İtaliyada niyə STARBUCKS olmadığını bilirsinizmi?
Çindən Kanadaya qədər 65 ölkədə 21 mindən çox mağazası olan Starbucks qəhvə restoranları zəncirinin İtaliyada filialının olmadığını bilirdinizmi?
Bəs, 1971 – ci ildə yaradılan qəhvəxana şəbəkəsinin qəhvə içməyi çox sevən İtaliyadan nə üçün bu qədər vaxtdır uzaq durduğu sizi heç maraqlandırıbmı?
Üstəlik, Starbucks Milandan ilham almışkən...
Medalyonun görünməyən tərəfinə səfərə çıxaq...
Starbucks necə yaradıldı?
Hər şey “Starbucks” – ın qurucusu və keçmiş CEO – su Howard Schultz – un 1983 – cü ildə Milana olan iş gəzintisi ilə başlayır. Burada o, bir espresso barda qəhvəsini içərkən İtalyanların qəhvə hazırlamağı bir sənətə çevirdiyini, insanların bu məkanlarda çox səmimi olduqlarını, hətta işçilərin insanlara adları ilə səsləndiyini müşahidə edir. İnsanların qəhvəni susuzluqlarını yatırmaqdan çox sosiallaşma vasitəsi kimi mənimsədiklərini görür və İtaliyadakı espresso barları Amerika mədəniyyətinə uyğunlaşdırmaq üzrə “Starbucks” – ın ilk təməllərini atır.
İtalyanlardan aldığı ilhamla insanların bir araya gəlib söhbət edə biləcəkləri, ev və ofislərindən sonra üçüncü ünvanları olacaq bir qəhvəxana təcrübəsi yaşatmaq üçün yola çıxan Schultz əvvəlcə “Il Giornale” – i yaradır, daha sonra əsl peşəsi müəllim olan Zev Siegel, Jerry Baldwin və yazıçı Gordon Bowkerin səhmlərini satın alaraq “Starbucks” – ın sahibi olur.
Budur, Milanda bir iş səfəri zamanı yaranan “Starbucks” ideyası hazırda bütün dünyaya hökm edir.
Milandakı espresso barlardan ilham alaraq yaradılan Starbucks nə üçün İtaliyada xidmət göstərmir?
- Bu suala cavab tapa bilmək üçün İtalyanların qəhvə içmək vərdişlərini və İtalyan qəhvə mədəniyyətini yaxşı bilmək lazımdır.
- İtalyanlar “cappuccino” kimi südlü qəhvələri sadəcə səhər tezdən içirlər. Gün ərzində isə əsasən kiçik fincanlarda təqdim edilən sərt qəhvə “espresso” – a üstünlük verirlər. Nəticədə “Americano”, “Latte” kimi Starbucks qəhvələri İtalyanlar üçün çox yüngül hesab edilir.
- “Espressso” qəhvəsini kiçik fincanlarda içən İtalyanların böyük fincanlarda qəhvə içməyə qarşı qərəzli yanaşacaqları düşünülür.
- Digər bir səbəb isə İtalyanların “espresso” – a maksimum 1 avro ödədikləri halda, Amerika qəhvələrinə 5 – 6 avro ödəmək istəməyəcəkləri düşüncəsidir. Nəticə etibarilə “Starbucks” İtalyanlar üçün bahalı seçim olduğundan insanların marağına səbəb olmayacağına inanılır.
Bütün bu səbəblərə görə “Starbucks” səlahiyyətliləri İtaliyada uğursuz olacaqlarını düşünərək bu bazara daxil olmaqdan həmişə uzaq durmuşlar. Çünki belə bir uğursuzluq onlar üçün təkcə maddi itki demək deyil, həmçinin marka imicinə də geri dönüşü olmayan bir zərərin vurulması deməkdir.
Starbucks isə bu riski illərdir ki almağa cəsarət etmirdi, ta ki ötən ilə qədər.
Amerikalı qəhvə restoranları zənciri Starbucks radikal bir qərar qəbul etdi və İtaliya bazarına daxil olacağını açıqladı. İtaliyanın ilk Starbucksının isə Milan şəhərində fəaliyyətə başlayacağı planlaşdırılır.
Şirkətdən verilən açıqlamaya əsasən Starbucks Milan şöbəsi bu ilin sentyabr ayından etibarən müştərilərin ixtiyarına veriləcəkdir. Bundan başqa yeni şöbənin, ölkənin tarixi məkanlarından hesab edilən Piazza Cordusiobinasında xidmət göstərəcəyi bildirilir.
İtaliyada açılacaq ilk şöbədə müştərilərə təklif ediləcək şirniyyatları İtaliyanın tanınmış qənnadı məmulatları brendi Princi tərəfindən hazırlanacağı nəzərdə tutulur. Milandan sonra digər şəhərlərdə də şöbələrin açılacağı güman edilir.
İtaliyanların bu hadisəyə necə reaksiya verəcəkləri və “Starbucks” – ın İtaliyada özünə yer edib edə bilməyəcəyini isə yaxın günlər göstərəcək.
Tamara Mustafayeva
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət