onun qarşısında tamamilə yeni bir aləm açır. Şagird müəllimin verdiyi tapşırıqlara da yeni münasibət bəsləməyə başlayır. Müəllimin şəxsi nümunəsi çox mühüm tərbiyəvi əhəmiyyət kəsb edir, hətta şagirdlər ata-ananın dediklərindən müəllimin dediklərini üstün tutur. Onlardan “Bizim müəllim belə dedi”, “Belə göstərdi” və s. ifadələrini tez-tez eşitmək olur.  Lakin III sinifdə müəllimə münasibət bir qədər dəyişir. Ona görə də yuxarı siniflərdə müəllimin şagirdlərə verəcəyi tələblər, izahlar bir qədər ciddi olmalıdır.
Məktəbə gələn uşağın bir xarakterik əlaməti də onda psixi funksiyaların ixtiyarililik səviyyəsinin keyfiyyətcə dəyişməsidir. Şagirdin inkişafına onun evdə icra etdiyi tədris xarakterli tapşırıqların da böyük təsiri vardır: evə verilən tapşırıqlar uşaqda mütəşəkkillik və məsuliyyət hisslərini formalaşdırır. Təlim prosesində şagirdin xarici aləmə münasibəti getdikcə dəyişir və ətraf aləm haqqında təsəvvürləri tədricən reallaşmağa başlayır. Uşaqlar məktəbdə bir sıra çətinliklərlə də rastlaşırlar. Məktəbə daxil olan birinci sinif şagirdlərinin tədris prosesində qarşılaşdığı ilkin çətinlikləri məşhur rus psixoloqu V.V.Davıdov üç qrupa ayırır: 
1. Bu çətinliklərdən biri məktəbin özünəməxsus xüsusiyyətləri ilə bağlıdır (evə verilən tapşırıqların yerinə yetirilməsi, məktəb rejiminin gözlənilməsi, məktəbə vaxtında gəlib dərsdə sakit oturmaq, diqqətli olmaq və s.)
2. Məktəbə daxil olan uşağın qarşısına çıxan ikinci çətinlik yoldaşları və müəllimlərilə, eləcə də ailədə qarşılıqlı münasibətdə baş verir.
3. Birinci sinif şagirdlərinin qarşılaşdıqları üçüncü tip çətinlik tədris ilinin ortalarında uşağın təlim fəaliyyətində baş verir. Belə ki, təlim mürəkkəbləşir, uşaq onun öhdəsindən gələ bilmir. Belə halların qarşısını almaq üçün uşağın əqli fəaliyyətini daim fəallaşdırmaq, onu mürəkkəb intellektual məsələlərin həllinə alışdırmaq lazımdır.
Psixoloqların bu sahədə apardıqları tədqiqatlar (L.V.Zankov, V.V.Davıdov, A.M.Matyuşkin, Q.A.Ponomoryov, Ə.Ə.Qədirov və s.) göstərir ki, təlimə bəslənilən bu cür münasibətin aradan qaldırılması üçün uşaqları təlim prosesində mürəkkəb intellektual məsələlərlə, problem situasiyaları ilə vaxtaşırı qarşılaşdırmaq lazımdır.  Belə olduqda uşaq yeni anlayışları, onların mahiyyətini, bu və ya digər konkret cəhətlərini mənimsəmək imkanına malik olur.
Sual 2. Yeddi yaşa yaxın uşağın anatomiya və fiziologiyasında onun təlim fəaliyyətini şərtləndirən əsaslı dəyişikliklər baş verir: beynin çəkisi 1350 qrama çatır, alın payı və böyük yarımkürələr həcmcə, çəkicə artıb inkişaf edir. 7 yaşdan 10 yaşadək uşağın fiziki inkişafı anatomik-fizioloji qanunauyğunluqlara istinad edir. 

Kiçik məktəblilərdə əzələ və bağlar möhkəmlənir, ümumi əzələ gücü artır, böyük əzələlər kiçiklərə nisbətən tez inkişaf edir. Əl barmaqlarının buğumlarının sümükləşməsi 9-10 yaşda, biləyin sümükləşməsi isə 10-12 yaşda başa çatır. Məhz buna görə də kiçik məktəblilər çox vaxt yazı işlərini çətinliklə yerinə yetirir, barmaqlarının yorulmasından şikayətlənirlər. Uşağın ürək-damar sistemi də sürətlə inkişaf edir, qan arteriyalarının diametri genişlənir ki, bu da ürəyin beyni lazımi miqdarda qanla təmin etməsinə imkan verir. Bu isə öz növbəsində uşağın təlim fəaliyyətinin faydalı iş əmsalını xeyli artırır. Uşaq indi kefi istədiyi vaxt həyata keçirdiyi sərbəst hərəkətlər əvəzinə, əzələlərin yorucu gərginliyini tələb edən lazımi vəziyyətdə saatlarla oturmalı olur.
 Sual 3. Qeyd edildiyi kimi, uşağın məktəbə daxil olması ilə əlaqədar onun həyatında bir sıra psixoloji dəyişikliklər baş verir. Belə ki, uşaq onun üçün tamam yeni olan bir şəraitə-məktəbə düşdükdən sonra özünün hərəkət, rəftar və davranışını məktəbin daxili intizam qaydaları əsasında  həyata keçirməli, yoldaşları və müəllimlə əvvəlkindən fərqli davranış formaları mənimsəməli olur. Təlim fəaliyyəti dedikdə, müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərin məqsədəuyğun, mütəşəkkil, planlı şəkildə mənimsənilməsi prosesi nəzərdə tutulur. Bu prosesdə iki mühüm cəhəti fərqləndirmək olar. Birinci cəhət,  müəyyən elmi anlayışlar, qanunlar və əməli məsələlərin həllinə əsaslanan ümumi üsul və tərzlərlə bağlıdır. İkincisi isə, təlimin quruluşu ilə bağlıdır.
Təlim fəaliyyətinin quruluşu aşağıdakı komponentlərdən ibarətdir:
1) təlim şəraiti, situasiyası, yaxud vəzifələri;
2) təlim işləri, əməliyyatları;
3) nəzarət;
4) qiymətləndirmə.
Kiçik məktəb yaşı dövrü uşaqlarda idrak proseslərinin inkişafı üçün geniş imkan yaradır. Bu dövrdə qavrayışın xüsusiyyətləri, növləri, uşağın həyat və fəaliyyətinin təsiri altında, onun ətraf mühitin cisim və hadisələri ilə fəal qarşılıqlı münasibəti prosesində sürətlə inkişaf edir.  
I-II sinif şagirdlərinin qavrayışlarının xarakterik xüsusiyyətlərindən biri onun az fərqləndirici, səthi, nisbətən az məqsədəyönəlmiş olmasıdır. Həmin yaş dövründə uşaqlar, birinci növbədə, o obyekti və ya əlaməti qavrayırlar ki, onlar, bilavasitə emosional təəssürat yaratmış, uşaqlar üçün əhəmiyyətli olsun. Kiçik məktəblilərin qavrayışlarının xarakterik cəhətlərindən biri də oxşar obyektləri qeyri-dəqiq qavramasıdır. Qavrayış zamanı fərqləndirmənin kifayət səviyyədə olmaması onu göstərir ki, uşaqlar oxşar cisim  və hadisələrə eyni məna verirlər.
Məlum olduğu kimi, uşaqlar zamanı qavramaqda müəyyən çətinlik  çəkirlər. Aydındır  ki, məkandan fərqli olaraq, zaman bilavasitə qavranılmır, bu prosesdə zaman özü uşağın şüurunda əks olunur, onun idrak obyekti olmur. I sinifdə “bu gün”, “axşam”, “səhər” kimi zaman məfhumlarını fərqləndirən uşaqlar tədricən saatdan, təqvimdən istifadə etməyi bacarırlar ki, bu da onların gündəlik rejimlərinin, tədris işlərinin təşkilinə kömək edir.
Diqqətin inkişafı.Kiçik məktəb yaşlı uşaqlarda qeyri-ixtiyari diqqət ixtiyari diqqətə nisbətən üstünlük təşkil edir, onun davamlılığı ixtiyari diqqətə nisbətən yüksək olur. Məlum olduğu kimi, qeyri-ixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə olan marağı genişlənir, inkişaf edir. Kiçik məktəb yaşı dövründə diqqətin həcmi bir qədər genişlənir. Diqqətin həcminin genişlənməsi şagirdin təlim fəaliyyətində müvəffəqiyyət qazanmasına əsaslı təsir göstərir. Uşağın diqqətinin inkişafı üçün müxtəlif təlim üsullarından da istifadə olunur. Dərsdə müxtəlif üsullar, müxtəlif qaydalar gözlənilmədikdə uşağın diqqəti yayınır, dalğınlıq əmələ gəlir. Dərsdə diqqətin davamlılığı müəllimin davranışından da asılıdır. Müəllim səsinin tonunu, intonasiyasını dəyişdikdə, nitqdə vurğu və intonasiyadan düzgün istifadə etdikdə diqqətin davamlılığını təmin edə bilər. Dərsdə diqqətliliyi təmin edən amillərdən biri də təlim prosesinin səmərəli təşkilidir.
Nitqin inkişafı. Nitqin hər 3 istiqamətinin (söz ehtiyatı, fonetik, qrammatik) inkişafı onun yeni mərhələyə-yazılı nitqin inkişafına keçməsinə imkan verir. Şagirdlərin oxu vərdişinə yiyələnməsi üç mərhələdən ibarətdir:
1-ci mərhələ analitik mərhələ adlanır ki, burada şagird hərflərin adlarını öyrənir,  onlardan heca, hecalardan isə sözlərin əmələ gəlməsi ilə tanış olur.
2-ci mərhələ sintetik mərhələdir ki,  şagird sözlərin ünsürlərini çətinlik çəkmədən və nisbətən tez sintez edir, ancaq bu zaman bir sıra çətinliklər özünü göstərir. Həmin vaxt uşaq sözlərin tərkib hissəsini müəyyənləşdirmədən oxuyaraq oxşar sözlərin oxunuşunu qarışdırır.
3-cü mərhələ analitik-sintetik mərhələdir ki,  burada şagird sözün ünsürlərini sürətlə müəyyənləşdirməyə əsaslanaraq oxumağa başlayır. Bu mərhələ sürətli qiraət mərhələsi hesab edilir.
Hafizənin inkişafı.Uşaqların hafizəsi məktəbdə müntəzəm təlim-tərbiyə sayəsində sürətlə inkişaf etməyə başlayır, xüsusilə mexaniki və mənalı hafizənin nisbəti dəyişir, mənalı hafizə daha səmərəli inkişaf edir. Kiçik məktəb yaşlı uşaqlar konkret cisimləri, faktları, özlərinin bilavasitə qavradıqları hadisələri daha yaxşı yadda saxlayırlar. Təlim prosesində emosional məzmuna malik olan material yaxşı yadda qalır və hafizəni inkişaf etdirir. Burada əqli iş, adətən, hisslərlə müşayiət olunur. İxtiyari yaddasaxlamanın inkişafında qarşıya məqsəd qoymaqla öyrəniləcək materialın müqayisə edilməsinin də böyük rolu vardır. Hafizənin inkişafı və yaddasaxlamanın davamlılığında plan tərtib etmənin də böyük əhəmiyyəti vardır. Tədqiqatlar göstərir ki, planla öyrənmə plansız öyrənməyə nisbətən yaxşı nəticə verir. Hafizənin inkişafında ciddi nəzarət və tələbkarlıq da mühüm əhəmiyyət kəsb edir.
Təfəkkürün inkişafı. Təfəkkürün inkişafında konkretlilik və emosionallıq geniş yer tutur. Uşaqlar fikri əməliyyatlar aparır, ümumiləşdirir, əyani təfəkürlə mücərrəd təfəkkürün birgə fəaliyyəti praktik və nəzəri təfəkkürü də inkişaf etdirir. Şagirdlər təhlili yalnız əyani-əməli planda deyil, əqli planda da apara bilirlər.Kiçik məktəb yaşlı uşaqlarda təlim-tərbiyənin təsiri altında müqayisə prosesi də inkişaf edir. Bu yaş dövründə əqli fəaliyyətin inkişafında  təfəkkürün hökm və əqli nəticə formaları da inkişaf edir. Hökmlərin düzgün forması uşağın cisim və hadisələr haqqında düzgün, dəqiq fikir yürütməsinə imkan verir. Təhlil fikri əməliyyatı ilə  bərabər,  uşaqlarda tərkib fikri əməliyyatı da   inkişaf edir. Tərkib fikri əməliyyatı prosesində şagirdlər ayrı-ayrı hissələri, əlamətləri birləşdirib, tam şəkildə öyrənirlər. Təlim prosesində təhlil və tərkibin inkişafı qarşılıqlı vəhdətdə həyata keçirilir. Kiçik yaşlı məktəblilərdə mücərrədləşdirmə və konkretləşdirmə prosesləri də inkişaf edir. Təlim prosesində kiçik məktəblilərin təfəkkürünün qeyd olunan xüsusiyyətləri müəllim tərəfindən ciddi surətdə nəzərə alınmalıdır. 
Təxəyyülün inkişafı.Kiçik məktəb yaşı dövründə uşağın həyat təcrübəsi və biliyinin artması sayəsində onda təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bu yaş dövrü üçün bərpaedici təxəyyül əsas olur. Bərpaedici təxəyyül kiçik yaşlı şagirdin təlim fəaliyyətində həlledici rol oynamağa başlayıb, onun tərkib hisəsinə çevrilir; keçilən dərslərin mənimsənilməsini asanlaşdırır. Təcrübə göstərir ki, kiçik məktəb yaşlı şagirdlər hekayə və nağıllar əsasında surətləri təsəvvür etməkdə çətinlik çəkmirlər. Hər şeydən əvvəl, kiçik məktəblinin təxəyyülü emosional xarakter daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq təxəyyül surətləri yaranır. Psixoloji tədqiqatlar göstərmişdir ki, birinci sinif şagirdlərinin təxəyyül surətləri hələ bağça yaşı dövründə olduğu kimi, sxematik və fraqmentar xarakter daşıyır. Məktəbə daxil olmaq uşaqda yaradıcı təxəyyülün inkişafına da şərait yaradır. Təlim prosesində şagirdlərin biliyi, həyat təcrübəsi artır, təsəvvürləri genişlənir,  bütün bunlar isə onların nisbətən müstəqil, yaradıcı fəaliyyət göstərmələrinə imkan verir. Bu dövrdə təlim fəaliyyəti ilə yanaşı, uşağın şəkil çəkməsi, oyunda iştirakı, özündən nağıl və hekayələr quraşdırılması  yaradıcı təxəyyülün inkişafına müsbət təsir göstərir.                                                                             
Məktəbə yenicə gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar fəxr edirlər ki, artıq məktəblidirlər, “böyük” olmuşlar. Bununla yanaşı, mühitin, təlim və tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər yaranır. Bu cür hisslər, xüsusilə uşağın məktəbdə qazandığı müvəffəqiyyətlər, habelə çətinlikləri aradan qaldırması və s. ilə bağlı olan razılıq hissində özünü göstərir. Təlimdə qazandığı ilk müvəffəqiyyətlər uşağın sevincinə səbəb olur. Şagirdin məktəbdə aldığı yüksək qiymət müsbət emosional hal yaradır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlılığı, keçiciliyi ilə fərqlənir. Yüksək əhval-ruhiyyə ilə çalışan uşağa təsir edən kiçik bir şey onun əhvalını tezliklə dəyişdirir. Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri nisbətən davamlı xarakter daşımağa başlayır. Bu dövrdə uşaqlarda zehni hisslər də inkişaf edir. Uşaqda hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim tapşırıqlarını yerinə yetirərkən rast gəldiyi çətinliyi aradan qaldırmağa istək   və s. kimi hallar baş verir.
Kiçik məktəbyaşlı şagirdlərdə əxlaqi-sosial  hisslər də  inkişaf edir. Bu dövrdə onlarda Vətənə məhəbbət, insanlara qayğı göstərmək kimi hisslər formalaşır. Kiçik məktəb yaşlılarda sevinc və narazılıq yoldaşların bir-birinə hörmət və etibar edib-etməməsi ilə, özlərinin təşkilatçılıq qabiliyyətlərini qiymətləndirib-qiymətləndirməmələri ilə əlaqədar olur. Kiçik məktəbyaşlı şagirdlərdə təsviri incəsənətin, musiqinin, nəğmənin təsiri ilə estetik hisslər də sürətlə inkişaf edir: hətta onlar nəğmələri, musiqi əsərlərini emosional cəhətdən qiymətləndirir və ona öz münasibətlərini bildirirlər.
Şagirdlərdə hisslərin inkişafından danışarkən praksis hissləri də qeyd etmək lazımdır. Bu hiss əmək, təlim, idman fəaliyyəti zamanı təzahür edib,  uşağın həyatında böyük əhəmiyyətə malik olur. Xüsusilə,  şagirdin təlim müvəffəqiyyəti onun müəyyən vaxtlarda keçirdiyi hisslərdən çox asılıdır.
Kiçik məktəblilərin şəxsiyyətinin inkişafında özünüdərketmə, yəni öz psixi, fiziki, mənəvi keyfiyyət və xüsusiyyətlərinə şüurlu münasibət, özünüqiymətləndirmə mühüm rol oynayır. Uşaq şəxsiyyətinin formalaşmasında məktəb kollektivinə daxil olmaq mühüm əhəmiyyət kəsb edir. Uşağın sinfə, qrupa daxil olması bir tərəfdən onda kollektivçilik hissinin meydana gəlməsinə, digər tərəfdən isə şəxsiyyətlərarası münasibətlərin yaranmasına səbəb olur. Qrup  daxilində kiçik məktəb yaşlıların bir-birinə münasibətində tədricən əsaslı dəyişikliklər nəzərə çarpır. Tədris fəaliyyəti tədricən uşaqları bir-biri ilə bağlayır və onların bir-birinə qarşılıqlı köməyini, tələbkarlığını təşəkkül etdirir.
Uşaqlar tədricən özlərini  qrupun  ayrılmaz hissəsi hesab edirlər. 9-11 yaşlı şagirdlər yoldaşlarının yanında onlara tutulan iradlardan daha çox utanır və mütəəssir olurlar. Kiçik məktəblilər öz şəxsi tələbat və arzuları ilə yanaşı, başqa adamların da maraq və istəklərinə aid fikir söyləyirlər. 
Kiçik məktəblilərdə tələbat və maraqların inkişafı. Məktəbə daxil olmuş uşaqların tələbat və maraqları olduqca müxtəlif və rəngarəng xarakter daşıyır. Şagirdin müvəffəqiyyətlə oxumasına, biliklərə yiyələnməsinə müəllim yaxından kömək göstərdikdə şagird bu sahədəki tələbatını ödəyə bilir. Müəllim şagirdin gözü qarşısında ətraf varlığın zənginliklərini, bir növ nümayiş etdirir: onu yeni-yeni cisim və hadisələrlə tanış edir. Bu da uşaqda idrak, təlim maraqlarının inkişafına səbəb olur. Oxumaq get- gedə nəinki lazımi, hətta ən maraqlı prosesə çevrilir. Psixoloqların tədqiqatları göstərmişdir ki, I sinfə yeni gələn uşaqlarda maraqlar hələ fərqləndirici xarakter daşımır. Onlar təlim fəaliyyətinin bütün sahələri ilə eyni dərəcədə maraqlanırlar. II sinifdə uşaqlarda  təlim fəaliyyətinin nəticəsinə maraq artır. III sinifdə isə uşaqlarda müstəqilliyin artması onların təlim fəaliyyətinin mahiyyəti ilə  daha dərindən maraqlanmalarına imkan yaradır. Kiçik məktəblilər onları əhatə edən  adamların rəftar və davranışlarını qiymətləndirməyə də maraq göstərir, eyni zamanda onlarda başqasının qeydinə qalmaq, insanlara həssaslıq göstərmək, onlara hörmət etmək kimi mövqedə olurlar.
Bu yaş dövründə tez-tez rast gəlinən mənfi hallar:
Hiperaktivlik – Həddindən artıq aktivlik, gərginlik hissi, bir işdə diqqəti konsentrasiya (mərkəzləşdirmə) edə  bilməmək;  diqqət əksikliyi (hiperaktiv) belə  uşaqların əsas göstəricisidir. Bu  hallara oğlan uşaqlarında  qızlara nisbətən daha çox rast gəlinir. Hiperaktivlik – kompleks davranış pozuntusudur. İxtiyari diqqəti inkişaf etdirmək lazımdır. Bunun üçün xüsusi qruplar şəklində  planlı proqramlar təşkil olunmalıdır.Valideynlər üçün bilgi verəcək treninqlər təşkil edilməlidir.  Uşağın bu və ya digər davranışı və hadisələri diqqətdən kənarda saxlamasının  səbəbini araşdırmaq lazımdır. Fiziki aktivliyi faydalı işlərə yönəldərək hərəki aktivliyi tənzimləmək olar.
Solaxaylıq – Sol  əl ilə yazan uşaqlar (insanların 10%) çox zaman müəllimlərin və sağ əl ilə yazan yoldaşlarının mənfi münasibətinin obyekti olurlar. Fizioloji baxımdan onlarda  görmə-motor koordinasiya qabiliyyəti zəif olur. Uşaqlar çətinliklə obyektləri və onların elementlərini köçürürlər, güzgüləmə effekti olur (hərfləri tərs yazırlar), yazılar əyri və kobud olur. Sağ və solu müəyyən etməsində çətinlik çəkirlər.
Emosional-iradi sferanın pozulması – bu  aqressiv uşaqlarda emosional tormozlanma, utancaqlıq, həyəcanlılıq olur,  onlar tez küsən və inciyən olurlar. Səbəb ailə daxilində fərqli tərbiyə vasitələrinin olması, temperament tiplərinin  və müəllim ilə münasibətlərin fərqli cəhətlərinin təzahür  etməsidir.
 Sual 4. İbtidai sinif şagirdlərinin oyun fəaliyyəti müxtəlif, rəngarəng olur. Fəaliyyətin əsas etibarilə şagirdlər üçün xarakterik olan bu növündə mütəhərrik, rollu, stolüstü oyunlar fərqləndirilir.

  1. Mütəhərrik oyunlar. Kiçik məktəblilərin oyun fəaliyyəti idman oyunlarını andırır, həm də o, uşağın sağlamlığı üçün faydalıdır. Uşaqlar belə oyunlardan fərdi və kollektiv yarışlarda istifadə edir və o, uşaqlarda fiziki, o cümlədən şəxsi keyfiyyətləri, habelə cəsarəti, dözümlüyü, təkidliyi inkişaf etdirir, uşağa cəldlik, çeviklik, qıvraqlıq aşılayır.
  2. Rollu oyunlar. Məktəbli bu oyunlarda rola girir, öz üzərinə müəyyən vəzifələr götürür, onu ifa edir. Məsələn, həkim, müəllim rolunda çıxış etmək, onları yamsılamaq, rola uyğun davranmaq, iş görmək və s. Məktəbəqədər yaşlı uşaqlardan fərqli olaraq kiçik məktəblilətin oynadığı rollar özünəməxsus xüsusiyyətləri, cəhətlərilə seçilir, fərqlənir. Belə ki, oğlanlar qəhrəmanlıq rollarını, qızlar isə ana, həkim, müəllim rollarını daha çox sevib, seçib oynayırlar.
  3. Stolüstü oyunlar. Şagird əqlinin gimnastikası, məşqi hesab olunan bu oyunlar, əsasən, uşaqlarda idrak maraqlarını inkişaf etdirir. Belə oyunlara loto, domino, nərd, şahmat, şaşki və s. kimi oyunları misal gətirmək olar. Bu tip oyunlara tapmaca, atmaca, qıfılbənd kimi məşğələləri də aid etmək olar.


Sual 5. Kiçik məktəblilərin aparıcı fəaliyyət növü təlim olsa da, burada özünəxidmət və müəyyən xırda məmulatların hazırlanması şəklində həyata keçirilən əmək fəaliyyəti də diqqəti cəlb edir. Uşaqlar özünəxidmət əməyinə hələ məktəbəqədər yaşdan alışırlar. Özünəxidmət əməyi üzrə bacarıq, vərdiş və adətləri inkişaf etdirmək və möhkəmlətmək üçün ibtidai siniflərdə daha əlverişli şərait yaranır: uşaqlar müəllimin rəhbərliyi altında yaşlıların əməyinə hörmət və qayğı ruhunda tərbiyə olunur, insanların həyatında əməyin oynadığı rolu dərk edir. Məktəb şəraitində də şagirdlərə müntəzəm olaraq elə tələblər verilməlidir ki, onlar kollektivin ümumi mənafeyi naminə döşəməni silmək, gülləri sulamaq, sinif otağını səliqə-sahmana salmaq kimi tapşırıqları yerinə yetirsinlər. Kiçik yaşlı məktəbliləri əməyə məhəbbət ruhunda tərbiyə etmək üçün eyni zamanda onları kollektiv əməyin icrasına alışdırmaq lazımdlr. Özünəxidmət əməyilə məşğul olan kiçik məktəblilətdə şəxsi məsuliyyət, işə yaradıcı münasibət, əmək adamlarına hörmət hissləri, kollektivdə işləmək bacarıq və meylli kimi keyfiyyətlər tərbiyə olunur. Uşaqların əmək tərbiyəsində çatışmayan cəhətlər onların müstəqil əmək fəaliyyəti zamanı özünü büruzə verir. Özünəxidmət əməyinin tərbiyəvi imkanlarından ağıllı surətdə istifadə etməklə həmin çatışmazlıqları aradan qaldırmaq mümkündür. Kollektivin mənafeyinə həyata keçirilən əmək prosesində uşaqlar öz yoldaşları, sinif kollektivi, habelə məktəb ictimaiyətilə real qarşılıqlı münasibətlərə girir ki, bu da onlarda yoldaşlıq köməyi, işə yaradıcı, fəal münasibətin əmələ gəlməsinə səbəb olur. Kiçikyaşlı məktəblilərin əməyi psixoloji baxımdan yalnız o vaxt məhsuldar və səmərəli olur ki, burada hər bir uşağın vəzifəsi icra üçün vaxt, keyfiyyətə nəzarət kkonkret surətdə müəyyənləşdirilmiş olsun. Bu vaxt uşaqlarda təşkilatçılıq, öz işinə məsuliyyət hissi, birgə işləmək, öz mənafeyini kollektivin mənafeyinə tabe etmək bacarığı tərbiyə olunur. Birgə, kollektiv əmək zamanı həyata keçirilən qarşılıqlı asılılıq və nəzarət uşaqlarda şəxsiyyətin xüsusi keyfiyyəti, sonralar isə onun xarakter əlamətinə çevrilən məsuliyyətlilik hissinin tərbiyə olunmasına gətirib çıxarır.
İbtidai siniflərdə əmək dərsləri də tədris plan və proqramına daxil edilərək mühüm fənn kimi tədris olunur. I_II sinif şagirdləri kağız, parça, plastilinlə işləyir, sonra isə qayçıdan, iynədən və digər alətlərdən istifadə etməyi öyrənirlər. III_IV sinifdə əmək dərsləri bir qədər mürəkkəvləşir, onlar biçmə, tikmə, cildləmə ilə məşğul olurlar. Uşaqların öz ələrilə hazırladıqları bu və ya digər şeylər onlara xüsusi sevinc gətirir. Beləliklə, əmək fəaliyyəti zamanı şagirdlərin həm iradi-emosional sahəsinin, həm də idrak proseslərinin lazimi səviyyədə inkişafı üçün əlverişli şərait yaranır.
 Sual 6.Kiçik məktəb yaşı dövrü uşaqlarda idrak proseslərinin inkişafı üçün geniş imkan yaradır. Bu dövrdə qavrayışın xüsusiyyətləri, növləri, uşağın həyat və fəaliyyətinin təsiri altında, onun ətraf mühitin cisim və hadisələri ilə fəal qarşılıqlı münasibəti prosesində sürətlə inkişaf edir. I-II sinif şagirdlərinin qavrayışlarının xarakterik xüsusiyyətlərindən biri onun az fərqləndirici, səthi, nisbətən az məqsədəyönəlmiş olmasıdır. Həmin yaş dövründə uşaqlar, birinci növbədə, o obyekti və ya əlaməti qavrayırlar ki, onlar, bilavasitə emosional təəssürat yaratmış, uşaqlar üçün əhəmiyyətli olsun.
Kiçik məktəblilərin qavrayışlarının xarakterik cəhətlərindən biri də oxşar obyektləri qeyri-dəqiq qavramasıdır. Qavrayış zamanı fərqləndirmənin kifayət səviyyədə olmaması onu göstərir ki, uşaqlar oxşar cisim  və hadisələrə eyni məna verirlər. Məhz buna görə də təlim prosesində müqayisədən istifadəyə geniş yer verilməlidir. Məlum olduğu kimi, uşaqlar zamanı qavramaqda müəyyən çətinlik  çəkirlər. Buna baxmayaraq, kiçik məktəb yaşlı uşaqlarda təlim-tərbiyə prosesində məkan və zaman qavrayışı da əsaslı şəkildə inkişaf edir, onlar məsafəni, məkanın müxtəlif cəhətini qavraya bilirlər. Aparılan təcrübələr göstərir ki, kiçik yaşlı məktəblilərin 25%-i “1 km məsafə” ifadəsini düzgün qavrayır. I-II sinif şagirdləri əyaniliklə əlaqədar məkanı düzgün qavradıqları halda, III sinif şagirdləri məkanı həm əyaniliklə əlaqədar, həm də onsuz müəyyənləşdirə bilirlər.
Təlim-tərbiyə prosesində uşaqlarda zaman qavrayışı da inkişaf edir. Aydındır  ki, məkandan fərqli olaraq, zaman bilavasitə qavranılmır, bu prosesdə zaman özü uşağın şüurunda əks olunur, onun idrak obyekti olmur. Obyektiv varlıq olan zamanın bu spesifik xüsusiyyəti uşaqların onu əks etdirməsini uzun müddət çətinləşdirir, lakin buna baxmayaraq, uşaqlar tədricən zaman qavrayışına yiyələnirlər. Burada “səhər”, “axşam”, “gündüz”, “gecə” kimi zaman məfhumlarının əsas əlamətlərə görə ümumiləşdirilməsi də nisbi xarakter daşıması uşaqların onları dəqiq qavramalarını çətinləşdirir. I sinifdə “bu gün”, “axşam”, “səhər” kimi zaman məfhumlarını fərqləndirən uşaqlar tədricən saatdan, təqvimdən istifadə etməyi bacarırlar ki, bu da onların gündəlik rejimlərinin, tədris işlərinin təşkilinə kömək edir. 
Diqqətin inkişafı. Tədris materialını qavramaq, onu başa düşmək, yadda saxlamaq, lazım gəldikdə yada salmaq tədris işinə diqqətli münasibət sayəsində mümkün olur. Kiçik məktəb yaşlı uşaqlarda qeyri-ixtiyari diqqət ixtiyari diqqətə nisbətən üstünlük təşkil edir, onun davamlılığı ixtiyari diqqətə nisbətən yüksək olur. Məlum olduğu kimi, qeyri-ixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə olan marağı genişlənir, inkişaf edir. Bu da öz növbəsində qeyri-ixtiyari diqqətin inkişafına səbəb olur, lakin ilk dövrlər kiçik məktəblilərdə maraq hələ mərkəzləşməmiş xarakter daşıyır. İlk dövrlər uşağı təlim prosesində qazanacağı bilikdən çox onun üçün yeni olan məşğələlər çəlb edir, onu çox vaxt yazı, oxu, qiymət almaq və s. maraqlandırır. Ona görə də uşağın diqqəti ilk dövrlər qeyri-ixtiyari şəkildə həmin sahələrə yönəlir.
Kiçik məktəb yaşlı uşaqlarda qeyri-ixtiyari diqqəti ən dərin emosional təsir yaradan, parlaq cisim və hadisələr inkişaf etdirir. Ona görə də kiçik məktəb yaşlı uşaqların diqqəti bəzən əsas cəhətə deyil, onları həyəcanlandıran cəhətlərə doğru daha çox yönəlir. Bütün bu cəhətlərin təlim prosesində nəzərə alınması diqqətin davamlılığına müsbət təsir göstərir. Kiçik məktəb yaşı dövründə diqqətin həcmi bir qədər genişlənir. Diqqətin həcminin genişlənməsi şagirdin təlim fəaliyyətində müvəffəqiyyət qazanmasına əsaslı təsir göstərir. Belə ki, I sinif şagirdi əlifbanı oxuyarkən əvvəlcə ayrı-ayrı hecaları qavrayır, bu vaxt onun diqqəti zəif olur, lakin oxumağı öyrəndikdən sonra sözləri bütöv halda qavrayır, onun sürətli qiraəti genişlənir. Məktəblilərdə diqqətin mərkəzləşməsi və davamlılığı da getdikcə təkmilləşir. Dərsdə daim mühüm məsələlərə diqqət yetirmək lüzumsuzluqlardan uzaqlaşmaq diqqətin mərkəzləşməsini inkişaf etdirən amillərdəndir. Kiçik məktəblilərin çoxu təlim prosesində öz diqqətlərini paylamaqda və keçirməkdə çətinlik çəkirlər. Onlar verilmiş bu və ya digər tapşırığı yerinə yetirərkən diqqətini paylaya bilmir, çoxlu səhvə yol verirlər.
Təlim prosesində intizamlılıq və mütəşəkkillik də diqqətin inkişafında böyük əhəmiyyətə malikdir. Uşağın diqqətinin inkişafı üçün müxtəlif təlim üsullarından da istifadə olunur. Dərsdə müxtəlif üsullar, müxtəlif qaydalar gözlənilmədikdə uşağın diqqəti yayınır, dalğınlıq əmələ gəlir. Bu da öz növbəsində mənimsəmənin keyfiyyətinə mənfi təsir edir. Dərsdə diqqətin davamlılığı müəllimin davranışından da asılıdır. Müəllim səsinin tonunu, intonasiyasını dəyişdikdə, nitqdə vurğu və intonasiyadan düzgün istifadə etdikdə diqqətin davamlılığını təmin edə bilər. Dərsdə diqqətliliyi təmin edən amillərdən biri də təlim prosesinin səmərəli təşkilidir. 
Nitqin inkişafı.Nitqin hər 3 istiqamətinin (söz ehtiyatı, fonetik, qrammatik) inkişafı onun yeni mərhələyə-yazılı nitqin inkişafına keçməsinə imkan verir. Şagirdlərin oxu vərdişinə yiyələnməsi üç mərhələdən ibarətdir:
1-ci mərhələ analitik mərhələadlanır ki, burada şagird hərflərin adlarını öyrənir,  onlardan heca, hecalardan isə sözlərin əmələ gəlməsi ilə tanış olur. Bu mərhələdə hərflərdən hecalar, hecalardan isə sözlər düzəltmə prosesi nisbətən ləng gedir.
2-ci mərhələ sintetik mərhələdirki,  şagird sözlərin ünsürlərini çətinlik çəkmədən və nisbətən tez sintez edir, ancaq bu zaman bir sıra çətinliklər özünü göstərir. Həmin vaxt uşaq sözlərin tərkib hissəsini müəyyənləşdirmədən oxuyaraq oxşar sözlərin oxunuşunu qarışdırır.
3-cü mərhələ analitik-sintetik mərhələdir ki,  burada şagird sözün ünsürlərini sürətlə müəyyənləşdirməyə əsaslanaraq oxumağa başlayır. Bu mərhələ sürətli qiraət mərhələsi hesab edilir.
Yazı vərdişlərinin (qrafik vərdişləri) təşəkkülü adətən, 3 mərhələdən keçir.
Elementar adlanan birinci mərhələdə şagirdin diqqəti hərfin ayrı-ayrı ünsürlərinin yazılışına, yazı zamanı düzgün oturmağa, əlin hərəkətinə, qələm və dəftərdən düzgün istifadəyə doğru yönəlmiş olur.
II mərhələdə (hərfi mərhələ) diqqət hərfin düzgün və tam yazılmasına, yazı texnikasına yönəlir.
III mərhələdə əlaqəli (rabitəli) yazı vərdişi təşəkkül tapır; hərflər sözlər içərisində əlaqəli, sətir üzərində bir böyüklükdə yazılır.
Qrafik yazının yüksək mərhələsi rabitəli, tez yazmaq mərhələsi hesab olunur. Bu mərhələdən sonra qarşıya yeni vəzifə, orfoqrafik cəhətdən düzgün yazmaq vəzifəsi çıxır. Orfoqrafik vərdişlərə yiyələnmək yazılı nitqdə mühüm yer tutur. 
Hafizənin inkişafı.Uşaqların hafizəsi məktəbdə müntəzəm təlim-tərbiyə sayəsində sürətlə inkişaf etməyə başlayır, xüsusilə mexaniki və mənalı hafizənin nisbəti dəyişir, mənalı hafizə daha səmərəli inkişaf edir. Mənalı yaddasaxlama uşağın nitqə yiyələnməsi ilə əlaqədar təşəkkül tapır, kiçik məktəb yaşında da xeyli inkişaf etmiş olur və uşaq onunla hafizəsini informasıyalarla zənginləşdirir.
Kiçik məktəb yaşlı uşaqlar konkret cisimləri, faktları, özlərinin bilavasitə qavradıqları hadisələri daha yaxşı yadda saxlayırlar. Ona görə də uzun-uzadı izahatları yadda saxlamaqda çətinlik çəkən 6-7 yaşlı uşaq əyani olaraq qavradığı materialı asanlıqla yadda saxlaya bilir. Bu həmin dövrdə uşaqlarda I siqnal sisteminin, o cümlədən obrazlı hafizənin hələ üstünlük təşkil etməsi ilə əlaqədardır.
Təlim prosesində emosional məzmuna malik olan material yaxşı yadda qalır və hafizəni inkişaf etdirir. Burada əqli iş, adətən, hisslərlə müşayiət olunur. İxtiyari yaddasaxlamanın inkişafında qarşıya məqsəd qoymaqla öyrəniləcək materialın müqayisə edilməsinin də böyük rolu vardır. Hafizənin inkişafı və yaddasaxlamanın davamlılığında plan tərtib etmənin də böyük əhəmiyyəti vardır. Tədqiqatlar göstərir ki, planla öyrənmə plansız öyrənməyə nisbətən yaxşı nəticə verir. Hafizənin inkişafında ciddi nəzarət və tələbkarlıq da mühüm əhəmiyyət kəsb edir. 
Təfəkkürün inkişafı.Təfəkkürün inkişafında konkretlilik və emosionallıq geniş yer tutur. Uşaqlar fikri əməliyyatlar aparır, ümumiləşdirir, əyani təfəkürlə mücərrəd təfəkkürün birgə fəaliyyəti praktik və nəzəri təfəkkürü də inkişaf etdirir. Şagirdlər təhlili yalnız əyani-əməli planda deyil, əqli planda da apara bilirlər. Kiçik məktəb yaşlı uşaqlarda təlim-tərbiyənin təsiri altında müqayisə prosesi də inkişaf edir. Bu yaş dövründə əqli fəaliyyətin inkişafında  təfəkkürün hökm və əqli nəticə formaları da inkişaf edir. Hökmlərin düzgün forması uşağın cisim və hadisələr haqqında düzgün, dəqiq fikir yürütməsinə imkan verir. Təhlil fikri əməliyyatı ilə  bərabər,  uşaqlarda tərkib fikri əməliyyatı da   inkişaf edir. Tərkib fikri əməliyyatı prosesində şagirdlər ayrı-ayrı hissələri, əlamətləri birləşdirib, tam şəkildə öyrənirlər. Təlim prosesində təhlil və tərkibin inkişafı qarşılıqlı vəhdətdə həyata keçirilir.
Kiçik yaşlı məktəblilərdə mücərrədləşdirmə və konkretləşdirmə prosesləri də inkişaf edir. Təlim prosesində kiçik məktəblilərin təfəkkürünün qeyd olunan xüsusiyyətləri müəllim tərəfindən ciddi surətdə nəzərə alınmalıdır. Kiçik məktəblilərdə emprik təfəkkürlə nəzəri təfəkkürün vəzni tədricən dəyişir. Nəzəri təfəkkür dominant olmağa başlayır. İbtidai sinif şagirdləri bədii mətnlər üzərində selektiv əməliyyat apararkən onların mücərrədləşdirici fəaliyyəti 3 formada özünü göstərir. 

  1. Mənimsənilmiş bütöv mətndə ayrı-ayrı xətti-süjeti ayırmaq tələb edildikdə uşaqlar mətndəkinə müvafiq şəkildə əməliyyat aparırlar.
  2. Bəzi şagirdlər mətni bütöv nağıl etdikdən sonra mətndəki hər hansı xətti ayırmaq tapşırıldıqda daha çox ünsürlər, fikirlər ayırırlar, yəni mətni sərbəst, əlaqəli nağıl etməyə nisbətən selektiv yadasalma zamanı daha tam və yaxşı nəticə əldə edilir.
  3. Şagirdlər mətni tam söyləsə də, mətndən müxtəlif süjeti ayırmağı bacarmırlar və ya mücərrədləşdirmələri səthi xarakter daşıyır.

Kiçik məktəblilərdə ümumiləşdirmə prosesi də sürətlə inkişaf edir. Şagirdlərin ümumiləşdirici fikri fəaliyyəti təlim zamanı 3 şəkildə inkişaf edir. 

  1.  Ayrı-ayrı cisimlərdə mühüm cəhətlər ümumiləşdirilir, məfhum əmələ gətirilir.
  2. Tədris ümumiləşdirmələri, yəni plan tutmaq, nəticələr çıxarmaq, materialın qısa şəkildə icmalını hazırlamaq.
  3. Ayrı-ayrı cisim və hadisələr arasında mühüm və ümumi əlaqələr ümumiləşdirilir.

Təxəyyülün inkişafı.Kiçik məktəb yaşı dövründə uşağın həyat təcrübəsi və biliyinin artması sayəsində onda təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bu yaş dövrü üçün bərpaedici təxəyyül əsas olur. Bərpaedici təxəyyül kiçik yaşlı şagirdin təlim fəaliyyətində həlledici rol oynamağa başlayıb, onun tərkib hisəsinə çevrilir; keçilən dərslərin mənimsənilməsini asanlaşdırır. Təcrübə göstərir ki, kiçik məktəb yaşlı şagirdlər hekayə və nağıllar əsasında surətləri təsəvvür etməkdə çətinlik çəkmirlər. Hər şeydən əvvəl, kiçik məktəblinin təxəyyülü emosional xarakter daşıyır. Onda hisslərin, bədii əsərlərin təsiri altında daha parlaq təxəyyül surətləri yaranır.
Psixoloji tədqiqatlar göstərmişdir ki, birinci sinif şagirdlərinin təxəyyül surətləri hələ bağça yaşı dövründə olduğu kimi, sxematik və fraqmentar xarakter daşıyır. Məktəbə daxil olmaq uşaqda yaradıcı təxəyyülün inkişafına da şərait yaradır. Təlim prosesində şagirdlərin biliyi, həyat təcrübəsi artır, təsəvvürləri genişlənir,  bütün bunlar isə onların nisbətən müstəqil, yaradıcı fəaliyyət göstərmələrinə imkan verir. Bu dövrdə təlim fəaliyyəti ilə yanaşı, uşağın şəkil çəkməsi, oyunda iştirakı, özündən nağıl və hekayələr quraşdırılması  yaradıcı təxəyyülün inkişafına müsbət təsir göstərir.

 Sual 7.Məktəbə yenicə gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər:onlar fəxr edirlər ki, artıq məktəblidirlər, “böyük” olmuşlar. Bununla yanaşı, mühitin, təlim və tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər yaranır. Bu cür hisslər, xüsusilə uşağın məktəbdə qazandığı müvəffəqiyyətlər, habelə çətinlikləri aradan qaldırması və s. ilə bağlı olan razılıq hissindəözünü göstərir. Təlimdə qazandığı ilk müvəffəqiyyətlər uşağın sevincinə səbəb olur. Şagirdin məktəbdə aldığı yüksək qiymət müsbət emosional hal yaradır. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlılığı, keçiciliyi ilə fərqlənir. Yüksək əhval-ruhiyyə ilə çalışan uşağa təsir edən kiçik bir şey onun əhvalını tezliklə dəyişdirir. Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri nisbətən davamlı xarakter daşımağa başlayır. Bu dövrdə uşaqlarda zehni hisslərdə inkişaf edir. Uşaqda hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim tapşırıqlarını yerinə yetirərkən rast gəldiyi çətinliyi aradan qaldırmağa istək   və s. kimi hallar baş verir.
Kiçik məktəbyaşlı şagirdlərdə əxlaqi-sosial  hisslərdə  inkişaf edir. Bu dövrdə onlarda Vətənə məhəbbət, insanlara qayğı göstərmək kimi hisslər formalaşır. Kiçik məktəb yaşlılarda sevinc və narazılıq yoldaşların bir-birinə hörmət və etibar edib-etməməsi ilə, özlərinin təşkilatçılıq qabiliyyətlərini qiymətləndirib-qiymətləndirməmələri ilə əlaqədar olur. Kiçik məktəbyaşlı şagirdlərdə təsviri incəsənətin, musiqinin, nəğmənin təsiri ilə estetik hisslərdə sürətlə inkişaf edir: hətta onlar nəğmələri, musiqi əsərlərini emosional cəhətdən qiymətləndirir və ona öz münasibətlərini bildirirlər. Şagirdlərdə hisslərin inkişafından danışarkən praksis hissləridə qeyd etmək lazımdır. Bu hiss əmək, təlim, idman fəaliyyəti zamanı təzahür edib,  uşağın həyatında böyük əhəmiyyətə malik olur. Xüsusilə,  şagirdin təlim müvəffəqiyyəti onun müəyyən vaxtlarda keçirdiyi hisslərdən çox asılıdır.
 Sual 8.Uşaq şəxsiyyətinin inkişafı yaş aspektində özünü həqiqətən iki dəfə qabarıq şəkildə büruzə veriri. I dəfə uşaq 3 yaşında belə bir əzəmətli ifadə işlədir: “Mən özümedəcəyəm”. II halda isə uşaqda şəxsiyyət fiziki, psixoloji, sosial fəallıq zəminində şüurlu surətdə təşəkkül edir. II halı başlanğıc kii kişik məktəblilərə şamil etmək olar. Kiçik məktəblilərin şəxsiyyətinin inkişafında özünüdərketmə, yəni öz psixi, fiziki, mənəvi keyfiyyət və xüsusiyyətlərinə şüurlu münasibət, özünüqiymətləndirmə mühüm rol oynayır. Uşaq şəxsiyyətinin formalaşmasında məktəb kollektivinə daxil olmaq mühüm əhəmiyyət kəsb edir. Uşağın sinfə, qrupa daxil olması bir tərəfdən onda kollektivçilik hissinin meydana gəlməsinə, digər tərəfdən isə şəxsiyyətlərarası münasibətlərin yaranmasına səbəb olur. Qrup  daxilində kiçik məktəb yaşlıların bir-birinə münasibətində tədricən əsaslı dəyişikliklər nəzərə çarpır. Tədris fəaliyyəti tədricən uşaqları bir-biri ilə bağlayır və onların bir-birinə qarşılıqlı köməyini, tələbkarlığını təşəkkül etdirir.
Uşaqlar tədricən özlərini  qrupun  ayrılmaz hissəsi hesab edirlər. 9-11 yaşlı şagirdlər yoldaşlarının yanında onlara tutulan iradlardan daha çox utanır və mütəəssir olurlar. Kiçik məktəblilər öz şəxsi tələbat və arzuları ilə yanaşı, başqa adamların da maraq və istəklərinə aid fikir söyləyirlər.
Kiçik məktəblilərdə tələbat və maraqların inkişafı. Məktəbə daxil olmuş uşaqların tələbat və maraqları olduqca müxtəlif və rəngarəng xarakter daşıyır. Şagirdin müvəffəqiyyətlə oxumasına, biliklərə yiyələnməsinə müəllim yaxından kömək göstərdikdə şagird bu sahədəki tələbatını ödəyə bilir. Müəllim şagirdin gözü qarşısında ətraf varlığın zənginliklərini, bir növ nümayiş etdirir: onu yeni-yeni cisim və hadisələrlə tanış edir. Bu da uşaqda idrak, təlim maraqlarının inkişafına səbəb olur. Oxumaq get- gedə nəinki lazımi, hətta ən maraqlı prosesə çevrilir.
Psixoloqların tədqiqatları göstərmişdir ki, I sinfə yeni gələn uşaqlarda maraqlar hələ fərqləndirici xarakter daşımır. Onlar təlim fəaliyyətinin bütün sahələri ilə eyni dərəcədə maraqlanırlar. II sinifdə uşaqlarda  təlim fəaliyyətinin nəticəsinə maraq artır. III sinifdə isə uşaqlarda müstəqilliyin artması onların təlim fəaliyyətinin mahiyyəti ilə  daha dərindən maraqlanmalarına imkan yaradır. Kiçik məktəblilər onları əhatə edən  adamların rəftar və davranışlarını qiymətləndirməyə də maraq göstərir, eyni zamanda onlarda başqasının qeydinə qalmaq, insanlara həssaslıq göstərmək, onlara hörmət etmək kimi mövqedə olurlar. 
Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
Mənbə:

  1. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları.Bakı 2003.

  2. Qədirov Ə.Ə. Kiçik məktəb yaşlı uşaqlarda mücərrəd  təfəkkürün inkişafı, L., 1961.

  3. Qədirov Ə.Ə.Yaş psixologiyası. Bakı, 2003.

  4. Мухина В.С. Возрастная психология, М., Изд-во «Академия», 1998

  5. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR