
İsrailin müdafiə naziri: "İranın nüvə proqramını pozmaq üçün əməliyyatları davam etdirəcəyik"
"İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) İranın nüvə proqramını pozmaq üçün əməliyyatları davam etdirəcək".
Ens.Az-ın İsrail KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
"İran təcavüzkar fəaliyyətlərini davam etdirdikcə get-gedə daha yüksək bədəl ödəyəcək", - deyə o vurğulayıb.
Eyni zamanda, Kats SAXAL-ı "Yüksələn aslan" əməliyyatının uğurlu başlanğıcı münasibətilə təbrik edib və onun nəticələrini İsrail ordusunun "parlaq nailiyyəti" adlandırıb.
"İsraili məhv etmək planının həyata keçirilməsinə cəlb edilmiş SEPAH komandirlərinin, İran ordusunun və nüvə alimlərinin hər birinin başlarına hədəflənmiş zərbə güclü və aydın mesajdır - İsrailin məhv edilməsi üzərində işləyən hər kəs məhv ediləcək", - deyə İsrael Kats qeyd edib.
Öz növbəsində ordunun mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki hərbi hədəflərə irimiqyaslı zərbələr dalğasını başa vurub.
Açıqlamaya görə, zərbələrin hədəfi İranın hava hücumundan müdafiə obyektləri olub. Nəticədə onlarla radiolokasiya stansiyası və raket buraxılış qurğusu məhv edilib.
"Bu zərbələr İsrail Hərbi Hava Qüvvələrinin havada hərəkət azadlığını genişləndirir", - deyə ordunun bəyanatında qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət