İstanbulda Azərbaycanın xalq rəssamı Sakit Məmmədovun rəsm sərgisi açılıb
İstanbulda Memar Sinan Güzəl Sanatlar Univeristetinin Tophanə-i-Amirə Kültür və Sanat mərkəzində Azərbaycanın xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, professor Sakit Məmmədovun "Opalizm" mövzusunda rəsm sərgisi açılıb.
“Report"un Türkiyə bürosunun xəbərinə görə, İngiltərə kraliçası ll Elizabetin sənətinə böyük dəyər verdiyi dünya şöhrətli fırça ustası sərgisi “SOCAR Türkiye Enerji” şirkətinin maddi dəstəyi və Murad Pilevnelinin koordinatorluğu ilə baş tutub.
Sərginin açılışında hər iki ölkədən olan dövlət və hökumət nümayəndələri, “SOCAR Türkiye Enerji” İdarə Heyətinin rəhbəri Vaqif Əliyev, şirkətin Baş drektoru Zaur Qəhrəmanov, şirkətin xarici əlaqələr direktoru Murat Lecomte, Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev, konsulluğun əməkdaşları, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyədə fəaliyyət göstərən rəsmi korpusların nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər.
Sərgidə “Opalizm” üslubunun banisi olan məşhur rəssamın 160-dan çox əsəri nümayiş olunur.
Rəssam “Report”a açıqlamasında sərgidə həm pastel, həm də, yağlı boya ilə çəkilən “On dörd gözəl”, “Yozulmamış yuxular”, “Qırx üç otağın açarı” kimi məşhur əsərləri sərgiyə çıxarılıb.
S. Məmmədov sərgisinin Tükiyənin məşhur incəsənət xadimi olan Memar Sinanın ərsəyə gətirdiyi sənət mərkəzində keçirilməsinin onun üçün böyük qürur olduğunu deyib: “Mənim üçün çox dəyərli biri olan Memar Sinanın ruhunun bu gün şad olduğunu hiss edirəm”. Sərgidə daha çox xanım portretlərinin nümayiş olunduğunu deyən rəssam fəlsəfi mövzularda hazırlanan rəsm əsərlərinin sənətsevərlər tərəfindən böyük maraqla qarşılandığını bildirib. Rəssam əsərlərində insanlara xoş və gözəl mesajlar ötürdüyünü deyib: “Onsuz da insanların problemləri çoxdur. Ona görə də, tablolarımda daha çox ruhları sevindirən rənglərə və mövzulara toxunuram”.
Sərgi sentyabrın 5-dən etibarən bir ay müddətində nümayiş olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət