Slimfit
  1. MƏDƏNİYYƏT

Kamança

Kamança
Sakura

Kamança — simli musiqi aləti, ən qədim Azərbaycan musiqi alətlərindən biridir

Söz açımı

"Kaman" sözü farsca "yay, qövs" deməkdir, -ça isə kiçiltmə şəkilçisidir . Alət farslara türklərdən keçib. Sözün türkcə qarşılığı "qişek"dir.

 

Digər adları

"Kamança" adıyla bu alət Azərbaycanda, İranda, Qafqazda bilinir. Misirdə ona "kamanqa" deyilir, Orta Asiyada - qişek. Türkiyədə "ikiliq" adlanır, çünki ikisimli kamanla çalınan qədim qopuza bənzəyir ; "kemençe" kimi bilinən alət isə Azərbaycan kamançasından bir az fərqlənir.

 

Tarixçə

Uzmanlar kamançanın Orta Asiyadan ya da Hindistandan gəldiyini yazır.

Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir. Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E. Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir.

Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında kamança belə təsvir edilir:

Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı
Bu keyfi-işrəti çox alqışladı.

Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir.

 

Növləri

 
Azərbaycanlı kaman ustası

Hazırda dördsimli kamançadan istifadə olunur.

Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur.

Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Bu muzeydə görkəmli bəstəkar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir. XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir. Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir.

Azərbaycan Milli Musiqi alətlərinin təkmilləşdirilmiş laboratoriyasının rəhbəri Məmmədli Məmmədov tərəfindən zil və bəm səslərin eyni kamançada yerləşdirilmiş ikiqollu "Zil-bəm" kamançası ixtira olunmuşdur.

 

Quruluşu

Tut və yaxud qoz ağacından hazırlanır. Çanağı kürəvi, qolu pərdəsiz, membranası (üzü) balıq dərisindən ya da qaramal ciyərinin pərdəsindən çəkilir. Ağac çubuğa (yay) bağlanmış bir çəngə at tükünün tutamı simləri səsləndirir. Qolu dairəvi və pərdəsizdir. Qolun aşağı qurtaracağına mil vurulur. Bu mil bütün gövdənik içərisindən keçərək ayaq kimi kənara çıxıb alətin söykənəcəyinə xidmət edir. Kamança çox vaxt sümüklə və sədəflə bəzədilir. Onun üzərindəki xərək çəp qoyularaq simlərin düzgün və rəvan səslənməsinə kömək edir. Əvvəllər kamançanın telləri damarlı simlərdən ibarət olmuşdur. Sonralar isə damarlı simlər metal simlərlə əvəz edilmişdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. Diapazonu kiçik oktavanın "lya" səsindən üçüncü oktavanın "lya" səsinə kimidir. Kamança üçün notlar "sol" açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.

 

Məşhur kamança ifaçıları

  • Habil Əliyev
  • Mirnazim Əsədullayev
  • Şəfiqə Eyvazova
  • Ədalət Vəzirov
  • Fəridə Məlikova
  • Fəxrəddin Dadaşov
  • Toğrul Əsədullayev
  • Munis Şərifov
  • Qılman Salahov
  • Elnur Əhmədov
  • Sabir Əşrəfov

 

İranlı kamança ifaçıları

  • Keyhan Kalhor
  • Ardeşir Kamkar
  • Şervin Mohajer
  • Sina Jahan Abadi

 

Filmoqrafiya

  1. Oxu, tar (film, 1968)
  2. Xaqani (film, 1980)
  3. Habil Kaman (film, 1984)
  4. Kamança (film, 1993)
  5. Kamanın Ədalət ucalığı (film, 2003)
  6. Kamanın naxış sehri (film, 2003)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR