Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət işğal etdiyi ərazidə hər hansı bir məskunlaşma prosesi…
Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət işğal etdiyi ərazidə hər hansı bir məskunlaşma prosesi həyata keçirə bilməz.
Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Professor bildirib ki, Azərbaycan bu gün məhz 1949-cu il Cenevrə Konvensiyasına əsaslanaraq işğal edilmiş ərazilərində ermənilərin qanunsuz fəaliyyətini əngəlləyə bilər:
“1949-cu ildə dörd Cenevrə Konvensiyası qəbul edilib: qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması, dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması, hərbi əsirlərlə rəftar və müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında. 1977-ci ildə isə Konvensiyaya protokollar əlavə edilib. Bu protokollar 1949-cu il Konvensiyasını təkrarlayır. Sadəcə, birinci ölkələrarası, ikinci isə ölkədaxili münaqişələri nəzərdə tutur. 1949-cu il Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyası bu gün Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindəki məskunlaşma prosesinə son qoymaq üçün hərəkətə keçməyə imkan verir. Bu Konvensiya işğal olunmuş ərazidə işğalçı dövlət tərəfindən hər hansı bir yerləşməni, infrastruktur layihələrini qadağan edir. Konvensiya işğal edilmiş ərazidə yalnız işğala məruz qalmış dövlətin əsir və qaçqınlarını, yaxud da mülki əhalisini yerləşdirməyə icazə verir”.
F.Mehdiyev bildirib ki, Azərbaycan beynəlxalq hüququn ona tanıdığı bu imkandan yararlanaraq sözügedən məsələni Avropa Şurası və BMT-də qaldıra bilər:
“Məhz bundan sonra Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşmanın aparılmasına dair qınayıcı qətnamə qəbul oluna bilər. Bu qətnamələr işğal protokolunu bir daha təsdiq etməklə qalmayacaq, eyni zamanda, Ermənistanı işğal etdiyi Azərbaycan əraziləri üzərindəki “legitim” hüququndan da məhrum edəcək. Həmin qətnamələr əsasında ermənilərin işğal edilmiş ərazilərdəki fəaliyyətlərinə də qadağa qoyula bilər. Məsələn, Kəlbəcərdə qızıl mədənlərini işlədən xarici şirkətlərin həmin ərazilərə girişinə qadağa qoyula bilər. Hətta ermənilər Kəlbəcərdə qızılı özləri çıxartsa belə, sözügedən qətnamə ilə onun dövriyyəsinin, eyni zamanda, işğal olunmuş digər ərazilərimizdə şərab istehsalının Avropa İttifaqına çıxışının qarşısını almaq olar”.
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət