Slimfit
  1. İQTİSADİYYAT

Kassa çeki əldə etmək sizi sığortalayır

Kassa çeki əldə etmək sizi sığortalayır
Sakura

Kassa çeki əldə etmək sizi sığortalayır

 

Qanunvericiliyə əsasən, hər bir vətəndaş alış-veriş edərkən və ya xidmət alarkən ona ödədiyi pulun məbləğini göstərən kassa çeki və ya qəbz təqdim olunmalıdır. Kassa çekləri həm istehlakçıların hüquqlarının təmin edilməsinə, həm də xidmət müəssisələrinin dövriyyəsinin müəyyənlədirilməsi və vergiyə cəlb olunmasına xidmət edir. Mövzu ilə bağlı suallarımızı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb: 

- Eyyub müəllim, istehlakçı hüquqlarının qorunması baxımından kassa çekinin əhəmiyyəti nədir?

- "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanunda birmənalı şəkildə göstərilir ki, mallar istehlakçının tələbatına uyğun olmadıqda, onların dəyişdirilməsinə və qaytarılmasına tələbat yarandıqda əsas istinad sənədi kassa çeki olmalıdır. Həmin çek olmadıqda qarşı tərəf malı geri götürməməkdə haqlıdır. Çünki malın kimdən, haradan, nə zaman alındığını sübut edən yeganə vasitə kassa çekidir.

- Kassa çeki almayan istehlakçılar hansı risqlərlə üzləşə bilərlər və ya çek tələb etmək hansı üstünlüklər gətirir?

- Kassa çeki almamaq istehlakçıların hüquqlarını məhdudlaşdırır. İstehlakçı aldığı xidmətdən və ya maldan tam və ya qismən narazı qala bilər. Bu zaman narazı qaldıqları məqamları sübut etmək üçün onlara ancaq kassa çeki kömək edə bilər. Çek olmadıqda istehlakçılar aldıqları malı dəyişmək və ya qaytarmaq hüququndan məhrum olurlar. Belə çətin vəziyyətə düşməmək üçün vətəndaşlar istənilən malı və xidmətləri alarkən kassa çeki tələb etməlidirlər. Bu, onların gözlənilməz hallardan sığortalanmasına imkan verir. İstehlakçıların xüsusilə qida məhsulları aldıqda, restoranlarda yemək sifariş etdikdə aldıqları kassa çeklərini bir müddət saxlamaları məqsədəuyğundur. İstəməsək də bəzən qida zəhərlənmələri baş verir. Bu zaman da kassa çekləri əsaslı dəlil kimi istifadə edilərək xidmət və ya ticarət müəsssəsinin məsuliyyətə cəlb edilməsinə imkan verir.

"İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanunda birmənalı şəkildə göstərilir ki,
mallar istehlakçının tələbatına uyğun olmadıqda, onların dəyişdirilməsinə və
qaytarılmasına tələbat yarandıqda əsas istinad sənədi kassa çeki olmalıdır

- Təcrübədə kassa çeklərinin verilməməsi hansı hallarda daha çox baş verir?

- Çox təəssüflər olsun ki, bu hal bəzi sektorlarda daha geniş yayılıb. Məsələn, əmlak alğı-satqısı ilə məşğul olan şirkətlər və tikinti şirkətləri iri məbləğlərdə satış etdikləri halda alıcılara heç bir sənəd təqdim etmirlər. Yalnız kassa mədaxil orderi verirlər ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Bilirsiniz ki, kassa mədaxil orderlərinin üzərində satışı həyata keçirən hüquqi və ya fiziki şəxsin VÖEN-i və nəzarət məqsədilə verilən seriya və sıra nömrəsi göstərilməlidir. Çox təəssüf ki, bu məlumatlar kassa-mədaxil orderlərində qeyd edilmir. Bundan başqa, bir çox xidmət sahələrində belə hallar daha geniş yayılıb. Kassa mədaxil orderlərinin verilmədiyi digər sahə tibb klinikalarıdır. Adətən, onlarda kompüterdən çıxarılan "çek"lər təqdim edirlər ki, onların üzərində zəruri məlumatlar qeyd edilmir. Avtomobil təmiri sexlərində birmənalı şəkildə heç bir sənəd təqdim edilmir. Ona görə də bu sahələrdə insanlar daha çox aldadılır, ciddi problemlərlə üzləşirlər. Kassa çeki və ya ciddi hesabat blankları olmadığı hallarda alıcıların hüquqlarının müdafiəsi də çətinləşir. Belə hallarla üzləşdikdə Vergilər Nazirliyinə müraciət edirik. Onlar kassa çekinin verilmədiyi obyektlərdə araşdırma aparırlar.

Kassa çeklərinin üzərində satışı həyata keçirən hüquqi və ya fiziki şəxsin
VÖEN-i və nəzarət məqsədilə verilən sıra nömrəsi, ünvanı göstərilməlidir

- Kassa çekini tələb etməklə bağlı qanunvericiliyin tələbləri nədən ibarətdir?

- Qanunvericiliyə görə, pərakəndə ticarət və ictimai iaşə obyektləri alış-veriş zamanı vətəndaşa kassa çekini təqdim etməlidir. Əgər vətəndaş kassa çekini tələb edərsə və bu zaman ona tələb olunan formada kassa çeki təqdim edilməzsə, həmin xidmətdən imtina edilməli, Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə, eləcə də bütün mümkün kommunikasiya vasitələrinə elektron qaydada yazılı müraciət olunmalıdır. Çek təqdim etməyən ticarət və ya xidmət obyekti barədə nazirliyə məlumat verilməlidir.

Tələb olunan formada kassa çeki təqdim edilməzsə, həmin xidmətdən imtina
edilməli, Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə müraciət olunmalıdır

- Vətəndaşın satış və xidmət obyektlərindən kassa çekini tələb etməsi ölkə iqtisadiyatına hansı faydaları verə bilər?

- Kassa çekləri ticarət və ictimai iaşə obyektlərinin dövriyyələrinin dəqiq müəyyən edilməsi və vergiyə cəlb olunması baxımından böyük əhəmiyyət daşıyır. Dövlət büdcəsi sahibkarların və vətəndaşların ödədiyi vergilər hesabına formalaşır və həmin vəsaitlər başqa formada yenidən vətəndaşlara qayıdır. Bütün ticarət və ictimai iaşə obyektləri vergi ödəyicisidir. Vətəndaşlar çek tələb etməklə həm də həmin obyektlərin vergiyə cəlb edilməsini təmin etmiş olurlar...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR