Slimfit
  1. SİYASƏT

İpək Yolu Azərbaycanla Ermənistanı bir araya gətirə bilərmi?

İpək Yolu Azərbaycanla Ermənistanı bir araya gətirə bilərmi?
Sakura

İpək Yolu Azərbaycanla Ermənistanı bir araya gətirə bilərmi?

Çin sərmayəsi və Dağlıq Qarabağ münaqişəsi

“The Diplomat” ABŞ-a məxsus media qurumdur. Beynəlxalq siyasi proseslərin təhlili üzrə ixtisaslaşıb. Xəzər Universitetinin müəllimi Vasif Hüseynov “The Diplomat”da maraqlı bir yazı ilə çıxış edib. Məqalədə bildirilir ki, Çin Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rol oynaya bilər. Çünki hər iki tərəflə-Azərbaycan və Ermənistanla ciddi və getdikcə dərinləşməkdə olan əlaqələrə malikdir.

Müəllif yazır ki, Cənubi Qafqaz öncə Çin üçün elə bir önəm daşımırdı. Ancaq 2013-cü ildən etibarən bu bölgəyə Çinin marağı sürətlə artmağa başladı. 2012-ci ildə iqtidara gələn yeni prezident Xi Jinping İpək Yolu layihəsinə start verdi.

Qeyd edək ki, Çin “bir kəmər, bir yol” strategiyasını 2013-cü ildə irəli sürüb. Tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirməyi nəzərdə tutur. 2013-2018-ci illərdə “bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb.

Çinin irəli sürdüyü “bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir.

Çinin İpək Yolu layihəsi (Belt and Road İnitiative) bütün Asiya qitəsini Avropa ilə birləşdirmək məqsədi daşıyır. Bu məqsədlə artıq bir neçə il ərzində həm Cənub-Şərqi Asiya ölkələri, həm də Cənubi Qafqaz ölkələri (əsasən Azərbaycan və Gürcüstan) Çinlə ticarət yollarına aid olan bir sıra müqavilələr imzalayıb.

Vasif Hüseynov yazır ki, Çin ilə Avropa Birliyi arasında mal mübadiləsinin 96 faizi əsasən okeanların üzərindən həyata keçirilir. Ancaq quru yollarla mal daşınmasının artırılması Çinin dünya bazarına daha çox mal çıxarmasına imkan yarada bilər.

Trans-Xəzər Tranzit Dəhlizi, Şimal-Qərb Ticarət Dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu bu baxımdan xüsusi önəm daşıyır. Vasif Hüseynov bu sıraya Ələt Azad İqtisadi Zonasını və Ələt Beynəlxalq Dəniz Ticarəti Limanını da daxil edir.

Məlumdur ki, region ölkələrindən Gürcüstan Çinin əsas ticarət partnyoru hesab edilir. Rəsmi Bakı da Çinlə sıx əməkdaşlıqda maraqlıdır. Haqlı olaraq Azərbaycan özünü "tranzit ölkə" kimi görür və İpək Yolunda açar ölkələrdən biri olmağa çalışır. Bu da Azərbaycana dünya ticarət yolları şəbəkəsində mühüm rol oynamaq imkanı yaradır.

Prezident İlham Əliyevin Çinə rəsmi səfərinin əsas məqsədlərindən biri də, rəsmi Pekinlə daha yaxın və uzunmüddətli münasibətlər quraraq əsas regional partnyora çevrilmək idi.

Ermənistanin baş naziri Nikol Paşinyan da Pekində olub. Aydındır ki, o, Ermənistanın Azərbaycan tərəfindən bir çox beynəlxalq layihələrdən kənarda saxlanıldığının fərqindədir və Çinin dəstəyi ilə yeni layihədə Ermənistanın da yaxından iştirakını təmin etməyə çalışır. 
Rəsmi Pekin əvvəl olduğu kimi, indi də Dağlıq Qarabağ məsələsində konkret bir ölkənin yanında yer almağı düşünmür - Çin Ermənistanla da kifayət qədər sıx əməkdaşlıq edir.

Vasif Hüseynov yazır ki, Çin İpək Yolunun təhlükəsizliyini təmin etmək üçün mövcud olan münaqişələrin həllinə ciddi önəm verməyə başlayıb. Belə ki, 2012-ci ildə cəmi 3 münaqişə ilə bağlı diplomatik fəallıq göstərən Çin 2017-ci ildə bu göstəricini 9-a yüksəltdi.

Müəllif bildirir ki, Çinin beynəlxalq arenada münaqişələrin həllində yüksək fəallıq nümayiş etdirməsi rəsmi Pekinin Dağlıq Qarabağ münaqişəsinin həllində də yer ala bilməsinə imkan yaradır. Hər iki ölkəyə-Azərbaycana və Ermənistana sərmayə qoyan Çin üçün bölgədə əmin-amanlığın olması xüsusi önəm daşıyır və bölgəyə gələn sərmayə axını Çinin bu ölkələrə təsir imkanlarını gücləndirir.

Xüsusən Çinin Ermənistana təzyiq imkanları daha çoxdur. Çünki bu ölkə iqtisadi baxımdan daha zəifdir. Çin sərmayəsi olmadan Ermənistanın iqtisadi inkişafı mümkünsüz görünür. Təkcə Fars körfəzi ilə Qara dəniz arasında dəhliz yaradılması üçün nəzərdə tutulan layihənin dəyəri 10 milyard dollardır. Bu isə Ermənistanın illik Ümumi Daxili Məhsulundan bir qədər azdır.

Vasif Hüseynov yazır ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən işlər görüb. Ancaq nəticəyə nail olmayıb. Çin ilə Avropa Birliyi arasında əməkdaşlığın güclənməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Avropa Birliyinin göstərdiyi cəhdlərə yenidən can verə bilər. Eyni zamanda Rusiya ilə Çin arasında münasibətlərin genişlənməsi də Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə şərait yaradır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR