Slimfit
  1. AZƏRBAYCAN

İtirilmiş Əmək kitabçasını necə bərpa etməli?

İtirilmiş Əmək kitabçasını necə bərpa etməli?
Sakura

İtirilmiş Əmək kitabçasını necə bərpa etməli?

Azərbaycan qanunvericiliyinə əsasən, Əmək kitabçası işləyən vətəndaşın bir növ «şəxsiyyət vəsiqəsi» sayılır. Bu baxımdan sözügedən sənəd işçinin gələcəyi üçün bəzi vacib funksiyaları yerinə yetirir. Məsələn, Əmək kitabçası pensiyaların hesablanması zamanı mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, həmin sənəd əmək stajını təsdiqləyir, bu isə öz növbəsində əlavə məzuniyyət günlərinə təsir edir. Bundan başqa, əmək fəaliyyətinin qeydə alınması hesabına Əmək kitabçası tövsiyə xarakterli məktub funksiyasını da yerinə yetirir. Yəni işəgötürən əvvəlki iş yerlərindən çıxarılma səbəblərini öyrənə bilər ki, bu da onun namizədlə əmək münasibətləri qurmasında qərarına təsir edə bilər. Əmək kitabçasının digər vacib funksiyası həm də işçinin hüquqlarının müdafiəsi ilə bağlıdır. Çünki əməkdaşın işdən çıxarılması hallarında qanunvericilik işəgötürəndən kitabçada hansı maddə əsasında bunu etdiyini göstərməyi tələb edir. Bu da sabiq işçiyə işdən çıxarılmasının qanunauyğunluğunu müdafiə etməyə imkan yaradır.

Bəs görəsən, Əmək kitabçası oğurlandıqda və ya itdikdə onun bərpası mümkündürmü? Bu zaman Əmək kitabçası itmiş şəxs hansı addımı atmalıdır?

Tanınmış hüquqşünas Azər Quliyev məsələni şərh edərkən bildirib ki, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Onun sözlərinə görə, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir və onun qorunması işəgötürənin əsas vəzifələrindən biridir. Bu səbəbdən işçilərin həmin sənəd mütləq iş yerlərində olmalıdır: “Yəni bu sənədin işəgötürən tərəfindən itirilməsi fors-mojor hadisələri istisna olunmaqla, nadir hallarda mümkündür. Amma buna baxmayaraq, bizə də tez-tez Əmək kitabçasının itirilməsinə dair müraciətlər daxil olur. Belə ki, bəziləri Əmək kitabçalarının iş yerlərində, bəziləri isə işdən çıxarıldıqdan sonra itdiyini bildirirlər. Təbii ki, bu sənəd əmək münasibətlərinin tənzimlənməsində, eləcə də işləyən vətəndaşın gələcək pensiya təminatında vacib rol oynadığından qanunvericiliklə onun bərpası mümkündür. Belə ki, Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 saylı qərarına uyğun olaraq qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir».

 

İşçinin «dublikat» tələb etmək hüququ var

Ekspert deyir ki, əgər Əmək kitabçası işəgötürən və ya onun digər vəzifəli şəxsi tərəfindən itirilərsə, həmin sənədin dublikatı verilərkən bununla əlaqədar edilən bütün hərəkətlər və çəkilən xərclər işəgötürənin vəsaiti hesabına edilməlidir. Hüquqşünasın fikrincə, işəgötürən könüllü olaraq bu hərəkətləri etmirsə, işçi bu hüququnun bərpası ilə əlaqədar, müəssisənin yerləşdiyi rayon məhkəməsinə müraciət etməklə öz hüququnu bərpa edə bilər. Eyni zamanda, dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə Əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir: “İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə «Dublikat» sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir».

 

Bəzən süründürməçiliyə yol verilir

Azər Quliyev bəzi hallarda qeydlər hissəsi tamamilə dolmuş əmək kitabçalarının da işçilər üçün müəyyən problem yaratdığını söyləyir. Onun dediyinə görə, hərdən aidiyyəti qurumlar mövcud problemin aradan qaldırılması zamanı müəyyən bəhanələr gətirərək süründürməçiliyə yol verirlər: «Məsələn, bəzən müvafiq qurumlar bildirirlər ki, milli əmək kitabçaları üçün içlik (əmək kitabçasına əlavə) mövcud deyil və ya onlarda yoxdur. Əslində isə Azərbaycanda «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb və əlaqədar təşkilatlarla razılaşdırılıb”.

Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” qaydalarına əsasən Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd sayıldığından bu qaydaların 5-ci maddəsinə görə, əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əmək kitabçasının son səhifəsində «___» seriyalı «___» nömrəli içlik açılmışdır», qeydi aparılmaqla əlavə içlik verilir. Əlavə içlik əmək kitabçasının içərisinə tikilir və Əmək kitabçasının doldurulduğu qaydada işçinin əsas iş yerində işəgötürən tərəfindən aparılır. Əmək kitabçasına verilən əlavə içliyin birinci (titul) səhifəsinin sağ yuxarı küncündə «əmək kitabçasına əlavə içlik» sözləri yazılır, seriyası və nömrəsi göstərilir. Amma mövcud qaydalara görə, Əmək kitabçası olmadan əlavə içlik etibarsız sayılır.

 

Əgər arxivdə sənədlər varsa…

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə deyir ki, işçi yeni işə qəbul olunarkən mütləq Əmək kitabçasını işəgötürənə təhvil verməlidir. Onun fikrincə, işçinin əmək kitabçası itərsə, bu zaman sonuncu iş yerinin sahibi olan işəgötürən həmin şəxsə sənədin «dublikat»ını verməyə borcludur: “Düzdür, bəzən vətəndaşlar 25-30 illik əmək stajı olan əmək kitabçalarını itirirlər və bu onlarda narahatçılıq yaradır. Əgər həmin şəxsin əvvəl işlədiyi müəssisələr bağlanmış olarsa, bu narahatçılıq daha da artır. Amma mən bununla bağlı heç bir narahatçılığa əsas görmürəm. Çünki işçi ilə əmək müqaviləsi bağlanaraq ona Əmək kitabçası açılıbsa, bu o deməkdir ki, həmin sənədlər arxiv idarəsində saxlanılır. Arxiv isə sənədləri təxminən 75 ilə qədər saxlayır. Yəni işəgötürən arxivə müraciət etməklə işçinin əvvəlki iş yerləri barədə məlumat əldə edə bilər. Arxivdə işçinin köhnə iş yerləri barədə məlumat olmadıqda isə sonuncu iş yerinin sahibi işçinin hazırda çalışdığı müəssisə barəsində «dublikat» sənədində qeydlər etməlidir. Bu zaman Əmək kitabçasını itirən tərəf bütün xərcləri öz üzərinə götürməlidir».

Mənbə: Gencaile

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR