İpoteka kreditlərinin stimullaşdırılması tikinti sektorunu canlandıracaq - İqtisadçı ekspert
İpoteka kreditlərinin stimullaşdırılması tikinti sektorunu canlandıracaq.
Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, koronavirus (COVİD -19) pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrup sahibkarlığa və vətəndaşlara dəstək vermək məqsədilə 10 proqram hazırlayıb:
"İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, İşçi Qrupun əsas məqsədi bu təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, eləcə də iqtisadiyyata, biznes subyektlərinə dəstək paketinin formalaşdırılmasıdır.
Nazir vurğulayıb ki, həmin proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələr müəyyənləşdirilib. Dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edən bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.
Azərbaycanda biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə 2,5 milyard manat vəsaitin sərf olunacağı gözlənilir. Bu məbləğ Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir.
İşçi Qrupun fəaliyyətinin əsas hədəflərində və ölkə Prezidentinin sərəncamında verilən tapşırıqlarda yalnız qısa müddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin ortamüddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib. Bu baxımdan, İşçi Qrupun hədəflərindən biri də koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektorunun yenidən sürətli inkişaf tempini təmin etməkdir".
İqtisadçı ekspert, "Value&Sources" konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev tikinti sektoru üçün ayrıca proqramın hazırlanmasını müsbət qiymətləndirib.
Eskpert bildirib ki, birinci növbədə, koronavirus pandemiyasının yayıldığı dövrdə, sonrakı mərhələdə isə problemin səngiməsindən sonra atılacaq addımlar iqtisadiyyat üçün vacibdir:
"Nəzərə almaq lazımdır ki, bu dövr çox çətin olacaq. Artıq belə başa düşmək olar ki, hökumət postpandemiya dövrü barədə fikirləşir və qabaqlayıcı addımlar atmaq istəyir. Bu kontekstdə tikinti sektorunun inkişafı və ipoteka kreditləşməsinin stimullaşdırılmasına da xüsusi diqqət yetirilir. Hesab edirəm ki, dövlət ipoteka kreditləşməsini daha da stimullaşdırmaqla ilkin bazara, yəni tikinti bazarına yönələn addımların əsasını qoyur. Bundan əlavə, tikinti sektorunun stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi də gözlənilir".
Ekspert postpandemiya dövründə tikinti sektorunun inkişafına dövlətin dəstək göstərmək planlarının iqtisadi nəzəriyyələrə uyğun olduğunu və bununla vətəndaşların sosial problemlərinin həllinə kömək göstərildiyini vurğulayıb:
"Bütün ölkələrdə tikinti sektoru iqtisadiyyatın ən həssas sektorudur. Məsələn, böhran dövründə mənfi hallar öncə bu sahəyə təsir edir, daşınmaz əmlak bazarında müəyyən problemlər yaşanmağa başlayır. Bununla belə, inkişaf dövründə də tikinti sektoru çox yaxşı dinamika göstərə bilir. Böhrandan sonrakı dövrdə daşınmaz əmlak bazarında qiymət yüksəlişlərini biz də müşahidə edirdik. İndiki halda pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan bu tədbirlər, sözsüz ki, tikinti sektorunun inkişafına stimul olacaq".
R.Əliyevin fikrincə, hazırlanan proqram ipoteka kreditləri vasitəsilə sosial layihələrin icrası - vətəndaşların ehtiyaclarının ödənilməsi, onların sosial problemlərinin həll olunması məqsədi daşıyır. Biznes kreditlərinə güzəştlərin verilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər tikinti sektorunun canlanmasına müsbət təsir etməklə gələcəkdə həm iş yerlərinin qorunmasına və artırılmasına, həm də tikinti materialları istehsal edən sektorların inkişafına təkan olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət