Slimfit
  1. AZƏRBAYCAN

İspaniyalı turistlər Lənkəranın Xan sarayında

İspaniyalı turistlər Lənkəranın Xan sarayında
Sakura

İspaniyalı turistlər Lənkəranın Xan sarayında

Lənkəranda turistlərin ən çox üz tutduğu məkanlardan biri də hazırda Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən, tarixi mədəniyyət abidəsi olan Xan evidir. Lənkəranın ilk çoxmərtəbəli tarixi binasını bu yay xeyli əcnəbi turist ziyarət edib. Rayonun gəzməli-görməli yerlərinə baş çəkən 32 nəfərlik ispaniyalı turist heyəti Tarix-Diyarşünaslıq Muzeyində sərgilənən eksponatlarla böyük maraqla tanış olublar.

AZƏRTAC xəbər verir ki, Lənkəran xanlarının sonuncusu olan Mirəhməd Xan bu sarayı həyat yoldaşı Tuğra xanım Tiflisdə keçirilən Zaqafqaziya gözəllik müsabiqəsində uğur qazandığına görə 1913-cü ildə onun şərəfinə tikdirib. Binanın layihəsi fransalı memar tərəfindən hazırlanıb. Abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Onun fasadı əlvan naxışlarla zəngindir. Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Xan sarayı həm Qərb, həm də Şərq memarlıq elementlərini özündə birləşdirir. Bu da binaya xüsusi orijinallıq və gözəllik verməklə, yerli turistlərlə yanaşı, əcnəbi turistlərin də marağına səbəb olur.

İspaniyalı turist Pakio Simo ilk dəfədir Azərbaycana səfər edir. Bakıda Şirvanşahlar sarayını və Qız qalasını ziyarət edən əcnəbi turist deyib: “Biz, həmçinin Qobustan muzeyində də olmuşuq. Gözəl muzeydir. Cənub bölgəsi, xüsusilə Lənkəran muzeyindəki qədim əşyalar da maraqlıdır. Qədim pullar, milli geyimlər, məişət əşyaları hamısı keçmiş dövr haqqında fikir oyadır. Bütün bunlar bizdə xoş təəssürat yaradır”.

Marivel Qanderes: “İspaniyadan bura qrup şəklində gəlmişik. Səkkiz gündür Azərbaycandayıq. Bakı çox xoşuma gəldi. Azərbaycan bizim ölkəmizdən fərqlidir. Təbiəti, tarixi bizim üçün çox maraqlıdır. Öyrəndik ki, Lənkəran ölkənizin cənubunda, İranla sərhəddə yerləşir. Burada eksponatların hər birinə baxdıq. Muzey haqqında bizə maraqlı məlumatlar verildi. Bu haqda biz də öz ölkəmizdə dostlarımıza danışacağıq”.

İspaniyalı turistləri heyran edən muzeyin əsas fondunda 7 minə yaxın eksponat var ki, onların da çoxu ekspozisiyada nümayiş olunur. Belə bir tarixi mədəniyyət abidəsi olan muzeyin qapıları ziyarətçilərin üzünə daim açıqdır və Xan sarayı gələnlərə həmişə keçmişi göstərməyə hazırdır.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin fond müdiri İlham Quliyev deyib: “İl ərzində yerli turistlərlə yanaşı, xarici qonaqlar da muzeyimizi ziyarət edirlər. Qədim dövrə, tunc dövrünə aid əşyalar əcnəbi turistlərə çox maraqlı gəlir. Cənub bölgəsinin etnoqrafiyası və milli folklorumuz, mətbəximizə aid nümunələr, bəzək və məişətdə istifadə olunmuş əşyalar onların diqqətini cəlb edir”.

Bu ilin 8 ayında Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini 19 min 315 turist ziyarət edib. Onların da 908 nəfəri xarici turistlərdir. Ümumilikdə isə yay mövsümündə Lənkərana 15 minə yaxın turist gəlib. Bunların da 15 faizi əcnəbi turistlər olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR