İran üçün halqa daralır: Çin geri çəkilərsə..
ABŞ-ın sanksiyaları İranın xüsusilə neft ticarətinə kifayət qədər ciddi zərbə vurub. Təbii ki, Çinə tətbiq olunan sanksiyalar hazırki vəziyyəti daha da ağırlaşdıracaq.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın İrana görə Çinə qarşı yeni sanksiyalar tətbiq etməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Çin sanksiyalara məhəl qoymadan neft alışına davam edəcəksə, bu ayrı bir konfiqurasiya yaradacaq:
“Sanksiyalardan öncə Tehran gün ərzində xarici bazarlara 1.8-1.9 barrel neft satırdısa, sanksiyalar tətbiq edildikdən sonra 700-800 min barrelə düşüb. İran bu neftin böyük hissəsini Çinə satır.
Pekin sanksiyalara məhəl qoymadan Tehrandan neft alışına davam edəcəksə, bu ayrı bir konfiqurasiya yaradacaq. Çin tərəfindən belə bir addımın atılması da kifayət qədər yüksəkdir. Çünki İran Çinə nefti çox sərfəli qiymət və şərtlərlə satır. Buna görə Çin əməkdaşlığın davam etməsində kifayət qədər maraqlıdır”.
İqtisadçı bildirib ki, Çin ABŞ-ın sanksiyalarına cavab olaraq, İrandan daha çox neft alışına başlaya bilər:
“Çünki ABŞ və Çin arasında hazırda ticarət danışıqları gedir və razılığa gələ bilmirlər. Düşünürəm ki, Çin neft alışını artırıb, ABŞ-la danışıqlarda üstünlük qazanmağa çalışacaq. Yəni İrandan neft almağı birdən-birə dayandırmaq əvəzinə ABŞ-la ticarət danışıqlarında güzəşt əldə etmək imkanını dəyərləndirə bilər.
Ümumiyyətlə, Çin maraqlı və düşünülmüş xarici siyasət aparan ölkədir və bu baxımından düşünürəm ki, bu vəziyyətdən də öz xeyrinə istifadə etməyə çalışacaq”.
N.Cəfərli bildirib ki, əgər Çin İrandan neft almağı dayandırarsa, iqtisadi baxımdan çox ağır şəraitdə olan Tehrana ağır zərbə dəyər:
“Çünki İran iqtisadiyyatını ayaqda tutan əsas gəlir mənbəyi Çinə satılan neftin payına düşür. Əgər Çin də alışı dayandırarsa, geriyə sadəcə Rusiya bazarı qalır. Rusiya özü bu yaxınlarda İrana təklif etmişdi ki, əgər bütün yollar qapansa, Tehrandan ucuz qiymətə neft ala bilər. Ancaq bunun üçün də infrastruktur qurulmalıdır. Hətta bu da İranın iqtisadi durumuna ciddi təsir etməyəcək. Çünki qiymətlər çox aşağı olacaq. Buna görə də görünür ki, İranın vəziyyəti bundan sonra daha da ağırlaşa bilər. Hesab edirəm ki, İran bəzi məsələlərdə mütləq şəkildə geri addım atmalıdır”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Çinə qarşı sanksiyaları artıracaqları ilə bağlı bəyanat verib. Onun sözlərinə görə, sanksiyaların tətbiqinə səbəb Çinin İrana qarşı tədbirlərə baxmayaraq, bu ölkədən neft idxal etməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət