İordaniya mətbuatında ulu öndər Heydər Əliyevə həsr olunan məqalələr verilib
Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən təşkil olunmuş anım tədbiri yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, nüfuzlu “Əl-Dustur” qəzetində “Azərbaycan Respublikasının ümummilli lideri, sabiq Prezident Heydər Əliyevin vəfatı anılıb”, “Əl-Ray” qəzetində “Azərbaycan Respublikasının ümummilli lideri, sabiq Prezident Heydər Əliyevin vəfatının 15-ci ildönümü qeyd edilib”, eyni zamanda, “Uruba” və “Nayrouz” internet saytlarında “Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini qürur və sədaqətlə anırıq” və “Azərbaycan Respublikasının sabiq Prezidenti, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirinin məqaləsi” sərlövhələri ilə geniş materiallar dərc edilib.
Məqalələrdə əvvəlcə Azərbaycanın İordaniyadakı səfirliyində Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi, tədbirin Əmman şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda davam etdirildiyi, iştirakçılar tərəfindən Ümummilli Liderinin xatirəsinin dərin ehtiramla yad olunduğu, meydana əklil qoyulduğu bildirilir. Qeyd olunur ki, Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev tədbirdə çıxış edərək görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətləri, Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olması, mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyi barədə iştirakçılara geniş məlumat verib.
Məqalədə bildirilir ki, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib, ölkəmizə sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün həlledici addımlar atıb. Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, regional və beynəlxalq müstəvidə nüfuz sahibi olub. Eyni zamanda, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildiyi bildirilir.
Həmçinin 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi bildirilir. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandığı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlandığı bildirilib.
Bununla yanaşı, məqalələrdə İordaniya ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək qiymətləndirildiyi vurğulanıb, bunun bariz nümunəsi kimi Əmmanda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçə və meydanın, habelə Bakıda Kral Hüseyn küçəsinin olması göstərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət