Karateçilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar
İsveçrənin Bazel şəhərində karate üzrə 9-cu nüfuzlu “Bazel Open Masters” turnirində iştirak edən Azərbaycan milli komandasının üzvləri 4 qızıl, 4 gümüş və 3 bürünc medalla yüksək nəticə göstəriblər. SİA-nın məlumatına görə, Azərbaycan Milli Karate Federasiyasından (AMKF) bildiriblər ki, kumite turnirində Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (84 kq-dan yuxarı) və İrina Zaretska (68 kq) çempion olublar. Tural Ağalarzadə (67 kq) və Şahin Atamov (84 kq-dan yuxarı) gümüş medal qazanıblar. Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc mükafata yiyələniblər. “Masters” turnirində Ş.Atamov və İlahə Qasımova ikinci pilləni, İrina Zaretska üçüncü yeri tutublar.
Otuz bir ölkədən müxtəlif yaşlı idmançının qatıldığı yarışın ardından milli komandamız beynəlxalq təlim-məşqlərdə iştirak edir.
Turnirin və beynəlxalq təlim-məşqlərin təşkilatçısı, İsveçrə Şotokan Karate Do Federasiyasının prezidenti Zubeyir Şahinin dəvəti ilə bu ölkədə olan Azərbaycan milli komandası bir həftəlik hazırlıqdan sonra Berlinə Karate-1 Premyer Liqa turnirinə yollanacaq. Təşkilatçılar dünyada yüksək reytinqi olan Azərbaycan komandasının bütün xərclərini üzərinə götürüb.
AMKF-nın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, böyük məşqçi Qurban Tağıyev, məşqçi Denis Morozov, əsas heyətdən Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Şahin Atamov, Asiman Qurbanlı (hər ikisi 84 kq-dan yuxarı), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar. Ayxan Mamayev (84 kq) isə sentyabrın 5-də komandaya qoşulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət