Slimfit
  1. MARAQLI

Keçiləri "xoşbəxt simalı insanlar cəlb edir"

Keçiləri "xoşbəxt simalı insanlar cəlb edir"
Sakura

Alimlər keçilərin diqqətini xoşbəxt simalı insanların daha çox çəkdiyini müəyyənləşdiriblər

Alimlər keçilərin diqqətini xoşbəxt simalı insanların daha çox çəkdiyini müəyyənləşdiriblər.

Nəticələr göstərir ki, indiyə qədər düşünülənin əksinə, insanın əhvalını hiss edən heyvanların sayı çox imiş.

Araşdırmaçılar keçilərə eyni insanın iki fərqli üz ifadəli şəklini göstəriblər: biri əsəbi, digəri şən.

Keçilər xoşbəxt simalı şəklə yaxınlaşıblar, komanda "Royal Society Open Science" jurnalına bildirib.

Belə nəticəyə gəlmək olar ki, üz ifadələrini hiss edən təkcə itlər və ya atlar kimi insanların yaxın yoldaşı sayılan heyvanlar deyil.

Əksinə, keçilər kimi qida istehsalı üçün əhliləşdirilmiş heyvanlar da insanın üz ifadəsini oxuya bilir.

Araşdırma Britaniyanın Kent əyalətində yerləşən Buttercups Sanctuary for Goats keçi sığınacağında aparılıb.

Araşdırmanın həmmüəllifi London Universitetinin Queen Mary kollecindən dr. Alan McElligott və həmkarları test ərazisində bir-birindən təxminən 1.3 metr aralı bir cüt ağ-qara şəkil yerləşdiriblər.

Sonra isə əraziyə şəkilləri izləmək üçün keçiləri ayrı-ayrı buraxıblar.

Keçilər insan sərrafıdırmı ?

Onlar müəyyənləşdiriblər ki, keçilər gülümsəyən üzlərə üstünlük verir, əsəbi şəkillərə baxmadan xoşbəxt simalara yaxınlaşırlar. Keçilər həm də gülümsəyən üzlərin qarşısında daha çox vaxt keçirib və burunlarını həmin şəkillərə sürtüblər.

Amma bu təsiri "xoşbəxt" şəkillər sağ tərəfdə olan zaman müşahidə etmək mümkün olub.

Şən simalı şəkillər sol tərəf yerləşdirildikdən sonra keçilər heç bir tərəfə üstünlük verməyiblər.

Araşdırmaçılara görə, bəzi başqa heyvanlarda olduğu kimi, keçilər də məlumatı emal etmələri üçün beyinin bir tərəfini istifadə edirlər.

Ola bilsin, ya pozitiv emosiyaları ötürən beynin sol tərəfidir, ya da qəzəbli simaları yayındıran beynin sağ tərəfidir.

Artıq Roehampton Universitetində işləyən dr. McElligott deyib: "Araşdırma bizim mal-qara və digər canlı növləri ilə münasibətimiz mənasında mühüm nəticələr verdi. Bəlkə də heyvanların insan emosiyalarını qavramasını təkcə ev heyvanları ilə məhdudlaşdırmamaq lazımdır."

Araşdırmanın digər həmmüəllifi Braziliyanın Sao Paulo Universitetindən Natalia Albuquerque söyləyib: "Emosiyaları qavrama araşdırması itlər və atların kompleks qabiliyyətlərə malik olduğunu göstərmişdi.

"Lakin indiyə qədər keçilər kimi heyvanların da insanların üz ifadəsini oxumaq bacarığını göstərən bir nümunə yox idi. Bizim əldə etdiyimiz nəticələr bütün əhilləşdirilmiş heyvanların emosional həyatını anlamaq üçün yeni bir cığır açır."

Araşdırma həm də mal-qara sayılan heyvanların hisslərini önə çıxaran bir qavrayış formalaşdıraraq heyvanlara münasibətimizə də təsir göstərə bilər.

 

Mənbə: BBC.com

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR