Slimfit
  1. BİOQRAFİYA

İsaak Nyuton

İsaak Nyuton
Sakura

İsaak Nyuton

İsaak Nyuton (ing. Sir Isaac Newton) — ingilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın başverməsində və heliosentrizmininkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Nyutonun doğum tarixi İngiltərədə 1752-ci ilə kimi istifadə edilmiş Yuli təqviminə görə 25 dekabr 1642–20 mart 1727, qriqorian təqviminə görə 4 yanvar 1643–31 mart 1727-ci il tarixidir.

 

Həyatı

Gənclik illəri

 
İsaak Nyutonun doğulduğu Vulstrop kəndi

İsaak Nyuton Yuli təqviminə görə 25 dekabr 1642-ci il tarixində Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop (ing. Woolshrope) adlı kiçik bir kənddə xırda fermer ailəsində doğulmuşdur. Onun atası İsaak Nyuton (1606—1642) doğulmasına 3 ay qalmış vəfat etmişdir. Körpə vaxtından qabaq doğulduğundan həddən artıq zəif olub. Çoxları onun yaşayacağına inanmırdı. Əfsanəyə görə, onu qoyun dərisindən tikilmiş əlcəyə qoyublar, o, bir dəfə yerə düşüb və başı əzilib. O, uzun müddət xaç suyuna salınmamışdır. Nəhayət, bir müddət keçəndən sonra 1 yanvar tarixində xaç suyuna salınmış və körpənin adını atası İsaakın şərəfinə adlandrılmışdır.

İsaak Nyuton 3 yaşı tamam olanda anası ikinci dəfə ərə gedib. Balaca İsaak nənəsinin himayəsində qalıb. Anası Anna Eyskou (ing. Hannah Ayscough) (1623—1679) ikinci dəfə ailə qurduqdan sonra 3 övladı olmuş və İsaakı qardaşı Uilyam Eyskouya tapşırmışdır. İsaak çox zəif uşaq olmuş, bu səbəbdən tez-tez xəstələnmiş, qapalı xasiyyəti ilə seçilmiş və həddən artıq xəyalpərəst olmuşdur. Onu daha çox poeziya və rəssamlıq maraqlandırırdı. O, öz ixtiraları ilə çoxlarını heyrətləndirirdi. İbtidai məktəb həyatı Nyuton üçün olduqca ağır keçib. Məktəb illərində Nyutonun ixtiralarından heyrətlənən sinif yoldaşı ona mənfi münasibət bəsləyirdilər. Təbiətcə xudbin olan İsaak üçün bu cür təhqiredici vəziyyətə dözmək olduqca çətin idi. Çox gərgin səylərdən sonra İsaak oxuduğu sinifdə əlaçılar sırasında birinci oldu. Texnikaya maraq, Nyutonu təbiət hadisələri üzərində fikirləşməyə məcbur edirdi. Bir dəfə dayısı Uilyam Eyskou onu əlində kitab dərin fikirlərə qərq olduğu halda müşahidə edib. İsaakın əlindəki kitaba nəzər salan dayısı, onu öz yaşına tamamilə uyğun gəlməyən mürəkkəb riyazi məsələlərə maraq göstərdiyini görmüş və anasından İsaakın təhsilini davam etdirməsi arzusunu nəzərə almasını xahiş etmişdir. Ciddi hazırlıqdan sonra İsaak 1661-ci ildə Kembric Universitetində təhsil almışdır.

 

Elmi yaradıcılığın başlanğıcında

 
İsaak Nyutonun gənclik dövründə çəkdirdiyi rəsm

Kembricdə oxuduğu ilk 6 il ərzində İsaak bütün kollec dərəcələrini keçib. Onun bütün gələcək kəşfləri bu illərdə hazırlanıb. 1665-ci ildə İsaak incəsənət magistri olub. İsaak Nyuton bu illərdə indiki dispersiya hadisəsi üzrə ilk təcrübələrini aparıb. Bu təcrübələr (mindən artıq) klassik eksperimentlər hesab olunur və bu gün də məktəb və institutlarda təkrar olunur. Bütün tədqiqatların əsasında işığın fiziki təbiətini anlamaq səyləri dururdu.

1668-ci ildə Nyuton Kembricə qayıdıb və tezliklə Lukask riyaziyyat kafedrasına rəhbərlik ona həvalə olunub. Ona qədər bu kafedraya müəllimi İsaak Barrou rəhbərlik edib. Barrou sevimli tələbəsini maddi cəhətdən təmin etmək üçün kafedranı ona güzəştə gedib. Nyuton artıq diferensial və inteqral hesablamanın müəllifi idi. Bu dövr alimin həyatında ən məhsuldar illərindən biridir. 1660-1667-ci illərdə onun əsas ideyaları, eləcə də ümumdünya cazibə qanunu öz təsdiqini tapıb. Yalnız nəzəri tədqiqatlarla kifayətlənməyən Nyuton bu illərdə teleskop-reflektor (əksetdirici) icad edib. O öz teleskopunu təkmilləşdirərək ikinci belə bir cihaz hazırlayır. Bu cihaz onun London Kral Cəmiyyətinin üzvü seçilməsinə əsas verir. Lakin Nyuton çoxlarının yalnız arzu edə biləcəyi bu imkandan imtina edir, bunu üzvlük haqqını ödəyə bilməsi üçün maddi imkanlarının olmaması ilə izah edir. Lakin Nyutonun elmi xidmətlərini nəzərə alan cəmiyyət onu üzvlük haqqından azad edərək istisna hal kimi dahi alimi öz sıralarına qəbul edir.

Onun ilk elmi işləri işıq şüalarının tədqiqi ilə bağlı idi. Çoxillik işlər nəticəsində Nyuton müəyyən etmişdi ki, ağ Günəş şüası çoxsaylı rənglərin qarışığından ibarətdir. Alim sübut etmişdi ki, prizmanın köməyi ilə ağ rəngi onun tərkib hissələrinə ayırmaq olar. Nazik lövhələrdə işığın sınma hadisəsini öyrənərkən alim elmdə "Nyuton həlqəsi" adlandırılan difraksiyanı müşahidə edib. Bu kəşfin əhəmiyyəti tam dolğunluğu ilə yalnız XIX əsrin ikinci yarısında dərk olunub.

1666-cı ildə Kembricdə taun epidemiyası başlayıb. Və Nyuton doğulduğu Vulstorp kəndinə köçüb. Burada sakit kənd həyatına başlayan 24 yaşlı alim əli altında heç bir kitab, heç bir cihaz olmadan, az qala tərkidünyalıq həyatı yaşayaraq dərin fəlsəfi fikirlərə qərq olub. Bu fikirlərin bəhrəsi ümumdünya cazibə qanununu kəşf etməsi oldu. Akademik V. Vernadski Nyutona həsr olunmuş kitabında yazır: "Bir yay günü idi. Nyuton bağda açıq havada oturaraq düşünməyi çox sevirdi. Rəvayətə görə, yetişmiş almanın yerə düşməsi Nyutonun düşüncələrinə son qoyub. Məşhur alma ağacı nəsildən nəslə qorunub, sonralar quruyub, kəsilərək oturacaq kimi tarixi abidəyə çevrilib. Nyuton çoxdan idi ki, cismlərin düşməsi barədə düşünürdü və mümkündür ki, almanın yerə düşməsi onu bir daha düşüncələrinə sövq etmişdi. Sonralar Nyuton yazırdı ki, ümumdünya cazibə qanunu formulunu Keplerin məşhur qanunlarının öyrənilməsi nəticəsində əldə edib". Məşhur rus pedaqoqu K.Uşinski bu hadisədə dərin məna olduğunu yazırdı: "Nyuton kimi dahi lazım idi ki, almanın birdən yerə düşməsinə təəccüblənəsən".

1667-ci ildə Nyuton, universitet təkrar açıldığı səbəbindən Kembricə geri dönür və iki il sonra riyaziyyat üzrə professoru vəzifəsinə sahib olur. Nyuton təxminən 30 il Kembricdə qalır və məktublar yoluyla digər elmi işçilərlə çalışaraq tək başına işlərinə davam edir. Bu dövr ərzində birgə çalışaraq ən böyük əsəri olan Natural fəlsəfənin riyazi başlanğıcı əsərini hazırlamış və əsərin bitməsi 1682-ci ildə başa çatmışdır. «Natural fəlsəfənin riyazi başlanğıcı» əsərinin düsturlarından istifadə edərək parlaq bir kometin orbitini hesabladı və onun 1759-cu ildə qayıdacağını qabaqcadan xəbər verdi. Kometa deyilən vaxtda qayıdır və bu kometa Halleyin şərəfinə adlandırılır. Fransız şairi Volter kometin qayıtmasına öz münasibətini coşqun şeirlərlə bildirir. İşıq ilə əlaqədar fermada etdiyi təcrübələr nəticəsində, lupalı teleskopların qüsurlar yaratdığını fərq edir və 1668-ci ildə yeni teleskop hazırlayır. Bu teleskopun icadı sayəsində 1672-ci ildə London Kral Cəmiyyətinə üzvü olur.

 

Nəhənglərin çiyinlərində duran dahi

Nyuton 1701-ci ildə parlamentin üzvü, 1703-cü ildə isə İngiltərə Kral Cəmiyyətinin prezidenti seçilib. Nyuton utancaqlığı və təvazökarlığı ilə seçilib, hələ sağlığında söhrət və nüfuz qazanmışdı. O, təvazökarlıqla deyirdi: "Hamının məni nə hesab etdiyini bilirəm, lakin özüm-özümə dəniz qırağında oynayan və hamar daş, yaxud adi görkəmdə olmayan gözəl balıqqulağı tapanda sevinən uşaq kimi görünürəm, halbuki qarşımda tədqiq edilməmis böyük okean durur".

O, uzun müddət öz elmi kəşflərini dərc etdirməyə belə qərar verə bilməyib, hətta özünün ölməz "Başlanğıc" betsellerinin bəzi hissələrini belə məhv etməyə cəhd edib. Bir dəfə Nyutondan xahiş edirlər ki, bəzi elmi işlərinin Kral Elmi Cəmiyyəti tərəfindən dərc olunmasına icazə versin. Alim bir şərtlə razılıq verib ki, bu elmi işlərin müəllifinin adı göstərilməsin. Bu məsələ ilə bağlı yaranmış anlaşılmazlığı isə o, belə izah edib: "Məşhurluq yalnız mənim tanışlarımın dairəsini genişləndirə bilər, mən isə onların sayını hər vasitə ilə məhdudlaşdırmağa çalışıram"... "Əgər mən başqalarından fərqli olaraq daha uzağı görmüşəmsə, bu ona görədir ki, nəhənglərin çiyinlərində durmuşam".

Alim tələbələrinə deyirdi: Elmləri öyrənərkən nümunə daha faydalı qaydadır. Bildiklərimiz bir damla, bilmədiklərimiz okeandır. Bilik real və yenilməz quvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük yaradan biliyi seçmə adamlara verir.

Böyük alimlə onun yaşlı çağında tanış olan doktor Pemberton bu dahinin təvazökarlığından heyrətləndiyini yazırdı. Onun sözlərinə görə, Nyuton həddən artıq gülərüzlü idi, digər dahilərə məxsus olan bir sıra məziyyətlər ona yad idi. O, hər bir cəmiyyətə çox uğurla uyğunlaşa bilirdi və onda heç bir təkəbbürlük əlaməti yox idi.

Həyatının son günlərində Nyuton həddən artıq varlanıb və o, pul paylayırdı. Əvvəllər isə özünün daha çox pula ehtiyacı olduğu vaxtlarda da o, yaxınlarına və uzaq qohumlarına əl tuturdu. Nyuton ibadət etdiyi kilsəyə böyük miqdarda pul bağışlamışdı, gənc tələbələrə də çox vaxt pul yardımı göstərirdi. Bir dəfə Nyutondan soruşurlar ki, necə oldu ki, siz bu qanunları bu qədər uzun müddətə ifadə etdiniz? Böyük alim cavab verib ki, onun qanunları çox sadədir, o, bu qanunları çox tez ifadə edib, lakin bundan ötrü xeyli düşünməyə məcbur olub.

 

Nyutonun xəstəliyi

1689-cu ildə anası yatalaq xəstəliyindən vəfat edib. Son günlərində gecə-gündüz anasının yanında olan alim özü ona dərman verib, müxtəlif dərmanlar hazırlayıb, anasına hər hansı xəstə baxıcısından daha yaxşı qulluq etmişdir. Lakin anasının həyatını xilas etmək mümkün olmayıb və bu itki böyük alimi dərindən sarsıtmışdı. Ola bilsin ki, bu faciə onun sonradan əsəb xəstəliyi keçirməsinə səbəb olmuşdur.

Daimi əsəbi və zehni gərginlik onunla nəticələndi ki, 1692-ci ildə Nyuton yatağa düşdü. Onun bu vəziyyətə düşməsinə baş vermiş yanğın nəticəsində bütün əlyazmalarının məhv olması da səbəb ola bilərdi. Hər zaman maddi çətinlik hissi şübhəsiz ki, onun xəstəliyinin digər səbəblərindən biri idi. Buna görə də İsaak Nyuton Kembricdə professor vəzifəsində işləməklə yanaşı, həm də zərbxanada nəzarətçi kimi işləməli olub. İşə xüsusi məsuliyyətlə başlayan İsaak tezliklə nəzərəçarpan uğurları sayəsində direktor təyin edilir. Lakin zərbxananın direktoru vəzifəsini müəllimlik fəaliyyəti ilə yanaşı davam etdirmək tamamilə mümkünsüz idi. 1701-ci ildə Nyuton Londona köçüb. O vaxta qədər isə elmin zirvəsini fəth etmişdi. 1705-ci ildə ona əsilzadə titulu verilir. Böyük mənzili, 6 nökəri, fayton-arabaya malik olmasına baxmayaraq, İsaak yenə də tənha idi. Elm sahəsində fəal axtarışlar dövrü artıq arxada qalmışdı. İsaak Nyuton indi yalnız "Optika" və "Başlanğıc" kitablarının yenidən nəşri ilə kifayətlənməli oldu.

Dahi fizik 20 mart 1727-ci il (və ya 31 mart 1727-ci il) tarixində Londonda vəfat etmişdir. O, İngiltərənin görkəmli şəxsiyyətlərinin dəfn olunduğu Vesminster abbatlığında torpağa tapşırılıb. Onun dəfn günü ölkədə milli matəm elan olunub. Nyutonun elmi yaradıcılığı fizikanın inkişaf tarixində müstəsna rol oynayıb. Eynşteyn onun haqqında demişdi: "Nyuton ilk dəfə təbiətdə gedən prosesləri yüksək dərəcədə dəqiqlik və bütün təfərrüatları ilə müəyyən edən elementar qanunları kəşf etməyə cəhd etmiş alimdir". Beynəlxalq Vahidlər Sistemində qüvvə vahidi onun şərəfinə nyuton adlandırılmışdır.

 

Dini inancı

Nyuton dərin inamı olan xristian idi. O, təkcə dünyəvi elmlə deyil, həm də teologiya, ilahiyyat elmi ilə məşğul idi. Onunçün elm ilahiyyatdan ayrılmaz idi. O, insan qəlbini, eləcə də şeytanlar və mələkləri də maddi varlıq sayırdı. Ona görə də Nyuton xristianlığı anlamaq baxımında azlıqların içindəydi. O, Allahı vahid varlıq kimi qəbul edir, İsanı isə sadəcə insan sayırdı. Buna baxmayaraq, İncili həqiqi fakt kimi qəbul edib, həyatını ona uyğun qururdu. Kəşf elədiyi qanunların hamısı onun üçün yalnız sona yaxınlaşan dövriyyənin qanunları kimi qalmaqdaydı. Apokalipsis, yəni axır zamana, dünyanın sonuna inanır və onun tezliklə olacağını düşünürdü. Özünün içindəki boşluğu da Allahın "ərazisi" sayırdı.

Əslində o, elmə ilahiyyat fikirlərini qataraq daimi, əbədiyaşar Allahın sonsuzluğunun bir nişanəsi kimi "möcüzə" termini daxil eləmişdi. Bu barədə Engels yazırdı ki, "Nyuton Ona (Allaha) ilk təkan vermək imkanını saxladı. Amma öz Günəş sisteminə başqa cür müdaxilə etmək imkanı vermədi". Qəribəsi odur ki, Müqəddəs Üç Üqnüm kollecində çoxillik iş təcrübəsinə baxmayaraq o, Üç Üqnüma inanmırdı. Ömrünün sonuncu illərində dahi fizik 40 ilin araşdırmalarını aşkarlayan bir əsəri "Qədim çarlıqların xronologiyası" əsərini tamamlayırdı. O, İncil hadisələrinin öz xranoloji variantını da hazırlamışdı. Onun əsərlərini, xüsusilə də apokalipsis haqqında yazdıqlarını oxuyandan sonra müasirlərinin onu allahsız adlandırmağını qəbul etmək olmur. Fransız dilində pamflet kimi buraxılmış ittihama Nyutonun həmən cür, yəni pamflet formasında yazılmış cavabı indiyədək bir tarixi abidə kimi çox maraqlı fakt sayılır.

 

Elmi fəaliyyəti

 
Nyutonun hazırladığı teleskop (1672)

Mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında rolu xüsusidir. Nyutonun dövründən bəri 10-12 nəsil artıq bir-birini əvəzləyib. Amma Nyuton qanunlarının əsas hissəsi dəyişikliyə uğramayıb. 17-ci əsrin sonunda o, elmi kəşflərində Kopernik, Kepler və Qalileo Qalileyin, yəni ondan əvvəlki iki əsrin işlərini tamamlayaraq universal sistem yarada bilib.

Nyuton ümumdünya cazibə qanununu kəşf etmiş, güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçmüşdür. Nyuton qızmış cisimlərin Soyuma qanununu da kəşf etmişdir. Nyutonun göy cisimləri haqqında qanununa ingilis alimləri yaxşı münasibət bildirsə də, Avropa alimləri, ümumilikdə nəzəriyyəni mənfi qarşılamışlar. Çünki Yer kürəsinin qütblərdən basılmış kimi yastı olması Nyuton nəzəriyyəsini bir daha təsdiqləmiş və bu nəzəriyyə Dekart təlimindən fərqlənmişdir. Nyutonu Avropa qitəsində Huk, Leybnits, Flemstid kimi alimlərin işlərini oğurlamaqda, hətta küfr sözlər danışmaqda da təqsirkar bilirdilər.

Ağ işığın rənglərə parçalanmasını sübut eləyəndən sonra Nyuton optika sahəsində təcrübələrini dayandırır və deyilənə görə, Huk adlı tənqidçinin sağlığında bu sahədən bir cümlə də yazmayacağına and içir. Çünki o, daim Nyutonu tənqid atəşinə tuturdu, o isə bundan son dərəcə əsəbləşirdi. "Optika" adlı fundamental əsəri Hukun ölmündən bir il keçmiş işıq üzü görür. Onun Nyutonun birinci, ikinci və üçüncü adlı qanunları vardır. Beynəlxalq vahidlər sistemində güc vahidi, həmçinin, Ay və Marsda kraterlər Nyutonun şərəfinə adlandırılıb.

Fizika və riyaziyyat sahələrində elmi axtarışlarıyla paralel olaraq, Nyuton əlkimyaçılıqla da məşğul olurdu. Amma bu sahədə aldığı nəticələri çap eləmirdi. Uzun illər əlkimyaçılığın yeganə nəticəsi o olur ki, Nyuton ciddi şəkildə zəhərlənmə alır. Elmi nailiyyətlərinə görə Nyuton zadəgən tituluna də layiq görülərək "lord" vəzifəsini daşıyır. İngilis tarixində ilk dəfəydi ki, elmi nailiyyətlərə görə belə titul verilirdi.

 

Nyutonun həyatı ilə bağlı maraqlı hekayətlər

  • Nyutonun parlamentdə söylədiyi ən böyük «nitq» belə səslənirdi:pəncərəni bağlayın, - deyə xidmətçiyə müraciət etmişdi.
  • Bir gün öz dostunu nahara dəvət edən Nyutonun işi çox olduğundan bu barədə xidmətçiyə xəbər verməyi unudur. Nahar vaxtı xidmətçi yemək stoluna ancaq bir adamlıq yemək qoyur. Qonaq gəlir, Nyutonun düsturlarla, mürəkkəb hesablamalarla məşğul olduğunu görüb, stolun üstündəki bir nəfərlik yeməyi yeyir və gedir. Bir müddət keçəndən sonra qonağın necə gəlib-getdiyini duymayan Nyuton bir anlığa sevimli işindən ayrılıb stolun üstündəki boş qablara baxaraq öz-özünə deyir: «Qəribə işdir, əgər stolun üstündəki bulaşıq qabları görməsəydim, hesab edərdim ki, mən bu gün nahar etməmişəm».
  • Nyuton bir dəfə soyutma yumurta bişirmək istəyir və yumurtanı suya atıb, zəngli saatı da qurur ki, müəyyən vaxtdan sonra zəng çalıb yadına salsın. Lazımı vaxtdan sonra zəng çalır. Nyuton gedir ki, yumurtanı qaynayan sudan çıxarsın. Lakin suya baxanda görür ki, suda yumurta əvəzində zəngli saatı var.
  • "Nyutonun pişikləri" lətifəsi: Nyuton iş otağında işi ilə məşğul olduğu vaxtlardan birində, görür ki, bayır tərəfdən kiçik pişik qapını cırmaqlayır ki, içəriyə keçsin. Nyuton qapını açıb onu içəri buraxır. Bir qədərdən sonra indi də iti içəriyə keçmək üçün qapını döyəcləyir. Nyuton onu da içəri buraxır. Bir azdan indi də hər ikisi qapını cırmaqlayırlar ki, bayıra çıxsınlar. Nyuton əsəbiləşib ayağa qalxır, mişarı götürüb qapıdan bir böyük və bir də kiçik deşik açır və üzünü it ilə pişiyə tutub başa salır ki; «Bax bu sənin üçündür, bu da sənin üçün. İndi özünüz girin-çıxın, daha mənim əsəblərimi oynatmayın». Elə bir böyük deşiyi açmaq onun ağlına gəlmir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR