Slimfit
  1. GÜNDƏM

Kərrubidən Xamneyiyə: "Dini liderlik şərtlərindən heç birinə sahib deyilsiniz"

Kərrubidən Xamneyiyə: "Dini liderlik şərtlərindən heç birinə sahib deyilsiniz"
Sakura

Kərrubidən Xamneyiyə: "Dini liderlik şərtlərindən heç birinə sahib deyilsiniz"

GünAz TV: Mehdi Kərrubi "Sepah"ın sərnişin təyyarəsini raketlə vurmasına görə Əli Xamneyiyə ünvanladığı məktubda onun konstitusiyada nəzərdə tutulmuş dini liderlik xüsusiyyətləri və şərtlərindən heç birinə sahib olmadığını bildirib.

Məktubun əvvəlində Kərrubi qeyd edib ki, bir müddət əvvəldən "dini lider"ə ölkənin acınacaqlı vəziyyəti barədə ətraflı məlumatları ehtiva edən məktub yazmağa başlayıb.

Onun sözlərinə görə, mövcud acınacaqlı vəziyyət "dini lider"in yarıtmaz siyasəti və ölkənin bütün işlərinə yersiz müdaxiləsi nəticəsində yaranıb.

Kərrubi hazırki məktubu Xamneyiyə göndərməklə bağlı qərarı "Sepah"ın sərnişin təyyarəsini vurması və ilk günlərdə bunu hayasızcasına inkar etməsindən sonra qəbul etdiyini deyib.

Kərrubi həmçinin vurğulayıb ki, silahlı qüvvələrin ali baş komandanı olaraq təyyarənin vurulmasına görə bütün məsuliyyəti Əli Xamneyi daşıyır.

Xatırladaq ki, yanvarı 8-də Tehran hava limanı yaxınlığında Ukrayna hava yollarına məxsus “Boeing” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbərlər yayılmışdı. Bir müddət sonra təyyarənin vurulması ilə bağlı məlumatlar yayıldıqdan, eləcə də Kanadanın bununla bağlı ətraflı sübutları olduğunu bəyan etməsindən sonra İran yanvarın 11-də təyyarəni "səhvən" vurduğunu etiraf etməyə məcbur qalmışdı.

Kərrubi məktubunda həmçinin Xamneyidən "Sepah"ın təyyarəni raketlə vurmasından yanvarı 8-də, ya 11-də xəbərdar olması barədə sual soruşub.

"Təyyarənin vurulmasından məlumatlı idinizsə, deməli, bilərəkdən hərbi və təhlükəsizlik rəsmilərinə, eləcə də media orqanlarına xalqa yalan danışmağa icazə vermisiniz. Bununla da, konstitusiyaya əsasən, dini liderlik vəzifəsini daşımaq üçün xüsusiyyətlər və şərtlərdən heç birinə sahib deyilsiniz! Deyin görək, siz necə silahlı qüvvələrin ali baş komandanısınız ki, onlar sizinlə və ölkə ilə belə oyun oynayırlar! Bu da isbat edir ki, dini liderlik üçün tədbir, şücaət, idarəçilik və güc kimi xüsusiyyətlərdən də məhrumsunuz!",- deyə məktubda vurğulanır.

Kərrubi bildirir ki, bundan başqa Əli Xamneyinin birbaşa məsuliyyət daşıdığı kifayət qədər hadisələr var. O, bunlara misal kimi "silsilə qətllər", 2009-cu il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması və buna qarşı keçirilmiş etirazlarda xalqın qətliam edilməsi, 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində baş tutmuş xalq nümayişlərinin qan bahasına yatırılması, eləcə də 2019-cu ilin noyabrında benzinin qiymətinin artırılmasına qarşı etirazlarda dinc insanların qanına qəltan edilməsi kimi halları misal çəkib. Kərrubi bütün bu cinayətlərə görə məsuliyyəti Xamneyinin daşıdığını bəyan etməklə yanaşı, bu kimi hallardan xalqın boğaza yığıldığını qeyd edib.

Qeyd etmək lazımdır ki, Mehdi Kərrubi 2017-ci ildə Xamneyiyə ünvanladığı açıq məktubda da onu ökədə yaranan acınacaqlı siyasi, iqtisadi, mədəni və ictimai vəziyyətə görə birbaşa günahkar hesab etmiş, "dini lider"i struktur islahatına çağırmışdı.

 

Ə.A

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR