Slimfit
  1. SİYASƏT

İşğaldan azad edilmiş Zəngilan şəhəri bu gün böyük quruculuq meydanına çevrilib - Vüqar Rəhimzadə

İşğaldan azad edilmiş Zəngilan şəhəri bu gün böyük quruculuq meydanına çevrilib - Vüqar Rəhimzadə
Sakura

İşğaldan azad edilmiş Zəngilan şəhəri bu gün böyük quruculuq meydanına çevrilib - Vüqar Rəhimzadə

Ens.az Trend -ə istinadən xəbər verir ki, Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti sayəsində Zəngilan şəhərinin işğaldan azad edilməsindən 4 il keçir. Vətən müharibəsinin hər günündə Müzəffər Ali Baş Komandandan torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qələbə ünvanlı xəbərlər alan xalqımıza 2020-ci il oktyabrın 20-də növbəti müjdə çatdırıldı: “Bu gün ənənəyə, gözəl ənənəyə sadiq qalaraq Azərbaycan xalqına yeni bilgilər vermək istərdim.” Müzəffər Ali Baş Komandan İlham Əliyev həmim gün xalqa müraciətində böyük qürur hissi və fəxrlə bildirdi ki, oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (hazırda Çinarlı), Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilmişdir.

Təbii ki, hər bir kəndin, hər bir qəsəbənin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan təmizlənməsi yüksək peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edirdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində məhz bu yüksək keyfiyyətləri nümayiş etdirdi. Ümumiyyətlə, 44 gündə 30 il davam edən işğala son qoymaq özündə bütün məqamları birləşdirir.

Daim vurğulandığı kimi, Vətən, torpaq sevgisi Azərbaycan əsgərinin hər gün irəli getməsini şərtləndirən əsas amil oldu. Ordumuz üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi, düşmənə layiqli cavab verdi, onu diz çökdürdü. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan hərbçiləri silahı, hərbi texnikanı qoyub qaçdılar. Ermənilərin və onlara havadarlıq edənlərin illərdir yaratdıqları miflər dağıdıldı. Münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü, bu yol seçildiyi təqdirdə uduzan Azərbaycan tərəfinin olacağı barədə qeyri-ciddi fikirlər səsləndirənlər bu reallığın şahidi oldular ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz xalq Azərbaycan xalqıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında” Sərəncamına əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Hər bir Şəhər Günü həm 30 illik işğal, həm 44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını təhlil etməyi bir tələb kimi qarşıya qoyur. Belə bir tələbi bir daha xatırladır ki, indiki və gələcək nəsillərə bu reallıqlar barədə dolğun məlumatlar verilməli, tariximizin hər bir səhifəsi daim vərəqlənməlidir. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi yer tutur ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalı, böyüməlidir.

Vüqar Rəhimzadə tarixi Zəfərimizdən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından da bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə müjdələrini çatdırarkən daim belə bir əminliyi də ifadə edirdi ki, bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Dövlətimizin başçısı xalqa 20 oktyabr 2020-ci il tarixli müraciətində qeyd etmişdi ki, biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.

Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici faktdır ki, bu gün artıq bu reallıqların şahidiyik. Bütün azad edilmiş ərazilərimiz yüksək səviyyədə bərpa edilir, bu torpaqlarda yaşayacaq soydaşlarımız üçün hər cür imkan və şərait yaradılır. Artıq doğma yurdlarına qovuşmuş keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi bu günün əsas prioritetləri sırasındadır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə hər bir səfərlərində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək bu reallığı aydın şəkildə görərik. Azad edilmiş hər bir bölgənin malik olduğu iqtisadi potensial yeni istehsal sahələrinin yaradılmasında əhəmiyyətli rol oynayır.

Milli Məclisin deputatı bildirib ki, bununla bağlı birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edildi. Burada 200 evdən ibarət müasir tələblərə cavab verən kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Bu “ağıllı kənd”də məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq Zəngilan şəhərinin Baş planı təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış məntəqələrinin salınması layihəsi icra edilməkdədir. 2025-ci ildə Zəngilan şəhəri ilk sakinlərini qarşılayacaq.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə tikilən üç Beynəlxalq Hava Limanının biri Zəngilan rayonu ərazisindədir. Qısa müddətdə tikilib istifadəyə verilən bu hava limanı ölkəmizin iqtisadi və maliyyə imkanlarını nümayiş etdirməklə yanaşı, bu ərazinin strateji əhəmiyyətini təsdiqləyir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm faktor olacaq. Zəngilanı Naxçıvanla ayıran təxminən 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması regionda yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. Erməni vandalları 30 illik işğal dövründə tarixi və dini abidələrimizi tamamilə dağıdıb yerlə-yeksan etməklə Azərbaycan xalqının izlərini siləcəklərini, bununla da tarixi saxtalaşdırmağa nail olacaqlarını düşünürdülər. Bu baxımdan hər bir azad edilmiş ərazi erməni vəhşiliyinin təqdimatıdır.

Millət vəkili bildirib ki, ötən 4 ildə dövlətimizin başçısı İlham Əliyevin Zəngilan rayonuna 12 səfəri reallaşıb. Azərbaycan Prezidentinin təkcə bu il oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Zəngilanda açılışında və təməlqoyma mərasimində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirməklə bugünədək görülən işlər haqqında aydın təsəvvürə malik olmaq mümkündür. Bu səfər çərçivəsində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılış mərasimi oldu. Zəngilan şəhərində beşinci və altıncı yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. 104 mənzilli yaşayış kompleksinin tikintisi, həmçinin Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə də tanışlıq oldu.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, ötən il Zəngilan şəhərində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Birinci tədbir Ağdam şəhərində keçirilmişdi. Hər iki tədbir işğaldan azad edilmiş ərazilərdə görülən işlərin şəhərsalmanın müasir təcrübəsi olduğunu dünyaya çatdırdı. Bütövlükdə atılan hər bir addım Zəfərimizin əbədiləşdirilməsinə, Böyük Qayıdış Proqramının tam tərkibdə uğurla başa çatmasına xidmət edir. Bu gün işğalçılardan təmizlənmiş bütün torpaqlarımız, o cümlədən Zəngilan şəhəri böyük quruculuq meydanına çevrilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR