İqor Ponomaryov 'Sabah'ın müvəqqəti baş məşqçisi təyin olunub
“Sabah” FK-nın Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib.
“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda MŞ-nin sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iştirak ediblər.
İclasa giriş sözü ilə Maqsud Adıgözəlov başlayıb. Klub prezidenti komandadakı son vəziyyət, çempionat oyunlarındakı nəticələr barədə danışıb. O, baş məşqçi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında onun bundan sonra klubda müşavir postunda çalışması ilə bağlı qərar qəbul olunduğunu qeyd edib.
Daha sonra Adıgözəlov yeni baş məşqçi axtarışlarının davam etdiyini bildirib. Klub prezidenti yeni baş məşqçi təyin olunana kimi MŞ-nin üzvü, təcrübəli mütəxəssis İqor Ponomaryovun öz təcrübəsi ilə komandaya kömək etməsini təklif edib.
Həm Ponomaryov, həm də MŞ-nin üzvləri bu təklifi müsbət qarşılayıblar. Təcrübəli mütəxəssisin komandaya müvəqqəti baş məşqçi təyin olunması qərara alınıb. Ponomaryov Premyer Liqanın “Sumqayıt”la oyunundan sonra, gələn həftənin bazar ertəsindən müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlayacaq. Mütəxəssis öz təcrübəsi ilə yeni baş məşqçinin axtarışında da köməyini əsirgəməyəcək.
Sonda MŞ-nin sədri Firudin Qurbanov çıxış edərək, İqor Ponomaryovun təcrübəsinin indiki zamanda komandaya faydalı olacağını qeyd edib.
Qeyd edək ki, 2000-2001-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olan Ponomaryov, “Qarabağ” və “Xəzər Lənkəran”a da rəhbərlik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət