İş adamı Qarabağ qazilərini müalicə üçün Türkiyəyə apardı
İş adamı Fizuli Məmmədovun rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Mədəniyyət Fondu Qarabağ qaziləri Fərəc Cəfərov, Aqil Əhmədov və Həsən Hüseynovun Türkiyədə müalicəsini üzərinə götürüb. Mayın 14-də hər iki qazi İstanbul Acıbadəm Xəstəxanasına yerləşdirilib. Bu haqda xəbəri Musavat.com Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun mətbuat xidmətindən alıb.
Mayın 15-də Fizuli Məmmədov hər iki qazini ziyarət edib, xəstəxananın tibb personalı ilə danışıqlar aparıb. Mədəniyyət Fondundan verilən xəbərə görə, Fərəc Cəfərov qan xərçəngindən əziyyət çəkir. Azərbaycanda ilkin müalicə zamanı həkimlər ona ilik nəqli köçürülməsini məsləhət görüblər. Qazinin ilik nəqli və sonrakı müalicə kursu Acıbadəm xəstəxanasında gerçəkləşdiriləcək.
Aqil Əhmədov isə 1997-ci ildə keçirilən kəşfiyyat əməliyyatı zamanı yaralanıb. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə 8 Azərbaycan kəşfiyatçısı mühasirəyə düşür. 3 günlük döyüşdə düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edən kəşfiyyatçılar əsir düşməmək üçün son qumbaraları ilə özlərini partladırlar. Onlardan yalnız Aqil Əhmədov sağ qalır. Ağır yaralanan kəşfiyyatçı əsir düşür. Prezident Heydər Əliyevin Qızıl Xaç Komitəsi xətti ilə apardığı danışıqlardan sonra o, erməni zabiti ilə dəyişdirilir. Azərbayanca gətiriləndə onun Ermənistanda ağır işgəncələr gördüyü bəlli olur. Sağlamlığında ciddi problemlər olan qazi davamlı müalicələr alsa da son dönəmlər ağırlaşmalar baş verib və müalicəsi üçün Dünya Azərbaycanlıları Mədəniyyət Fonduna müraciət edib.
Yada salaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda xidmətlərinə görə, Fizuli Məmmədov Aqil Əhmədova 3 otaqlı mənzil bağışlayıb.
F. Məmmədov Qarabağ qazilərini Bakıda Qanköçürmə və Hemotologiya İnstitutunda ziyarət edən zaman orada müalicə olunan Pərvanə Hüseynovanın ailəsinin müraciətini qə qəbul edib, əməliyyat və intensiv müalicə üçün onu da İstanbul Acıbadəm Klinikasına göndərib. Yaxın günlərdə ona da ilik nəql ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət