Slimfit
  1. CƏMİYYƏT

İrəvana təklif verək: yollarını biz çəkək, əvəzində...

İrəvana təklif verək: yollarını biz çəkək, əvəzində...
Sakura

İrəvana təklif verək: yollarını biz çəkək, əvəzində...

2023-cü ildə hökumətin fəaliyyətini qiymətləndirərkən ilk dəfə coğrafi və siyasi bütövlüyümüzün təmin olunmasını tarixi hadisə kimi qeyd edirik. Nəhayət, yarımçıq hesabatlardan xilas olduq. Son 300 ildə elə bir quruluş olmayıb ki, biz torpaq itkilərinə və köçkünlüyə məruz qalmayaq. Prezident İlham Əliyev çoxəsrlik tarixi gedişi dəyişdirdi.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu Milli Məclisin bu gün keçirilən iclasında Zahid Oruc deyib.

O qeyd edib ki, hökumətin Böyük Qayıdış siyasəti işğaldan əvvəl Qarabağda olan 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur:

“Yaponlar və almanlar da oxşar yolla gediblər. Lakin təkcə büdcə vəsaitlərilə Qarabağı tikmək qeyri-mümkündür. 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika və qurğular, xammal və materialların idxalı ƏDV-dən azad olunub. Bu, müsbət addımdır. Eyni zamanda, emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda “sıfır vergi” siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq. Hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq istəyən, köçkün olmayan vətəndaşlara çağırış edə, şəffaf şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarışılığında onların xərclərini qarşılaya bilər və dövlətin yükü paylaşılar.

Ötən il iqtisadi artımın 1%-dən kiçik olması adambaşına düşən gəlirlərin də azaldığını göstərir. Qeyri-neft sektorunun 3,2%-lik artımı, neft sektorunun 1,6%-lik azalması ilə iqtisadi artım 0,8% təşkil edib. Bunun başlıca səbəbinin sərhədlərin bağlı olması, əhalinin sərbəst hərəkət və ticarətindəki məhdudluqdur. Dövlətin qərarı başadüşüləndir, lakin Rusiya ilə ticarət dövriyyəsinin tarixdə ilk dəfə rekord həddə - 7.3 milyard manata çatmasını nəzərə alaraq, qonşu ölkə ilə sərhədlərin açılması əhalinin iqtisadi aktivliyi və gəlirlərini bərpa edə bilər”.

Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatı ötən il beynəlxalq mövqelərini gücləndirdi:

“Sevindiricidir. Lakin İslam Konfransı Təşkilatı, o cümlədən, 156 milyonluq əhali, 1.3 trilyon dollarlıq ÜDM-ə malik olan türk coğrafiyası azad torpaqlarda 100 məktəb inşa etsə, “Marşall planı”nın bir parçası olar. Hökumət Amerika və Avropa Birliyinə açıq müraciət edə bilər ki, işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə kömək etsinlər. Əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş versinlər. Ötən il Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilməsini təklif etmişdik. Bütün dövlətlərə dəvət göndərsək, gəlməyən ölkələrin ədalətə, sülhə münasibətini dünyaya göstərərik. Müharibəni xalqımız özü apardı, heç olmasa, 10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün ki, BMT tribunasından danışmağa üzləri olsun.

Seçkilər zamanı Asiya Universitetində görüşdə bəlli oldu ki, qlobal coğrafiyanı öyrədən təhsil müəssisəsi bağlanıb. 8 fakültəsi, 270 tələbəsi olan universitetə gənclər nədən gəlməyib? Bəlkə təbliğatı düzgün qurmamışıq? Asiya qitəsində 4.4 milyard əhali yaşayır, Çin və Yaponiya ÜDM-ə görə 192 ölkə içərisində ilk onluqdadır. Böyük qitə ilə işləyən mütəxisslər çox olsa, iqtisadiyyat şaxələnər, ixracın coğrafiyası genişlənər.

Ölkəmizdə Qərb Universiteti var, Avropa Birliyi ticarətimizdə 36 faizlik paya malikdir. Lakin sərt iqtisadi standartları olmayan Əfqanıstandan İraqa və Çinə qədər milyard manatlıq mal sata bilərik - İraqa 2012-ci ildə 418 milyon dollarlıq ticarət dövriyyəsi, indi 29 milyon dollara, Əfqanıstana isə 2014-də 275 milyondan 37 milyon dollara düşüb. Asiya Universitetini bərpa etmək, minlərlə kadr hazırlığına başlamaq gərəkdir. Biz təhsili və texnologiyanı Qərbdə, ticarəti Şərqdə apara bilərik”.

Zahid Oruc vurğulayıb ki, Ermənistanla kommunikasiyalar ötən il də açılmadı:

“Azərbaycan Şərqi Zəngəzur yollarının tikintisini başa çatdırır. Biz Ermənistana müraciət etməliyk ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rüsum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək. Diplomatik münasibətləri olmayan iki ölkə arasında bu ilk körpü olar.

Ölkəmiz bərpaolunan enerjiyə keçiddə yüksək siyasi iradə göstərir. Ona görə də Prezident bəyan edir ki, dünyada əksər neft şirkətləri təyinatlarını dəyişib çoxprofilli enerji kompaniyaları olur. Hökumət ötən il “Yaşıl Azərbaycan” siyasətini bir mərkəzdən idarə etmək üçün SOCAR-ı genişləndirib onu Yaşıl Enerji Şirkətinə çevirə bilər. O zaman peşəkar mütəxəssis hazırlığı və iqtisadiyyatda 276 ildir hökmranlıq edən neftin hakimiyyəti zəifləyər.

Yekunda bir daha qalib xalqımızın sosial-iqtisadi gözləntilərinin artdığını, yaxşı idarəetmə üçün tələblərinin gücləndiyini hökumətə xatırladaraq, hesabata müsbət səs verəcəyimizi bildirir, 30 illik ədalətsizliyi yox edən, haqqını bərpa edən bir dövlətin istənilən daxili problemin öhdəsindən gəlməyə qadir olduğuna inanırıq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR