"İran Azərbaycan gənclərinə qarşı gecə-gündüz təbliğat aparır" - Deputat
Xəbər verdiyimiz kimi, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında sui-qəsdə məruz qalıb.
Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib.
Deputata atəş açan isə Şirinov Səbuhi Vəliyəddin oğludur.
Özlərini şiə məzhəbinə məxsus dindar kimi qələmə verən bu insanların İran xüsusi xidmət oraqanları ilə əlaqəsi olduğu bildirilir.
Ens.Az-ın məlumatına əsasən,məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu gün İran müxtəlif metodlardan istifadə edərək Azərbaycan gənclərinin beynini yumağa çalışır və bunun üçün müxtəlif vasitələrdən istifadə edir.
Onun sözlərinə görə, belə bir yanlış fikir yayılır ki, guya Azərbaycanda şiəliyə qarşı hansısa təzyiqlər var və şiələr sıxışdırılır:
"Bəzən də bizim gənclərimiz buna inanırlar və ona əsasən də Azərbaycanda belə bir təbliğat aparmağa çalışırlar ki, guya həqiqətən şiəliyə qarşı hansısa bir təzyiqlər var. Gənclərimiz bilməlidirlər ki, İranın bizə təqdim etdiyi din həqiqi din deyil. Bu, İranın özünün dövlət din modeli, siyasiləşdirdiyi "İslam!"dır. Bunun da kökündə Azərbaycanda tarixən formalaşmış ənənələrdən uzaq olmaq durur. Ona görə də gənclər çalışmalıdırlar ki, hər kəsdən dini öyrənməsinlə. Xüsusilə, İranla bağlı olan din xadimlərinin fikirlərini öyrənərkən, araşdırarkən çox diqqətli olmalıdırlar. Çünki insanlar üçün din həssas məsələdir və bizim də, bəzən gənclərimiz o səmimiliklərindən irəli gələrək belə təbliğatların qurbanları olur. Ona görə onlar dini öyrənərkən, din barədə məlumat əldə edərkən yalnız mötəbər mənbələrdən əldə etsinlər".
Bu gün Azərbaycanda İlahiyyat İnstitutunun fəaliyyət göstərdiyini deyən millət vəkili əlaəvə etdi ki, ölkəmizdə tanınmış, kifayət qədər dini savada malik Azərbaycana bağlı insanlarımız var.
"Onlardan öyrənsinlər və bilsinlər ki, İran hər an Azərbaycan gəncini ovlamaq üçün çox fəal iş aparır. Bunun üçün sosial şəbəkələrdə, "Tiktok"da, "Youtube"da onlarla, yüzlərlə səhifələr var. Ona görə onlar ayılmalıdırlar və son hadisələrdən də nəticə çıxartmalıdırlar. Görün nə qədər insan həbs olundu".
Deputatın fikrincə, gənclər bilməlidirlər ki, belə təbliğata yuvarlanan, belə təbliğatın qurbanı olan insanlar mütləq bir gün məhkəmə qarşısında, Azərbaycan qanunları qarşısında cavab verəcəklər:
"Ona görə nə qədər gec deyil, mən üzümü tuturam İranın bu zərərli təbliğatına məruz qalan gənclərə ki, diqqətli olsunlar. Bilsinlər ki, onlara din vasitəsilə manipulyasiya edilir. Son baş verənlər də göstərdi ki, onlar Azərbaycan dövlətinə qarşı yönəldilir. Azərbaycan müsəlman ölkəsidir. Bu gün bizim ölkəmizdə milli mənəvi dəyərlərə geniş şərait yaradılıb və gənclərimiz də İranın təbliğatından uzaq fəaliyyətə üstünlük verməlidir.
Eyni zamanda, hesab edirəm, burada vətənpərvər, vətənə bağlı olan, Azərbaycanın gələcəyini düşünən din xadimlərimizin də üzərinə böyük məsuliyyət düşür. Bu gün İran tərəfi çox fəaldır. Ona görə də, bizim din xadimlərimiz, alimlərimiz, ilahiyyat sahəsində fəaliyyət göstərən müəllimlərimiz daha fəal olmalıdır. Onlar çalışmalıdırlar ki, belə zərərli təbliğatın qarşısının alınması üçün prosesə öz töhfəsini versinlər. Mən bu prosesləri izləyirəm. İran Azərbaycan gənclərinə qarşı sosial şəbəkələrdə, televiziyalara, ayrı-ayrı yerlərdə gecə-gündüz, 24 saat bu təbliğatı aparır. Ona görə gənclərimiz çox diqqətli, ehtiyatlı, məsuliyyətli olmalıdırlar ki, yalançı dindən, siyasiləşmiş din adından təqdim olunan zərərli ideologiyalardan özlərini qoruya bilsinlər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət