Keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir:
“Müqayisə aparsaq, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq 5-7 dərəcə yüksəkdir. Keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edib. Bu ilin iyun ayında isə keçən illə müqayisədə, temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur.
Həftənin sonuna qədər hava şəraitində ciddi dəyişiklik olmayacaq və temperatur yüksək olacaq. Yüksək temperatur qonşu ölkələrdə də müşahidə edilir. İyun ayının ilk günlərindən dayanıqlı cənub axınları ölkənin yerləşdiyi regionda temperaturun yüksəlməsinə səbəb olub”.
Umayra Tağıyeva qeyd edib ki, həm iyul, həm avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40-dən yüksək olacağı da gözlənilir.
“Adətən, çimərlik mövsümü ilə bağlı dəniz suyunun temperaturu barədə məlumat iyunun 15-dən verilir. Lakin anomal isti hava şəraiti ilə əlaqədar dəniz suyu ilə bağlı açıqlama iyunun ilk gününə təsadüf etdi. Bu da insanların vaxtından əvvəl çimərliklərə üz tutmasına səbəb olur.
Ən yüksək temperatur 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq xüsusilə uşaqlar üçün təhlükəlidir. Ona görə insanları, xüsusilə yaşlı şəxsləri ehtiyatlı olmağa çağırırıq”, - deyə direktor qeyd edib.
İlhamə Əbülfət
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət