Kənd təsərrüfatı naziri yeni taxıl sortlarının alınması istiqamətində elmi araşdırmaların genişləndirilməsini…
Sentyabrın 17-də Aqrar Universitetdə yeni dərs ilinin açılışında iştirak edən və ali təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanış olan kənd təsərrüfatı naziri İnam Kərimov universitetin Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasında görülən işlərlə maraqlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin alimi, Əməkdar kənd təsərrüfatı işçisi Firudin Qurbanov nazirə laboratoriyanın iş şəraiti və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Bildirilib ki, son illərdə universitet alimləri tərəfindən “ADAU-80”, “Məhsuldar”, və “Gəncə” qarğıdalı sortları, “Qismət” tritikale sortu yaradılaraq rayonlaşdırılıb və dövlət reyestrinə salınıb.
İnam Kərimov Dövlət Sort Sınağına təqdim olunmuş buğda sortları ilə tanış olub. Qeyd olunub ki, “Nurcahan” və “Qırmızı buğda – 1” sortları yüksək keyfiyyət göstəricilərinə malikdir.
Laboratoriya əməkdaşları tərəfindən toplanaraq bu gün də qorunub saxlanılan 400-dən çox taxıl bitkisinin genefond nümunələri ilə də tanış olan kənd təsərrüfatı naziri bu sahədə tədqiqat işlərinin genişləndirilməsini tövsiyə edib.
Universitetin rektoru, professor İbrahim Cəfərov əldə olunmuş nailiyyətlərin yaxın gələcəkdə daha geniş sahədə həyata keçiriləcəyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət