Slimfit
  1. DÜNYA

İslandiya

İslandiya
Sakura

İslandiya — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti

İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 103 min kv. km-dir.

İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir.

İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni İslandlartəşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəşiykəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.

 

Ərazi

Relyefi

İslandiya adası qitədən çox uzaqlarda böyük sualtı plato üzərində yerləşən qalxanvari adadır. Səthində lava yaylaları, vulkan konusları və massivləri geniş yer tutur. Şimal və şimal-şərq sahilləri fyordlarla parçalanmışdır. Başlıca relyef əmələ gətirən amil cavan vulkanizm və buzlaq fəaliyyəti olmuşdur. İslandiyanı əhatə edən şelf sahəsinin konturuna bənzəyir. Quruda olan böyük relyef formalarının su altında davam etməsi şelfin dörüncü dövrdə aşağı endiyini göstərir.

İslandiyanın çox hissəsi vulkanik yaylalardan ibarətdir. Ən böyük yaylalardan Vatna-Yokul, Xovs-Yokul (1700 m), Mirdals-Yokul (1600 m), Lanq-Yokul, Erayva-Yokul və s. buzlaqlarla örtülmüşdür (“Yokul” islandca buzlaq deməkdir). İslandiya adasının ən hündür zirvəsi olan Xvannadalsnukur dağı (2119 m) Erayva-Yokul yaylasındadır. Adanın vulkanik yaylalarında isti bulaqlar geniş yayılmışdır. Qeyzerlər İslandiyada neftə və daş kömürə olan eytiyacı tamamilə ödəyir. Hazırda binaların qızdırılması qeyzerlərin hesabına aparılır. İslandiyada isti şitilliklərdə tərəvəzçilik qeyzerlərin hesabına son vaxtlarda xeyli genişləndirilmişdir. Adada ovalıq və düzənlik sahələr ancaq ərazinin 7%-ni təşkil edir. Ovalıqlar sahilboyu sahələrdə, ensiz zolaq şəklində yerləşmişdir. Ən böyük ovalıqlar adanın cənub-qərb və cənub-şərq sahillərindədir. Şimal-qərb və şimal sahilləri daha çox parçalanmışdır. Bu sahədə İsa-fyord, Dira-fyord, Breydi-fyord, Xunafloun, Faksafloun və s. körfəzlər yerləşir.

İslandiyada müasir buzlaqların sahəsi 12 min kv. km-dir. Əsasən buzlaqları Skandinaviya tipli olub, qərb sahildə dəniz səviyyəsindən 400 m, soyuq və quru iqlimə malik olan şimal və şərq sahillərdə isə 1600 m hündürlükdə yerləşir. İslandiyanın ən böyük buzlağı Vatna-Yokulun sahəsi 8500 kv. km-dir. Buzlaq sahələrində baş verən vulkan püskürmələrindən yaranan dəhşətli daşqınlardan əhali böyük zərər çəkir.


İqlim

Adanın iqliminə coğrafi mövqeyindən başqa, hər tərəfdən okeanla əhatə olunması, sahillərini yuyan ilıq və soyuq axınlar da böyük təsir göstərir. İslandiya alçaq təzyiq sahəsində yerləşir. İslandiya minimumu ilə əlaqədar olan siklonlar adanın ilıq İrminger axınının təsir göstərdiyi cənub və cənub-qərb sahillərində daha çox qeyd edilir. İlıq və soyuq axınların birləşdiyi şimal-şərq sahillər üçün tez-tez dəyişkən havalar, duman və fırtınalı küləklər səciyyəvidir. İlıq İrminger axınının təsiri nəticəsində adanın cənub və cənub-qərb sahillərində qış mülayim və rütubətli keçir. Yanvar ayında havanın orta temperaturu bu sahələrdə +2-3°, şimal və şimal-şərq sahilləri isə -5° ilə -15° arasında dəyişilir. İyul ayının orta temperaturu muvafiq surətdə +12° ilə +7° arasında dəyişilir. İqlimi nisbətən mülayim keçən cənub və cənub-qərb sahillərdə yağıntının orta illik miqdarı 1000–3000 mm, şimal və şərq sahillərdə isə 300–500 mm-dir. Bir qayda olaraq İslandiyada sahil zonasından daxilə doğru temperaturun aşağı düşməsi və yağıntıların azalması qeyd edilir ki, bu da adanın oroqrafik xüsusiyyəti ilə əlaqədardır. Buzlaqlardan qidalanan çoxlu xırda çayları çoxsulu və astanalıdır. Ən böyük çayları olan Toursau (210 km) və Xvitau (180 km) astanalı və şəlaləli olduğu üçün gəmiçiliyə yaramırlar.

 

Tarixi

İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş vermişdir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam aslı vəziyyətə düşür. İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, Norveç və Danimarka arasında üçtərəfli uniya imzalanır.

1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununla da İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır. Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirmişdir. Kilsə tərəfindən keçirilən islahatlar yerli əhalinin kəskin etirazı ilə qarşılandı. Qısa zaman ərzində kilsə əlehinə başlanan hərəkat xalq hərəkatına cevrildi. 1551-ci ildə zor gücü ilə islandlara protestantlıq qəbul etdirilir. İslandiya adası 26 gün müddətində Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. 1627-ci ilin 20 iyun və 16 iyul tarixləri arasında adaya gələn türklər 400 nəfərilik island əsirləri və ərzaq yüklü gəmi ilə birlikdə Əlcəzairə qayıtmışlar.

XVII əsr İslandiya üçün uğurlu olmamışdır. Bu dövrdə adada durmadan vulkan püskürmələri yaşanırdı, digər tərəfdən aclıq, susuzluq və soyuq hava şəraiti adada yaşan islandların bir qurupunun ölməsinə və bir qisminin də Danimarkaya köçməsinə səbəb olmuşdur. 1843-cü ildə dünyanın ilk parlamenti olan aypinq yenidən formalaşdırılır. İkinci dünya müharibəsi illərində təhlükəsizlik adı ilə İngiltərə tərəfindən ada işğal edilir. 1941-ci ildə adanın idarə edilməsi Amerika Birləşmiş Ştatlarına keçir və İslandiya ilə olan münasibətlərini dondurduğunu elan edir. 1944-cü ilin 17 iyun tarixində İslandiya rəsmən müstəqil dövlət olduğunu elan etdi. İslandiyanın ilk müstəqilliyini tanıyan dövlət Amerika Birləşmiş Ştatları olmuşdur. İslandiya 1949-cu ildə NATO-ya üzv olmuşdur.

 

Əyalət mədəniyyəti

İslandiyada rəsmi dövlət dili islandcadır, ancaq ölkənin hər yerində ingiliscə danışırlar. İslandiya prezident üsuli-darəli ölkədir. İslandiyada cəmi 319 min 756 nəfər yaşayır. Əhalinin 95 faizini islandlar təşkil edirlər. Bundan əlavə, ölkədə islandlara qohum olan danimarkalılar, norveçlilər və digər millətlərin də nümayəndələri yaşayırlar. Avropa və digər dünya xalqları ilə müqayisədə İslandiyada soyaddan, ümumiyyətlə, istifadə edilmir. Burada insanlara ancaq adları ilə müraciət edirlər.

İslandiya adası həm də vulkanların püskürməsi nəticəsində əmələ gələn və özünəməxsus ekzotik təbiətə malik olan bir ölkədir. Vulkanların sayına görə ölkə dünyada birinci yeri tutur. İslandiyada vulkanların əmələ gətirdiyi təpələr qışda sanki brilyant dona bürünür və nəticədə olduqca ecazkar bir mənzərə əmələ gəlir. Ölkədə vulkanlar yer səthinə çox yaxın məsafədə yerləşir. Bu da, öz növbəsində, torpağın səthinə yaxın hissədə yer altında qaynar göllərin əmələ gəlməsinə səbəb olub. Bəzi yerlərdə qaynar sular fontan vuraraq yer səthinə çıxır. Qaynar qeyzerlər ilboyu İslandiyadakı şəhərləri istiliklə təmin etməyə imkan verir.

Sərt iqlimi olan İslandiyada bəzən adama elə gəlir ki, odla buz arasında mübarizə gedir və bu, özünəməxsus, təkraredilməz gözəlliyə malik olan bir mənzərə əmələ gətirir.Amerikalı məşhur səyyah Con Ross Braun 1865-ci ildə İslandiyanı ziyarət etmiş və gördüyü mənzərə onda xoşagəlməz izlər buraxmışdı. O, Amerikaya qayıtdıqdan sonra İslandiya haqqında belə yazmışdı:

Bu ölkə sivilizasiyadan ayrı düşüb. Onun paytaxtı Reykyavik insanın ödünü ağzına gətirə biləcək qədər iylənmiş və qurudulmuş balıq iyi verir

 
İslandiya parlament binası (aypinq)

Amma onun o vaxt ağlına gəlməzdi ki, bundan 135 il sonra YUNESKO Reykyaviki dünyanın mədəniyyət paytaxtı elan edəcək. Günümüzdəki Reykyavik təmiz küçələrdən, rəngarəng üç-beş mərtəbəli evlərdən ibarətdir. Binaların birinci mərtəbəsi, adətən, gecə klublarından və ya kiçik mehmanxanalardan ibarətdir. Reykyavikdə təmtəraqlı binalara rast gəlmək mümkün deyil. Hətta ölkə parlamenti belə, 1881-ci ildə inşa edilən iki mərtəbəli və diqqəti cəlb etməyən daş binada yerləşib. İslandiyada gəzərkən özünü tamam başqa bir planetdə hiss edirsən. Buna da səbəb hər yerdə vulkanların əmələ gətirdiyi kraterlər və küldür. İslandiyada mənzərə tez-tez dəyişir. İnsan kraterlərin yaratdığı yad planet təsirindən asanlıqla çıxıb, ekzotik mənzərələrlə rastlaşa bilər. İslandiyanı fərqləndirən bir xüsusiyyət də oranın şəlalər ölkəsi olması ilə əlaqədardır. Hər bir şəlalələr də özünəməxsus gözəlliyə malikdir və insanlarda qəribə bir hiss əmələ gətirir. Qullofs şəlaləsi istər yerli əhalinin, istərsə də buraya turist kimi gələnlərin ən çox sevdiyi yerlərdəndir. Detifoss şəlaləsi isə Avropanın Niaqarası kimi məşhurdur.

İslandiyada hava tez-tez dəyişir. Burada günəş və yağış ara vermədən bir-birini əvəz edir. Nəticədə hara baxırsan ətrafda göyqurşağı mənzərəsi ilə rastlaşırsan. Ona görə də İslandiyanı məhəbbətlə min göyqurşağı ölkəsi adlandırırlar.

 

Fauna

İslandiya adasında tundra və dağlıq tundra bitkiləri geniş yayılmışdır Ərazinin buzdan azad olan vulkanik yaylalarında şibyə və mamır üstünlük təşkil edir. Adanın cənub və cənub-qərbində 2–3 m hündürlüyündə, İslandiyada meşə adlandırılan iynəyarpaqlı tozağacı, söyüd, ardıc və üvəz (quşarmudu) kolluqları geniş yayılmışdır. Cənub sahillər üçün torfluqlar, ovalıqlar üçün çəmən bitkiləri (ərazinin 6%-ni tutur) səciyyəvidir. Adanın heyvanlar aləmi çox kasıbdır. Burada Avropadan gətirilmiş şimal maralına, boz tülküyə və İslandiya siçanına rast gəlmək olar. Sahil zonalarında çoxlu quş bazarları və balıq vətəgələri mövcuddur.

İslandiyanın rəngarəng təbii mənzərəsinə özünəməxsusluq verən bir amil də hər tərəfdə atların və qoyunların otlamasıdır. Bəzən qoyunlar küçələrə çıxaraq sürücüləri qorxudurlar. İslandiyaya qoyunlar min il bundan əvvəl vikinqlər tərəfindən gətirilib. Onlar tədricən adanın sərt və tez-tez dəyişən şıltaq iqliminə uyğunlaşıblar. İslandiyada qoyunlar haqqında "Qoyunlar bizi həm yedirdir, həm də geyindirir",-deyirlər. Bu, həqiqətən də belədir. İslandiya qoyunlarının yunu nəm keçirmir və çox möhkəmdir.

 
İsland atı

Bu da yüksək keyfiyyətli paltar, şərf və əlcəklərin hazırlanmasında mühüm rol oynayır. İslandiyanın istənilən mağazasında qoyun yunundan toxunmuş rəngarəng geyimlərə, əl çantalarına rast gəlmək mümkündür. Turistlərin də adadan ölkələrinə apardıqları ən çox yundan hazırlanan geyimlərdir.

Atlara gəlincə, islandlar onlardan daha çox turist gəzintilərində, idman yarışlarında istifadə edirlər. Bundan əlavə, maşınlar gedə bilməyən ərazilərə də getmək üçün atlar əvəzedilməz minik vasitəsidir. Ona görə də elə bir islandiyalı fermer tapa biməzsən ki, onun azı 5-6 atı olmasın.

 

Turizm

Əlverişsiz iqlim qurşağında yerləşməsinə baxmayaraq, İslandiya turistlərin sevimli yerlərindəndir. Turistləri cəlb edən İslandiyanın oksigen anbarı olmasıdır. Reykyavikdəki İncəsənət muzeyi turistlərin diqqətini daim özünə cəlb edir. Bu muzeyi hər il 200 mindən çox turist ziyarət edir. Muzeydə incəsənətin bütün növlərini özündə əks etdirən sənət inciləri nümayiş etdirilir.

 

Bayramlar

İslandiyada milli adət-ənənələrə söykənən bayramlar olduqca təmtəraqlı keçirilir. Məsələn, islandların sevə-sevə qeyd etdikləri bayramlardan biri Trettaundaundur. Yanvar ayının 6-da qeyd edilen bu bayram Şaxta babanın dağlara gedişinə həsr edilir. Aprel ayının ilk günlərində isə islandlar Sumardaqurinin Firtsi bayramını qeyd edirlər. Bu bayram yayın ilk günü hesab edilir. Çünki məhz aprelin əvvəllərində İslandiyada qütb gecələri başa çatır. Bundan əlavə, Reykyavikdə ildə iki dəfə Folklor festivalı keçirilir.

İslandların mətbəxi çox bəsitdir. Mətbəx əsasən qurudulmuş və təzə balıq ətindən hazırlanan məhsullardan, həmçinin süddən ibarətdir. Balıqdan hazırlanan yeməklər islandların ənənəvi milli yeməyi hesab edilir.

 

Maraqlı faktlar

  • Ölkə qanunlarına görə hakimiyyətdə olan prezident seçkilərdə yeganə namizəd olarsa o seçki keçirilmədən avtomatik olaraq növbəti müddətə dövlət başçısı elan edilir.
  • Reykyavik dünyanın ən şimalda yerləşən paytaxtıdır.
  • İslandiyadakı Vatnayekyudl buzlağı Avropanın ən böyük buzlağıdır.
  • Ölkə ərazisinin 10 faizi daimi buzlaqlarla örtülüdür.
  • Hekla vulkanı Avropada ən böyük vulkandır.
  • Detifoss Avropada ən böyük şəlalədir. Onun hündürlüyü 40, eni isə 100 metrdir.
  • İslandiyanın ən uzun çayı Tursaudur. Onun uzunluğu 237 kilometrdir.
  • İslandiya, dünyada ən az Müsəlman yaşayan ölkələrdən biridir. 2013-cü il statistikasına görə, ölkədə 770 Müsəlman yaşayır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR