Slimfit
  1. BİOQRAFİYA

Karl Marks

Karl Marks
Sakura

Karl Henrix Marks

Karl Henrix Marks (alm. Karl Heinrich Marx; 5 may 1818 - 14 mart 1883) — alman filosofu, siyasətçisi, sosioloqu, iqtisadçısı və yazıçısı. Marksizm nəzəriyyəsinin banisi. "Kommunist Manifesti" və "Kapital" əsərlərinin müəllifi.

O, sosiologiya elminin yaranmasında və inkişafında göstərdiyi böyük xidmətlərinə görə digər alman Maks Veber və fransız Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan 3 şəxsdən biri sayılır.

Marks kapitalist iqtisadi sistemi, burjuaziya və proletariat münasibətləri, dünyanın iqtisadi tarixi və dövlətin kapitalizmdəki rolu barədə apardığı geniş, dərin və tənqidi araşdırmalar sayəsində özünə olduqca böyük nüfuz qazanmışdır. Marksdan təsirlənən və onun idealarını inkişaf etdirən saysız-hesabsız sosioloqlar, kriminoloqlar və iqtisadçılar var, hansılar ki, marksist kriminologiyası, siyasi iqtisadiyyatda marksist perspektivi, ailə, din və digər mühum mövzularda Marksist perspektivlərini yaradıblar.

Karl Marks tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında birinci sıraya daxil edilib.

Karl Marks 5 may 1818-ci ildə Almaniyanın Ryine əyalətinin Trier qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Trierdə almışdır. Bonn və Berlin universitetlərində hüquq təhsili alarkən tarix və fəlsəfəyə böyük maraq göstərmişdir. Fəlsəfəyə marağı onu Hegelçi-idealist kimi formalaşdırdı. 1841-ci ildə Epikür fəlsəfəsinə dair disertasiya müdafiə etdi.

Bu zaman artıq sol hegelçilər və radikal burjuaçılar birlikdə müxalifət yönümlü Rheinische Zeitung qəzetini qurmuşdular. Marks bu qəzetdə fəaliyyət göstərməyə başladı. Marks qəzetin jurnalisti və redaktoru idi. Marksın Prussiya monarxiyasınaqarşı tutduğu mövqe tezliklə qəzetin bağlanması ilə nəticələndi.

Sen-Simon, Fourier, Proudhon kimi yazıçıların məqalələrini oxuyaraq Fransız sosializminin dərk etməyə çalışdı. 1843-cü ildə uşaqlıq dostu Jenny von Westphalen ilə evləndi. 1843-cü ildə Parisə köçdü. Fransız-Alman İlliklərini yayımladı (1844). Dərginin bu ilk və tək yayımında, Yəhudi məsələsi adlı yazısıyla siyasi mövqeyini ilk dəfə açıqladı. Elə həmin ildə Engelslə tanış olan Marks humanist fəlsəfə formalaşdırdır. Məhz Engelsin sayəsində onun diqqəti işçi sinifə yönəldi. Yaşadığı dövrdəki Avropadakı sosial bərabərsizliyi və işçi sinifin yuxarı siniflər tərəfindən istismarını görən Marks, tezliklə sosial inqilabçı olmağa qərar verir. Marksı bu işə başlamağa vadar edən digər ünsür isə onun digər filosoflardan (Hegel, Nitşe) fərqli olaraq, dünyanı sadəcə tədqiq deyil, dünyadakı problemləri həll etmək istəyi olub. Məhz bu istəyə görə də Marks müxtəlif Avropa dövlətlərində (İsveçrə, Fransa, Belçika) sosial inqilab etməyə cəhd etmiş, lakin dövlət tərəfindən deportasiya edilmişdir.

Lakin Marksın fəaliyyəti burada da bəyənilmədi və 1845-ci ildə Vorwarts qəzetinin üzvləri ilə birlikdə Brüsselə köçdülər. Bir neçə aydan sonra Engelsin Brüsselə gəlməsi onların ikisinin birlikdə "Alman İdeologiyası" adlı əsərini yazdılar. Bu əsərdə onlar Hegelə və gənchegelçilərə qarşı yönəlmişdilər.

1847-ci ildə Alman emiqrantlarının təşkil etdiyi - "Kommunistlər İttifaqı" adlı cəmiyyətə qoşulur. Bu cəmiyyətin istəyi əsasında 21 fevral 1848-ci ildə məşhur "Kommunist Partiyasının Manifesti"ni tərtib etdilər.

Belçikada 1848-ci ildə baş verən hadisələr Marksın buranı tərk etməsiylə nəticələndi. Marks Kölnə qayıdıb Rheinische Zeitung qəzetinin yenidən nəşrinin bərpa etsə də, tezliklə maliyyə və senzura ucbatından qəzet fəaliyyətini dayandırdı.

Yenidən Almaniyadan sürgün edilən Marks ailəsinin dalınca Fransaya gəlsədə buradanda çıxarıldı. 1849-cu ildən sonra ömrünün axırlarınadək Londonda yaşadı.

Bundan sonra Marksın həyatı kasıbçılığ içərisində davam etmişdir. Əgər Engelsin daimi köməyi və Marksın özünün qəzetlərə yazdığı məqalələrin müqabilində aldığı kiçik miqdarda pul olmasaydı Marksı nəinki "Kapital"ı yaza bilməzdi, o acından ölə bilərdi. 1846-cı ildə Karl Marks Beynəlxalq İşçilər Asossasiyasının qurucularında biri oldu. Bu qurum həmçinin Birinci İnternasional kimi tanınırdı. Birinci İnternasionalın çıxışı zamanı veridiyi səhv sonradan bu qurumun parçalanması ilə nəticələndi. 1867-cı ildə "Kapital"ın ilk cildi çıxdı. Bu dövrdə o Fransada bir çox Avropa ölkələrində gedən proseslərə dair əsərlər, işçi partiyalarının proqramlarını yazmışdır. Dürinqə qarşı diskusiyalarda Engelsi dəstəklədi və nəticədə "Anti-Dürinq" əsəri meydana gəldi. Lakin bu əsəri yazarkən Marks xəstələndi.

Karl Marks 1883-cü il 14`Martda 64 yaşında Londonda öldü və "Highgate-Cemetery" qəbirəstanlığında dəfn edildi. Yarımçıq qalmış "Anti-Dürinq" əsəri və "Kapital"ın axırıncı cildi Fridrix Engels tərəfindən tamamlandı.

Karl Marks sosial sinifin bir şəxsin istehsal vasitələrinə sahib olub olmamasi ilə müəyyən olunduğunu demişdir. Məsəl üçün, istehsal vasitələri olan zavod, torpaq və texniki avadanlıqlara sahib olan təbəqə burjuaziya, bunlardan məhrum olanlar və burjuaziya tərəfindən əmək haqqı qarşılığında istismar edilənlər isə proletariatdi. Bu iki təbəqə arasında olanlar isə orta sinifdir Karl Marksa görə tarix insanların əməyi nəticəsində ortaya gəlmişdir. Bütün tarix boyu bir qrup insan, bir ayri sözlə burjuaziya, istehsal vasitələrinə sahib çıxaraq bundan məhrum olan proletariati, aşağı sosial sinif nümayəndələrini işçi kimi işlədərək müxtəlif məhsullar istehsal edib. İstismar edilən qrupla onlari istismar edənlər arasında hər zaman müxtəlif miqyaslı mübarizələr olmuşdur. Bu mübarizələrdən qalib çıxmaq və öz iqtisadi, siyasi and mədəni mövqeyini möhkəmləndirmək üçün burjuaziya vəya dominant təbəqə müxtəlif sosial institusiyaları öz leyhinə və proletariatın əleyhinə işləyəcək formada formalaşdırmışdır. Nümunə olaraq din, media və təhsil kimi institusiyaların necə istifadə olunduğuna baxsaq Marksın nə demək istədiyini anlamaq cətin deyil. Uzun illərdir ki din güclü təbəqə nümayəndələri tərəfindən öz iqtisadi-siyasi mövqelərini qorumaq və aşağı təbəqədə olanları idarə etmək üçün istifadə olunub. Məsəl üçün, yaranan sosial-iqtisadi bərabərsizliyə bəraət qazandırmaq üçün dominant təbəqə müqəddəs kitablarda yazılan kasıblar hər zaman mövcud olacaq və bəziləriniz digərləri üçün çalışacaqsınız kimi ifadələri tez-tez dilə gətirərək kasıbları bu vəziyyətin qaçınılmaz və təbii olduğunu inandirmağa çalışıblar, və həqiqətən də öz məqsədlərinə çatıblar. Təhsil sahəsinin də burjuaziyanin proletariat üzərindəki üstünlüyunün rolu çoxdur. Təhsil müəssisələrində capitalism haqqında və bu sistemin ən effektiv iqtisadi sistem olduğu barədə dərslərdə danışılır və kurrikulum burjuaziyanın fikirləri və istəyi əsasında formalaşdırılır. Media, hər gün davamlı olaraq göstərdiyi əyləncəli verilişlərlə insanların fikirlərini kapitalizmin yaratdığı problemlərdən yayındırır. Bütün bunların nəticəsində isə burjuaziya xaric bütün digər sosial təbəqələr social-iqtisadi bərabərsizliyin təbii və qaçınılmaz, kapitalizmin isə ən effektiv sistem olduğunu düşünürlər. Bu yalnış süur kapitalizmin hələ də mövcud olmasının arxasindakı ən mühüm amillərdən biridir. Lakin, Marksın fikirlərinə görə, sinif mübarizəsinin qalibi gec-tez proletariat olacaq. Səbəb olaraq isə Marks, kapitalizmin öz quruluşuna işarə edibdir. Marksın iddialarına əsasən, ədalətsiz kapitalist quruluşu, kapitalizmin səbəb olduğu iqtisadi-sosial və siyasi böhranlar və dünya miqyasında kasıb təbəqənin məruz qaldığı amansız istismar proletariatın bir yerə gəlməsinə və zorakı yollarla kapitalizmi devirib öncə sosializm, ardından isə kommunizm sistemi yaratmasına səbəb olacaq, və bununla da sülh və sosial bərabərlik bərpa olunacaq. Kommunist sistemdə ölkənin var-dövləti və resursları insanların ehtiyacına görə insanlar arasında bölüşdürüləcək. Hansısa bir qrup insan digər kütlə üzərində hegemon mövqeyə sahib olmayacaq. İşçilər və sadə insanlar dostluq və sülh şəraitində yaşayacaqlar. Baxmayaraq ki Marksın bu proqnozu hələ ki gerçəkləşməyib, ildən ilə çoxalan iqtisadi böhranlar və dünyanın əksər ölkələrində müşahidə olunan sosial bərabərsizliklərin yaxın gələcəkdə kapitalizmi devirməsi reallıqdan uzaq görsənmir.

Tarix boyu insanlar yalnız öz ehtiyaclarını ödəmək üçün təbiətdə olan materiallardan istifadə edərək müxtəlif əşyalar istehsal edibdir. Hər bir insan özünün ərsəyə gətirdiyi məhsulun sahibi olub və o əşyanın hansı məqsədlə istifadə olunacağını və yaxud lazım gəldikdə hansı qiymətə satılacağını özü müəyyən etmişdir. Lakin, kapitalizm insanın əşya ilə olan munasibətini mənfi şəkildə dramatik dərəcədə dəyişdi. Bütün bunlar manufakturanın, ardından isə 18-ci əsrdə Böyük Britaniyada Sənaye İnqilabı nəticəsində ortaya çıxan zavod və fabriklərin yaranması nəticəsində başladı. Milyonlarla kasıb kənd əhalisi şəhərlərə zavod və fabriklərdə işləmək üçün axın etdi, və bunu görən kapitalistlər onların əməyindən maksimum şəkildə istifadə edərək müxtəlif çeşidli məhsullar düzəldərək onların satışından qazanc əldə etməyə başladı. Lakin, zavodlarda işçilər yalniz işin az bir hissəsini görürdülər və nəticədə ortaya çıxan əşyanın hansı məqsədlə istifadəsinə və hansı qiymətdə satılmasına kapitalistlər qərar verməyə başlayır. İşçilər bütün işi özlərinin yox, kapitalistlərin istəklərinə uyğun şəkildə görürdülər. Bütün bunları Karl Marks Entfremdung (yadlaşma, uzaqlaşma) olaraq adlandırdı. Yadlaşdırma yalnız istehsal edilən məhsuldan yox, digər 2 istiqamətdə də baş verir. Bunların birincisi insanlarin digər həmkarlarından uzaqlaşması və hətta buna görə həmkarlarına düşmən munasibəti bəsləməsidir. Kapitalist sistemi insanlar arasında əməkdaşlıqdan daha çox rəqabətin olmasınl istəyir çünki rəqabət olan yerdə adətən inkişaf və tərəqqi olur. Kapitalist sistemdə az saylı amma yüksək statuslu və maaşlı mövqelər az, lakin o mövqelərdə olmaq istəyən insan sayı yüksəkdir. Bu qızğın rəqabətdə qalib gələn şəxs yüksək mükafat və statusa yiyələnir, ancaq. məğlub olanlar daha aşağı işlərə qane olur və bir çox hallarda qaliblə məğlub arasında düşmən münasibət yaranır. Bu münasibətin yaranmasının digər başlıca səbəbi isə Amerikan sosioloq Robert King Merton-un qeyd etdiyi kimi kapitalist cəmiyyətlərdə maddiyyətin insanlar üçün hər şeydən öncə gəlməsidir. Belə olan təqdirdə həmkar olmalarına baxmayaraq maddi cəhətdən imkanlı olan bir şəxslə maddi cəhətdən aşağı olan şəxs arasında yad münasibət yaranır. Bu soyuq əlaqələr həmkarları kapitalistlərə qarşı ittifaq halında birləşməkdən çəkindirir, və beləcə kapitalistlərin mövqeyi hər hansi böyük hücuma məruz qalmır. Digər yadlaşma forması isə insanın öz işçi təbiətindən uzaqlaşmasıdır. Bu amil əsasən çox aşağı statuslu və maaşlı işlərdə (ofisiant, kassir, süpürgəçi, təmizləyici) özünü bildirir. Bu işlərdə işləyənlərin əksəri bu sahəni məcburən seçənlərdi və bu işlər də sabit formada olur, hər hansı dəyişiklik olmur. Məsəl üçün, süpürgəçinin işi hər gün hər axşam müəyyən olunmuş vaxtda müəyyən olunmus yerləri süpürməkdir. O bu işi yalnız yaşayış üçün pul qazanmaq naminə edir və məcburdur. Bununla da onun öz potensialını inkişaf etdirmək üçün nə vaxti nə də imkanı olur. Nəticədə, o insan potensialından və işçi təbiətindən uzaqlaşır və özünü iş yerində azad yox, kiminsə nəzarəti və qaydaları altında hiss edir. Ümumilikdə, manufakturanın yaranması və Sənaye İnqilabı dövrdən indiki müasir dövrə kimi yadlaşmanın dərəcəsi artmaqdadır və bu vəziyyət insanları kapitalist sisteminə qarşı daha da müxalif və antaqonist mövqe göstərməsinə səbəb olur.

Kapitalizmin özəyi olan əmtəə haqqında da Karl Marks ətraflı şəkildə yazmışdır. Onun iddiasına görə, kapitalist sisteminin keçmiş iqtisadi sistemlərdən ən böyük fərqlərindən biri də, bəlkə də ən əsas fərqi, kapitalist sistemində əmtəənin təkcə insanların ehtiyacını ödəmək üçün yox, həm də qazanc əldə etmək üçün istehsal olunmasıdır. Xatırlatmaq yerinə düşərdi ki feodalizm dövründə ərzaq və ya obyekt əsasən torpaq sahibinin ehtiyacını ödəmək və işçinin haqqını ödəmək üçün istehsal olunurdu, və feodallar əksər hallarda qazanc dalınca qaçmaqdan uzaq olurdular. Primitiv cəmiyyətlərdə isə ümumiyyətlə istehsal yalnız və yalnız şəxsi ehtiyacı ödəmək, minimum yaşayışı təmin etmək üçün həyata keçirilirdi və hər kəs arasında ehtiyaca uyğun bölünürdü. Satış və qazanc məqsədi ilə istehsal olunan hər bir istehlak malı, obyekt və ya ərzaq əmtəə sayılır. Marks əmtəələrə üç fərqli dəyər adı vermişdir - istifadə, mübadilə və qazanc dəyəri.

  • İstifadə dəyəri- əmtəənin istifadəyə nə dərəcədə yararlı və lazım olduğunu ölçən dəyərdir. Məsəl üçün, su və çörəyin istifadə dəyəri qızıldan daha dəyərlidir, çünki onlar həyati əhəmiyyət kəsb edir, insan onlar olmadan yaşaya bilməz, ancaq qızılsız yaşaya bilər. Mübadilə və qazanc dəyərindən fərqli olaraq, istifadə dəyərini rəqəmlə ifadə etmək olmur.
  • Mübadilə dəyəri- Mübadilə dəyəri əmtəənin bazarda satış üçün nəzərdə tutulmuş dəyəridir. Bu dəyər adətən əmtəənin əldə olunması üçün çəkilən xərclərə istinadən müəyyən olunur. Məsəl üçün, bir çörəyin hazırlanması üçün 50 qəpik sərfiyyat olubsa, 50 qəpik noun mübadilə dəyəridir, lakin aşağıda görəcəyiniz kimi, reallıqda qazanc dəyəri ünsürü əmtəənin mübadilə dəyərini qaldırır. Bir detalı da nəzərə çatdırmaq yerinə düşərdi ki, mübadilə dəyəri və istifadə dəyəri bir çox zaman bir-biri ilə əks mövqedə olurlar. Məsəl üçün, su istifadə dəyəri cəhətdən daha dəyərli olsa da, mübadilə qiyməti qızıldan xeyli aşağıdır, lakin, qızıl istifadəyə yararlılıq əmsalında sudan geridə qalır.
  • Qazanc dəyəri- qazanc dəyəri istehsalçının məhsulun satışından qazanacağı dəyərə deyilir, və yuxarıda da qeyd edildiyi kimi, capitalist sisteminin əsasını təşkil edir. Sadə nümunə ilə qazanc dəyərini açıqlamaq olar: Bir dəftərin istehsalı 5 manata başa gəlir. Bunun mübadilə dəyəri 7 manatdırsa, qazanc dəyəri 2 manatdır. Yuxarıda qeyd etdiyim kimi, qazanc istəyi mübadilə dəyərini qaldırır, və nəticədə əmtəənin satışı istehsalçıya qazanc gətirir. Məsəl üçün, kapitalist öz zavodunda (zavodlarda əksər hallarda işin çox hissəsini texniki avadanlıqlar görür) bir işçini saatı 5 manata işə götürür. O işçi sadəcə olaraq aparatı işlədir və nəzarət edir. Aparat hər saat 50 manatlıq məhsul istehsal edir. 50-5= 45 manat ilkin qazanc. İstehsal xərcləri (avadanlığın saxlanılması, kommunal xərclər) tutalım ki 20 manat olsun. Nəticədə qazanc dəyəri olur; 45-20=25 manat. Gördüyünüz kimi kapitalist sadəcə 5 manat qarşılığında işə götürdüyü işçidən hər saat 25 manat pul götürür. Məhz bu dövri proses nəticəsində kapitalistin qazancı artır və nəticədə yüksək miqdarda varidatın əmələ gəlməsinə səbəb olur.

Karl Marks qətiyyətlə qeyd etmişdir ki istənilən dövlət, bu həm müasir həm də keçmiş dövrə aiddir, hər zaman böyük iqtisadi gücə sahib olan kapitalistlərin tərəfində olub və olacaqdır. Dövlət rəsmiləri müxtəlif yollarla kapitalistləri qorumağa cəhd edir və onları dəstəkləyir. Marks, dünyanın iqtisadi tarixi barədə yazdığı işlərdə bir neçə nümunə ilə dediklərini əsaslandıra bilib. Məsəl üçün, Sənaye İnqilabından qısa bir müddət əvvəl qərbi Avropada kəndlilər əhalinin böyük əksəriyyətini təşkil edirdi və təbii olaraq da aqrar sənaye zavod-fabrik sənayesini üstələyirdi. Lakin, 18-ci əsrin əvvəllərindən etibarən başlayan inqilabi kəşflər (Ceyms Vatt, Ceyms Harqrivis, Metyu Bulton tərəfindən kəşf olunan yeni avadanlıq və mexanikalar İngiltərənin və qərbi Avropanın bütün mənzərəsini dəyişdi) Sənaye İnqilabına səbəb oldu. Zəngin kapitalistlər böyük zavodlara, fabriklərə sahiblik etməyə başladılar. Amma bir ciddi problem var idi, hansı ki dövlətin əli olmadan həll oluna bilməzdi; müəssisələrdə işçi qüvvəsi çatışmazlığı. İlk öncə İngiltərədə, sonra isə digər qərbi Avropa ölkələrində hökümətlər siyasi, lakin qeyri-humanist üsullarla kəndliləri torpaqlarından məhrum etdilər. Qəbul edilən yeni qanunlarla kəndlilərin torpaqları kapitalistlərə verildi. Bu açıq-aşkar oğurluq idi və bu cinayəti törədənlər dövlət və dövlətin əlbir işlədiyi kapitalistlər idi, lakin onlara heç bir cəza kəsilmədi. Marksın bu nümunəsi bu mövzuya dair minlərlə nümunələrdən sadəcə biridir. Müasir dövrümüzə nəzər yetirsək görərik ki 2008-ci ildən bəri (Qlobal iqtisadi böhran) böhranın ən ağır formada yaşandığı dövlətlərdə zəngin kapitalistlərin sahiblik etdiyi banklar yalnız və yalnız dövlətin ayırdığı milyon və milyardlıq kömək paketləri ilə iflasdan xilas edildi. Statisik cəhətdən yanaşsaq görərik ki İngiltərədə 2008-ci ildə dövlət tərəfindən banklara 600-650 milyard manat, ABŞ-da 500-550 milyard manat pul ayırılıb. 2011-ci ildə Yunanıstanı iqtisadi böhrandan çıxarmaq üçün güclü Avropa dövlətləri 100-200 milyard manatlıq xilasetmə paketlərini tətbiq ediblər.

Əsərləri:

Kommunist Partiyasının Manifesti/I.
Kommunist Partiyasının Manifesti/II.
Kommunist Partiyasının Manifesti/III.
Kommunist Partiyasının Manifesti/IV.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR