Slimfit
  1. SİYASƏT

Keşikçidağ ətrafında yeni təxribat cəhdləri – Amma Bakı təmkinlidir

Keşikçidağ ətrafında yeni təxribat cəhdləri – Amma Bakı təmkinlidir
Sakura

Keşikçidağ ətrafında yeni təxribat cəhdləri – Amma Bakı təmkinlidir

Gürcüstan hakimiyyəti mövzunu siyasi məqsədlər naminə gündəmdə saxlayır

Gürcüstanda seçki kampaniyasının başlaması ilə mübahisəli Keşikçidağ (David Qareci) orta əsr monastır kompleksinin mövzusu yenidən kəskinləşdi. Medianın yazdığına görə, ultra-milliyyətçi “Gürcü marşı” təşkilatı Azərbaycan hakimiyyətinə, 10 gün ərzində Keşikçidağ ilə bağlı ədalətli qərar vermək üçün ultimatum təqdim etdi. Üstəlik, bu təşkilatın Moskvaya yaxın olduğundan şübhələr var.

Xatırladaq ki, Keşikçidağ məsələsində mövcud ağırlaşma, Gürcüstanın Baş Prokurorluğunun Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə, Gürcüstan Xarici İşlər Nazirliyinin Qonşu Ölkələr Departamentinin Sərhəd Əlaqələri Xidmətinin keçmiş rəisi İveri Melaşvilini və Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Torpaq Sərhədlərini Mühafizə İdarəsinin keçmiş baş müfəttişi Natalya İliçevanı tutması ilə başladı. Prokurorluğun verdiyi məlumata görə, ekspertiza sərhədlərin delimitasiyası prosesində təqsirləndirilən şəxslərin 1970-80-ci illərdə çıxarılan, Gürcüstanın tarixi sərhədləri ilə, o cümlədən David Qareci monastır kompleksi ilə ziddiyyət təşkil edən sərhəd xəritələrini rəhbər tutduqlarını müəyyənləşdirdi.

Adları çəkilənlər hələ də həbsdədirlər və bu iş üzrə keçmiş yüksək rütbəli şəxslərin Baş Prokurorluğa çağırışları və sorğuları demək olar ki, hər gün davam edir. Məsələn, “Georgia Online” xəbər verir ki, 21 oktyabrda Gürcüstan Baş Prokurorluğu Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliyanı dindirib.

Ondan bir gün əvvəl, oktyabrın 20-də isə Keşikçidağ işi üzrə Baş Prokurorluq Milli Təhlükəsizlik Şurasının keçmiş katibinin müavini Nikoloz Vaşakidzeni dindirdi. Üstəlik Vaşakidze istintaqa ikinci dəfə ifadə verir. Məlumdur ki, əvvəlki ifadələrə görə, o, demarkasiya komissiyasının 2006-2007-ci illərdəki razılaşmasının təfərrüatını xatırlaya bilmədiyini söyləyib. Nikoloz Vaşakidze 2000-2012-ci illərdə Gürcüstan Milli Təhlükəsizlik Şurası katibinin müavini olub və eyni zamanda Xarici İşlər nazirinin müavini vəzifəsində çalışıb. Baş Prokurorluğun bu ilin avqust ayında Gürcüstan ərazisinin bir hissəsinin başqa bir ölkəyə verilməsi ilə bağlı istintaqa başladığı dövrdə də bu vəzifəni icra edirmiş.

Yəqin ki, baş verənlər hakim “Gürcü Arzusu” partiyasının işidir. Onları çoxdan Keşikçidağ məsələsindən seçki məqsədi ilə istifadə etməkdə ittiham edirdilər. Eyni zamanda, müxtəlif gürcüstanlı politoloqların, ümumiyyətlə, bütün bunların indi müharibə vəziyyətində olan strateji tərəfdaşa - Azərbaycana qarşı düzgün davranış olmadığı barədə fikirləri ilə tez-tez tanış olmaq olar.

Məlum olur ki, seçkilər yaxınlaşdıqca Keşikçidağ mövzusuna daha çox diqqət yetiriləcək. Bəlkə, səsvermə gününə yaxın delimitasiya komissiyasının keçmiş məmurlarına qarşı səs-küylü bir hökm oxunması kimi bir növ “qələbə fişəngi” hazırlanır? Ümumiyyətlə, baş verənlər keçmiş dövlət qulluqçuları üçün kədərli bir şəkildə sona çatacaq bir növ yöndəmsiz PR-a bənzəyir. 

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev baş verənləri AYNA-ya şərh edərkən deyib ki, hakimiyyət və marginal qrupların seçkilərdən əvvəl təşkil etdiyi Keşikçidağ mövzusundakı “əyləncəni”, Bakıda Azərbaycana qarşı dost olmayan bir addım kimi qəbul edilə biləcəyini düşünmür: “Çünki eyni zamanda, hər seçki kampaniyasında olduğu kimi, hakimiyyəti dəstəkləmək üçün SOCAR prezidenti Marneuliyə gəldi. Bu, o deməkdir ki, Tbilisi ilə Bakı arasında hər şey qaydasındadır və bütün proseslər koordinasiya olunur”.

“David Qareci mövzusuna gəldikdə, bu problemin həllinin çox asan olduğunu dəfələrlə söyləmişəm: bu obyektə iki xalqın mədəni irsi statusu verilməli və hər iki tərəfdən ona ümumi sərbəst giriş təmin edilməlidir. Bütün tərəflər vaxtaşırı David Qareci üzərində mübahisələrin öz məqsədləri üçün istifadə edilməsindən fayda görməsəydilər, məsələ çoxdan ümumi məmnunluqla həll edilərdi”, - analitik bildirib.

Kuroptevin fikrincə, hər kəs ağlını başına yığmalı və məsələnin sadəcə dostluq və tərəfdaşlıq zəminində həll edilməli olduğunu başa düşməlidir: “Sovetlər ərazisindəki digər “zamanlı minaların” nümunələri açıq şəkildə göstərir ki, ölkələr arasındakı siyasi oyunlar ən dəhşətli nəticələrə gətirib çıxara bilər. Və bu səbəbdən dostlar özlərini həm xarici təzyiqlərdən, həm də içəridəki təxribatlardan qorumaq üçün bütün bu mübahisələri tezliklə aradan qaldırmalıdır”.

Politoloq İlqar Vəlizadə isə AYNA-ya şərhində bildirib ki, burada həlledici tərəf Azərbaycanın dövlət qurumlarıdır: “Çünki bu ərazi Azərbaycanın yurisdiksiyasındadır. Söhbət dövlət sərhədindən gedir və bunun xüsusi bir rejimi var. Sərhədlərə müvafiq mühəndis tikililəri, sərhəd zolaqları, neytral torpaqlar və s. daxildir. Bütün bu xüsusi infrastruktur, əsasən Azərbaycan-Gürcüstan sərhədində mövcuddur”.

“Və Keşikçidağ yerləşən sahədə təbii ki, bu obyektin tarixi əhəmiyyəti nəzərə alınmaqla, müəyyən düzəlişlər edilə bilər. Azərbaycan tərəfi dindar zəvvarlar, Gürcüstandan gələn turistlər üçün bu müəssisəyə giriş təcrübəsini tətbiq etmişdi və ziyarətçilərin bu tarixi obyektdə qalma müddətlərini müəyyən saatlarla məhdudlaşdırırdı. Lakin Gürcüstan tərəfinin bir sıra təxribatlarından sonra sərhədin bu hissəsinə nəzarət gücləndirildi. Bu, başadüşüləndir və düşünürəm ki, Gürcüstan tərəfi də bunu başa düşür”, - politoloq vurğğulayıb.

Xəritələrə gəldikdə, Vəlizadənin sözlərinə görə, daha köhnə xəritələr tapmaq olar: “Məsələn, 20-ci əsrin 20-ci illərinə aid. Sovet illərində bir neçə dəfə həyata keçirilmiş inzibati ərazi sərhədləri bölgüsü zamanı İttifaq respublikaları arasında inzibati sərhədlər bir neçə dəfə dəyişib. Azərbaycan isə SSRİ-nin dağılması dövründə mövcud olan respublikalar arasındakı inzibati sərhədlərə etibar edir. Yəni, Gürcüstan hakimiyyəti inqilabdan əvvəlki dövrə aid xəritələr tapa bilər, lakin beynəlxalq hüquq praktikasına görə, bu vəziyyətdə yeganə müvafiq xəritələr SSRİ-nin dağılmasından əvvəl respublikaların istifadə etdiyi xəritələr hesab edilməlidir. Bu xəritələr Azərbaycan SSR və Gürcüstan SSR Ali sovetləri tərəfindən təsdiq edilib. Bu, çox vacib və əsas məqamdır”.

“Buna görə daxili ziddiyətlər fərqli şəkildə biruzə verilə bilər, ancaq indi Gürcüstan SSR xəritəsini təsdiqləyən 60-cı illərin Gürcüstan parlamenti mühakimə oluna bilməz. Gürcüstanla ikitərəfli münasibətlərimizdə yaxşı qonşuluq, bir-birimizin suveren işlərinə qarışmamaq prinsiplərinə etibar edirik. Və düşünürəm ki, mütəxəssislər arasındakı uyğunsuzluğa və komissiyanın Keşikçidağ məsələsi üzərində hələ də çalışmasına baxmayaraq, bu prinsiplər üstünlük təşkil edəcək və ölkələrimiz arasında münasibətlərdə böhran olmayacaq”, - müsahibimiz əlavə edib.

Mənbə: Ayna.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR