İnternet medianın problemləri müzakirə olunub
İnternet-medianın problemləri iyunun 9-da Media Klubu tərəfindən təşkil edilmiş konfransda müzakirə olunub.
Jurnalist Zahir Əzəmət "İnternet media: problemlər və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.
Müxtəlif məlumatlara görə, Azərbaycanda internet istifadəçilərinin sayı 6-8 mln. təşkil edir. Belə ki, World Stats-ın məlumatına görə 7,8 mln.; İTU-nun (İnternational Telecommunication Union) məlumatına görə 7,72 mln., İnternet Live Stats-ın məlumatına görə 6,03 mln. nəfər, CİA World Factbook-un məlumatına görə 7,72 mln. təşkil edir.
"Hootsuite" və "We Are Social" mərkəzinin hesabatına görə, internet istifadəçilərinin sayı son bir ildə 3%, sosial media istifadəçilərinin sayı 29% artıb.
"We are Social" jurnalının yazdığına görə, 2017-ci ildə əhalinin 80%-i İnternetdən istifadə edirdi. Bu gün Azərbaycanda İnternet media əsaslı xəbər mənbəyinə çevrilib. Çap nəşrlərindən fərqli olaraq, internet-medianın sayı haqqında dəqiq statistika məlum deyil. Təxmini məlumatlara görə, ölkədə 300-ə yaxın xəbər saytı var. Ən məşhur saytların gündəlik baxışı 50-100 minə çatır.
Məruzəçi internet medianın problemlərini müəyyən edib, ilk növbədə qanunvericilik sahəsinə toxunub.
Ekspert Ələsgər Məmmədlinin məlumatına görə, 2007-ci ildən “KİV haqqında” qanuna 13 dəfə məhdudlaşdırıcı xarakterli dəyişikliklər edilib. 2017-ci il fevralın əvvəllərində internet mediaların bloklanması və bağlanması üçün hüquqi əsas yaradılıb. Bütün bunlar Rabitə Nazirliyinə saytları bloklamaq imkanı verib.
Bu günədək məhkəmələrin qərarı olmadan 40-dan çox sayt bloklanıb.
Digər problem serverlərə, kadrların təhlükəsizliyinə aiddir.
Azərbaycanda medianın əksəriyyəti resursların saxlanması üçün xarici servislərdən, o cümlədən AFR və ABŞ serverlərindən istifadə edir. Bu, xaricə böyük vəsait axmasına gətirib çıxarır. Bu, saytların açılmasının sürətinə, xidmət keyfiyyətinə də təsir edir.
Azərbaycanda bu sahədə özəl şirkət demək olar ki, yoxdur. Eyni zamanda, 2000-ci ildən fəaliyyət göstərən Qafqazda ən böyük Data mərkəzinə malik olan Delta Telekom şirkəti imkanlarının 10%-dən istifadə edir.
2016-cı ildə Rabitə Nazirliyi nəzdində açılmış Regional Data və beynəlxalq kommunikasiya mərkəzi əsasən dövlət qurumlarına xidmət edir, özəl qurumlara təklif olunan qiymətlər isə rəqabətə davamlı deyil.
Serverlərin xaricdə olması on-layn medianı kibertəhlükəsizlik nöqteyi-nəzərdən zəif edir.
Ölkədə həmçinin İT sahəsində informasiya təhlükəsizliyi və texniki xidmət sahəsində peşəkar kadr çatışmazlığı da hiss olunur.
On-layn medianın reklam bazarı da məhdudlaşdırılıb, bu da iqtisadiyyatın inhisarlaşması ilə bağlıdır. İnternet-medianın saxlanması sahəsində böyük problemlər var. İfadə azadlığının məhdudlaşdırılması, zəif maddi-texniki baza həm əhatədə, həm də məzmunun keyfiyyətində əksini tapır.
Bir çox media ifadə və informasiya əldə etmək azadlığının məhdudlaşdırılmasına görə kriminal xəbərlər, məişət zorakılğı və "sarılıq" haqqında xəbərlər yaymaq hesabına oxucu yığmaq məcburiyyətindədir.
İctimai-siyasi mövzularda demək olar ki, debat yoxdur. Məzmunun məhdudluğuna görə bir çox saytlar bir-birinə oxşayır.
Jurnalist araşdırmaları, reportaj kimi janrlar, demək olar ki, yoxa çıxıb. Zəif maddi-texniki baza ilə əlaqədar Azərbaycan internet-medialarının informasiya yaymaq üçün müasir texnologiyalar - mobil proqramlar, 3D texnologiyalar əsasında multimedia xidmətləri, istənilən qurğulara uyğun olan dizaynlar və s. əldə edə bilmirlər.
Məruzədən sonra dəyirmi masa iştirakçıları fikir mübadiləsi apardılar. Aparıcı Arif Əliyevin "Vəziyyətdən çıxmaq üçün hansı addımlar atılmalıdır?" ritorik sualına cavab olaraq iştirakçıların əksəriyyəti dövlətin kütləvi informasiya vasitələrinə, o cümlədən internet mediaya münasibətdə siyasətinin dəyişdirməsinin vacibliyini bildirdilər.
Mətbuatın böhranının başlıca günahkarı kimi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi və uzun illər müstəqil KİV institutunu məhv etmək siyasətini həyata keçirən şöbə rəhbəri Əli Həsənov göstərilib.
"Onlayn KİV-in vəziyyətini yaxşılaşdırmaq üçün hansı təşəbbüsləri təklif edə bilərik?" sualına cavab olaraq Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, KİV-in bu problemə uzun illər davam edən konstruktiv münasibət təcrübəsi uğursuz olub. Çünki bütün bu təşəbbüslər Prezident Administrasiyası tərəfindən hücuma məruz qalıb.
"2005-ci ildə mətbuatın sağlam inkişafına dəstək üçün Bakı Mətbuat Klubunu yaratdıq, ancaq Prezident Administrasiyası bu strukturu dağıtmaq üçün təsisçilərə dərhal təzyiq göstərməyə başladı. Sonra bizim təşəbbüsümüzlə eyni məqsədlə Mətbuat Şurası yaradıldı. O da PA-nın müdaxiləsi nəticəsində Azərbaycan mediasının böhranının təcəssümünə çevrildi. Sonra Prezident yanında KİV-ə Dəstək Fondunun yaradılması təşəbbüsünü irəli sürdük, nəticədə o, böyük bir təşkilata çevrildi, amma mətbuatın inkişafı üçün heç nə etmədi", M.Əliyev qeyd edib.
Əliyev xatırladıb ki, ötən il iki oxşar təşəbbüslə çıxış edib, lakin elə ilk təşəbbüsdən sonra həbs olunub.
Əliyevin sözlərinə görə, kütləvi informasiya vasitələrinin böhranına səbəb olan şəxslər KİV sahəsində dövlət siyasətinin həyata keçirilməsindən uzaqlaşdırılmalı, dövlətin jurnalistikaya münasibəti dəyişdirilməlidir. Bunsuz vəziyyətin yaxşılaşması mümkün deyil, Üstəlik, mətbuatın tənəzzülü davam edəcək və bunun müəyyən nəticələri olacaq.
Mənbə: Amerikanın Səsi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət